fevralın 13-də qədim Borçalı mahalının Başkeçid
(indiki Gürcüstanın Dmanisi) rayonundakı
qədim Dəmirçi Hasanlı (indiki Qızılkilsə)
kəndində müəllim ailəsində dünyaya gəlib.
İlk şeiri 1966-cı ildə Dmanisidə nəşr olunan
«Trialeti» adlı rayon qəzetində çap olunub.
Sonralar Tiflisdə Azərbaycan dilində nəşr olunan yeganə mərkəzi mətbuat orqanında - «Sovet Gürcüstanı» (indiki "Gürcüstan") qəzetində, daha sonralar isə Azərbaycanın müxtəlif mətbuat orqanlarında şeirləri işıq üzü görüb.
1984-cü ildə Narınc Xatun və Hamamlı Aşıq Sona ilə birlikdə «Aşıq Pəri» məclisini yaradıb.
1985-ci ildə Əzizə Cəfərzadə «Azərbaycan qadını» jurnalında onun haqqında «Şeir butası» adlı məqalə ilə çıxış edib.
Şeirləri Tifilisdə nəşr olunan «Çeşmə» (1980) və «Dan ulduzu» (1987, 1989, 1990) almanaxlarında, Bakıda nəşr olunan "Ağır elli Borçalı" (1990) və "Addımlar" (1995, 1996) ədəbi məcmuələrində, "Sazlı-sözlü Başkeçid" (2016), "Zirvə" (2017, 2018) poeziya antologiyalarında dərc olunub.
«Dağlar məni çağırır» adlı ilk kitabı 1997-ci ildə Bakıda çap olunub.
Sonralar daha 15 kitabı işıq üzü görüb.
2000-ci il ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2001-ci ildə Gürcüstan prezidenti tərəfindən «Şərəf» ordeninə layiq görülüb.
Haqqında onlarla məqalə və kitablar yazılıb. 1999-cu ildə Türkiyənin Ərzurum şəhərində, Atatürk Universitetinin Kazım Karabekir eyitim fakültəsinin türkcə eyitim bölümündə Əli Qafqasiyalının rəhbərliyi ilə Bülənt Altunal Səadət Buta yaradıcılığına diplom işi həsr edib, onun «Dağlar məni çağırır» şeirlər kitabını çap etdirib.
2017-ci ildə isə Müşfiq Borçalı şairin həyat və yaradıcılığı haqqında Bakıda və Tiflisdə
“Butalar Butası Səadət Buta” adlı ayrıca kitab nəşr etdirib.
Biz də çox hörmətli Səadət xanıma yeni-yeni uğurlar arzulayır,
aşağıda onun bir neçə şeirini oxucularımıza təqdim edirik.
turan.info.az
A Z Ə R B A Y C A N
Sənsən mənim bu dünyada
Yerim, göyüm,Azərbaycan !
Xan Arazım,göy Xəzərim,
Göyçə gölüm,Azərbaycan!
Yaralarım düzüm-düzüm,
Can üzülüb, yoxdu dözüm,
Oyulubdu iki gözüm,
Necə gülüm, Azərbaycan?!
İtirmişəm Qarabağı,
Kəlbəcərdə gəzir yağı,
Nə vaxtadək deyim ağı?-
Çıxdı külüm, Azərbaycan!
Yolum, izim oda sarı,
Atəşgaham - oda sarı,
Od ölkəmin od hasarı,
Ömrüm-günüm, Azərbaycan?!
Yandır sönən çıraqları,
Gülsün vətən torpaqları.
Buta deyər o dağları
Gülər görüm, Azərbaycan!
BORÇALI
Məkkəm, Mədinəmdi, ziyarətimdi,
A qardaş, imanım-dinim Borçalı.
Dolana bilmirəm yad dolayları,
Qabardı deməkdən dilim Borçalı!..
Qürbət desəm, çəkən bilər ağrını,
Qərib desəm, bölləm qərib bağrını,
Sənnən ayrı itirərəm ağlımı,
Başına dolanım, dönüm Borçalı.
