TƏBRİZ İMAN (1974)

TƏBRİZ İMAN (1974) Təbriz İman oğlu Əliyev - 1974-cü il oktyabrın 5-də
qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının
Bolnisi rayonundakı Darvaz kəndində anadan olub.
Orta təhsilini doğma kəndlərində alıb.
Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün sənədlərini Azərbaycan Dövlət Neft Akademiyasına (indiki Azərbaycan Dövlət Neft Sənayesi Universitetinə) verib və qəbul olub.
Hələ orta məktəbdə oxuduğu illərdən poeziyaya böyük maraq göstərən Təbriz İmanın yazdığı şeirlər müxtəlif mətbuat orqanlarında, ədəbi-bədii toplularda, o cümlədən "ZİRVƏ" Poeziya antologiyasında və s. çap olunub.
O, “Dərdə sarı yeriyirəm”, “Haqq səsinə salam verdim”, “Yerlə göyün arasıdır ünvanım”, “Göylərə göydən baxıram”, “Dağlar məndən inciməsin” “Mənim yolum saz yoludur” şeirlər kitabının müəllifidir.
Hal-hazırda Bakı şəhərində yaşayır.
“Sazlı-Sözlü Borçalı” Ədəbi Məclisinin üzvüdür.


DARVAZIN

Bizim o yerlərin bağçası barlı,
Uca qayalarının sinəsi qarlı.
Soyuq bulaqları şır-şır axarlı,
Hər bir tərəfləri çiçək Darvazın,
Soyuq sularından içək Darvazın.

Yaz gələndə köç-köç olar elləri,
Vallah,çox gpzəldi çənli belləri.
O ceyran baxışlı, tuti dilləri,
Bağlayır telinə ləçək Darvazın,
Soyuq sularından içək Darvazın.

Keçid ləri ovçu üçün bərədi,
Cənnəti andıran bir mənzərədi.
Xramda yaralı cüyür mələdi,
Duyan yox dərdini gerçək Darvazın,
Sərin sularından içək Darvazın.

Elim Borçalıdı,yurdum Darvazdı,
Fikirim,xəyalım söhbətdi,sazdı.
Artıq bahar gəlib,o yerlər yazdı,
Arannan dağına köçək Darvazın,
Soyuq sularından içək Darvazın.


ANAM, A KƏNDİM

Nə gözəl mənzərə, nə gözəl əsər,
Çən-çiskin Günəşin önünü kəsər.
Harda olsam, ruhum sənə tələsər,
Sənsiz tez ölərəm, anam, a kəndim.

Mənim qayğıkeşim, mənim baş tacım,
Əriyib qoynunda yox olur acım.
Sərin sularındır həbim, ilacım,
Sənsən yurdum, yuvam, binəm, a kəndim.

Təbrizə canından əzizdir vətən,
Can sənsən, ürəyə nə lazım bədən.
Bülbüldən betərəm aşiqlikdə mən,
Sən solmaz çiçəyim, rənam, a kəndim.


OLMADI

Nə qədər gözəlsən, a doğma kəndİm.
Simanda zərrəcə boyaq olmadı.
Həmişə hüsnünə baxıb bəzəndim,
Bir xalın, bir ləkən, bəyağ olmadı.

Mğvlam əl yetirdi, düz yolu seçdim,
Çətin sınaqlardan qürurla keçdim.
Soyuq sularını mey bilib içdim,
Ruhum ki, eşqindən oyaq olmadı.

Halal bir bəndəyəm, xeyli utancaq,
Mamırlı qayana sancılan sancaq.
Çoxları zirvənə can atdı, ancaq,
Qısqanclıq üzündən mayak olmadı.

Çox yaralar qaysaq atdı,bitişdi,
Naxələflər nöcətləşdi, didişdi.
Hər zaman dadıma Tanrı yetişdi,
Təbrizə bir kimsə dayaq olmadı.


DAĞLAR

Sənnən ayrı qalammıram,
Sənsən ağlım-huşum, dağlar.
Xəyalları gözlərimnən,
Aparmır göz yaşım, dağlar.

Göllərində üzən sona,
Demir şair balan hana?
Körpəlikdən inan, sana
Yaman qonub quşum, dağlar.

Bahardı, gül-çiçək açır,
Qəlbim, ruhum sənə qaçır.
Yuxularım alov saçır,
Yellədikcə tuşum, dağlar.

Təbriz könül verməz dərdə,
Ömür sürsə binələrdə,
Üzü dönmüş bu şəhərdə,
Nələr çəkir başım, dağlar.


QARA-ARXACda

Körpə xəyallarım könül güldürür,
Dolaşır hər bahar yar, Qara arxacda.
Uşaqlıq izlərim köksündə qalıb,
Çox arzum, nisgilim var, Qara arxacda.

Anidən, çən-duman sarır,bürüyür,
Küləklər qarları gava kürüyür.
Öldürmə,heyifdi,qoşalaş,yüyür,
Ceyranı,cüyürü yor, Qara arxacda.

Qırdağı, Əyriqar, Çatax kürsümüz,
Mehralı, Atilla, Mete irsimiz.
Vaxtında keçilib qeyrət dərsimiz,
Öyrədilib namus, ar, Qara arxacda.

