FARİZ MİKAYIL (MİKAYILOV) - 70
Fariz Dünyamalı oğlu Mikayıl - 1948-ci il
avqustun 18-də qədim Borçalı mahalının
Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Yuxarı Qarabulaq kəndində dünyaya göz açıb.
1955-1963-cü illərdə Yuxarı Qarabulaq kənd 8 illik məktəbində oxuyub.
1966-cı ildə Marneuli şəhər 1 saylı orta məktəbini qızıl medalla bitirib.
1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1971-1973-cü illərdə Sovet ordusunda zabit kimi xidmətdə olub.
1973-cü ildə əmək fəaliyyətinə başlayıb.
1973-1975-ci illərdə Azərbaycan Avtomobil Nazirliyi nəzdindəki Hesablama Mərkəzində riyazi-proqramçı və böyük mühəndis vəzifələrində işləyib.
1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaq melorasiyası laboratoriyasında riyaziyyatçı-mühəndis vəzifəsində çalışıb.
1980-ci ildə tədqiq etdiyi nəzəri və təcrübi elmi işləri yekunlaşdırıb aspiranturaya qəbul olub.
1989-cu ildə baş elmi işçi, 1995-ci ildə isə aparıcı elmi işçi seçilib.
1996-cı və 1997-ci illərdə iki dəfə Türkiyənin Bilimsəl Araşdırma təşkilatında (TUBITAK) təcrübə keçib.
Konya şəhərindəki Selçuk universitetindəki təcrübədən sonra 1997-ci ilin noyabr ayından etibarən bu şəhərdə elmi-pedaqoji fəaliyyətini davam etdirib.
Fariz Mikayılın elmi və pedaqoji fəaliyyəti 60 elmi əsərdə öz əksini tapmışdır.
Bu elmi əsərlərin çoxu beynəlxalq konqres və simpoziumların materialları kimi jurnallarda dərc olunmuşdur.
İsrail, Rusiya və Almaniyanın elmi dərgilərində onun əsərlərinə yer ayrılmışdır.
1998-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri doktoru adına layiq görülmüşdür.
Fariz Mikayılın elmi istiqaməti “Su-Torpaq-Bitki-Atmosfer” ekoloji sistemdə baş verən hidrodinamik, geokimyəvi, kütlə transferi, kütlə mübadiləsi, fermentlərin biokimyəvi və fiziki xassələrinin matematik modellənməsi və proqnozlaşdırılması kimi aktual problemlərdir.
(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid". I cild, Bakı, 2015, səh. 189-190).
turan.info.az
.