Sapanda qoy, Başkeçidə at məni,
Yada qıyma, yalan ağlar, yad məni,
Ölüm-qalım torpağına qat məni,
Sənsən inan, ömrüm-günüm, Borçalı.
Qəm karvanı düzüm-düzüm köçümdə,
Sən ayrı dünyamsan, dünyam içində,
Kərəm yanğısında, alov biçimdə,
Butayam, Vətəndi ünüm Borçalı!..
* * *
Çörək kəsib dost dediyin, a qardaş,
Borçalısa, kimliyini soruşma.
Sözün varsa, de üzünə mərdanə,
Dözə bilməz, arxasınca danışma.
Görən çaşar hörmətindən bu elin,
Şöhrət yağar qeyrətindən bu elin.
Söhbət düşsə hikmətindən bu elin,
Uduzarsan,vallah-bilah, yarışma.
Bəy Saraclım asta-asta danışa,
Kamandarım Dəli Kürnən yarışa.
Şamdüyədə lilpar gülə qarışa,
Yolun düşsə Başkeçiddən, yan aşma.
Min boz ata, qalx «Yurd yeri» yaylağa,
Yoldan səni çisək vura, nur yağa.
Səhər tezdən balı qat ye qaymağa,
Sonrasından işin yoxdu, qarışma.
Köçən köçüb, ər kişilər burdadır,
Əyilməyən nər kişilər burdadır.
Buta deyər, pir kişilər burdadır,
Borçalı de, dağı-daşı dolaşma.
BAŞKEÇİDDƏN UZAQLARDA
Heç söhbətim sözüm gülməz
Başkeçiddən uzaqlarda.
Cənnət görsə gözüm gülməz
Başkeçiddən uzaqlarda.
A Borçalı, şahım mənim,
Dağı dələr ahım mənim.
Açılmaz sabahım mənim
Başkeçiddən uzaqlarda.
İstəmirəm mən qürbəti,
Qəlbimdədir dağ həsrəti.
Butanın olmaz qüdrəti
Başkeçiddən uzaqlarda.
Allah, Türkümü qoru!..
Sən özünü özünnən,
Xor baxanın gözünnən,
Düşmənin sərt üzünnən,
Əzəl, ilkimi qoru.
Allah, Türkümü qoru!
Azərbaycan dayağı,
Bayrağımdı bayrağı.
Qibləm-Kəbəm torpağı,
Vətən mülkünü qoru,
Allah, Türkümü qoru!
Fateh, Süleyman yurdu,
Hər igidi bir ordu.
Ula, Türkün Bozqurdu,
Qoru Kərkümü qoru.
Allah, Türkümü qoru!
Erdoğanım, ərən Türküm!..
Analarım namaz üstə,
Duaları muraz üstə.
Bir körpü sal Araz üstə,
Yetər olduq pərən, Türküm,
Erdoğanım, ərən Türküm!
Sən təzələ yaddaşını,
Sil Kərkükün göz yaşını,
Qutar torpaq savaşını,
Ey Altaydan, gələn Türküm,
Erdoğanım, ərən Türküm.
Mehmetlərdə Fateh qanı,
Alpaslanı, Süleymanı.
Ata Türkü, Al Osmanı,
Qələbələr çalan Türküm,
Erdoğanım, ərən Türküm.
Çap qeyrətin Səmədini,
Düşmənə bildir həddini.
Təzədən çək sərhəddini,
Yarat böyük Turan, Türküm,
Erdöğanım, ərən Türküm.
Bayrağına Buta qurban,
Yanındadı Azərbaycan.
İlhamımla qoşa dayan,
Yetişibdi zaman, Turkum,
Erdoğanım, ərən Türküm!..
ELİM HEY !!!
Allah bilir kimlər qatdı aranı,
Məğrur dayan Qazağıstan elim hey!!
Hoydu Türküm yarat böyük Turanı.
Kimə oldu, bizə olan zülüm hey!!
Məğrur dayan Qazağıstan elim hey!!
Bu dünyanın dərdi mənim çiynimdə,
Yol gedirəm, oddan köynək əynimdə.
Həsrət göynər ürəyimdə, beynimdə,
Araz deyir: min ildi ki, Kürüm hey!!
