Bir el şairi var idi...

Bir el şairi var idi... El şairi Əli Mustafa oğlu Ələkbərov (Əli Borçalı) 1929-cu ilin avqust ayında Ulu Borçalının Marneuli rayonunun Qaş Muğanlı (Böyük Muğanlı) kəndində anadan olmuşdur. 1945-ci ildə Qaş Muğanlı natamam orta məktəbini əla və yaxşı qiymətlərlə bitirir. Maddi çətinliklər üzündən təhsilini davam etdirə bilmir, kolxozda ağır təsərrüfat işlərində işləməyə məcbur olur. 1951-1954-cü illərdə əsgəri xidmətdə olur. Təqaüdə çıxana qədər kolxoz-sovxoz təsərrüfatlarında fəhlə işləyib.
Əli Borçalının mənsub olduğu Ələkbərlilər nəsli Böyük Muğanlı kəndinin ən rahat, heç kəsə dəyib-dolaşmayan, öz alın təri ilə, qabarlı əlləri ilə halal çörək qazanan, İslam dininə bağlı olan insanlardır. Ə.Borçalının babası Ələkbər kişi də şair olmuşdur.


Şair Əli Borçalı da Allaha, Qurani-Kərimə, Məhəmməd peyğəmbərə, Həzrəti-Əliyə ruhən çox bağlı insandı.
Bu bağlılıq onun şeirlərində də görünür:


Gecəli-gündüzlü xəyalımdasan,
Ya bir Allah, ya Məhəmməd, ya Əli.
Yetiş dada, bizi qoyma darda sən,
Ya bir Allah, ya Məhəmməd, ya Əli.

Qutar müsəlmanı qandan-qadadan,
Yeri-göyü, ərşi-gürşü yaradan.
Dinsizləri göz açmasın bəladan,
Ya bir Allah, ya Məhəmməd, ya Əli.

Əli Borçalı 88 illik ömrünü bir zəhmət adamı kimi ana təbiətin qoynunda keçirib.
“Bənövşə” şeirində şair yazir:

Elə bil bəyənmir çölü-çəməni,
Meylini salıbdır kola bənövşə.
Özünə bir həmdəm eyliyə məni,
Qıvrılıb köksümdə qala bənövşə.

Gözəllər hüsnünə sürtur buxağın,
Dərən bilər gül dərməyin damağın.
Sən doğma diyarda ana torpağın,
Bənzərsən üzündə xala, bənövşə.

Məskən eyləyibsən dağda, aranda,
Tərifin yazılıb elə hər yanda.
Dəstə-dəstə gözəllə seyrə varanda,
Əlini çağıralar nola, bənövşə.

Əli Borçalı bir xələf kimi, sələflərindən sonra ənənəni davam etdirən Borçalı şairlərindəndir.
Onun “Dağlar” şeiri çox diqqət çəkəndir:

Əhdə sadiq bir gözəli sevəsən,
Tutasan əlindən gəzə dağları.
Danışasan, şənlənəsən, güləsən,
Bürüyə söz-söhbət, məzə dağları.

Qırxbulaqda əmlik quzu kəsəsən,
Kəhər atla Dəlidağa çıxasan,
Pəsdən çalıb, gah sinəyə sıxasan,
Heyran eyləyəsən saza dağları.

Çəkiləndə dağdan qar, boran, ayaz,
Ətir saçanda cənnət kimi yenə yaz.
Əli, götür dəftər-qələm durma yaz,
Şeirnən, qəzəlnən bəzə dağları.

Əli Borçalı həyatda çox halal, haqqı nahaqqın ayağına verməyən, kənddə əmin-amanlığın davam etməsinin təraftarı, yaltaq və ikiüzlü adamların düşməni olub.
Bu mövzuda onun çoxlu şeirləri var:


Hər insanda başqa cürə hal olur,
Kimi kamil olur, kimi kal olur.
Düzü pozuluram, qanım qaralır,
Ara vuran riyakarı görəndə.

Şadlıqdan çırpınıb, vurur ürəyim,
Dünyada əzizdir mərdi görməyim.
Necə şad olmayım, necə gülməyim,
Doğru sözü, düz ilqarı görəndə.

Əli Borçalı humanist şairdir. O, sülh, əmin-amanlıq ruhlu şeirlər yazmaqla yanaşı, qanlı müharibələrə nifrətini bildirən söz sahibi kimi tanınmışdır. Ermənilərin işğalçı siyasəti, Azərbaycan ərazisinin 20%-ni işğal etməsi, Xocalı şəhərini yerlə-yeksan etməsi, vəhşicəsinə dinc əhaliyə divan tutması, qocalara, körpələrə, qadınlara işgəncə verməklə qətlə yetirməsi, milyondan çox azərbaycanlını doğma el-obasından didərgin salması Əli Borçalını həddindən artıq hiddətləndirmişdir:


Qan qusdurun siz zalıma,
Azərbaycan, Azərbaycan.
Nərə çəkin düşmən üstə,
Azərbaycan, Azərbaycan.

...Dəmir atda süzə-süzə,
Bas düşməni yansın közə.
İndi dünya baxır sizə,
Azərbaycan, Azərbaycan.

Əli Borçalı 2017-ci ilin payızında dünyasını dəyişib. (Allah rəhmət eləsin, ruhu şad olsun, məzarı cənnətməkan). Və onun ruhuna hörmət əlaməti olaraq, verdiyim sözə əməl edərək mənim ünvanıma göndərdiyi (sağlığında) 4 şeiri qəzetimizin oxucularına çatdırmağı özümə mənəvi borc hesab edirəm. Bir daha ruhu şad olsun deyirəm və doğmalarına-əzizlərinə təskinlik verirəm. Üzülməyin onsuz da dünya ölümlü-itimli dünyadır, insan isə bioloji varlıqdır. Əli Borçalı - Əli Mustafa oğlu Ələkbərov halal ömür sürdü, halal yaşadı, öz alın təri ilə övladlarına halal çörək yedizdirdi, onlara da halal yaşamağı tövsiyyə etdi, halallıq hər şeyi yenir, siz də mənim kimi halal ömür sürün dedi.

İlyas Əfəndi VƏfalı


Azərbaycan-Azərbaycan

Gecə gündüz xəyaldayam
Azərbaycan, Azərbaycan.
Kimsə bilmir nə haldayam,
Azərbaycan-Azərbaycan.

Hey deyirəm obam sənsən,
Billəm ulu babam sənsən,
Ayrı gəzib könül candan,
Azərbaycan-Azərbaycan.

Kartuli xar qayqası var,
Türkün də türk babası var.
Bu yerlərdə nərəsi var,
Azərbaycan-Azərbaycan.

Hey deyirəm obam sənsən,
Billəm ulu babam sənsən,
Ayrı gəzib könül candan,
Azərbaycan-Azərbaycan.

Əcəmi türk balasıyıq,
Biz də cəsur olasıyıq.
Yaddan qisas alasıyıq,
Azərbaycan-Azərbaycan.

Əli deyir obam sənsən,
Billəm ulu babam sənsən.
Ayrı gəzir könül candan,
Azərbaycan-Azərbaycan.


Qoyma-qoyma

(Müdafiə naziri Zakir Həsənova)


Qarı düşmən tapdağında,
Qoyma dursun, qoyma-qoyma.
Kəlbəcərin yaylağında,
Məskən salsın, qoyma-qoyma.

Təpin dağılsın qoşunu,
Daşnaqların at daşını.
Selə döndər göz yaşını,
Qoyma gülsün, qoyma-qoyma.

Möhkəm saxla hər işini,
Çək ağzından sök dişini.
Əfi ilanın sən başını,
Əz ki, ölsün, qoyma-qoyma.

Batır onun hay-harayın,
Qoy kamana düz at yayın.
Borçalıdan Əli dayın,
Dərdin alsın, qoyma-qoyma.


Şəhriyar

(Ulu Şəhriyara nəzirə)


Heydər baba de neyləyərsən qatilə,
Zalım vurdu yaman yara, Şəhriyar.
İnanmıram çarx altında tapıla,
Bizim kimi bəxti qara, Şəhriyar.

Açıq söylə hər nə vasra sərində,
Heydər baba dağdır durub yerində.
De millətin sahibsizdir yerində,
Dağılıbdır hər diyara, Şəhriyar.

Şad olub könüldən gülə bilmirəm,
Niyə etdi fələh belə bilmirəm.
Mən də sözüm açıq deyə bilmirəm,
Yanıb bağırım dönüb nara, Şəhriyar.

Yoxmu Koroğlusu, ya Xan Səttarı,
Zalımları kəsib tökə tən yarı.
Hansı cəllad böldü bizi tən yarı,
Araz çayı oldu ara, Şəhriyar.

Qüssə, kədər bir sərimdən atıla,
Əli torpaq olub sizə qatıla.
Var Təbrizə bəyəm tarix tapıla,
Axtar Borçalıyı, ara, Şəhriyar.


Fatimə

(Nəticəmə)


Gəlsənə görüşək ay qadan alım,
Durma sən bizdən aralı Fatimə.
Səninlə dolanır fikirim, xəyalım,
Cəm eylə sərində kamalı Fatimə.

Nənəyə, babaya qoy gəlsin xoşun.
Hələ çox cavansan uşaqdır yaşın.
Açıla baharın, olmaya qışın,
Olasan dağların maralı Fatimə.

Deyəcəm, vəsfini tamam hər yana,
Tər qöncəsən açılmısan cahana.
Dolanıb başına ollam pərvanə,
Əliyəm qədrimi biləsən Fatimə.

Əli BORÇALI,
"Şərqin səsi" qəzeti,
07 mart, 2017-ci il, N: 35 (335), səh.13.


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: