Akademik bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli nitqi digər elm sahələri kimi, humanitar sahənin nümayəndələri qarşısında da məsul vəzifələr qoyub. Ölkə başçısının səsləndirdiyi “Azərbaycanda son illər ərzində keçirilən müxtəlif tədbirlər – Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu artıq Azərbaycanı dünyaya multikulturalizmin mərkəzi kimi təqdim edib” fikri onun müstəqil dövlətimizin mənəvi müstəqilliyinin və bəşər tarixi qarşısındakı borcunun ən mühüm amili kimi multikulturalizmin rolunu yüksək qiymətləndirməsinin bariz nümunəsidir.
Teymur Kərimli vurğulayıb ki, Azərbaycan xalqı tarixən öz tolerantlığı, multikultural ənənələri ilə başqa xalqlara nümunə olub və bunun təbii nəticəsi kimi mədəniyyətlərin qarşılıqlı zənginləşməsi baş verib. Prezident İlham Əliyevin bir sıra çıxış və nitqlərində Azərbaycan xalqının bu cəhətini yüksək qiymətləndirdiyini və xalqımızın qürur mənbəyi saydığını deyən alim onun “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir” fikrini diqqətə çatdırıb. Akademik tolerantlığı, multikulturalizmi, başqa mədəniyyətlərə açıqlığı Azərbaycan xalqının müsbət keyfiyyətləri kimi yüksək qiymətləndirən Prezident İlham Əliyevin eyni zamanda, milli dəyərlərin, milli mentalitetin qorunub saxlanmasını da müstəqil dövlətimizin mədəniyyət və humanitar elm qarşısında başlıca vəzifələrindən biri kimi dəyərləndirdiyini əlavə edib.
Alim vurğulayıb ki, Azərbaycan təkcə müxtəlif etnosların və konfessiyaların təmas və qarşlıqlı zənginləşmə məkanı olaraq qalmayıb, həm də etnoslarüstü və konfessiyalarüstü bir mədəniyyətin formalaşmasına şərait yaradıb, multikulturalizmin Azərbaycan modeli də məhz bu unikuma söykənir. Qeyd edib ki, Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı azərbaycançılıq ideologiyasına söykənən bu model hər hansı bir mədəniyyəti dominant elan etmədən qarşılıqlı zənginləşmə və inkişafı özünün başlıca məqsədi sayır. Bu prosesdə humanitar elmin də öz sözünü deməyinin vacibliyini diqqətə çatdırıb.
Teymur Kərimli Azərbaycan multikulturalizm modelinin tədqiqi istiqamətində humanitar və ictimai elmlərin qarşısında bir neçə aktual vəzifələr durduğunu bildirib. Qeyd edib ki, qlobal səviyyədə multikulturalizmə verilən təriflər və bunların elmi obyektivliyinin müəyyən edilməsi; multikulturalizmin müxtəlif modelləri və hər bir ölkə üçün onların nöqsanlarının ayırd edilməsi;multikultural ölkələrdə dominant mədəniyyətə inteqrasiya nəzəriyyəsinin tənqid edilməsi; Azərbaycan multikulturalizmi və onun tarixi-nəzəri aspektlərinin tədqiq edilməsi; multikulturalizmin alternativsizliyi və Azərbaycan modelinin bu sahədəki rolunun elmi əsaslandırılması; multikulturalist dəyərlərin inkar edilməsinin bəşəriyyətin gələcəyi üçün doğurduğu təhlükələrin araşdırılması; multikulturalizmin yalnız etnoslararası deyil, həm də fərdlərarası bir proses olduğunun tədqiq edilməsi və əsaslandırılması; perspektivdə multikulturalizmin hansı istiqamətlərdə inkişaf edəcəyi prioritetlərinin üzə çıxarılması kimi məsələlər həmin vəzifələrdəndir.
Sonda akademik qarşıya qoyulan bu məsələlərin həllinin vacibliyini və bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.