Məğrur dayan Qazağıstan elim hey!!
Aman vətən ,görüm birin yüz olsun,
Buta deyər, birləş, sözün söz olsun.
Qıyma birdə qara bağrım köz olsun.
Yandırarsa od püsgürər külüm hey!!
Məğrur dayan Qazağıstan elim hey!!
ANA
Ana uzaqdan gəlmişəm,
Vaxt alıb, vaxtdan gəlmişəm.
İnan elə kövrəlmişəm,
Gör yadıma nələr düşür.
Babam köçüb atı yoxdu,
Ocağı var, odu yoxdu.
Çoxlarının yurdu yoxdu,
Ürəyimi qəhər deşir.
İtir həsrət qorxusunu,
Tapım gözüm yuxusunu.
Alım güllər qoxusunu,
Bir yayla şorbası bişir.
O yar məni qul eylədi,
Dərd sinəmdən yol eylədi,
Balam, elə kül eylədi,
Düşünəndə ağıl caşır.
Ana, niyə gedən gəlməz?
Bilən varmı nədən gəlməz.
Bir gün olar Butan gəlməz.
Günü batıb, dağdan aşır.
ATA
Dəmir darvazalar yollar bağladı,
Qohumlar arası sərindi, ata.
Cəpərsiz həyətin o taxta qapın,
Mənim ziyarətim pirimdi, ata.
Qardaş-qardaşından olmayır halı,
Gözünü kor edib dünyanın malı.
Çox ana dərdindən gəzir havalı,
Sağalmaz yarası dərindi, ata.
Atlanıb qapıma düşməyir dayım,
Yoxdu "cip" maşınım, hündür sarayım.
Sən yoxsan xonçada gəlməyir payım,
Atalar sovqatı şirindi, ata.
Zəmanənin üzü yaman sərt olub,
Sevənlər oyunçu, sevgi nərd olub.
Namərdlərin işi mərdə dərd olub,
Pozulan pərgərim-pərimdi, ata.
Gündə bir ev yıxıb-dağıdır yalan,
Canı yandıran çox, yox canı yanan.
Məndən inciməsin söyləyin anam.
Butayam sərkərim, sərimdi, ata!
AY MƏDƏD MÜƏLLİM!..
Nyu-York Elmlər Akademiyasının akademiki,
görkəmli dilçi, türkoloq-alim, filologiya elmləri
doktoru, professor Mədəd Çobanova
Mehralı bəy yurdu, Darvaz elində,
Sən nurdan yarandın, ay Mədəd müəllim!
Uymadın dünyada şöhrətə - şana,
Bir haqqa inandın, ay Mədəd müəllim!
Deyirlər dünyada baş olan başdı,
Hər sözün - söhbətin canlı yaddaşdı.
Qələmin qüdrəti zirvələr aşdı,
Dünyanı dolandın, ay Mədəd müəllim.
Səpdin dən - dən oldu bitirdiklərin,
Alim - aqil oldu yetirdiklərin...
Damladan göl oldu götürdüklərin
Elmə arxalandın, ay Mədəd müəllim!
Öyündün, fəxr etdin, müəllim adınnan,
Yandı sevən qəlbin eşqin oduynan,
Yaxşılar heç kəsin çıxmaz yadınnan,
Yaxşılıq qalandı, ay Mədəd müəllim!
Kimin el yanında ucadır başı,
Qocalmaz doxsanı ötsə də yaşı.
Qoy var olsun, oğlun - Müşfiq qardaşı,
Alınmaz qaladı, ay Mədəd müəllim!
MÜŞFİQ
Əziz qardaşım Müşfiq Borçalıya
Başkeçiddən namə
Yurdun divanəsi Dağlar qızından,
Apar badi-səba salam Müşfiqə.
Ürəyində Vətən boyda sevgisi,
Qardaşım Müşfiqə, balam Müşfiqə.
Alimdən dərs alıb qiyməti beşdir,
El deyib yaxşılar həmişə başdır.
Tarixə yazılıb dillərə düşdü,
Oxşadı ürəkdə qalan Müşfiqə.
