Doğum gününüz mübarək, hörmətli Sədi müəllim!...

Doğum gününüz mübarək, hörmətli Sədi müəllim!...
TƏBRİK EDİRİK!..

Aprelin 1-i əziz dostumuz, qardaşımız,
dəyərli həmkarımız, istedadlı şair-publisist,
"Borçalı" nəşriyyatının redaktoru,
vətənpərvər və yurdsevər soydaşımız,
sözün əsl mənasında ZİYALI,
xeyirxah və gözəl İNSAN,
çox hörmətli Sədi müəllimin -
Sədi YARADANQULUnun
doğum günüdür!

SƏDİ YARADANQULU - (Sədi Qədiroğlu,
Sədi Borçalı, Sədi Dağlaroğlu, Sədi Tənha)

1954-cü il aprelin 1-də ulu Borçalının Başkeçid
(indiki Gürcüstanın Dmanisi) rayonundakı
Salamməlik kəndində anadan olub.
1972-1974-cü illərdə hərbu xidmətdə qulluq edib.
1975-1980-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik
İnstitutunu (indiki Azərbaycan Texniki Universitetini) bitirib.
İxtisasına uyğun olaraq müxəlif vəzifələrdə çalışıb.
1968-ci ildən şeirləri yerli və mərkəzi qəzetlərdə çap edilib.
Daha sonralar isə şeirləri ilə yanaşı tarixi məqələləri də müxtəlif jurnallarda, almanaxlarda,
o cümlədən, Müşfiq Borçalının 3 cildlik "Sazlı-sözlü Başkeçid" kitabında (2015-2017), 5 cildlik
"Zirvə" (2017-2018) poeziya antologiyasında, "Sazlı-sözlü Borçalı" (N: 1, 2, 2018) Ədəbi məcmuəsində,
"Ziya", "Şərqin səsi" və "Elm və Təhsil" qəzetlərində, "turan.info.az", "Zirve.İnfo", "Borcali.org" və s. saytlarda,
eləcə də, digər müxtəlif dövrü mətbuat orqanlarında, kütləvi informasiya vasitələrində işıq üzü görüb.

Bəzi şeirləri rus, özbək və türk dillərinə tərcümə edilib, kitablarda və almanaxlarda çap edilib.

10 kitabın - o cümlədən, “Bir ağacın pöhrəsiyik” (2000) və “Tarix övlad kimidir” (2015) adlı tarixi əsərlərin, “Əzizdir bu yerlər mənə” (2002), “Könlümə təsəlli söz axtarıram” (2003), “Ürəyimə dəyməyin” (2005), “Vətənin qucağında” (2011), “Sənə məhəbbətim dünyalar qədər” (2012), “Ömür ötüb gedib məndən xəbərsiz” (2014), “Mənimlə yaşayan xatirələrdi” (2017) və "Gəzdiyim yerlər" (2019) adlı
şeirlər kitablarının müəllifidir.
2014-cü ildə “Qızıl Qələm” və "Abdulla Şaiq" mükafatlarına layiq görülüb.

Sədi Yaradanqulu hazırda "Borçalı" nəşriyyatının redaktorudur.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.
O, eyni zamanda, “S.Ə.Şirvani” və "Dirili Qurbanı” Ədəbi Məslislərinin fəal üzvü,
"Sazlı-sözlü Borçalı" Ədəbi Məclisinin isə yaradıcılarındandır.


Biz də turan.info.az-ın bütün yaradıcı heyəti adından əziz dostumuz, dəyərli qardaşımız,
istedadlı şair, vətənpərvər və yurdsevər soydaşımız, sözün əsl mənasında ZİYALI,
xeyirxah və gözəl İNSAN, çox hörmətli Sədi müəllimi - Sədi YARADANQULUnu
Doğum günü münasibətilə ürəkdən təbrik edir, ona palıd qədər uzun ömür,
polad kimi möhkəm cansağlığı, şəxsi həyatında, əmək fəaliyyətində və
bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..

