Müqaviləyə əsasən iki ali məktəb arasında təcrübə mübadiləsi, elmi-metodik konfransların keçirilməsi, müştərək layihələrin reallaşdırılması, texnika və təhsil sahələrində elmi-tədqiqat işlərinin təşkili, müəllim, tələbə, magistr və doktorantların mübadiləsi nəzərdə tutulub.
AzTU-dan turan.info.az-a bildiriblər ki, bu məqsədlə, Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları - Rusiya Federasiyasının Stavropol şəhərindəki Şimali Qafqaz Federal Universitetinin (ŞQFU) rektoru Alina Levitskaya və bu ali məktəbin prorektoru Andrey Lixovid AzTU-da olublar.
Görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov qonaqlara bu ali məktəb haqqında ətraflı məlumat verib, onları son illər universitetdə yaradılan şəraitlə tanış edib.
Rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verən A.Levitskaya bildirib ki, ŞQFU Stavropol Regional Şimali Qafqaz Dövlət Texniki Universiteti ilə Pyatiqorsk Texniki Universitetinin birləşməsi nəticəsində yaradılıb. Hazırda bu ali məktəb çoxlu sayda elmi və innovativ layihənin iştirakçısıdır və mədəniyyətlərarası danışıqlarda mühüm funksiyaları icra edir. Rektor onu da əlavə edib ki, on istiqamət üzrə kadrlar hazırlayan universitetin Azərbaycandan 85 tələbəsi var.
.