1975-ci ildə Ormeşən kənd orta məktəbini bitirmiş, 1976-cı ildə Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universitetinə) daxil olmuş və 1981-ci ildə həmin ali məktəbin maşınqayırma texnologiyası fakültəsinin metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə tam kursu bitirmişdir.
Dövlət İmtahan komissiyasının 1981-ci il 30 iyun tarixli qərarı ilə ona mühəndis-mexanik ixtisası verilmişdir.
1981-ci il sentyabrın 30-da Bakı Kondisaner Zavodunun texnoloji şöbəsində mühəndis texnoloq kimi işə başlamışdır. İşlədiyi müddət ərzində özünün savad və bacarığını nümayiş etdirmiş, ona verilən tapşırıqları vaxtında və keyfiyyətlə yüz faiz yerinə yetirmişdir.
1984-cü il sentyabr ayının 29-da ailə həyatı qurmuşdur. Həyat yoldaşı Əliyeva Tamilə Rüstəm qızından 3 uşağı dünyaya gəlmişdir: Elnarə Nadir qızı (1986),
Ülviyyə Nadir qızı (1987) və Ülvi Nadir oğlu (1991).
Nadir Əliyev 1985-ci ildə Zavodun yataqxanasında otaq almış və 1988-ci ilə qədər burada yaşamışlar.
1988-ci ildə zavoddan öz növbəsi üzrə ev verilmişdir. (Yeni Günəşli qəsəbəsi B massivi bina 12 mənzil 105).
Nadir Əliyev 1993-cü il mart ayında milli ordu sıralarına çağrılmışdır. 27.06.1993-cü il tarixinə qədər hərbi hazırlıqda olmuş və həmin tarixdən sonra Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissənin tank taboru, tank bölüyü komandirinin silahlandırma üzrə müavini baş leytenat vəzifəsinə getmişdir. Həmin vəzifəsini layiqincə yerinə yetirmişdir. Verilən tapşırıqları vaxtında yorulmaq bilmədən canla-başla yerinə yetirməyə çalışmışdır.
Nadir Əliyev 1994-cü il yanvar ayının 12-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndində
qəhrəmancasına ŞƏHİD olmuşdur.
Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.
Ulu Tanrıdan Ormeşən kəndinin qəhrəman oğulu Nadir Əliyevə
və eləcə də bütün şəhidlərimizə rəhmət diləyirik!..
Ruhları şad olsun!..
Müşfiq BORÇALI,
turan.info.az
.