Hörmətli Sədi müəllim!..
Dünyanın butun yaxşılıqları və gözəllikləri sizinlə olsun!...
100 yaşınızı əzizlərinizlə, sevdiklərinizlə və sizi sevənlərlə birlikdə qeyd edəsiniz!...
Və böyük məmnuniyyətlə aşağıda sizin bir neçə şeirinizi dəyərli oxucularımıza ərmağan edirik!...​


Dərin hörmətlə,
Müşfiq BORÇALI,
ZiMşAz



ÜRƏYİMİN BAŞINDADI BORÇALI Doğum gününüz mübarək, hörmətli Sədi müəllim!...

Beyni kütlər, ağlı dayaz nə bilər,
Soruşsan ki, haradadır Borçalı?
Ürəyi buz, sözü ayaz nə bilər,
Soruşsan ki, haradadır Borçalı?

Çiynin çəkib, dodaq büzən çox olub,
Gözün döyən, gözün süzən çox olub,
Seyr eləyib, durub gəzən çox olub,
İndi niyə yaddan çıxıb Borçalı?
Bilməyirlər haradadır Borçalı?...

Yaylağında dincələnlər, gəzənlər,
Gül-çiçəyi yerdən dərib üzənlər,
Yar telinə bircə-bircə düzənlər,
İndi bilmir haradadır Borçalı?

Ey bilməyən, tanımayan, mənə bax!
Ey yan ötən, bircə dayan, mənə bax!
Ey yatmışlar, bircə oyan, mənə bax!
Diqqət ilə siz baxsanız, görərsiz,
Gözlərimin yaşındadır, Borçalı!
Ürəyimin başındadır, Borçalı!


ANAM BORÇALI

Gözəldir aranı, gözəldir dağı,
Hər sərin çeşməsi, hər bir bulağı,
Çiçəklə qarşılar gələn qonağı,
Açaraq qolunu, Anam Borçalı.

Suları loğmandı, havası dərman,
Yaşıl çöl-çəməndi, çıçəkdi hər yan,
Burada göz açan, burda doğulan,
Səni unudarmı, sonam Borçalı?!

Gözləri oxşaır yaşıl meşələr,
Kolların dibində tər bənövşələr…
Sədi Borçalı da gəlib döşənər
Güllü ətəinə, Anam Borçalı.


BAŞKEÇİD

Ay Vətən axtaran, ay yurd axtaran!
Yurdumuz - yuvamız Başkeçiddədi.
Ay oba axtaran, ay el axtaran!
Elimiz - obamız Başkeçiddədi.

Yayda dincəlməyə yaylaq axtaran,
Soyuq su içməyə bulaq axtaran,
Çəmənlik axtaran, oylaq axtaran...
“Sərxan oylağı”mız Başkeçiddədi.

Laləli düzləri ğörmək istəsən,
Ətirli güllərdən dərmək istəsən,
A dostum, Vətəni görmək istəsən,
Qayıt, yurd-yuvamız Başkeçiddədi...


SALAMMƏLİK-DOĞMA KƏNDİM!...

Mənə doğma, mənə əziz olanım,
Balan kimi qoy qoynunda dolanım.
Ocağında qucaq-qucaq qalanım,
Yananda da tək oduna yanım mən.

Qorxudammaz yağış, boran, tufan, qar,
Çiçək olub çöldə bitim hər bahar.
Bu yerlərin şaxtalı bir qışı var,
Quzeyində buz bağlayıb, donum mən.

Əzəl gündən səni anam bilmişəm,
Can-ciyərim, doğmam, sonam bilmişəm,
Şan-şöhrətim, adım-sanım bilmişəm,
Yaddaşında balan kimi qalım mən.

