Sizi Azərbaycan xalqı və bütün Dünya Azərbaycanlıları yaxşı tanıyırlar.
Rəşad Mahmudovun – soy-kökü minilliklərdən gələn xalqımızın etik normalarının, genetik istedadının, qan yaddaşının uğurlu daşıyıcısıdır.
Rəşad Mahmudov bütün zamanlar üçün Azərbaycanımızın ən böyük kodioloq–cərrahlarından biridir. İnsanlara sağlam həyat, ürək döyüntüsü bəxş etməkdən böyük səadət yoxdur. İllahda ki, həkimlik istedadına səmimilik, mənəvi zənginlik dəyərləri də qatılmış olsun!
Deyərdik ki, Rəşad həkimin adı Günəşi, bu işıqlı aləmi, həyatda gözəl və sevimli nə varsa, hamısını sağlam ürək döyüntüsü ilə yaşayanlar, duyanlar üçün tanış və əzizdir. Bu insanlar saysız-hesabsızdırlar.
Siz həkimlik, cərrahlıq fəaliyyətinizdə 10 günlük körpələrdən tutmuş – ahıllara kimi minlərlə insanlara yaşamaq xoşbəxtliyi bəxş etmisiniz. Bu gün həkim, Millət vəkili kimi insanların sağlamlığına dövlətimiz tərəfindən daha böyük dəstək göstərilməsini arzulayırsınız.
Millətimiz bəxtiyardır ki, Sizin kimi oğulları vardır. Ancaq heyf ki, yüz heyf ki, belə oğulların sayı az, çox azdır və millət onları göz bəbəyi kimi qorumalıdır.
Ürək döyüntüsü bəxş etdiyiniz insanların Sizə necə minnətdar olduqlarını bizlər sözlə ifadə edə bilmirik. Çox az bəşər övladı cərrah bıçağı və qəlbinin nuruyla yaddaqalan xidmət göstərə bilər. Siz onlardan birisiniz.
Əgər biz həkim olsaydıq: Rəşad həkimin qanından damla-damla xalqımızın övladlarının qanına paylamaq-peyvənd etmək lazımdır deyərdik...
Gördüklərimizə, jurnalist müşahidələrimizə, araşdırmamıza əsaslanaraq cəsarətlə deyə bilərik ki, kənardan baxanlara elə gəlir ki, Rəşad həkimdən xoşbəxt insan yoxdur bu dünyada. Ancaq onun işinin, fəaliyyətinin dərinliyinə, çətinliyinə, zərifliyinə gələndə bilirik ki, o, əvvəldən indiyədək adı böyüklüyündə əzablar da çəkibdir...
Rəşad Mahmudov! Yurdumuzda ada bax, adında rəşadətə, əməlində kamilliyə, bütövlüyə bax, şəxsiyyətinə hörmətə, məhəbbətə, qəlbində nura, işığa bax... O insanlıq Tanrısının bizlərə bəxş etdiyi misilsiz sərvətdir.
Hörmətli Rəşad həkim! Bu isti sözlərimizi ünvanınıza illərin qovuşuğunda, vaxtın-zamanın məhdudluğunda yazırıq. Və yaza-yaza Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə Ulu Tanrıdan bəndəsi üçün xəlq elədiyi bütün yaxşılıqları Sizə arzulayırıq! Arzu edirik ki, Azərbaycan Türklərinin qüdrətli yetirməsinə, xalqımızın hörmətli ziyalısına, istedadlı cərrahına, dünya şöhrətli loğmanına, Tanrının bizə bəxş etdiyi tapıntısına Tanrı özü hər işində kömək olsun.
Bir daha yazırıq: Rəşadların çox olsun Vətən!
Xanım Bilalqızı
turan.info.az
.