ABŞ-ın Azərbaycandakı
Səfirliyinin ictimaiyyətlə əlaqəlar şöbəsinin müdiri Stiven Qays, mətbuat xidmətinin rəhbəri
Nikolas Barnet və
mətbuat xidmətinin
nümayəndəsi
Mehdi Hüseynquliyev
Azərbaycan Mətbuat
Şurasında olub.
Qonaqları salamlayan
Mətbuat Şurasının
sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.
O bildirib ki, Şura media ilə bağlı müxtəlif vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılmasını həyata keçirir: «Mətbuat Şurası həmçinin jurnalistlərin peşə vəzifələrini sərbəst şəkildə yerinə yetirilmələrinə yönələn tədbirlər də görür, ümumən ölkədə söz və ifadə azadlığı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır. Mövcud istiqamətdəki tendensiyaları yaxından izləyir», - deyə Ə.Amaşov əlavə edib.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu
və Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə MŞ-nin ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə müntəzəm əlaqədə olmasını qarşılıqlı əməkdaşlıqdakı müsbət məqam kimi vurğulayıb.
ABŞ Səfirliyinin ictimaiyyətlə əlaqəlar şöbəsinin müdiri Stiven Qays təmsil olunduğu Səfirliyin Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı məsələlərə önəm verdiyini bildirib.
Səfirliyin mətbuat katibi Nikolas Barnet isə mövcud istiqamətdəki təşəbbüslərin davamlılığının vacibliyini önə çəkib.
Hər iki nümayəndə bu xüsusda Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb.
Görüşdə ictimai rəyin formalaşmasında medianın roluna toxunulub.
Qonaqlar Azərbaycanın kütləvi informasiya vasitələrinin fəaliyyətindəki məqamların ABŞ-da diqqətlə izlənildiyini və perspektiv əməkdaşlıqda əsas kimi götürüldüyünü vurğulayıblar.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
.