Dağları mən öz vüqarım sanmışam,
Ağ saçları zirvə qarı sanmışam.
Özmə bacı mən baharı sanmışam,
Qayaları öz sirdaşım sanım mən.

Salamməlik, doğma kəndim əzəldən,
Doymaq olmur sənin kimi gözəldən.
Mən qoymaram bir an belə gözümdən,
Yuxumda da yarım deyib anım mən.
Avqust, 1990

O KƏND BİZİM KƏNDİMİZDİR

Çən-dumanın içindəki
O kənd bizim kəndimizdir.
Bu dağlara həyan olan,
O kənd bizim kəndimizdir.

Həyətində bağça-bağlar,
Dörd tərəfi uca dağlar,
İndi isə qalmış ağlar,
Evləri də xarabazar...
O kənd bizim kəndimizdir.

Xarabaya dönsə belə,
Kalafaya dönsə belə,
Bir gün geri dönsəm yenə
Deyəcəyəm, yana-yana
O kənd bizim kəndimizdir.
06.06.1997

KÖNLÜM

Qurtarmaq olmayır el qınağından,
Ducar olmayasan qınağa, könlüm.
Çoxları çıxanmır dost sınağından,
Səni çox çəkiblər sınağa, könlüm.

Dərdli söhbət açar sinə dağınnan,
Oylaqları gəzən binə - dağınnan,
Qalxanı gördünmü, enə dağınnan?..
Dönübsən əzəldən yaylağa, könlüm.

Keçən gün əlini üzür əlimnən,
Gələn gün bezikir, bezir əlimnən,
Ötən gün hələ də dözür ələmnən,
Alışa bilmədin qılığa, könlüm.

Eh!.. Ömür bənzəyir sarı yarpağa,
Ağırlıq eyləyir yaşıl budağa,
Tökülür torpağa, dönür torpağa,
Dönəcəksən bir gün, torpağa, könlüm.

Əbədi deyildir dünyada insan,
Qalmayır heç kəsə nə şöhrət, ad-san,
Bu qoca Sədiyə zənn ilə baxsan,
Görərsən, bənzəyir qonağa, könlüm.

Doğum gününüz mübarək, hörmətli Sədi müəllim!...
Doğum gününüz mübarək, hörmətli Sədi müəllim!...
Doğum gününüz mübarək, hörmətli Sədi müəllim!... GƏZDİYİM YERLƏR

Dönüb mənim üçün inciyə, lələ,
Bir vaxtlar inciyib, bezdiyim yerlər.
Oxşayıb - əzizlər qoynunda hələ,
Qoruyur izimi, gəzdiyim yerlər.

Gözləri yoldadı hər yaz, hər bahar,
Getsəm el - obalar min busat qurar.
Bulaqlar, gözündə qalmasın qubar!
Gələcəm: - Özümü üzdüyüm yerlər.

O kövrək nəğmələr səslənə, dinə,
Məni də gətirə imana - dinə,
Ətrlı çəmənlər, şehli çəmənlər,
Məni öz qoynuna alsaydı yenə,
Görən xatırlarmı, güldən, çiçəkdən,
Yarımın telinə düzdüyüm yerlər!?

Göynəyib tökülür köksümün başı,
Ey könlüm həmdəmi, könlüm sirdaşı!
Gələcəm, çökərək mən dizim üstə,
Əyilib öpməyə torpağı - daşı,
Ey, quş tək qoynunda süzdüyüm yerlər!

Gələcəm, həsrətin daşını atıb,
Gecəmi gündüzə calayıb, qatıb,
Sədiyəm, çəmənin şehinə batıb,
Gələcəm, əlimə düşərsə, bir gün,
Sənin möhnətinə dözdüyüm yerlər.


BU DAĞLARIN QUCAĞINDA

Köklü bir ağac olaydım,
Bu dağların qucağında.
Qayalara tac olaydım,
Bu dağların qucağında.

