Hələ çətin dövr idi. Doğmalarından başqa kimsənin fərqində olmadığı bu gəliş illər sonra öz işığıyla neçə qaranlıqlara şəfəq saçacaqdı, neçə körpülər salacaqdı. Hələ 1937-ci il idi. O illərin qaranlığıyla böyüdü. Uşaqlığın dadını dadmadan cəfalar çəkdi, müharibə ona nə ata, nə əmilər, nə də dayılar əhatəsini qismət etdi. Kəndə gələn qara kağızlar boynubükük uşaqların sevincə, sevgiyə həsrət çöhrələrində lövbər salırdı. O dövrdə uşaqlıq yaşamayan, “şərikli çörəklə” böyüyən uşaqların dərdi də şərik idi.
Nəhayət dünya müharibəsinin sonu xəbəri hər yana çatdı. Borçalı qəzasının Darbaz kəndində məktəb 1919-cu ildən fəaliyyətdə idi. Balaca, sakit, öz dünyası olan şagird dərslərində fərqlənsə də, yenə də kimsənin nəzərində fərqli deyildi. Onda bütün uşaqlar bir böyüyüb, bir kiçilmişdilər, axı onlar şəxsiyyətə pərəstişin qapısından keçib, faşizmin qandalından çıxan uşaqlar idilər, poladdan bərk idilər. Sanki zamandan qisas almaq istəyi balaca Mədəd üçün bütün gücünü dərslərə yönəltdi. Ailəsinə dəstəyindən ayırdığı zamanla oxudu, oxudu, oxudu...
O vaxt əksər məzunlar sənədlərini Qazağa versə də, gənc Mədəd Tbilisiyə üz tutdu. Axı onun amalı vardı, qəlbindəki arzuların kökü dərin idi, açıb-ağartmasa da. Və Tbilisi Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinin Azərbaycan bölməsinə qəbul olundu. Bu yol o yol idi, başlanğıc idi. Fərqli addımla gəldi, fərqli planlarla məzun olduqdan sonra hərbi xidmətdə də zabit məktəbini bitirdi, rütbəylə geri döndü. Əvvəl öz oxuduğu məktəbdə müəllim işlədi, az sonra Bolnisi rayon komsomol komitəsində, sonra rayon partiya komitəsində işləsə də amalından dönmədi, pillə-pillə sürətli yüksəlmə onu içindəki məqsədə doğru aparan istəkdən vaz keçirə bilmədi. Axı məqsədi vardı, arzuları hələ gizlincə, sakitcə közərirdi qəlbində.
Rəsmi işiylə paralel Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunda qiyabi aspiranturada oxudu və Daşkənddə müdafiə etdi: “Bolnisi rayon şivələrinin leksikası”. Bu mövzu özü onu aparırdı istədiyi istiqamətə. Müdafiədən sonra onu instituta işə dəvət etdilər. Bəli, bu, raykomluqdan müəllimliyə eniş idi, amma içində olan “söküntünü qura bilməsəm də yazılarımla yaşatmalıyam” düşünürdü.
Çörük Qəmərli (Bolnisi) artıq tarix olmuşdu. Davamı olmalı idi. 1973-cü ildən müəllim kimi başladığı işində professor adına qədər ucaldı. İlk dəfə olaraq gürcü və Azərbaycan xalqları dostluğunun tarixini araşdırdı, yenə də ilk dəfə olaraq Azərbaycan və gürcü dilində danışıq lüğətini hazırladı. Hər iki dövlətin mədəni əlaqələri haqqında bir çox qəzet və jurnallarda gürcü dilində məqalələr dərc etdirdi. Dramaturgiyada, poeziyada, filmlərdə bu ardıcıllıqla pillə pillə ucaldı.
Professor Mədəd Çobanov 1994-cü ilə qədər Tbilisi Pedaqoji İnstitutunda fəaliyyətini davam etdirdi. Onun titullarını təkrarlamıram, çünki kifayət qədər məlumat var. Yazdıqlarım hörmətli müəllimin Gürcüstandakı fəaliyyətidir.
Özünü təqdim etmək üçün bura ona darlıq etdi və keçid dövrünün məlum çətinlikləri onu “könlünün məskəninə” apardı. Bakıda müxtəlif vəzifələrdə işlədi – kafedra müdiri, prorektor, rektor... yüzlərlə tələbə yetişdirdi, amma müqəddəs amalından qalmadı.
