Əzizxan Tanrıverdinin
60 illik yubileyinə
həsr edilmiş tədbir keçirilib.
Tədbirdə ADPU-nun rəhbərliyi, ölkəmizin tanınmış, nüfuzlu ziyalıları və Filologiya fakültənin əməkdaşları, fakültə dekanları iştirak ediblər.
Tədbirdən öncə
iştirakçılar professor Əzizxan Tanrıverdinin əsərləri ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, biz bu gün universitetimizin çox dəyərli bir aliminin- professor Əzizxan Tanrıverdinin xatirəsini anmaq üçün toplaşmışıq. Professor Əzizxan Tanrıverdi ADPU-da həyata keçirilən islahatlarda, yeniliklərdə, insan resurslarının inkişaf etdirilməsində, layiqli mütəxəssislərin işə cəlb edilməsində fəal iştirak edib. Sözübütöv, əqidəli, prinsipial şəxsiyyət idi. Onun rəhbərlik etdiyi kafedra universitetimizin tanınan, sayılıb-seçilən kafedralarından biridir. Professor Əzizxan Tanrıverdi kafedranı uğurla idarə edirdi. Kollektivdə sevilən, hörmət edilən bir ziyalı idi.
Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru
Kamil Bəşirov professor Əzizxan Tanrıverdinin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Qeyd edib ki, Əzizxan Tanrıverdi 1959-cu il yanvar ayının 1-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Başkeçid (indiki Dmanisi) rayonundakı Aşağı Qarabulaq kəndində anadan olub. 1973-cü ildə Aşağı Qarabulaq kənd səkkizillik, 1975-ci ildə isə Kirovisi kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1975-1977-ci illərdə Dmanisi rayonunun Eqrisi sovxozunda fəhlə işləyib. 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Filologiya fakültəsinə qəbul olunub. Tələbəlik illərində Cəfər Cabbarlı adına təqaüdlə oxuyub. 1981-ci ildə ADPU-nu fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildə ADPU-nun aspiranturasının əyani şöbəsinə qəbul olunub. 1987-ci ildə aspiranturanı vaxtından 1 il 6 ay əvvəl bitirərək “ XVII-XIX əsr Azərbaycan antroponimləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1989-cu ildə Özbəkistanda keçirilmiş onomastika konfransında iştirak edib. 1998-ci ildə “Türk mənşəli Azərbaycan antroponimlərinin tarixi-linqvistik tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi alıb.
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında laborant (1987), baş laborant (1988), müəllim (1990), baş müəllim (1992), dosent (1994), professor (1999) vəzifələrində işləyib. 2011-ci il sentyabr ayının 30-da Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri təyin edilib. 30 kitabın, 8 proqramın, 250-dən çox tezis və məqalənin müəllifidir. Onun elmi rəhbərliyi ilə 3 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə edib. 19 fəlsəfə doktoru, 4 doktorluq dissertasiyasına opponentlik edib, müxtəlif kitabların elmi məsləhətçisi olub. 100-dən çox dərslik və monoqrafiyanın rəyçisi və redaktoru olub. “Azərbaycan dilinin tarixi qrammatikası” (Bakı-2010) dərsliyi respublikamızın müvafiq ali məktəblərinin filologiya fakültələrində əsas dərslik kimi istifadə olunur. 2007-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda baş elmi işçi vəzifəsində işləyib. 2015-ci ilin fevral ayından Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Professor Əzizxan Tanrıveri 2003-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə eksperti kimi fəaliyyət göstərib. 2007-2009-cu illərdə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) pedaqoji elmlər üzrə Dissertasiya Şurasının, 2011-ci ildən isə ADPU-nun pedaqoji elmlər üzrə fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olub. 7-10 oktyabr 2014-cü ildə TÜRKSOY-un xətti ilə Qazaxıstan Respublikasının Qızılorda şəhərində “Dədə Qorqud türk xalqlarının sələfidir” mövzusunda keçirilmiş beynəlxalq konfransda “Kitabi-Dədə Qorqud” türk xalqlarının ortaq abidəsi kimi” adlı məruzə ilə çıxış edib. Həmin çıxışına görə “Türk Dünyasının ulu atası Korkut” medalı ilə təltif edilib.
Professor Əzizxan Tanrıverdinin elmi-pedaqoji fəaliyyəti haqqında müxtəlif əsərlər və məqalələr çap olunub. Əsərləri rus, ingilis, türk, qazax və digər dillərdə çap edilib. Professor Əzizxan Tanrıverdi sadəliyi, səmimiyyəti, təvazökarlığı, xeyirxahlığı, nəcibliyi ilə ADPU kollektivinin böyük hörmətini qazanmışdı. Övladlarını cəmiyyət üçün layiqli vətəndaşlar kimi yetişdirib. Gözəl ailə başçısı, qayğıkeş ata idi.
Professor Əzizxan Tanrıverdi 2018-ci il iyul ayının 19-da 59 yaşında vəfat edib.
Əzizxan Tanrıverdinin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Tədbirdə çıxış edən millət vəkili, akademik Nizami Cəfərov, professor Vilayət Əliyev, professor Elman Quliyev, professor Təyyar Salamoğlu, professor Zahid Xəlil, professor Fərrux Rüstəmov, professor Sayalı Sadıqova və b. Əzizxan Tanrıverdinin çox gözəl yaddaşa, yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşünə, zəngin mənəviyyata malik ziyalı olduğunu vurğulayaraq onunla bağlı xatirələrini bölüşüblər.
Sonda Əzizxan Tanrıverdinin oğlu Rəşad Tanrıverdi çıxış edərək atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ADPU-nun rəhbərliyinə, həmçinin tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.
turan.info.az
.