1955-ci ildə qədim Borçalı mahalında -
indiki Gürcüstanın Marneuli rayonundakı
Quşçu kəndində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin filologiya fakültəsini bitirib.
Uzun müddət Qaçağan kənd orta
məktəbində Azərbaycan dili və
ədəbiyyatı müəllimi işləyib.
Hazırda Bakıda yaşayır.
Üç övladı - iki qızı, 1 oğlu, 5 nəvəsi var.
Hələ tələbəlik illərindən yaşıdları arasında
"Aləm" təxəllüsü ilə saz-söz-poeziya vurğunu kimi tanınsa da, təvazökarlıqdan şeirlərini mətbuatda
dərc etdirməyə tələsməyib.
Şeirləri ilk dəfə turan.info.az-da, "Şərqin səsi" qəzetində və
"Zirvə" Poeziya antologiyasında (2018) dərc olunub.
Biz də çox hörmətli Kifayət xanıma
yeni-yeni yaradıcılıq uğurları arzulayır
və aşağıda onun bir neçə şeirini
dəyərli oxucularımıza ərmağan edirik.
Müşfiq BORÇALI,
turan.info.az
BACIM HƏQİQƏT ABBASƏLİYƏ
Nəvələrə başın yaman qarışıb.
Xoş keçən gününə ayına heyran.
Arılar bağçanda bala daraşıb.
Meyvəli bəhrəli bağına heyran.
*
Ulu Borçalıda dünyaya gəldin.
Boya-başa çatdın ərsəyə gəldin
Qazax Mahalına sən gəlin gəldin.
Gəldiyin obana elinə heyran.
"
Əsil nəcabətin uludur ulu.
Amalın məsələkin insanlıq yolu.
Qazancın olubdur elin sağolu.
Dəyməsin bədnəzər canına qurban.
*
İki oğul balan ömrə yaraşıq
Salırlar həmişə yolnuza işıq.
Nurgülün Nilayın çiçək sarmaşıq.
Səni yetişdirən məkana heyran.
*
Xaricən gözəlsən daxilən zəngin.
Sevimli nənəsən vəfalı yarsan.
Canım -gözüm bacım yaxşı ki varsan.
Damarımda axan qanına qurban.
*
Rəbbim nəzərini çəkməsin səndən.
Xoş günlər keçməsin heç zaman gendən.
Aləm deyir yan keç kədərdən qəmdən.
Gülərüzlü bacım mən sənə heyran.
ÖĞLUMUN AD GÜNÜ TƏBRİKİ
Ad günün - şad günün mübarək olsun,
Yeni yaşın, ilin uğurlu olsun.
Təbrikim də sənə hədiyyəm olsun,
Oğlum, özəl günün mübarək olsun!
*
Bədənimdən ayrılan bir parçamsan,
Ürəksən nəfəssən ciyər-paramsan.
Ümidim pənahım ur-urvatımsan,
100 il ömür yaşa, Tanrı qorusun!!!
*
İllər keçir, yaş üstünə yaş gəlir,
Ad günləri hər bir kəsə xoş gəlir.
Yeni yaşın qədəmləri xoş gəlir,
Atanın bu gündə ruhu şad olsun.
*
Anan deyir Tanrı sənə yar olsun,
Yarınla Aylinlə canın sağ olsun.
Təbrik edənləri Tanrı qorusun,
AD GÜNÜN MÜBARƏK, MÜBARƏK OLSUN!!!
Ay ürəyim
Bədənimə al-qan verən,
Ciyərimə nəfəs verən,
Yaşamağa təkan verən,
Ürəyimi paraladım,
Onu ağır yaraladım.
Ürək oldu para-para.
Dərin oldu onda yara,
Ağrısı çox yanğısı çox,
Sağalmağa heç şansı yox.
Çox ağladı ,çox sızladı.
Küsdü məndən həm qınadı.
Necə qıydın, sordu məndən.
