Hər birmizin Allaha,
Can borcu var, şəhidlər.
Siz bu borcu verdiniz,
Borçalı ŞƏHİDLƏRİ !
Kimi “Qara Yanvarda”,
Kiminiz Qarabağda,
Hər biriniz bir dağda,
Borçalı ŞƏHİDLƏRİ !
Bir–bir ad da çəkmirəm,
Seçkilik eyləmirəm,
Sizinlə fəxr edirəm,
Borçalı ŞƏHİDLƏRİ !
Yaşadınız şərəflə,
Yüksəldiniz şərəflə,
Şəhidlik zirvəsinə,
Borçalı ŞƏHİDLƏRİ !
Şəhidlər xiyabanı
Qardaşlıq məzarıdı.
Türkdü, qarapapaqdı,
Borçalı ŞƏHİDLƏRİ !
Uğurunda can verdi,
Canını qurban verdi,
Şöhrət verdi, şan verdi,
Borçalı ŞƏHİDLƏRİ !
Qoy ruhunuz şad olsun,
Vətənmiz abad olsun,
Xatırəniz yad olsun,
Borçalı ŞƏHİDLƏRİ!
Azərbaycan anamız,
Ona qurban canımız,
Halal olsun qanımız,
Borçalı ŞƏHİDLƏRİ!
16.01.2020
Borçalı İnciləri
Adı-sanı səs salıbdır cahana,
Adı bəlli bir mahaldı Borçalı !
Biz ona övladıq, o bizə ana,
Bilən bilir, “Borçalı İnciləri” !
İlahidən arzum budur şen olsun,
Gözəlləri gülərüzlü, şən olsun,
Ayrı düşdük anamızdan, nə olsun,
Bilən bilir, “Borçalı İnciləri” !
Bizim ellər nə xoşbəxtdir, bəxtiyar,
Dağların qoynunda yamyaşıl diyar,
Bərli - bərəkətli, burda torpaqlar,
Bilən bilir, “Borçalı İnciləri” !
Bizimdi zirvəsi, o, qarlı dağlar,
Meşələr, ormanlar, o barlı bağlar,
Diş göynədən buz çeşmələr, bulaqlar,
Bilən bilir, “Borçalı İnciləri” !
Avazı, ləhcəsi, dili şirindi,
Özü ləl – gövhərdi, dürdü, incidi,
Saz – söz meydanında yer birincidi,
Bilən bilir, “Borçalı İnciləri” !
Nəriman, Şaiqi, neçə şairi,
Zahidtək alimi, elm xadimi,
Bu torpaq yetirib, iki Rəşidi,
Bilən bilir, “Borçalı İnciləri” !
Birisi pəhləvan, biri nəğməkar,
Bir Şair Nəbisi, Zəlimxanı var,
Yaşar yaddaşlarda o, Xan Kamandar,
Bilən bilir, “Borçalı İnciləri” !
Xan Əmrahdı aşıqların azmanı,
Hüseyn Saraçlıydı ustad, ozanı,
Əli qələm tutan, yazan – pozanı,
Bilən bilir, “Borçalı İnciləri” !
Dağlarının dolanbacdı yolları,
Qırıb – töküb əmlik quzu, qoçları,
Surfa açıb, qonaq qucub qolları,
Bilən bilir, “Borçalı İnciləri” !
Vurğun özü mehman olub bizlərə,
Mil, Muğanda ceyran qaçan düzlərə,
Gəlişiylə sevinc qonub üzlərə,
Bilən bilir, “Borçalı İnciləri” !
Deməyə söz çoxdur, bitən ha deyil,
Dünyada yaxşılıq itən ha deyil,
Yazmaqla bir ömür yetən ha deyil,
Bilən bilir, “Borçalı İnciləri” !
Hüseynəm, ilhamı eldən almışam,
Sızqıdan, damcıdan, seldən almışam,
Sarı simdən, mizrab, teldən almışam,
Bilən bilir, “Borçalı İnciləri” !
05.07.2020
Dilçidi
(Professor Mədəd Çobanova həsr olunub)
Aranlı adamdı, dağlı adamdı,
Təlimə - təhsilə bağlı adamdı,
Marifpərvər, çoxmarağlı adamdı,
Dilçidi, Borçalı Mədəd Çobanov.
Abırlı, arlıdı, həm həyalıdı,
Həm üzü nurludu, həm zəkalıdı,
Həm elm xadimi, həm ziyalıdı,
Dilçidi, Borçalı Mədəd Çobanov.
Bağbandı, bağ salan, becərən barı,
Vətənə, torpağa, elinə bağlı,
Saçları bəmbəyaz, dağların qarı,
Dilçidi, Borçalı Mədəd Çobanov.
