O, 1985-ci ildə qədim Borçalı mahalının Qarayazı bölgəsində - indiki Gürcüstan Respublikasının Qardabani rayonundakı Kosalı kəndində dünyaya göz açıb.
2002-ci ildə Kosalı kənd orta məktəbini əla qiymətlərlə bitirərək, məktəbin ilk “Fəxri şagirdi” olub.
2002-2006-cı illərdə Bakıda - Xəzər Universitetində bakalavr təhsili alan A.İsayeva Beynəlxalq İqtisadi Əlaqələr üzrə 4 illik proqramı, vaxtından əvvəl, 3 il yarıma Fərqlənmə diplomu ilə bitirib.
Bir sıra nüfuzlu jurnallarda məqalələrlə çıxış edən A.İsayeva hələ bakalavr pilləsində təhsil aldığı müddətdə Xəzər Universitetində Peşə və İnkişaf Mərkəzində koordinator vəzifəsində çalışıb.
Bakalavr dərəcəsinə yiyələndikdən sonra Norveçin Xarici İşlər Nazirliyi tərəfindən təqaüd proqramını qazanıb. Norveç hökümətinin xüsusi Qafqaz proqramı üzrə seçim turlarında qalib gələn 2 nəfər namizəddən biri olub və 2006-2008-ci illərdə Oslo şəhərində yerləşən Norveç Biznes İnstitutunda Biznes və İqtisadiyyat proqramı üzrə magistr təhsili alıb. Norveçdən Azərbaycana qayıtdıqdan sonra Xəzər Universitetində rektorun Beynəlxalq Əlaqələr və Layihələr üzrə müavini işləyib, eləcə də pedaqoji fəaliyyət göstərib. 2010-cu ildə Azərbaycan Marketinq Cəmiyyətində İcraçı direktor vəzifəsinə təyin olunub.
Aygül İsayeva 2011-ci ildən etibarən isə Tbilisidə Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyində Marketinq meneceri vəzifəsində çalışır.
O, eyni zamanda, Tbilisidə yerləşən Beynəlxalq Qara Dəniz Universitetində pedaqoji fəaliyyət göstərir və magistr tələbələrin elmi rəhbəri kimi çalışır.
2013-cü ildə marketinq sahəsində elmi işini uğurla müdafiə edərək İqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) adına layiq görülüb.
Qeyd edək ki, o, 1995-ci ildən Gürcüstanda fəaliyyət göstərən Beynəlxalq Qara Dəniz Universitetinin tarixində Marketinq ixtisası üzrə 2013-cü ildə doktoranturanı bitirən ilk tələbədir və dissertasiya işini ingilis dilində müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru adına layiq görülən ilk azərbaycanlıdır.
Aygül İsayeva Marketinq Peşəkarlarının Beynəlxalq İnstitutunun üzvüdür. ABŞ, Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yunanıstan, Macarıstan, Polşa, Rusiya, Türkiyə və s. ölkələrdə bir sıra beynəlxalq konfrans, seminar, təlim və biznes forumların iştirakçısı olmuş, Kembric, Roma, Buxarest və s. kimi universitetlərdə elmi məqalələrlə çıxışlar etmiş, müvafiq sertifikatlarla təltif olunmuşdur. Hal-hazırda Beynəlxalq Qafqaz Universitetində iqtisadiyyat fakültəsində dərs deyir, Almaniya və Gürcüstanda kitabları çap edilmişdir, nüfuzlu nəşrlərdə çap edilmiş bir sıra elmi məqalələrin müəllifidir.
Eyni zamanda, A.İsayeva Beynəlxalq Qafqaz Universitetində Assosativ Professor, Beynəlxalq Qara Dəniz Universitetində İdarə Heyə¬tinin üzvü, doktorant (PhD) tələbələrin dissertasiya işləri ilə bağlı daxili ekspert qismində çalışır.
Aygül İsayeva, həm də həvəskar idmanıçıdır. Aygül xanımın idman yarışlarına qatılmasında əsas məqsədi insanlara sağlam həyat tərzini aşılamaq, siqaret və içkidən uzaq durub idmanla məşğul olmağa həvəsləndirməkdir.
Aygül İsayeva 2014-cü ildən etibarən hər il Gürcüstanda keçirilən “Həyat üçün Qanadlar - Dünya Qaçışı” adlı marafonda iştirak edir və iki il dalbadal bu yarışda birinci yeri qazanıb. Aygül xanım peşəkar marafonçu olmasa da 2018-ci il iyunun 17-də Kvarelidə keçirilən və peşəkarların qatıldığı yarım marafonda 21,1 km məsafəni 1 saat 56 dəqiqəyə qət edərək xanımlar arasında 3-cü yerə çıxıb. Qarşısına böyük məqsədlər qoyan həmyerlimiz Gürcüstanın Kazbeki dağlarında keçirilən tam marafonu (42 km) da uğurla sona çatdırıb.
Onu da qeyd edək ki, Aygül İsayeva 2006-cı ildə Fransanın paytaxtı Parisdə Kung Fu üzrə beynəlxalq yarışda da 1-ci yeri qazanıb.
Biz də dəyərli soydaşımız Aygül xanım İsayevanın uğurlarına sevinir, bu münasibət ilə onu ürəkdən təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!..
turan.info.az
.