Əla bağban oldu sevgi bağına,
Səpdi diləyini yurd torpağına,
Adaşı Müşfiq tək, sənət dağına,
Qələm külüngünü çalan Müşfiqə.
Aqilin, nadanın dilini bildi,
Böyüyün, kiçiyin yerini bildi,
Ay Buta, obasını, elini bildi,
Alqış qüdrətinə varan Müşfiqə.
G Ö R D Ü M
Dünyalar qədər hörmət bəslədiyim Əkbər Qoşalıya
Bu dünyanı görə-görə yaşadım,
Əməlindən utanmayan üz gördüm.
Adam sındırmadım, adam sınadım,
Mərifəti, ağlı olan az gördüm.
Əl kiridi gedər qalmaz dövlət-var,
Torpağa əyilər, ağac versə bar.
Ay Əkbər Qoşalı ehtibarın var,
Özünü də, sözünü də düz gördüm.
Qeyrət də, qüdrət də olub Oğuzda,
Sazın, sözün beşiyi var Tovuzda.
Bir xeyir var hər dualı ağızda,
Oğul, səni gözlər üstə göz gördüm.
Vətəninə, bayrağına bağlısan,
Od məkanlı Azərbaycan oğlusan.
Dəryayi- ümmandan aldın ağlı sən,
Hər duyğunu bahar gördüm, yaz gördüm.
Butayam, yaxşı ol, yaxşılıq ara,
Yetimə, yoxsula, dərdliyə yara.
Əl uzat yaman da düşəndə dara,
Yaxşılardan o, meraca iz gördüm.
VƏTƏNOĞLU
Borçalının balası
Sahil Vətənoğluna
Yurd möhnəti sinən üstə od oldu,
Alovlanıb dil açdı, Vətənoğlu.
Sənin qəlbin param-parça yurd oldu,
Yaradana əl açdı, Vətənoğlu.
Nə vəzifə, nə də şöhrət, mal dedin,
Haqqa qurban, nahaq qana qan dedin.
“Ellərin yolunda can qurban!”,-dedin,
Duyğuların gül açdı, Vətənoğlu.
Bu gənc yaşda ürəyində ağrı nə?
Buta qurban Vətən adlı ağrına,
İz salmışdır Təbriz, Dərbənd bağrına,
Ol Qarabağ yol açdı Vətənoğlu.
Bütövük - ulu silahım,
Türk oğlu, türk Seyfullahım!
İstanbulda görüşüydü,
Bu birliyə yürüşüydü.
Türklüyə dönüşüydü.
Sənə yar olsun Allahım.
Türk oğlu, türk Seyfullahım.
Babam qərib, anam qərib.
Həp boylandım qərib- qərib.
Qovlamaqdan oldum həlik.
Ayrılıq oldu günahım.
Türk oğlu, türk Seyfullahım.
Din içində din bəslədim,
Dil içində dil bəslədim.
Oba dedim, el səslədim.
Dağı- daşı yardı ahım.
Türk oğlu, türk Seyfullahım.
Yurdumda yurdsuz dedilər,
Qovruldum odsuz dedilər,
Qolsuz- qanadsız dedilər.
Uzaq yolu etdin yaxın.
Türk oğlu, türk Seyfullahım.
Köküm- soyum Qarapapaq,
Aç tarixi varaq- varaq.
Türk qızıyam, şərəfə bax.
Əzəl, axır türk pənahım.
Türk oğlu, türk Seyfullahım.
Bu birliyin amalı nur,
Yolu aydın, təməli nur,
Özü günəş, camalı nur.
Vətən mənim qibləgahım.
Türk oğlu, türk Seyfullahım.
Can Türkiyəm, Azərbaycan.
İkisi də oldu bir can,
Qoşa bayrağıma qurban.
Altaylardan gələn şahım.
Türk oğlu, türk Seyfullahım.
İstanbulda qurultayım,
Bursadakı bayram payım.
Borçalıda hay- harayım.
Çox şükür çin oldu yuxum.
Türk oğlu, türk Seyfullahım.
Haqq göndərən zaman oğlu,
Atam oğlu, anam oğlu.
Ey Mustafa Kamal oğlu.