Sonsuzluq içində bütövləş,çoxal,
Elmə vaqif olmaz əqli kəm, kahal.
Mövlanədən, Şəmsdən, İmrədən ruh al,
Haqqın dərgahına var, Qara arxacda.

Qaçaqlar yurdudur, yanı gavların,
Keçidi ordandır, gələn ovların.
Sarı kazakların, pristavların,
Ələnib başına qor, Qara arxacda.

Vicdan durulaşar, çıxanda dağa,
Şindidən əl eylə Ortabulağa.
Haqdan mədəd istə,qara torpağa,
Şeytanın sırtını vur, Qara arxacda.

Günəşmi,üfüqdə saçını hörən,
Nə vaxt parlayacaq bəxtimiz, görən?
Təbiət hüsnünə yaraşıq verən,
Ziya Qara arxacda, nur Qara arxacda.

Əzəldən olmayıb aram,sarayla,
Savaşdım, vuruşdum ötən hər ayla.
Boylan, Şam düyədən səslə,harayla.
Təbrizi Sərxandan sor, Qara arxacda.


DAĞLAR

(Hörmətli ziyalımız Ayvaz Əlləz oğlunun əziz xatirəsinə)


Öldü yurdu,eli ölən,
Öldü meyin-məzən, dağlar.
Xoş ləhcəli,deyib-gülən,
Başı uca gəzən,dağlar.

Dönük çıxdı tale,yazı,
Ağlar qoydu oğlu-qızı.
Vaxtsız itirdik Ayvazı,
Qaralarnan bəzən,dağlar.

Güllər üstə sar gəlməyə,
Çiçək vaxtı qar gəlməyə,
Hər fikirə, hər kəlməyə,
Altun naxış düzən, dağlar.

Sevməzdi nadan,naşını,
Əyməzdi dərdə başını.
Hayıf oldu gözyaşını,
Ürəyinə süzən dağlar.

Gedir gücüm, qüvvətim də,
Çoxdu dərdim, zillətim də,
Mənim yetim millətimdə,
Hanı bəxti düzən, dağlar.

Yoxmu ümüd,yoxmu güman,
Yas içində Təbriz İman.
Ayrılıqdır zaman-zaman,
Ömrümüzü üzən dağlar.


RUHUM BU YERLƏRİ KEÇƏ BİLMƏYİR

Ruhum bu yerləri keçə bilməyir,
Yolu qarışıqdı, izi qarışıq.
Yaxşını, yamanı seçə bilməyir,
Görür bu həyatın gözü qarışıq.

Şər, bəd əməllərə hey şükür dedi,
Xeyir qəddimizi qəm bükür dedi.
Hərə bir ağılda, bir fikirdədi,
Çörəyi qarışıq, duzu qarışıq.

Ah uzun olanda könül bulanır,
Xəyallar nazlanır,qıcırğalanır.
Talaya-talaya gəzir, dolanır,
Çaqqllar qoyunla quzu qarışıq.


GƏLDİM

Haqdan varıb haqqa doğru,
Gövhər sata-sata gəldim.
Qova-qova, qaça-qaça,
Bəxtə çata-çata gəldim.

Bir də baxdım can üzülüb,
Haqq yoluna şər düzülüb.
Nur süzgəcindən süzülüb,
Çirkə bata-bata gəldim.

Arı qurmaq üçün şana,
Üfüqlərdə döndüm dana.
Sevə-sevə bu cahana,
Xaliqimdən əta gəldim.

Gül oldum, bittim torpaqda,
Şeh oldum,yatdım yrpaqda.
Neçə obada, irmaqda,
Yetimlərə ata gəldim.

Görən görünməzi görə,
Hörən hörülməzi hörə.
Heç demərəm əbəs yerə,
Yarandım, həyata gəldim.

Zirvələrdə qurub dəyə,
Bac vermədim xana, bəyə.
Axirət üçün növbəyə,
Dayandım, nobata gəldim.


BAŞKEÇİD

Yenə qəriblikdə yaralanmışam,
Səndən aralıyam, şəfam, Başkeçid.
Doğma vətənimtək paralanmışam,
Qeyb olub kef- nəşəm, səfam, Başkeçid.

Suyundan dadmasa ruhumun ləbi,
Coşmaz, ürəyimin qaynamaz təbi.
Təbiət əvəzsiz ilacı, həbi,
Sən mənim dərmanım, dəvam, Başkeçid.

Gəzir çəmənlərdə dodağı ballım,
Dağlara boylanır kövrək xəyallım.
Bu qoca dünyada cənnət misallım,
Tanrının gördüyü rəvam, Başkeçid.

Səhər çəmənlərin üstü nəm olur,
Vicdanım pərvanə, eşqim şəm olur,
Gələnlər qoynunda xatircəm olur,
Ürəyim, nəfəsim, havam, Başkeçid.

Təbrizə ruh verir baharın, yazın,
Misilsiz xəzinən, söhbətin, sazın,
Sənsən şan-şöhrəti qoca Qafqazın,
Ey cənnət məknım, yuvam, Başkeçid.


Təbriz İman,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: