Aprel döyüşlərinin ildönümünə həsr olunan geniş və möhtəşəm
tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə universitetin həyətində Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canından keçən AzTU məzunlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, Şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir AzTU-nun Böyük akt zalında davam edib.
Tədbir Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə universitetin rektor əvəzi Xalıq Yahudov açıb. O, AzTU-da vətənpərvərliyin daima yüksək səviyyədə olduğuna diqqət çəkərək 90-cı illərdə, eləcə də sonrakı mərhələlərdə Vətənin bütövlüyü uğrunda canından keçən məzunlar haqqında danışıb və Aprel döyüşlərinin Azərbaycanın şanlı tarixi olduğunu bildirib.
Rektor əvəzi qeyd edib ki, döyüşlər nəticəsində, Silahlı Qüvvələrimiz Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib və ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları sıradan çıxarılıb, 320 düşmən döyüşçüsü öldürülüb, eləcə də 500-dən artıq döyüşçüsü yararsız elan edilib.
Daha sonra AzTU-nun televiziya studiyasında ərsəyə gətirilən və universitetin şəhid məzunlarına həsr olunan film nümayiş olunub.
Filmin nümayişindən sonra Silahlı Qüvvələrimizin ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov, Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev, Silahlı Qüvvələrimizin ehtiyatda olan polkovniki Şair Ramaldanov, müdafiə nazirinin müşaviri, polkovnik Abdulla Qurbani çıxış edərək, belə qəhrəmanların gənclərimizə örnək olacağını, onlarla qürur duyduqlarını bildirib və Aprel döyüşlərinin Azərbaycanın qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıblar.
AzTU-nun məzunu olan
Milli Qəhrəman
Fariz Qəhrəmanov və hazırda universitetdə təhsil alan Milli Qəhrəman
Zabit Quliyev ali məktəbdə gənclərlə hərbi-vətənpərvərlik mövzusunda aparılan işə diqqət çəkiblər.
Fariz Qəhrəmanov qeyd edib ki, təhsil aldığı illər daima universitetin məzunu olan Milli Qəhrəmanlar, Şəhidlər onlara örnək göstərilib.
AzTU-nun məzunu olmuş şəhid Milli Qəhrəman Şövqiyar Abdullayevin qardaşı Elcan Abdullayevsə tədbirə görə AzTU-nun rəhbərliyinə, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Aprel döyüşlərində şəhid olan AzTU məzunları Əbdülməcid Axundov, Mahir Quliyev, Elvin Mirzəyev və Müşfiq Orucovun valideynləri çıxışlarında Azərbaycan xalqına, AzTU-nun rəhbərliyinə övladları üçün deyilən xoş sözlərə və onlara həsr olunmuş tədbirlərə görə təşəkkür ediblər.
Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova oğlunun ölümündən sonra hər kəsin ona "Ana!" - deyərək müraciət etdiyini bildirib.
Şəhid anası qeyd edib ki, bütün Şəhidlər vətənpərvər gənclərin qəlbində yaşayır və Azərbaycan var olduqca yaşayacaqlar.
Şəhid Elvin Mirzəyevin atası Azadxan Mirzəyev isə oğlu haqqında söz deməkdən çəkindiyini bildirərək qeyd edib ki, Elvin igidliyi ilə şah sözünü deyib.
Şəhid Müşfiq Orucovun atası Arif Orucov və Şəhid Mahir Quliyevin atası Qadir Quliyev oğlanları haqqında danışanda ilk növbədə vətəndaş mövqeyindən çıxış ediblər.
Qadir Quliyev çıxışında həm ata kimi, həm də bir azərbaycanlı kimi Mahirin igidliyi ilə qürur duyduğunu bildirib.
Qeyd edək ki, 2016-cı ilin 2-5 aprel tarixində cəbhədə baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi quluqçusu həlak olub.
Onlardan dörd nəfəri Azərbaycan Texniki Universitetinin məzunları olub.
Tədbirə universitetin rektor əvəzi Xalıq Yahudov yekun vurub.
turan.info.az
.