Dolan azadlıq səyyahım.
Türk oğlu, türk Seyfullahım.
Buta qurban amalına,
Dərin dərya kamalına,
Fateh kimi Cəlalına.
Açılan nurlu sabahım.
Türk oğlu, türk Seyfullahım.
G Ö N D Ə R İ B S Ə N
Türkiyədə yaşayan əmim oğlu Əhmed Dosdluya
Başına döndüyüm xan əmim oğlu,
Sən mənə nə gözəl pay göndəribsən.
Gönlümə səhərlər doğan günəşi,
Gecə bədirlənmiş ay gödəribsən.
Bağrım paralandı Araz üzünnən,
Xırdalandım Qraz, yeraz sözünnən.
Yenə keçdi könlüm Cıdır düzünnən,
Göyərən arzuma boy gödəribsən.
Yığılıb yüzümüz bir olanmadıq,
Söz verdik, sözümüz bir olanmadıq,
Bölündük özümüz bir olanmadıq,
Təşnə ürəyimə cay gödəribsən.
Yar sevdim həp mənə cəkdirdi zillət ,
Dost dedim , dostluğa etdi xəyanət,
Ankara şəhrinnən ay canım Əhmət,
Qar, boran ömrümə yay göndəribsən.
Butayam, şen olsun Türkün torpağı,
Azərbaycanımın dostu, dayağı,
Qoşa dalğalansın yurdun bayrağı,
Turan harayıma hay gödəribsən.
SƏLİM
(Hacı Səlimə)
Öz dədəm oğluna ümüd bağladım,
Kölgəsində yad dolandı, ay Səlim.
Beinsaf qohumu əziz saxladım,
Dar günümdə məni dandı, ay Səlim.
Sən nə dövlət, nə də var aşiqisən,
Hacısan, o haqqa yar aşiqisən.
Atan kimi nəslin yaraşığısan,
Yaxşılar canımda candı, ay Səlim.
Çoxları düşünür dünyanın malı,
Ona qalacaqdı cahı-cəlalı.
Butayam, cox varlı gəzir havalı,
Bilmir həyat qovğa-qandı, ay Səlim.
Hər keçən gün imtahandı, ay Səlim.
Ay lələ
Bir-birmizi topa qoyub atmaqdan,
Niyə görən yorulmadıq, ay lələ.
Gölə dönduk, daş atdılar bulandıq,
Çay tək axıb durulmadıq, ay lələ.
Ömru boyu gileylədik, deyindik,
Zindan ustə çəkiç ilə döyulduk.
Döyuldukçə dəmir kimi əyildik,
Polad olub qırılmadıq, ay lələ.
Doğmaların yolu-izi otlandı,
Qapımıza yadlar duşub atlandı.
Buta, demə yenə canım odlandı,
Birlik dedik, bir olmadıq, ay lələ.
Q O V R U L D U M
Ay camaat, fələyə ram atanlar,
Yetim bəxti bağladılar, qovruldum.
Öləndə keçəli “ay uzun saçlı”,
Deyib yalan ağladılar, qovruldum.
Çoxu qoçu saydı fağır döyəni,
Başsız başa çəkdi ,haram yeyəni.
Haqqın meydanında haqqı deyəni,
Dəyənəklə qovladılar, qovruldum.
Əsil sənətkara nəyi qıydılar?
Nadana ad verib adam saydılar.
Təndirə küt gedən kündə yaydılar,
Sarı yağnan yağladılar, qovruldum.
Xanımlar-xatunlar qara büründü,
Yaralı Tərlanlar yerdə süründü,
Gədanın qızları ala büründü,
Əllər üstə saxladılar, qovruldum.
Tülkü kölgəsində yatana nəhlət,
Dostu var-dövlətə satana nəhlət,
Ay kor şeytan, sənin atana nəhlət,
Düzü düzdə doğradılar, qovruldum.
İman dedim, Quran dedim, haqq dedim!
Butanı eşqinlə yandır-yax dedim!
Ömrü boyu vətən dedim, xalq dedim!
Bax sinəmi dağladılar qovruldum.
