Tanınmış elm və din xadimlərinin iştirak etdiyi tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və digərləri yubilyarın həyat və yaradıcılığından, elmi-pedaqoji, ictimai fəaliyyətindən danışıblar.
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən
turan.info.az-a bildirib lərki,
Yubiley tədbirini giriş sözü ilə açan akademik Akif Əlizadə görkəmli alimin şərəfli ömür yolundan, geniş elmi-pedaqoji fəaliyyətindən, Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən və İslam dininə verdiyi töhfələrdən bəhs edib. Alimin elmi yaradıcılığından söz açan AMEA rəhbəri akademik Vasim Məmmədəliyevin ərəbşünaslıq sahəsində gənc yaşlarında doktorluq dissertasiyası müdafiə etdiyini, xarici ölkələrin elmlər akademiyalarının üzvü olduğunu, onun əsərlərinin böyük maraqla qarşılandığını qeyd edib. Yubilyarın elm və təhsil sahəsindəki xidmətlərindən danışan akademik Akif Əlizadə Vasim Məmmədəliyevə uğurlar diləyib.
Yubilyarla bağlı dəyərli fikirlərini bölüşən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademik Vasim Məmmədəliyevin ərəb qrammatikasına verdiyi töhfələrdən danışıb. Ərəb dilçilik elminin təşəkkülü haqqında alimin irəli sürdüyü mülahizələrdən bəhs edən natiq ilahiyyatçının bu sahədə qiymətli əsərlərin müəllifi olmasından söz açıb, ilk dəfə olaraq ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq etdiyini vurğulayıb.
Sonra çıxış edən akademik Gövhər Baxşəliyeva adının İslam mədəniyyəti, eləcə də Azərbaycan xalqının tarixinə əbədi həkk olunmuş akademik Vasim Məmmədəliyevin ilahi lütfdən qaynaqlanan istedadı, dərin elmi təfəkkürü, heyrətamiz hafizəsi, yorulmaz pedaqoji fəaliyyəti, əsl ziyalıya xas xüsusiyyətləri onu fenomen şəxsiyyətlər sırasına daxil etdiyini vurğulayıb. Vətənimizin hüdudlarından kənarda da böyük şöhrət qazanmış alimin Azərbaycan şərqşünaslığının ən layiqli davamçısı, müasir şərqşünaslıq elmimizdə Mirzə Kazım bəy ənənələrinin daşıyıcısı olduğunu bildirən akademik Gövhər Baxşəliyeva yubilyarın əsərlərində ərəb dilçiliyi ilə yanaşı, Şərq filologiyası və poeziyası, İslam tarixi, kəlam, fəlsəfə, təfsir, quranşünaslıq, leksikoqrafiyanın ən mühüm məsələlərinin də tədqiq olunduğunu deyib.
Akademik Gövhər Baxşəliyeva alimin ilk dəfə olaraq ərəb qrammatika məktəblərini sistemli şəkildə araşdırdığını və "Ərəb dilçiliyi" adlı fundamental əsərinin dünya şərqşünaslığına layiqli töhfə olduğunu qeyd edib. Öz çıxışında akademikin Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-Dini Şuraya rəhbərlik etməsindən danışan akademik Gövhər Baxşəliyeva bu qurumun ölkədə İslamla bağlı mövhumat xarakterli ədəbiyyatın yayılmasının qarşısını almaq üçün yaradıldığını dilə gətirib.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov alimin universitetin İlahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri kimi fəaliyyətindən, Azərbaycanda ilahiyyat elminin inkişafındakı xidmətlərindən danışıb. Akademik Vasim Məmmədəliyevin bütün həyatının, fəaliyyətinin xalqımızın mənəviyyatının zənginləşməsinə xidmət etdiyini deyib.
Fuad Nurullayev ərəb dilinin böyük tədqiqatçılarından olan alimin elmə, İslam dininin elmi əsaslarla öyrənilməsinə verdiyi töhfələrdən danışaraq əsərlərinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Alimin xidmətlərinin ölkə rəhbərliyi tərəfindən də diqqətlə qarşılandığını bildirən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini akademikin mükafatlarını sadalayıb. Nitqinin sonunda akademikə xoş arzularını dilə gətirən natiq alimə yeni-yeni nailiyyətlər arzu edib.
Yubiley tədbirində akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və digər qonaqlar akademikin Azərbaycan elminə və İslam dininin öyrənilməsinə verdiyi töhfələrdən danışıblar.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
turan.info.az
.