Gözləməzdim bunu sındən.
Dinlə məni ay ürəyim.
Səbəbini sənə deyim.
Keşməkeşli həyat yolu.
Əzablarla dolu-dolu.
Çətinliyə düşdükcə mən.
Yoruldun sən, üzüldün sən.
İncə zərif, həm kövrəksən.
Mənim ağır itkilərim,
Üzdü səni, ay ürəyim.
Təbib gəlsin, çarə bulsun.
Tanrı sənə kömək olsun.
Üzümüzə gülsün həyat.
Kaş ki olsun, şadlıq büsat.
Kədər getsin, sevinək biz.
Hey döyünsün ürəyimiz.
Qəbrin nurla dolsun bacım, Xalidəm!..
Bacım Xalidənin xatirəsinə ithaf edirəm
Şəklini öpürəm hər zaman hər an,
Ürəyim doymayır yenə Xalidəm.
Dünyanın malını verərdim, inan,
Görmək üçün səni bir an Xalidəm.
*
Unuda bilmirəm, dözə bilmirəm,
Bu dərdi heş kəslə çözə bilmirəm,
Sənsiz bu dünyanı sevə bilmirəm,
Qopub ürəyimdən gedən Xalidəm.
*
Qadınlar bayramı gəlir qarşıdan,
Yaman kövrəlirəm, gəlir ah nalan,
Oduma yanıban suyuma axan,
Bayram təbrikini edim Xalidəm.
*
Ölümdən qaçmağı bəndə bacarmaz,
Malın mülkün buna gücü də çatmaz,
Dünya-aləm bil ki, heç kəsə qalmaz,
Borcunu ödədin sən də, Xalidəm.
*
Oğul nəvən oldu agahın olsun,
Özün görmədinsə ruhun şad olsun,
Allahın rəhməti səninlə olsun,
Qəbrin nurla dolsun bacım, Xalidəm.
*
Aləm deyər dünya boşdur, fanidir,
Göz-qaş arasında ölüm anidir,
Əcəl qarşısında insan acizdir,
Apardı bizlərdən səni, Xalidəm.
YAŞIN NƏ FƏRQİ VAR, SEVİRƏM SƏNİ...
Mən sənə vuruldum səndən xəbərsiz,
Aydan arı, sudan duru, tərtəmiz.
Məkrsiz, hiyləsiz, şəksiz, şübhəsiz,
Gizlicə, xəlvəti, sevdim mən səni.
*
Sevmədim mən səni gənclik yaşında,
Sevdim ağ saçınla ahıl yaşında.
Sevirəm əlbət ki, əqlim başımda,
Peşiman deyiləm, sevirəm səni.
*
Bu eşqi mən bildim, bir də yaradan,
Qarşılıq vermədin, sevgilim, inan.
Dedin: "Sevgi nədir? - Hamısı yalan!.." -
Ülvi hisslərimlə, sevirəm səni.
*
Mən nə karəyəm ki, yazıb Yaradan,
Duyularsa əgər eşitsə cahan.
Qınayıb insanlar verməzlər aman,
Çəksəm də xəcalət, sevirəm səni.
*
Üzürəm, sevgilim, bilirəm səni,
Allahı sevərsən qınama məni.
Qopara bilmirəm qəlbimdən səni,
Yaşın nə fərqi var, sevirəm səni.
MÜŞFİQ BORÇALI
Şəninə xoş sözlər deyirlər sənin
Şeirlər mahnılar qoşub sanballı
Qədirbilən xalqım vəsf edir səni
Vətənpərvər insan Müşfiq Borçalı
*
Ucaldın gənc yaşdan zirvələrdəsən
Dillər əzbərisən elin fəxrisən
Şərəfli sənətdə öndə gedirsən.
Borçalı balası Müşfiq Borçalı.
İti zəkalısan dolu beyinli.
Çalışqan cəfakeş halal əməkli.