Çeşmələrin saf suyundan
Içib bir az güc alaydım,
Bu dağların qucağında.
Yenə ülfət bağlayaydım,
Həsrətimi dağlayaydım,
Bir qayanın dibindəcə
Çeşmə olub çağlayaydım,
Bu dağların qucağında.

Köhlənimlə yal aşaydım,
Dumanlarda yol çaşaydım,
Qarış-qarış, yaylaqları,
Binələri dolaşaydım,
Bu dağların qucağında.

Sədi deyir, ömür sürüb,
Azad, sərbəst yaşayaydım,
Hər bir kəsi xoşbəxt görüb,
Yaşa dolub yaşlaşaydım,
Sonra... - Vətən torpağına,
Torpaq olub qarışaydım,
Bu dağların qucağında.


ÜRƏYİMƏ DƏYMƏYİN

Gördüyümdən gözüm, könlüm bulanar,
Gəlin mənim ürəyimə dəyməyin!
Yaralarım göz-göz olub sulanar,
Gəlin mənim ürəyimə dəyməyin!

Toxunsanız, ilmə-ilmə sökülləm,
Söküldükcə yumaq olub bükülləm,
Büküldükcə piltə kimi tökülləm,
Gəlin mənim ürəyimə dəyməyin!

Olmayıbdı dərd böləni, həmdəmi,
Dağ çəkənməz, o çəkdiyi dərd, qəmi,
Mən dəryada tənha üzən bir gəmi,
Gəlin mənim ürəyimə dəyməyin!

Əl dəysəniz, yaralarım ağrıyar,
Sızıldayıb uşaq kimi ağlayar,
Ağladıqca yeri-göyü dağlayar,
Gəlin mənim ürəyimə dəyməyin!

Yaralayıb bir vəfasız əzəldən,
Gənc ömrümə don biçmişəm xəzəldən,
Siz soruşun o bivəfa gözəldən,
Gəlin mənim ürəyimə dəyməyin!

Ötüb keçən həftədəyəm, aydayam,
Gan yerdəyəm, gah göydəki Aydayam,
İndi isə heç bilmirəm, hardayam?
Gəlin mənim ürəyimə dəyməyin!

Sədi deyir: - Nə haraydı, nə səsdi?
Bu gen dünya bizə bir dar qəfəsdi.
İnsan ömrü bir udumluq nəfəsdi,
Gəlin mənim ürəyimə dəyməyin!


AY QƏDİROĞLU

Düşünmə üzünə taleyin gülər,
Sənin də üzünə xoş günlər gələr,
Gözləmə, işlərin bir gün düzələr,
Düzələr, düzələr, ay Qədiroğlu.

Görüb gördüyünü heç zaman danma,
Əyri olanları sən də düz sanma,
Sözlə-əməlləri çəksən inanma,
Düz gələr, düz gələr, ay Qədiroğlu.

Yenə nələr düşüb, nələr yadına?
Söz açıb danışma doğma-yadına,
Düz başa düşməzlər, təmiz adına,
Söz gələr, söz gələr, ay Qədiroğlu.

Sənin dar günündə kim yaxın gələr,
Nə doğma, nə bir dost, nə yaxın gələr,
Öləndə tökülüb bir axın gələr,
Özgələg, özgələr, ay Qədiroğlu.


QƏRİB AXŞAMLAR

Yenə də tənhayam, yenə də təkəm,
Tənha ovqatımı gərib, axşamlar.
Yanımda yarım yox, nazını çəkəm,
Gəlib bir xəyal tək, gəlib axşamlar.

Almaz tək bəzəyib şeh, çiçəkləri,
Oxşayır naz ilə meh, çiçəkləri.
Bağçamda gül açmış, eh... çiçəkləri,
Dərib kimə verim, dərib, axşamlar!?

Döyür pəncərəmi narın yağışlar,
Qoyur pəncərəmdə min cür naxışlar,
Zülmətə zillənir, donan baxışlar,
Görüb yağışları, görüb axşamlar.

