Aprelin 4-də Azərbaycan Texniki Universitetində (AzTU)tələbələrin təşəbüsü ilə ordumuza dəstək və Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbiçilərimizin, mülki şəxslərin ruhunu yad etmək üçün aksiya keçirilib.
Kütləvi tədbirdə Universitetin 4 min nəfərdən çox tələbə və əməkdaşı iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan aksiya zamanı ilk olaraq şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra rektor, professor Havar Məmmədov tələbələrin təşəbüsünü yüksək qiymətləndirərək onların hərbi əməliyyatlarda yaralananlara yardım məqsədi ilə qan vermək üçün Universitet rəhbərliyinə müraciət etməsini fəxarətlə diqqətə çatdırıb.
Professor Havar Məmmədov ordumuzun son həmləsinin düşmən üzərində haqqlı qələbə olduğunu bildirib:
“Aprelin 1-dən 2-ə keçən gecə cəbhədə baş verən hərbi əməliyyat Azərbaycan ordusunun gücünü bir daha göstərdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ələxüsus gənclərimiz işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadır. Biz sülhsevər xalq olduğumuz üçün münaqişənin dinc yolla həll olunmasını istəyirik. Lakin bu o demək deyil ki, Azərbaycan ordusu mənfur düşmənin torpaqlarımıza girməsinə, əliyalın mülkü əhaliyə qarşı təxribat törətməsinə imkan verəcək.”
Aksiyada çoxlu sayda tələbə çıxış edib.
Çıxışlarda tələbələr ölkənin siyasi, iqtisadi və hərbi gücünə diqqət çəkərək Azərbaycan gənci olduqları üçün qürur duyduqlarını bildiriblər. Tələbələr işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hər an bir əsgər kimi Ali Baş Komandanın əmrini gözlədiklərini bəyan ediblər.
Üç rəngli bayrağımızla bəzənən insan izdihamı sonda ordumuza dəstək olmaq üçün “Vətəni qorumağa hazırıq! Erməni İşğalçıları torpaqlarımızdan rədd olsun! Ali Baş Komandanın əmrini gözləyirik! Yaşasın Arərbaycan ordusu!” şüarlarını səsləndirib.
Müşfiq BORÇALI.
.