Alim, müəllim, həm ahılıdı,
Mahalın, bir elin ağsaqqalıdı,
Təhsilin, həm elmin ağsaqqalıdı,
Dilçidi, Borçalı Mədəd Çobanov.
Ağsaçlı alimdi, alim yetirmiş,
Elmin bağçasında güllər bitirmiş,
Dilmizə “bərəkət”, bəhrə gətirmiş,
Dilçidi, Borçalı Mədəd Çobanov.
Dilçilər neyləyir lüğət, dilmancı ?
Qələmdi qamçısı, yağlı qırmancı,
Dilinə, dininə deyil yabançı,
Dilçidi, Borçalı Mədəd Çobanov.
Dəyişməz amalı, əqidə, donu,
Məktəb illərindən tanıdım onu,
Pedaqogikanın pak etalonu,
Dilçidi, Borçalı Mədəd Çobanov.
Kişilik simvolu, mərdlik obrazı,
Dəyərni el verir, gözü tərəzi,
Görmədim kimsəni ondan narazı,
Dilçidi, Borçalı Mədəd Çobanov.
Darvazda göz açan qoca dünyaya,
Ömrünü şam kimi elmin yolunda,
Əridən, can qoyan təhsil uğrunda,
Dilçidi, Borçalı Mədəd Çobanov.
Hüseyn, obasını, elini sevən,
O şirin ləhcəli dilini sevən,
Sazını – sözünü, telini sevən,
Dilçidi, Borçalı Mədəd Çobanov.
30.06.2020
Bənövşə ətirli, fəsli baharım
Könlümə “Mansırı” havası düşüb,
Yenə yaman tutub kəndçi damarım.
Bir desən hardasan, gəlib çıxsana,
Bənövşə ətirli, fəsli baharım.
“Mansırı” çalına sazda, zurnada,
Lələk sala göydə uçan durna da,
Cavan olsam dərdim olmaz dünyada,
Bənövşə ətirli, fəsli baharım.
Bülbültək ötərdim, bir budağ üstə,
Səhərlər, obaşdan, bir bulağ üstə,
Uçardım, qonardım min budağ üstə,
Bənövşə ətirli, fəsli baharım.
Bu qədər duyğulu, durğun olmaram,
Ömür yollarında yorğun olmaram,
Yazmaqla hüsnünə vurğun olmaram,
Bənövşə ətirli, fəsli baharım.
Ağ varağa qələm çəkdim, daradım,
Gəncliy illərimi gəzdim, aradım,
Yaşadım, yaratdım, nəyə yaradım,
Bənövşə ətirli, fəsli baharım ?
Hüseynəm, üzümdə abırım, arım,
Uşaq da deyiləm, körpə, yaşyarım,
Vəfasız dünyaya yox etibarım,
Bənövşə ətirli, fəsli baharım.
06.07.2020
Yaz, başına dönüm sənin
Kərəm kimi yandır oda,
Saz, başına dönüm sənin.
Hara getdin, qayıt tez gəl,
Yaz, başına dönüm sənin !
Aşıq, mənə “Yurd yeri” çal,
Qəlbim küskün, könlümü al,
Biraz durulsun kef - əhval,
Yaz, başına dönüm sənin !
Ay yanı yarpızlı bulaq,
Daşdan çıxan buzlu bulaq,
Ay turşməzə, duzlu bulaq,
Yaz başına dönüm sənin !
Bitən deyil bu dərd, ələm,
Həsrət, hicran hələm - hələm,
Dərd, möhnətən yaz ay qələm,
Yaz, başına dönüm sənin !
Ağarıb saçım bəmbəyaz,
Qəlbimdə qar, şaxta, ayaz,
Xoş günləri ömrümə yaz,
Yaz, başına dönüm sənin !
Ağrı – acı çəkmədim az,
Bir gün sağlam, bir gün nasaz,
Vətənsiz quş yuva qurmaz,
Yaz, başına dönüm sənin !
Mənim dərmanım dağlarda,
Nə gəzirəm buralarda ?
Həkim, resept yaz, yarama,
Yaz, başına dönüm sənin !
Aç bax ömür dəftərimə,
Azarıma, dərd - sərimə,
Resepti də sinəm üstə,
Yaz, başına dönüm sənin !
A dağlar, ümman, dəryanı,
Dolandım, gəzdim dünyanı,
Hüseynəm, dərdim dərmanı,
Yaz, başına dönüm sənin !
