”Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında” qanunda göstərilir ki, bütün kütləvi informasiya vasitələri – qəzet, jurnal, informasiya agentlikləri ad, ünvan, nəşrin məramı, əlaqə vasitələri, qəzetdə nömrənin sayı ilə bağlı müəyyən məcburi rekvizitləri göstərilməlidir. Əgər bunlar pozulubsa, bu KİV haqqında qanunun tələblərinin pozulması deməkdir”.
Bu sözləri Publika.az-a açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri, Millət vəkili Əflatun Amaşov bildirib.
Onun sözlərinə görə, əsasən də bu pozuntulara internet üzərindən yayımlanan online jurnalistikada rast gəlinir.
Ə. Amaşov qeyd edib ki, bununla bağlı müəyyən araşdırmalar aparılıb və müəyyən olunub ki, bəzi məqamlarda həmin xəbər portalları Azərbaycandan kənarda yerləşirlər və buna görə də onların ünvanları olmur:
“Təəssüf ki, son vaxtlar biz bu cür pozuntulara tez-tez rast gəlirik. Bəzən xəbər portalları ayrı-ayrı qruplar tərəfindən xüsusi olaraq yaradılır. Onların məqsədi cəmiyyətə yalan informasiya verməkdir. Belə xəbər portallarında da ünvan olmur. Bu isə kifayət qədər təhlükəli ola bilər. Elə bir xəbər portalı ola bilər ki, müəyyən müddətdə ölkə ictimaiyyətini doğru-düzgün məlumatlandırsın, ölkədə hər hansı hadisə baş verməsi ərəfəsi yalan informasiyalar yaysın. Çünki artıq ölkə əhalisi o saytın oxucularıdır, o saytı mənbə kimi qəbul edirlər. Ola bilər ki, bilərəkdən, hansısa qüvvələrin təsiri ilə yanlış informasiyalar yaysınlar. Hətta o dərəcədə yanlış ola bilər ki, ölkədə sabitliyin pozulmasına şərait yarada bilər”.
Başqa ölkələrdə bu cür sayt və xəbər portallarının fəaliyyətinin qarşısının alındığını deyən Şura sədri bildirib ki, Mətbuat Şurası bunlarla mübarizə aparır:
“Son vaxtlar bu sahədə şəffaflıqla bağlı müəyyən işlər görülür. Son zamanlar İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik, KİV azadlığından, jurnalist hüququndan sui-istifadə ilə bağlı cərimələrin artırılması, hüquqi şəxlərin də bura cəlb olunması onu göstərir ki, bu kimi hallarla mübarizəyə artıq start verilib. Biz Mətbuat Şurası olaraq bu cür halları müəyyən edirik. Onların buraxdıqları səhvləri düzəltməyə kömək edirik. Biz beynəlxalq standartılara uyğun olaraq KİV-in strukturunun, maliyyə mənbələrini, çəkilən xərclərin şəffaflığını həyata keçirsək, bu cür saytlara cəmiyyətdə məqsədlərinə çata bilmələri üçün imkan olmayacaq”, – deyə Ə. Amaşov bildirib.