ELDƏ NƏ GÜNAH
Gülə ağız buran qoftası güllü,
Sən gül olammadın, güldə nə günah.
Uçdun sərçə kimi dən arxasınca,
Sonası olmadın, göldə nə günah.
Bil, əksən torpağa, bitməz yalanlar,
Alsan, yedəyində getməz yalanlar.
Topaldı, mənzilə yetməz yalanlar,
Doğruyu söyləyən dildə nə günah.
İşrətdə keçirdin vədəni-vaxtı,
Varda-pulda gördün taleyi bəxti.
Buta nə söyləsin, el deyən haqdı,
El deyən olmadın, eldə nə günah.
B İ L M Ə D İ M
Aman Dünya, mənnən oyun oynadın,
İşin-gücün oyun olub, bilmədim.
Yaxşılara yaxşı günü qıymadın,
Aqilə qəm payın olub, bilmədim.
Torpağını şəfa bildim, pir bildim,
İşlərindən başaçmadım sirr bildim,
El oğlumu yekə gördüm şir bildim,
Pul görəndə qoyun olub, bilmədim.
Səndən küsüb Adəm oğlu xan dedim,
Düşünmədim, mən sözümü xam dedim,
İlqarsıza dostum dedim, can dedim,
O da sənin tayın olub, bilmədim.
Gadaya var verib döndərdin xana,
Coxunu aldatdın şöhrətə -şana,
Axır saldın ya zindana ya qana,
Oynatdığın ayın olub, bilmədim.
Neçə yol boşaldın, neçə yol doldun,
Heç kimin olmadın özünün oldun.
Analar əlindən oğlunu aldın
Fələk sənin dayın olub, bilmədim.
Ay Buta, bölünüb bəşərin bağrı,
Bağlanıb yolları , otlanıb cığrı
Gündə min qan-qada, xəstəlik ağrı,
Dünya sənin toyun olub, bilmədim.
İşin - gücün oyun olub, bilmədim.
Q O N A Q G Ə L
Qarapapaq Tərəkəmə yurduna,
And içməyə haqqı saya, qonaq gəl.
Ağırlar əzizlər ellərim səni,
Könlün istər hansı soya, qonaq gəl.
Ayağın altına salarlar xalı,
Düzərlər süfrəyə qaymağı balı.
Bəzənib geyərlər yaşılı alı,
Gəlişin çevrilər toya,qonaq gəl.
Bu dağların çobanı da xan olar,
Əyri baxsan torpağına qan olar.
Sözün meydanında saz Sultan olar,
Göy Tanrıdan Türkə paya, qonaq gəl.
Bizim eldə çörəyə and içərlər,
Dost yolunda candan-başdan keçərlər.
Qədəminə quzu qurban kəsərlər,
Qış soyuqdu dostum yaya, qonaq gəl.
Göylərin köksündə Türkün nişanı,
Dünya damarında, qaynayır qanı.
Görmək istəyirsən Azərbaycanı,
O Altaydan, bu Altaya çıraq gəl.
Buta qurban haqqı saya, qonaq gəl.
Bayram günü bizə gəl
Unut dərdi-sərimi,
Bağla qəm dəftərimi.
Yar, oxşa tellərimi,
Ömrum olsun təzə, gəl,
Bayram günü bizə gəl.
Saçına daraq olum,
Su desən bulaq olum.
Yoluna çıraq olum,
Şirin söhbət, sözə gəl,
Bayram günü bizə gəl.
İl ötub yaş azalıb,
Qoçaldım can sozalıb.
Sönməyimə az qalıb,
Yandırmağa közə gəl,
Bayram günü bizə gəl.
Ömrüm-Günüm
Həsrətindən yanıram,
Dindir ay ömrüm-günüm.
Açılsın ay qabağın,
Güldür, ay ömrüm-günüm.
Oxlayıbsan canımı,
Göl eyləmə qanımı.
Bəd elə fərmanımı,
Öldür, ay ömrüm-günüm.
Batmışam qüssə-qəmə,
Sözüm yatmır qələmə.
Buta kimdi aləmə,
Bildir, ay ömrüm-günüm.
Səadət BUTA,
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.