Nəsil-nəcabətin hamısı bəlli.
Layiqli oğulsan Müşfiq Borçalı.
*
Üzündən nur yağır istiqanlısan.
Qohuma dostlara arxa dayaqsan.
Nəvələr babası əziz atasan.
Yarına vəfalı Müşfiq Borçalı.
*
Kifayət elqızın deyir ürəkdən.
Səsin ünün gəlsin hey yüksəklərdən.
Zehnin qələmin də heç korşalmasın.
Həmişə cavan qal Müşfiq Borçalı.
İŞVƏSİ, QƏMZƏSİ ÖLDÜRÜR MƏNİ...
(Bir gəncin sevgi şikayəti)
Bir dəli ceyrandır çıxıb qarşıma,
İpə-sapa yatmır, öldürür məni.
Siyah kipriklərə, qələm qaşına,
Baxdıqca alovu yandırır məni.
*
Bakı küləyi tək dəyişir hər an,
Oda salıb çoxlarını yandıran,
İnadından dönmür, verməyir aman,
İşvəsi, qəmzəsi öldürür məni.
*
Fələklə əlləşir zalımın qızı,
Daha da artırır qəmzəni, nazı,
Boyuna yaraşan durna boğazı,
Xumar baxışları öldürür məni.
*
Çox öyünmə nazlım, gözəlliyinlə,
Tovuz quşu kimi lələklərinlə.
Bəhs çəkmə çiynində mələklərinlə,
Bu ədan, bu hikkən öldürür məni.
BAKI KÜLƏYİ
Ey Bakı küləyi xəbərin varmı,
İnsanların səndən xoşları gəlmir.
Dağıtmaq uçurmaq yıxıb sürümək,
Bu səbəbdən səndən xoşları gəlmir.
*
Cız-bız tək yandıran yay günlərində,
Ürəklər təntiyib bəd döyünəndə,
Səni axtararlar sən əsməyəndə,
Qarğış da tökürlər xoşları gəlmir.
*
Bir kəs birisini tənbeh edəndə,
Fikrini çaşıban bir səhv edəndə.
Bakı küləyi tək dəyişmə sən də,
Deyirlərsə səndən xoşları gəlmir.
*
Hər tərəfə əsmək sənin peşəndir,
Uçurmaq, dağıtmaq həm vərdişindir.
Doğmasan vətənin Badikubədir,
Səndən cahillərin xoşları gəlmir.
*
Əs Bakı küləyi, bir tərəfə əs,
Başına qaxmasın heç zaman heç kəs,
Aləm üzülməsin boş yerdən əbəs,
Səndən paxılların xoşları gəlmir.
AŞİQİNDƏN KÜSƏN GÖZƏL
Nədir üzündəki bu möhnət bu qəm,
Çulğalayıb səni ölümdən behtər.
Söylə səbəbini eyləyək əncam,
Yetər ki sızlama gülər üz göstər.
*
Yardan yanıqlısan deyirəm bəlkə,
Qəlbini sındırıb qaçıbdır bəlkə,
Sevgini yadlara açıbdır bəlkə,
Vəfasızdan küsən gözünü göstər
*
Məhəbbətin safdır tər çiçək kimi,
Şehlə dolub daşan bir ləçək kimi.
Qəlbində titrəyən sarı sim kimi,
Uca tut sevgini dəyərin göstər.
*
Eşqin şərbətindən içəsən gərək
Eşqin möhnətinə dözəsən gərək.
Eşqin atəşində yanasan gərək,
Yanmısansa barı külünü göstər.
*
Hələ də sevirsən dəlilər kimi,
Dastanlara düşən Leylilər kimi,
Görüşün barışın əvvəlki kimi,
Əhdə vəfalısan peymanı göstər.
*
Aləm deyir, bil ki, darıxacaqdır,
Peşiman oluban qayıdacaqdır,
Qarşında diz çöküb yalvaracaqdır,
Əhv et, iltifat et, gülər üz göstər.