1997-ci il idi. Mən tələbə idim. “Ruskoyazıçnı” qohumlarımdan biri hərbi məktəbə daxil olmuşdu. Ana dilində “əyri-üyrü” danışan bunlara mən həmişə tənə edirdim ki, siz nə özünüzsünüz, nə də oxşamaq istədiyiniz. İndi o bizə evə zəng etmişdir ki, ona ana dilində məruzə etməyə kömək edəm (diksiyadan yəni, onda indiki kimi özəl kurslar yox idi). Məni həmişə “naçionalistka” adlandıran kəsin ana dilimizə işi düşməyi məni sevindirdi. Sevincimi istehza kimi anlayan həmyaşıdım dedi ki, bir müəllim var, səni kimi o qədər ana dilindən danışır ki, ay nə bilim zabit dilimizi belə bilməli, millət belə, xalq elə, elə bil ədəbiyyat fakültəsidir; biz hərbçi olacağıq e, şeir deməyəcəyik, natiqlik mənim nəyimə gərək?..
Dedim yaxşı sərkərdə əmrlə yox, yerində danışmaqla əsgəri qələbəyə aparar. Güldü ki, elə o da belə deyir. Kimliyiylə maraqlandım. Dilçilik kafedrasının müdiridir dedi. Sonralar hər gördükçə, o Mədəd müəlliminiz başqa nə danışır deyərdim. O da kəkələyərək öz məssəfiylə təkrarlayardı... Tanımadan, bilmədən ana dilimizin gözəlliyi ilə, axarlığıyla qələbəyə gedək deyən müəllimə çox böyük rəğbət bəsləyirdim.
Sən demə, hərbçilərə ana dilimizi təbliğ edən, terminləri milliləşdirən, əmrləri, tapşırıqları özümüzünküləşdirən bizim Borçalımızın Mədəd müəllimi imiş.
Ə.Şıxlinski burjua inqilabından sonra 1918-ci ilin fevralında seymdən xüsusi icazəylə Tiflisdə Müsəlman Hərbiyyə Məktəbi açdı, sonralar məkanı və adı dəfələrlə dəyişsə də sonda H.Əliyev adına Hərbi Elmlər İnstitutu adlandı.
Tiflisdən Bakıya qırılmış qəlbin mənəvi yüküylə getdi Mədəd müəllim. Həmişə olduğu kimi. Özümüzün özümüzə zərbəsiylə içində bir qaysaqlamayacaq yarayla. Gedərkən adı dəfələrlə dəyişsə də məqsədi, məramı bir olan həmin hərbi məktəbdə işlədi. Hərbçilərə dilimizi, zabit etikasını, mənəviyyatı aşıladı. Hərb tariximizin bu günkü hərb dili üçün özümüzü yaratdı, tələbələrə milliliyi aşıladı. Ana dilini zəif bilən gənclər üçün Mədəd müəllim bir xoş xatirə oldu. Bununla kifayətlənmədi Mədəd müəllim.
Ata-baba yurdunun 1991-dəki qara tarixi, yer adlarının sapı özümüzdən olan baltalarla kəsilməsi onu çox narahat edirdi. Çörük Qəmərlinin adı Lüksenburq, sonra Bolnisi oldu. Bir ömürdə üç dəfə dəyişdi yurdunun adı. Yazan qələmi vardı, o qələmlə bir tarix yazdı ki, unudulmasın o adlar. “Borçalı toponimləri” kitabıyla tarix yazdı. Ədəbi əlaqlər mövzusunun davamı kimi Tbilisidə “Sevirəm Gürcüstanı” adlı almanax təşkil etdi. Leyla Eradzenin tərcüməsiylə o kitab Tbilisidə üç dəfə təkrar çap olundu.
Mədəd müəllimin məqalə, oçerk, toponim yazıları və s. əsərlərinin sayı neçə yüzü keçir.
Mədəd müəllim Turançı, türkçü idi, bax, illərlə qəlbində gizlətdiyi sirri bu idi. O sirriylə Azərbaycana getdi və özünü təqdim etməyi bacardı.
Tarixə “Borçalı toponimləri”ni və Azərbaycan – Gürcüstan ədəbi əlaqələrini bağışladı. Zənnimcə, şərəfli bir ömür yaşadı – alim kimi, valideyn kimi, eloğlu kimi. Ən böyük səadəti də o oldu ki, el qəlbindən keçərək oğul çiynində getdi son mənzilə.
Sizin yeriniz həmişə görünəcək, hörmətli müəllim.
P.S.: Mədəd müəllim Dədə Qorqud qəsəbə qəbristanlığında dəfn olunub. Mənə elə gəlir, oradan Darbaza, Darbazdan da Dədə Qorquda bir həzin səs gedir, ilmə-ilmə, naxış-naxış sızıldayır:
Orada bir məzar var
uzaqda,
o mənim balamdır.
Orada bir el var
uzaqda,
o el mənim elimdir.
ESMİRA ƏLƏKBƏRLİ,
01.08.2023
“Yeni yol” qəzeti,
Yeniyol.ge
https://yeniyol.ge/news/popular/628
turan.info.az
.