Ren 1 universitetlərinin nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
ADNSU-nun rektoru professor Mustafa Babanlı, Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis və digər qonaqlar universitetin Tarix muzeyini ziyarət ediblər.
Nümayəndə heyəti ADNSU-nun tarixi haqqında məlumat alıb və fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.
ADNSU-dan Yusif Ağayev xəbər verib ki, daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Strasburq Universitetinin prezidenti
Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis, UFAZ-ın baş katibi Şarlotta Payen və digər nümayəndələr iştirak edib.
Görüşdə UFAZ-da strukturlaşma işlərinin yekunlaşması, maddi texniki bazasının və laboratoriyasının yaradılması, həmçinin UFAZ üçün yeni tədris korpusunun tikilməsi və magistratura bölməsində tədrisin aparılması məsələləri geniş müzakirə olunub. UFAZ-a qəbulun ilk göstəricilərinin gözləniləndən daha yüksək olduğunu qeyd edən rektor, prof. M.Babanlı yeni tədris ilində də bu nəticəni qoruyub saxlamaq və eyni zamanda ilk tədris ilində olan müəyyən qüsurları düzəltmək istiqamətində işlər görüldüyünü vurğulayıb.
“Medianın prosesləri geniş işıqlandırması da UFAZ-a qəbula çox müsbət təsir etdi.
Lakin ötən il insanları UFAZ-a cəlb etmək çətin idisə bu gün hamı UFAZ-dan danışır.
Əsas məqsədimiz bu tempi dayandırmamaqdır.
Bu vaxta qədər 500-dən çox bal limiti qoyub bu cür yüksək nəticə göstərən univeristet hələ olmamışdı” - deyə rektor M.Babanlı bildirib.
Görüşdə UFAZ-ın fondunun yaradılması, maddi texniki bazasının qurulması və genişləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda tərəflər arasında pedaqoji və maliyyə müqavilələri imzalanıb.
UFAZ-ın strukturunun yaradılmasının müzakirəsi üçün konkret vaxt müəyyənləşdirilib.
Müşfiq BORÇALI,
turan.info.az
.