İclasda AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədovun yubiley münasibətilə təşkil olunmuş tədbirdə Prezident İlham Əliyevin "Ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi" ilə bağlı səsləndirdiyi fikir ətrafında çıxışı dinlənilib.
Respublikamızda əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından aqrar sahəyə xüsusi diqqət yetirilir. Ölkəmizdə aqrar sahənin inkişafının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən akademik Qərib Məmmədov Ulu öndərin rəhbərliyi ilə respublikamızda aqrar islahatların aparılması, kənd təsərrüfatı məhsullarının istehsal şəraitinin yaxşılaşdırılması, Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olması və yeni aqrar münasibətlərin formalaşmasının müasir tariximizin ən önəmli səhifələrinə çevrildiyini bildirib. Akademik vurğulayıb ki, hazırda Ulu Öndərin siyasi və iqtisadi uğurlarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ərzaq təhlükəsizliyinə tam nail olunmasını mühüm hədəflərdən biri kimi müəyyənləşdirib: "Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd kimi daxili imkanlar hesabına kənd təsərrüfatı məhsulları ilə özünütəminata nail olmaqla Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır. Şübhəsiz, bu strategiyanın reallaşdırılmasında elmin yaxından iştirakı olduqca vacibdir".
Akademik Qərib Məmmədov son illərdə aqrar sahənin elmi təminatında da xeyli dönüş yarandığını nəzərə çatdırıb. Prezident İlham Əliyevin bu sahəyə qayğısının nümunəsi kimi Sərəncamla təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda aqrar elmin əsas məqsədlərinin göstərildiyini, cənab Prezidentin Fərmanının icrasından irəli gələrək Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli qərarı ilə AMEA-nın strukturunda Aqrar Elmlər Bölməsinin yaradıldığını vurğulayıb. Həyata keçirilən tədbirlərin aqrar sektorun təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi istiqamətində alimlərin birgə fəaliyyətlərini təmin etməklə qarşıya qoyulmuş məqsədlərə yönəldilməsi zərurətindən yarandığını qeyd edib. Akademik bildirib ki, son illər bölmənin tərkibinə daxil olan Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Eroziya və Suvarma institutlarında ciddi elmi-nəzəri və təcrübi-innovativ tədqiqatlar aparılıb, mühüm nəticələr əldə edilib. Rəhbərlik etdiyi bölmənin institutlarında müasir avadanlıqlardаn istifаdə etməklə yeni metodlarа yiyələnməsi nəticəsində dünya standartları səviyyəsində tədqiqatlar aparıldığını, mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb.
Rəyasət Heyətinin geniş iclasında qeyd olunub ki, elmi əsaslandırılmış dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkənin ərzaq təhlükəsizliyinin qorunması və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakını təmin etmişdir. Nəticədə kənd təsərrüfatı və onun emal məhsullarının istehsalı artıb, kənd yerlərində əhalinin rifahı xeyli yaxşılaşdırılıb. Lakin bütün bunlarla yanaşı, dövlət başçısı tərəfindən tövsiyyə olunan məsələlər kənd təsərrüfatı məhsullarının istehsalı və aqrar elm qarşısında böyük öhdəliklər qoyur.