QARABAĞ DƏRDİ
Hər kəsin cürbəcür dərdi-səri var,
İnsan özü çəkir düşdüyü dərdi,
Mənim ölkəmin də bircə dərdi var,
Cənnətə bənzəyən Qarabağ dərdi
*
Bu dərd bənzəməyir başqa bir dərdə,
Qarabağ düşübdür çətin bir bəndə,
Qaçqın köçkün olub xalqı vətəndə,
Dünyaya bəllidir Qarabağ dərdi.
*
Bu bənd tərs düşübdür açılmır hələ,
Başqa düşmənlər də qururlar tələ,
Çox su aparacaq bu xəmir hələ,
Allaha qalıbdır Qarabağ dərdi
*
Məsləhət -məşvərət edilir hərdən,
Çarə bulan yoxdur bir cani-dildən,
Bəlkə kömək ola obadan eldən,
Tezliklə çözülə Qarabağ dərdi.
*
Aləm, sülh deyirlər gözləyirik biz,
Qarabağ gözləmir darıxır bizsiz,
Döyüşlər də keçmir qansız şəhidsiz,
Hər kəsi yandırır Qarabağ dərdi,
Beləcə uzanır Qarabağ dərdi.
XOŞUM GƏLMİR
Cırıq şalvar, açıq paltar
Geyənlərdən xoşum gəlmir
Çuşqa qıjı yeraz qraz
Deyənlərdən xoşum gəlmir.
Dava - dalaş salanlardan,
Söyüşlərdən qarğışlardan,
Yalanlardan böhtanlardan,
Aman aman xoşum gəlmir.
Boş söhbətdən pis qeybətdən,
İfritəlik yağan gözdən,
Acgöz paxıl bədniyyətdən,
Əzəl başdan xoşum gəlmir.
Bivec olan atalardan,
Övlad atan analardan,
Evdən qaçan insanlardan,
Qınamayın xoşum gəlmir.
Aləm bəlkə səhv söyləyir,
Qəlbinizə bəlkə dəyir,
Bəziləri ağız əyir,
Nə edim ki, xoşum gəlmir.
BU DÜNYA
İnsanlar dəyişib dünya yerində,
Ğözü nələr görüb dözüb bu dünya.
Uludan uludur bilinmir yaşı,
Bir yandan boşalıb, dolur bu dünya.
Yalan dünya səndə nə var yalandır,
Doğru yalnız dağıntıdır talandır.
Qəpik-quruş kasıblara qalandır,
Haqsızlığa göz yumandır bu dünya.
Tanrı bizi xəlq eylədi zəkalı,
Dedi imanlı ol ,olma xətalı.
Dosta tən ol, öz yarına vəfalı,
Sadiqləri çox sevəndir bu dünya.
İnsan oğlu ölüm anı gələndə,
Gedər-gəlməz olduğunu biləndə.
Kəlmeyi-şəhadətin deyəndə
Əbədi deyilmiş deyir bu dünya.
Aləm deyir, çox öyünmə varınla,
İnsanlıq ölçülmür villalarınla.
Savab iş gör xeyirxah olmağınla,
Əhsən desin sənə, bu qoca dünya.
ÜRƏYİMİN VAR ƏLACI
Talelər qismətlər alın yazısı,
Birinə xoşbəxtlik, birinə acı.
Həyat imtahandır bacaran çıxır,
Kimlərsə də olur Tanrı möhtacı.
*
Ağrı ürəyimdə birdən kök atdı,
Canlandı cücərdi tezcə boy atdı.
Canımı almağa sanki can atdı,
Ağacın adı ağrı, meyvəci acı.
*
Suyu qandır yarpaqları klapandır,
Ağrıyıb üzülən şirincə candır.
Ürək cana al-qan verən orqandır,
Zorlanır şah damar daralır tacı.
