AzTU-dan turan.info.az-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri düzüb, xatirəsini yad ediblər.
Daha sonra AzTU-da təhsil alan xarici tələbələrin Universitetdə yaradılan Heydər Əliyev Mərkəzinə ekskursiyası keçirilib.
Mərkəzdə AzTU-nun prorektoru İsa Xəlilov tələbələrə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıb.
Tələbələr Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoları sosial şəbəkə vasitəsi ilə paylaşıb, öz ölkələrində yaşayan yaxınlarına məlumat veriblər.
Tədbir Universitetin akt zalında davam edib.
Əvvəlcə bütün mərasim iştirakçıları bir dəqiqəlik sükutla Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Rektor əvəzi Xalıq Yahudov çıxışında bildirib ki, Ulu Öndər tarixin çətin və kəşməkəşli yollarında xalqını ciddi sınaqlardan uğurla çıxarıb, zəhməti, zəkası, fitri istedadı ilə Azərbaycan Respublikasının dünya birliyində özünə layiqli yer tutmasına zəmin yaradıb.
Tədbirdə iştirak edən Millət Vəkili Fəzail İbrahimli və Universitetin “Metallurgiya və metalşünaslıq” kafedrasının müdiri Sübhan Namazov çıxışlarında Ulu Öndərin xalqın iqtisadi və sosial problemlərinin aradan qaldırılmasında göstərdiyi xidmətlərini, Heydər Əliyevin siyasəti sayəsində bu gün Azərbaycanın qabaqcıl ölkələr sırasında olduğunu qeyd edərək Heydər Əliyev irsinin öyrənilməsində gənclərin rolunu xüsusilə vurğulayıblar.
Sonda Universitetin TGT-nın sədr müavini, MBM fakültəsinin II kurs tələbəsi Aytən Abbaslı tələbələr adından çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyi üçün gördüyü işlərdən danışıb və Onun həyatının bugünkü gənclər üçün nümunə olduğunu bildirib.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif anlarından bəhs edən videogörüntülər nümayiş etdirilib.
.