06.07.2020
ŞƏHİDLƏR ÖLMƏZDİ
Andda, himndə, bayraqdadı,
Güc orduda, dayaqdadı,
Ölkə qalxıb, ayaqdadı,
Ölməz albay, ölməz paşam !
Bilsin, görsün yağı, yadın,
Vətən, qəhrəman övladın,
Şan – şərəfli ŞƏHİD adın,
Ölməz albay, ölməz paşam !
Əmr elə, Cənab Komandan,
Yerdə qalmaz bu nahaq qan,
ŞƏHİD ölməz, yaşar, inan,
Ölməz albay, ölməz paşam !
Vətən, torpağ, el qeyrətli,
Sədaqətli, cəsarətli,
Əsgərim var, şücaətli,
Ölməz albay, ölməz paşam !
Qızlar qara bağlamasın,
Qərənfillər ağlamasın,
Sinələri dağlamasın,
Ölməz albay, ölməz paşam !
Torpağ altda, xiyabanda,
Rahat yatın məzarlıqda,
Salam söyləyin Raqufa,
Ölməz albay, ölməz paşam !
Poladlar, İlqar, hünərvər,
Neçə - neçə Mübarizlər,
Fəqət, fəxrimiz Fəridlər,
Ölməz albay, ölməz paşam !
“ŞƏHİDLƏR ÖLMƏZDİ,
VƏTƏN BÖLÜNMƏZ” !
Şəhidlik məşəldi, əbədi sönməz,
Ölsə də məqsədi, yolundan dönməz,
Ölməz albay, ölməz paşam !
15.07.2020
Şanlı Türk Ordum !
Belə sən xoş gəldin, səfa gətirdin,
Gözümüz üstündə yerin var, məlum.
Yolunu gözləyir Azərbaycanım,
Ey mənim şərəfli, şanlı Türk Ordum !
Açıqdır üzünə, taybatay qapım,
Sənin dost gəlişin mənim urvatım,
Səsimə səs verən, sən xilaskarım,
Ey mənim şərəfli, şanlı Türk Ordum !
Qədəmli yürüşlər qoy sənin olsun,
Döyüşdə zəfərlər qoy sənin olsun,
İşıqlı səhərlər qoy sənin olsun,
Ey mənim şərəfli, şanlı Türk Ordum !
Bir vuraq zərbəni yağıya, yada,
Görsün bu birliyi xain dünya da,
Xaç dünyası xam xəyalda, xülyada,
Ey mənim şərəfli, şanlı Türk Ordum !
Qanına susayıb müxənnət yağı,
Çəkək sinəsinə çəkilməz dağı,
Gəl xilas eyləyək biz Qarabağı,
Ey mənim şərəfli, şanlı Türk Ordum !
Vətən torpağına bahar, yazı da,
Gətirək, götürək telli sazı da,
“Cəngi”yə kökləyək, sazımızı da,
Ey mənim şərəfli, şanlı Türk Ordum !
Millətim bəsləyir sənə ehtiram,
Səninlə fəxr edir, qürur duyuram,
Hər bir uğurunu alqışlayıram,
Ey mənim şərəfli, şanlı Türk Ordum !
28.07.2020
Polad Paşam
(Şəhid generalımız Polad Həşimovun
ölməz xatirəsinə ithaf olunur)
Çaxnaşır göylərin üzü,
Bulud dolub, mən dolmuşam.
Çaxnaşır bu dünya - aləm,
Pak adına bənd olmuşam,
Mənim Şəhid Polad Paşam !
Düşmənə etdikcə həmlə,
Qeyrət, qürur, hünərinlə,
Şərəfli zabit peşənlə,
Fəxr eləyir Vətən sənlə,
Mənim Şəhid Polad Paşam !
Səngərdə əsgərlə yatdın,
Quduzları qırdın – çatdın,
Yağını yandırdın, yaxdın,
Ölümün göznə dik baxdın,
Mənim Şəhid Polad Paşam !
Quduzlar susadı qana,
Qəltan oldu öz qanına.
Kim aldı səni nişana,
Necə qıydı belə cana,
Mənim Şəhid Polad Paşam ?!
Analar övladlarının
Polad qoyur adlarını.
El – oba bilir qədrini,
Səntək igid, qəhrəmanın,
Mənim Şəhid Polad Paşam !
Ər oğlu, Azərbaycanın,
Elnən birdi şöhrət, şanın,
Yazıldı həyat dastanın,
Ölməz adın, ölməz sanın,
Mənim Şəhid Polad Paşam !
31.07.2020
Bağlı Borçalım
Biraz keçmişlərə getdi xəyalım,
Kökü-kömənciylə, ay qadan alım,
Aranlı Borçalım, dağlı Borçalım,
Qırılmaz tellərlə bağlı Borçalım !