Pərvanəsiz şamlar, axşamlar qərib,
Solğun şöləsiylə bax, şamlar qərib,
Donmuş gözyaşıyla, ağ şamlar qərib...
Qərib mənim kimi, qərib axşamlar...

Yenə köklənmişəm qəm havasına,
Dönərək qəm yurda, qəm yuvasına,
Sədiyəm, oynaram qəm havasına,
Sərib yaylığımı, sərib axşamlar.


NİYƏ GƏLDİN...

Dindirirəm səni, niyə dinmirsən...
Ələ qələm götür yaz, niyə gəldin?
Yolunu gözlədim barlı payızda,
Şaxtalı qış ötüb, yaz niyə gəldin!?

Deyirdim bu eşqi saxlayaq pünhan,
Eldən ayıb olar, eyləsək bəyan,
Pünhan eşqimizi olarsa duyan,
Yayılar aləmə söz, niyə gəldin!?

Çətin, halımıza kimsə acıya,
Mənim tək dözən yox, ağrı-acıya,
Dözmüşdük bu qədər ağrı-acıya,
Dedim, bir qədər də döz, niyə gəldin!?

Sən göylərdən enmiş bir mələkmisən?
Xoş arzu, xoş istək, bir diləkmisən?
Köksümdə döyünən bir ürəkmisən...
Mənim həyatıma qız, niyə gəldin!?

Bu yaşda Sədini oda salmağa,
Qəmli çağlarımı yada salmağa,
Sükutlu dağıma səda salmağa,
Götürüb əlinə saz, niyə gəldin!?
Mənim həyatıma qız, niyə gəldin!?


***
Elə duyğular var ürəyimizdə,
Dodaq tərpənməyir, dil deyə bilmir.
Elə sevgi də var ürəyimizdə,
Yanıb külə dönüb, bir kimsə bilmir.
***
Sevgi var ömürü bir şam ömürü,
Yanından meh əssə vurub söndürər.
Elə sevgi də var, daş ürəkləri,
Yumşalda-yumşalda muma döndərər.
***
Ürəyi tərk edər cılız məhəbbət,
Böyük məhəbbətsə ürək yandırar.
Necə ki, küləklər şamı söndürür,
Söngümüş ocağı alovlandırır.
***
Sevgimiz Günəşdir, arzular dəniz,
Arzular tükənməz sevən ürəkdə.
Günəş əbədidir, müqəddəs dəniz,
Min bir arzular var hər xoş diləkdə....


OLMAZ-OLMAZ DEYİRSƏN

Deyirəm ki, gəl səninlə dost olaq,
Gülə-gülə, olmaz-olmaz deyirsən.
Həmdəm olaq, sirdaş olaq, dost olaq,
Gülə-gülə, olmaz-olmaz deyirsən.

Məcnun kimi elə düşüb harayım,
Boş görünür sənsiz evim, sarayım,
Deyirəm ki, qoy telini darayım,
Gülə-gülə, olmaz-olmaz deyirsən.

Heyran oldum sənin qönçə cağına,
Qonaq eylə bar-bəhrəli bağına,
Deyəndə ki, qoy toxunum tağına...
Gülə-gülə, olmaz-olmaz deyirsən.

Gül ətirin ağlım alıb, məst edib,
Alagözlüm, şirin sözün şəst edib,
Ay insafsız, sən Sədiyə qəst edib,
Bilə-bilə, olmaz-olmaz deyirsən...
Gülə-gülə, olmaz-olmaz deyirsən.


GÜL ƏTRİ QATMISAN ŞEİRMƏ MƏNİM

Gündə neçə dəfə: - aşkar-gizlincə,
Səni görmək üçün göz, əlləşibdi.
Bu geniş aləmdə, səni görüncə,
Gözlərim önündə gözəlləşibdi.

Gətirib ilhama, gətirib təbə,
Hicranlar əlindən qopardın məni.
Hər gün pillə-pillə, neçə mərtəbə,
Sevgilim, Göylərə qaldırdın məni!

Gül ətri qatmısan şeirmə mənim,
Sözlərim bal kimi şirinləşibdi.
Adın dodağımda, dilimdə mənim,
Elə gündən-günə şeirləşibdi.

Nəğmələr qoşqcam adına hər gün,
Car çəkib aləmlə bir eyləyəcəm.
Səni sevdiyimi,
Sevgilim!
Hər gün,
Nəğməylə, şeirlə mən söyləyəcəm...

* * *
Sənə məhəbbətim dünyalar qədər,
Sənsiz keçirdiyim günlərim hədər,
Gəncliyi saxlamaq mümkünmü, məgər?
Bəlkə, günahı var yaşın da, gülüm!



ATALAR DEMİŞLƏR…

Atalar demişlər bunu həmişə,
- Hikkəli ayqırdan köhlən at olmaz.
Tülküsüz, çaqqalsız olmaz bir meşə,
Kol-kosdan da meşə, bağ-bağat olmaz.

Sən bunu heç vədə yaddan çıxarma,
Gur yanan ocağın sönməyi də var.
Bu gün, “mənəm” deyib döşünə döyən,
Sonar öz başına döyməyi də var.

Yalan vədlər verib, yalan danışma,
Yalanın ömürü qırx gün sürməz.
Yalan danışmağa çox da alışma,
Yalan ayaq açar, ancaq yeriməz.

Sən çalış, sadə ol, əməlinə düz,
Namusdur, ismətdir üzün ağlığı.
Sözünə bütöv ol, ilqarına düz,
Təmizlik gətirər baş ucalığı.


AĞRIN ALIM...

Heç bilirsən nələr düşüb?..
Lal könlümə, ağrın alım!
Həsrətindən qoyma düşsün,
Xal könlümə, ağrın alım!

Sevinc birdi, həsrət mindi,
Qəlbim teli elə dindi...
Baxışınla çək sən indi
Yol könlümə, ağrın alım!

Sən də sevən bir aşıq ol,
Ömürümə yaraşıq ol,
Gözlərimdən nur-işıq ol,
Dol könlümə, ağrın alım!

Gəl, Sədiyə sən ol həmdəm,
Görməym dərd, çəkməyim qəm,
Sən həm təbib, həm də məlhəm,
Ol könlümə, ağrın alım!

SALXIM SÖYÜDLƏR

Söyüd bitməsəydi çay qırağında,
Günəşli havada düzdə yanardı.
Dərdi olmasaydı salxım söyüdün...
Kölgəsiz şamlar tək düz dayanardı.

Dərdi olmasaydı salxım söyüdlər,
İkiqat əyilib yerə dəyməzdi.
Ayağa dolaşan, alaq tək bitən,
Kol-kosun önündə qəddin əyməzdi.

Mətin göstərsə də qürur insanı,
Söyüd tək tez sınar, dərd dəyən kimi.
Heç kəs əyə bilməz məğrur insanı,
Qəddini ikiqat, dərd əyən kimi.

BАXIRАM

Həyatda görürəm çoxu dolanır,
Gecə də, gündüz də varın başına.
Başıma dolanır külleyi aləm,
Mənsə dolanıram yarın başına

Yаlаn şirin olur, həqiqət аcı,
Gədаlаr bаşınа qoymurlаr tаcı.
Görürsüz, təbiət qoyubdur tаcı,
Mеyvələr içində nаrın bаşınа.

Hər ili son bаhаr, güllər soləndа,
Dört tərəf sаrаlıb, xəzаn olаndа,
Sədi, bülbüllər də gülsüz qаlаndа,
Hər səhər dolаnır xаrın bаşınа.

Sədi Yaradanqulu,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: