Səni sabahda axtarmışdı
ayın oğrun nəfəsi,
danışmağa cəsarətin olmadı,
Bilirsənmi,
ləpələr üşüyəndə
səni səsləmişdim
Sənsə....
-"qəddarsan"-demişdin.
Dalğalar səni boğanda
məni haraylamışdın
Mənsə...
indi bilmirəm hardasan,
qəddarlığıma görə
məni bağışla.
ADIMI ÇƏKMƏ
Məni görürsənmi?
bir bax
bax bu tərəfə-
rus küknarlarına tərəf,
ordayam,
gülümsə,
elə bil ki məni gördün
gözünü çəkmə.
Ətirləri sevirsənmi?
Sevdiyini qoxla, iylə
Paris havasında-
ordayam,
elə bil ki o mən idim
xatırla, xatırla
olduğum yerlərdə,
adımı çəkmə.
CƏNAB VƏKİL
Susqunluğunda
yarımçıqların baxışları,
bu yer kimi aləmdən təcrid
məkan bağlılıqları,
sakit nəfəsin danışıqları.
Burdan keçən məsafələr
həssaslıqlar, titrəmələr
burda üşüyən həyat
bağlı yollar
kəsişən nöqtələr,
üçbucaq, dördbucaq işarələr,
çarpaz məsafələr...
bilirsən ki hardasan-
bu da ki dayanacaq.
İfadəsiz düşüncələr,
yorucu anlatmalar-
eşitməyə məhkumsan.
Cənab vəkil! buyur keç
indi hakim danışacaq.
OYUNCAQ OYUNU.
Oyuncaq oyunu öyrədəcəkdim
düzəldəcəkdim ki biləsən
necə olur;-
əvvəl nədən başlanır, axır
bitir harda,
sonra yığacaqdım
qalaq-qalaq, üst-üstə
atacaqdım kiçik əllərimlə
genişliyə-görünməzliyə
qucaq-qucaq, dəstə-dəstə,
bu oyuncaq dünyaya
oyuncaq əllərimlə.
Kimi sevinəcək, götürərək birini
sadəcə saxlayacaq bir əziz
əşya kimi
kimi də itələyib rədd edərək
nifrətlə
tüpürəcək bəlkə də .
Biz
və qoyub getdiklərimiz
sadalanır beləcə.
Titrək-titrək
Titrək-titrək…..
əllər yarı uzanıqlı….
nəfəs daralır təngiməkdən….
Yarpaqlar qorxur vaxtsız tökülməkdən
hey əsdikcə…
meh gələn kimi…
insan qorxudan, ya sətəlcəmdən
titrəyir titrədikcə
qəzəbindən yanıqlı….
sətrin cümləsi, nidası
titrək-titrək…. titrək-titrək….
Ovuc- ovuc
Ovuc-ovuc…
Günəşin nuru, Ay işığı…
taleyin bir xoşbəxt günü
ömrün naxışı ….
qışın qarı
buz kimi dondurucu,
əriyəndə
yağış olur, dolur əllərimə
isladır,
ağladır adamı qədərincə
hıçqırıq, göz yaşı…..
ovuc-ovuc…… ovuc-ovuc….
Əlim gəlmir
Götür-qoy elədim
sən deyən kimi,
bilirsən nə qədər
yormuşam başımı
fikirləşməkdən,
nəticəsi də bu olub;-
əlimdən gəlir,
amma səninçün etməyə
əlim gəlmir.
Gecikdiklərim, tələsdiklərim
Ümidi yığılmış soyuqların
üstünə çəkilər GECİKDİKLƏRİM,
barmaqlarını qatlaya-qatlaya
hesablaya-hesablaya
xatırlayarkən
dönüb sağa-sola-
dəyişən, dəyişməyən çevrəyə
baxarkən
bir az gecikər TƏLƏSDİKLƏRİM.
Həftələr
Deyilmək istəyir
açıb söyləmədiklərim
həftənin sıxıb-sıxılan üzündən
o biri üzünə adlayan kimi
danışacaq deyə bilmədiklərim,
deyəcəm nəsə
eşidəcəksən nəsəni,
üstümdən qoparacaq nələrinsə
ağırlığını
həftənin o biri üzü.
Yaman üzə düşəndi bu həftələr.
Üzdən-üzə düşəndi bu həftələr.
Üz-üzünə dəyişəndi bu həftələr.
Danışacaq deyə bilmədiklərim
eşidəcəklər sizdən birinizi,
ya ONU, ya da SƏNİ,
ya ÜZÜ ya HƏFTƏNİ.
Yorğanıma
Mənə bürünüb də
sinən yorğanım,
yuxulusanmış hələ,
eh, dünyadan bixəbər…
qulağımı dəlib-deşən
şütüyən maşınların
səsinə oyanır insanlar,
səhərlər…
sənsə …..
yatmısan,
hələ də yuxudasan,
mənsə……
üşüyürəm
gözləyirəm , haçan oyanırsan,
sən yox , mən səni bürümüşəm–
qucaqlamışam.
Səhra sakinləri
Qum dənələri
təpə-təpə
yarğan-yarğan
qırmızı, boz , sarı…
Qara yel əsməsi–
yenə….yenə
burulğan.
Uzun yol sənələri
üzü günəşə sarı
səhra gəmiləri–
asta-asta, usta-usta
keçir səhra şəhərinin
əbədi sakinləri–
nə qum , nə yel, nə günəş–
keçir dəvə karvanı.
Mücərrəd
Hissimə hakim bir şey
ağlımın diktəsiylə tutdum o an
fikri,
o bir qapalı,
o bir bağlı
içimdə o qədər boğucu
ata bilsəm başımdan,
bəlkə udqunum?,
bu da heç
asqırım, öskürüm?
ən yaxşısı durum
əl-üzümü yuyum–
başdan-ayağa yuyunum.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.