Dağ, bağı, əzəli torpaqlarıyla,
Vəfası, vicdanı, canı, qanıyla,
Anamız, arxamız Azərbaycana,
Qırılmaz tellərlə bağlı Borçalım !
Vətənin ayağna bir daş dəyəndə,
Xain əllər qapısını döyəndə,
O tay, bu tay tez səs verər səsinə,
Qırılmaz tellərlə bağlı Borçalım !
Sazımız–sözümüz, bir olubdu, bir,
Odumuz-közümüz ocaq, pirdi, pir,
Xeyir-şər, qəmimiz, kədərimiz bir,
Qırılmaz tellərlə bağlı Borçalım !
Ay canım, canbirik, cəsədlər ayrı,
Ürəklər bir vurur, sərhədlər ayrı,
Ana da balanı Hüseyn atarmı ?
Qırılmaz tellərlə bağlı Borçalım !
17.07.2020
Ay bizimkilər
Novruzu keçirər, Mart çıxaçıxda,
Kimi dalda yerdə, kimi açıxda,
Çadır da qurardıq, dam, alaçıx da,
Aprelin sonunda, ay bizimkilər.
Tər bənövşə, təzə nərgiz açanda,
Öz ətrini el – obaya saçanda,
Kəpənəklər güldən - gülə uçanda,
Çıxardı meşəyə May bizimkilər.
Başbulaq, Miyirdiş, elə Təhməzdən,
Birbaşa ordanca yaz binəsindən,
Yolların qısası, lap kəsəsindən,
Qalxardı yaylağa, yay bizimkilər.
Yaylaqda görəndə “Cənnət” bulağın,
Udub saf havasın qarlı dağların,
Doyunca içərdi zəmzəm suların,
Qaynadıb içməzdi çay bizimkilər.
Buz kimi ayrandan, nəhrə yağından,
Qatıqdan, qaymaqdan, süzmə, quruddan,
Əvəlik qurusu, kəklikotundan
Göndərər arana, pay bizimkilər.
Bu il Başkeçiddən keçən oldumu,
Köhnə yurd yerinə köçən oldumu,
Erkək kəsib, kabab çəkən oldumu,
Bir xəbər göndərin, ay bizimkilər.
Hüseyin, mən deyim, sən mənə inan,
Çıxmayır o günlər yadımdan bir an,
Çox çəkdi bu həsrət, uzandı hicran,
Söylə ömrüm oldu zay bizimkilər.
23.07.2020
Gəlib keçir
Yatıram, dururam, vaxt kəsiyində,
Min dəfə yadımdan el gəlib keçir.
Kədər ürəyimdə, fikir beynimdə,
Gözümdə çalxanır, sel gəlib keçir.
Başımda fırlanır qara dumanlar,
Qəlbimdə fırtına, dərya, ümmanlar,
Dilimdən düşməyir ahlar, amanlar,
Yanımdan kükrəyir, yel gəlib keçir.
Acılı – şirinli xatirələr də,
Bir kino lentitək sanki səhnədə,
Yaddaşdan silinmir neçə sənə də,
Min fitnə, min fəsad, fel gəlib keçir.
Ağ varağ üstünə tökür hirsimi,
Eynimin açılmır, sınmır tilsimi,
Saz kimi sızlayır qəlbimin simi,
İp kimi incəlir, tel gəlib keçir.
Hüseyin, beləcə ötüşür ömür,
Vaxt gedir irəli, gün geri dönmür,
Eşq ölür, ruh düşür, gözdə nur sönür,
Ay elə, an belə, il gəlib keçir...
18.07.2020
Ana dilim
Süd əmibdir döşlərindən bu dodağım, bax bu dilim,
Şirinlikdə şirin, şəkər, şərbət kimi, bax bu dilim,
Şeytana lənət oxuyub, haqqı deyib, bax bu dilim,
Səni sevməyən dilləri qoy doğransın dilim – dilim,
Mən ölsəm də yaşa səni, varol mənim ana dilim !
Al-əlvansan, bər-bəzəkli bir xalçasan, xalım, zilim,
Bircə kəlmə yalan desəm məzar olsun son mənzilim,
Yer üzündə varlığımsan, din-imanım, ayım – ilim,
Sənə ögey baxan nadan itsin eldən ilim – ilim,
Varım - yoxum, varidatım, varol mənim ana dilim !
Baxıram, başsız başçılar varlığına balta çalıb,
Sənə balta çalan nankor çal – çamura batıb qalıb,
Sinəsinə medal taxıb, alçaq kürsüdən əl çalıb,
İllər boyu irsim mənim arxivlərdə yatıb, qalıb,
Qaniçənlər qanmaz səni, varol mənim ana dilim !
Bu yollarda qasırğadan, tufan, borandan keçmisən,
Qərinələr keçsə belə, sən qəlbdən qəlbə köçmüsən,
Kaman, saz, tarın simində bəstə, nəğməyə dönmüsən,
Kövrək-kövrək, həzin-həzin zildə, bəmdə səslənmisən,
Bir də yaman görmə səni, varol mənim ana dilim !
Aslanoğlu, Vətən demiş, can Azərbaycan demişəm,
Bu dünyada gəldi-gedər şərəf-şöhrət, şan demişəm,
El bilir, aləm bilir ki, bu torpağa can demişəm,
Ürəklərdə məşəl kimi mən əbədi yan demişəm,
Anam kimi sevdim səni, varol mənim ana dilim !
02.07.2020
Bu fani dünyada
Ay belə dolandı, il belə keçdi,
Deyirlər bu dünya fanidi, heçdi,
Bir dəstə durna da, o yana keçdi,
Nə karvan o karvan, nə köç o köçdü…
Bəzəkli quşların nəslini fələk,
Kim kəsdi kökünü, bir desən görək,
Qarğalar havada qara qoşuntək,
Nə karvan o karvan, nə köç o köçdü…
Azman ustadları uddu, ay sarvan,
Köçəcək dünyadan hər kəs, hər zaman,
Köçübdür, köçəcək çox belə karvan,
Nə karvan o karvan, nə köç o köçdü…
Aldı əlimizdən Xan Kamandarı,
Dilləndi telli saz, oxudu tarı,
Ömür karvanı da durna qatarı,
Nə karvan o karvan, nə köç o köçdü…
Qurdun pəncəsində can verir əlik,
Səksəkə içində xınalı kəklik,
Kimi cəhənnəmlik, kimi cənnətlik,
Nə karvan o karvan, nə köç o köçdü…
Hüseyn də əlinə qələmi aldı,
Bu fani dünyada fənadır halı,
Qəm dolu, kədərlə bir hava çaldı,
Nə karvan o karvan, nə köç o köçdü…
01.07.2020
Bada verdim
Bir çarıqlı dərviş olub, düşdüm obalar, ellərə,
Dərə, təpə, dağ dolandım, sinə gərdim çox yellərə.
Kövrəldikcə qəlbim mənim, qələmi aldım əlimə,
Ordan – burdan yazdım-pozdum, düşdüm ağıza, dillərə.
Çəkdiyim dərd, qəm-qüssədən qar yağdı qara tellərə,
Ürəyimə axdı getdi, göz yaşım döndü sellərə.
Düşünürəm, necə olub yaranışdan bu dağ – dərə,
Öldü Misir fironları, fikrim getdi minillərə.
Çiynindəki qəm yükündən batıb, çökəndə lillərə,
Hələ həsəd aparıram, fikir çəkən o fillərə.
Açmasa güllər - çiçəklər, arı çəkər nədən şirə,
Yazda yaşılbaş qonarmı, bizim sonalı göllərə ?
Bada verdim cavan ömrü, heyif keçən o illərə,
Məcnun edib zaman məni salmadımı bu çöllərə?
18.07.2020
Gələcək
Qurtulacaq Qarabağmız, xilas olacaq Şuşamız,
Məclismizə neçə Seyid, Cabbar, hələ Xan gələcək...
Yazıb eşqin divanını, badələrə mey süzəcək,
Əliağa Vahid kimi neçə qəzəlxan gələcək...
Muğamat, segah ustası, neçə Səxavət Məmmədlər,
Arif, Qədir, neçə Rəmiş, neçə də Rəhman gələcək...
Hələ Nüşabə, Dilbazi, neçə Xan qızı Natəvan,
Neçə sərraf, söz ustası Səxavət - Seyran gələcək...
İnnən belə neçə - neçə Nəsimilər, Nizamilər,
Neçə şair Füzulilər, nəğməkar insan gələcək...
Nə qədər xərcləsən belə, tükənməz söz xəzinəmiz,
Neçə sənət xiridarı, sənətkar mehman gələcək...
Ötəcəkdir xəzan yeli, qarlı, boranlı zimistan,
Əlvan çiçəklər açacaq, güllü gülüstan gələcək...
Hüseyn, neçə azman ozan, yaşadıqca Azərbaycan,
Bu ellərin saz – sözündə, bağlayıb dastan gələcək...
02.08.2020
turan.info.az
.