Gülməmmədov Ədalət Qədir oğlu - 1970-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın
Bolnisi rayonunda anadan olub.
Ötən əsrin sonlarında Gürcüstanda baş vermiş məlum olaylardan - azərbaycanlılara qarşı yönəlmiş böyük təqib və təzyiqlərdən,
xüsusilə də, Bolnisi, Dmanisi və Kazreti şəhərlərində çalışan yüzlərlə soydaşımızın heç bir səbəb göstərilmədən işdən azad olunduqdan və həmin şəhərlərdə yaşayan minlərlə soydaşımızın Azərbaycana köçməyə məcbur edildikdən sonra, burada yaşayan soydaşlarımız pərən-pərən olub, öz doğma isti ocaqlarından hərəsi bir yana dağılıb.
Kimisi Azərbaycana, kimisi Rusiya üz tutub, kimisi Ukraynaya, kimisi də Orta Asiya respublikalarına.
Gülməmmədovlar ailəsi isə Bakıya pənah gətiriblər.
Ədalət Qədir oğlu 1991-ci ildə “Xəzərdənizneftdonanma”sının “Çalqan” gəmisində şagird kimi işə qəbul olunub.
Bir neçə aydan sonra ikinci və daha sonra isə birinci dərəcəli mühərrikçi işləyib.
Erməni quldurlarının cənnət Qarabağımıza təcavüzünün gündən-günə artmasına dözməyən
Ədalət Gülməmmədov 1992-ci ildə könüllü olaraq torpaqlarımızın yağı düşməndən
müdafiəsi naminə yaradılmış könüllülər batalyonuna yazılıb və ön cəbhəyə yollanıb.
1994-cü ilin may ayında Füzuli bölgəsində qəhrəmancasına şəhid olub.
“Neftqaz-3” gəmisini kapitanı Rəşid Rzayev dostu və keçmiş iş yoldaşı Ədalət Gülməmmədovun şücayətindən, hünərindən ürək dolusu danışaraq qeyd edir ki, Ədalət Gülməmmədov qorxmaz, mübariz oğlan idi. Gözəl xasiyyəti və işgüzarlığı ilə kollektivin dərin hörmətini qazanmışdır.
Gəmimizin heyəti Vətən yolunda müqəddəs borcunu ləyaqətlə vermiş dostumuzu həmişə xatırlayacaq!..
(Bax: “Sahil” qəzeti, iyul,1994, N: 3 (114), səh.3.)
Biz də Ulu Tanrıdan xalqımızın igid və qəhrəman oğulu Ədalət Gülməmmədova
və eləcə də, bütün şəhidlərimizə rəhmət diləyirik!..
Ruhları şad olsun!..
Müşfiq BORÇALI,
turan.info.az
.