Əvvəlcə iştirakçılar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə son zamanlar özbək dilində nəşr edilmiş kitabların sərgisi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik
İsa Həbibbəyli Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından söz açıb, son illərdə iki ölkə arasında mədəni-ədəbi əlaqələrin daha da genişləndirildiyini bildirib. Alim vurğulayıb ki, müasir dövrdə ikitərəfli əlaqələrimizin təməli ümummilli lider Heydər Əliyev və Özbəkistanın sabiq Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu əlaqələr hazırda Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan və Özbəkistan inamla irəliyə doğru addımlayır.
Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur və digər ədiblərin Özbəkistan-Azərbaycan əlaqələrindəki rolundan bəsh edən AMEA-nın vitse-prezidenti hər iki ölkənin ədəbiyyatı və mədəniyyətinin bir-biri ilə qarşılıqlı vəhdətdə zənginləşdiyini və inkişaf etdiyini diqqətə çatdırıb.
Akademik İ.Həbibbəyli qeyd edib ki, rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Özbəkistan ədəbiyyatının nümayəndələrinin yaradıcılığının təbliği istiqamətində mühüm işlər görülür. Ötən il Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi fəaliyyətə başlayıb, aparılan tədqiqatlar nəticəsində bir sıra kitablar nəşr olunub, Azərbaycanda yaşayıb yaratmış özbək ədəbiyyatının tanınmış nümayəndələrinin irsi araşdırılıb.
AMEA-nın Özbəkistan Elmlər Akademiyası ilə əməkdaşlığından danışan İ.Həbibbəyli bugünkü tədbiri çoxəsrlik ənənələrə malik olan Azərbaycan-Özbəkistan əlaqələrinin müstəqillik dövrü mərhələsinin əlamətdar hadisəsi adlandırıb, konfransın işinə uğurlar arzulayıb.
Konfransda çıxış edən Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib, müsəlman ölkələri arasında elm, mədəniyyət sahələri üzrə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, ölkələrimiz İslam mədəniyyətinin və dünya mədəni-tarixi irsinin mərkəzi sayılır və Türk dünyasının böyük mədəniyyətə sahib xalqlarıdır.
Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb.
Memorandumda Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə araşdırmaların aparılması, layihələrin reallaşdırılması, elm, ədəbiyyat sahəsində mübadilənin həyata keçirilməsi və s. məsələlər nəzərdə tutulur.
Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun "Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri: həyata keçirilən layihələr, perspektivlər”, Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətovanın “Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 2 ildə Daşkənddə özbək dilində çap olunan kitablar haqqında” mövzusunda məruzələri dinlənilib.
Konfrans çərçivəsində, həmçinin “Əzəli dostluq riştələri” adlı filmin nümayişi olub.
turan.info.az
.