*
Loğmanlar yığışsa çarə bulunsa,
İlaclar verilsə ağac qurusa.
Bu ağrıdan haçan ürək qurtulsa,
Şağalar ürəyim olar əlacı.
*
Aləməm dözərəm hər cür möhnətə,
Üzmərəm ürəyi salıb zillətə,
Həvəs edim saza sözə sənətə,
Həyat davam edir çəkmərəm acı.
Şəhid analarına
Göz önündə bir məzar var.
Ağı deyən bir ana var.
Tək-tənla bu məzarlıqda.
Heç kəs yoxdur dörd yanında.
O, ağlayır qan ağlayır.
Baş daşını sığallayır.
Ürəyimdən nələr keçdi
O ananı görmək keçdi.
İstəyirəm mən də gedim.
Qara libas geyim gedim.
Fəryad edim ağı deyim.
Şəhidlərə rəhmət deyim.
Kədərinə ortaq olum.
Yarasına məlhəm olum.
Silim onun göz yaşını.
Öpüm şəhid başdaşını.
Sığal çəkim kürəyinə.
Su çiləyim ürəyinə.
Onunla bir ürək olum.
Yoldaş olum sirdaş olum.
Od düşübdür çox ocağa.
Qoymayaq onlar yanmağa.
Tanrı bizə qoy yar olsun.
Torpağımız azad olsun.
Millətimiz ağlamasın.
Bayrağımız dalğalansın.
Düşmənin gözü bozarsın.
NECƏ YAZMAYIM?!
Qızım deyir yazma qəmdən kədərdən.
Yaz fərəhdən şənlikdən sevincdən
Üzümüzə nur çilənsin göylərdən.
Olsun xeyir işlər, həm əyləncələr.
*
Təkcə sevinc olsa, kədər olmazsa,
Xoşbəxtlik bədbəxtlik əgər olmazsa,
Heç nə dəyişməyib eyni qalarsa,
Həyat cılızlaşar ,həm adiləşər.
*
Deyərlər ki,toy da vay da qardaşdır,
Bir üzün güləndə birində yasdır,
Uca Tanrı bunu belə yazmışdır,
Yazıya pozu da yoxdur deyərlər.
*
Həyatın bir üzü ağ birisi qara,
Gendə olanda da düşərsən dara,
Bu qoca dünyadan qaçarsan hara,
Qismətə taleyə baş əy deyərlər.
*
Aləm ,döz kədərə sevinc gözləyək,
Ümidi üzməyək ümid bəsləyək,
Kimə nə olacaq biz hardan bilək,
Bəşəri, dünyanı Yaradan bilər.
Hər şeir yazana ŞAİR deməzlər
Şeiriyyat dənizdir ucsuz-bucaqsız,
Baş vura bilməsən şair deməzlər.
Təkcə qələm deyil təb də gərəkdir,
Təb olmazsa sənə şair deməzlər.
*
O da bir vergidir Allahdan gəlir,
Beyindən ilikdən can-qandan gəlir
Gendən zatdan kök soydan gəlir
Hər şeir yazana şair deməzlər.
*
Şeirdə ahəng var forma şəkil var,
Bölgü ölçü bəhr vəzn çoxlu sirlər var,
Şeir aləmində qayda-qanun var,
Qaydanı pozana şair deməzlər.
*
Eşqdən sevgidən yazmaqsa gərək
Sevib -seviləndə yazasan gərək,
Sevgidən alışıb yanasan gərək
Alışıb yanmasan şair deməzlər.
*
Vətəndən anadan yazmaq istəsən,
Onları ürəkdən sevməlsən sən
Verib qiymətini vəsf etməlisən.
Bu sevgin yoxdursa şair deməzlər.
*
Aləm deyir sevin sazı sözü siz,
Açılsın qəlbiniz getsin qəminiz,
Quru söz yığmaqla yerli və yersiz
Qafiyə tutana şair deməzlər.
turan.info.az
.