AMEA Ədəbiyyat İnstitutunun
Elektron akt zalında
Humanitar Elmlər Bölməsinin (HEB)
Ümumi iclası keçirilib.
İclası giriş sözü ilə açan
AMEA-nın vitse-prezidenti,
Ədəbiyyat İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli
2015-ci ilin humanitar elmlər sahəsində uğurlu hadisələrlə yadda qaldığını bildirib.
Ölkə başçısı tərəfindən elm adamlarımıza göstərilən diqqət və qayğıdan danışan akademik
İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə
Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Oruc Musayevi Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə bir daha təbrik edib. Səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilmədiyi üçün “Tərəqqi” medalını alimin oğluna təqdim edib.
Daha sonra HEB-in elmi-tədqiqat müəssisələrinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib.
Öncə Nizami adına Ədəbiyyat İnstitutunun
elmi katibi, filologiya üzrə elmlər doktoru Bədirxan Əhmədov institutun illik hesabatını təqdim edərək cari ildə bu elmi müəssisədə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş elmi əsərlər, institutun beynəlxalq əlaqələri barədə məlumat verib. Bildirib ki, institut əməkdaşları tərəfindən yeddicildlik Azərbaycan ədəbiyyatı tarixinin V cildinin və oncildlik Ədəbiyyat tarixi çoxcildliyinin I cildinin hazırlanması üzərində geniş işlər aparılmışdır.
B.Əhmədov AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin səmərəli elmi fəaliyyətini iştirakçıların nəzərinə çatdıraraq ötən il ərzində alimin 3 kitabı, 28 məqaləsinin (3-ü xaricdə) nəşr olunduğunu qeyd edib.
İclasda çıxış edən akademik İsa Həbibbəyli elmi kadrların hazırlanmasına, gənc alimlərin fəaliyyətinə ayrılan xüsusi diqqət və qayğıdan danışıb, institutun gələcək fəaliyyətində elmlər doktoru hazırlığı üzrə alimlərin yetişməsinə geniş imkanlar yaradılacağını bildirib.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin illik hesabatını təqdim edən muzeyin direktoru, akademik Rafael Hüseynov 2015-ci ildə rəhbərlik etdiyi elmi müəssisədə keçirilən xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş “Milli dəyərlər və istiqlal uğrunda mübarizə” adlı respublika elmi konfransının əhəmiyyətini xüsusi vurğulayıb. O, hər ayın 14-nün muzeydə “Açıq qapı” günü elan olunduğunu qeyd edib. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasına rəhbərlik edən akademik Rafael Hüseynov ötən il ərzində elmi tədqiqat mövzularının seçilməsinə ciddi diqqət yetirildiyini bildirib.
Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli institutun əməkdaşları tərəfindən nəşr olunan “Naxçıvan dialektoloji atlası” haqqında ətraflı məlumat verib. Bildirib ki, 4 dildə - Azərbaycan, türk, rus və ingilis dillərində işlənmiş atlas Naxçıvan Muxtar Respublikasının əhalisini, dilini, tarixini, etnoqrafiyasını üzə çıxarmaq baxımından böyük əhəmiyyətə malikdir.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun illik hesabatı ilə bağlı çıxış edən elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov institutun elmi nəşrləri barədə məlumat verərək, cari il ərzində əməkdaşlar tərəfindən 24 kitab (2-si xaricdə), 4 monoqrafiyanın (1-i xaricdə) nəşr olunduğu bildirib. Professor P.Kərimov cari ildə institutun beynəlxalq əlaqələrinin xeyli genişləndiyini, Paris Milli Kitabxanasında saxlanılan şərq xalqları ədəbiyyatına dair 4 əlyazmanın elektron nüsxəsinin əldə olduğunu diqqətə çatdırıb.
Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə sənətşünas alimlər tərəfindən nəşrə hazırlanmış “İçərişəhər Azərbaycan tarixində” adlı kitab-albom haqqında ətraflı məlumat verib. Eyni zamanda, institut tərəfindən hazırlanmış “Azərbaycan muğamşünaslığı: problemlər, perspektivlər” adlı məqalələr toplusunun əhəmiyyətindən danışaraq, topluda muğam haqqında orta əsr risalələri, muğam nəzəriyyəsi, muğam və aşıq ənənələrinin qarşılığlı əlaqələri, muğam fəlsəfəsi, muğam dəstgahlarının nota salınmasına dair araşdırmaların yer aldığını bildirib.
Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov institutun illik hesabatı ilə bağlı çıxış edərək bildirib ki, 2015-ci il ərzində institut tərəfindən 3 beynəlxalq simpozium, 2 beynəlxalq konfrans, 1 respublika səviyyəli elmi konfrans, 1 respublika səviyyəli elmi sessiya, 1 bayram tədbiri, 2 dəyirmi masa öz işini uğurla başa vurmuşdur. O, Folklor İnstitutu, Ədəbiyyat İnstitutu, Türkiyə Cümhuriyyətinin Hacı Bektaş Vəli Kültür Dərnəyi və TİKA ilə birgə keçirilmiş “Azərbaycan-Türkiyə: yeddi ulu ozan” Beynəlxalq Simpoziumun əhəmiyyətindən söz açıb. Folklor İnstitutunun Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Ədəbiyyat İnstitutu ilə birgə keçirdiyi “Kitabi Dəhə Qorqud” abidəsinin elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “Epos və etnos” adlı Beynəlxalq Simpoziumdan da danışıb.
Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi Natiq Mürsəlov muzeyin illik fəaliyyəti haqqında məruzə edərək, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin 11, 12 və 13-cü cildinin nəşri barədə məlumat verib. O, cari il ərzində muzey tərəfindən keçirilən böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 133-cü ildönümü və AMEA-nın 70 illik yubileyi münasibətilə “Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” mövzusunda respublika elmi konfransının uğurla təşkil olunduğunu qeyd edib. Eyni zamanda, “Hüseyn Cavidin yaratdığı elmi əsərlər Azərbaycan xalqının milli sərvətidir” mövzusunda keçirilən elmi sessiyanın əhəmiyyətini xüsusi vurğulayıb.
İclasda akademik İsa Həbibbəyli elmlə təhsilin inteqrasiyasından, bu istiqamətdə görüləcək işlərdən söz açıb.
Qeyd olunub ki, HEB-in elmi müəssisələrində hər il olduğu kimi, 2015-ci ildə də ali məktəb tələbələri təcrübə kursu keçmiş, eyni zamanda AMEA-nın əməkdaşları da ali təhsil ocaqlarında tədrislə məşğul olmuşlar.
Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz nitqində Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən proritetlərini elan etmiş, alimlərin qarşısında həyata keçirilməsi zəruri olan yeni mühüm vəzifələr qoymuşdur. Akademik İsa Həbibbəyli multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi və fundamental istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı humanitar elmlər sahəsində araşdırmaların gücləndirilməsi haqqında elmi qurumların rəhbərlərinə tapşırıqlar verib.
Qeyd olunub ki, 2015-ci ildə beynəlxalq nüfuzlu elmi jurnallarda alimlərin 19 məqaləsi nəşr edilmişdir ki, bu da keçən illə müqayisədə 3 dəfə çoxdur.
Ümumilikdə, 2015-ci ildə HEB-in elmi-tədqiqat müəssisələri tərəfindən 107 kitab (5-i xaricdə), 114 monoqrafiya (6-sı xaricdə), 2284 məqalə (238-i xaricdə) və 206 tezis (67-si xaricdə) nəşr edilmişdir. HEB üzrə 1 beynəlxalq, 8 respublika miqyaslı konfrans keçirilmişdir. Qrant layihələri üzrə 5 iş yerinə yetirilmişdir.
Cari il ərzində bölmənin elmi-tədqiqat müəssisələri tərəfindən 31 problem, 70 mövzu, 353 iş, 186 mərhələ üzrə elmi-tədqiqat işləri yerinə yetirilmişdir.
Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olunub.
.