Əflatun Amaşov Azərbaycan ilə Gürcüstan arasındakı çoxəsrlik dostluq münasibətlərinin inkişaf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar. Rəsmi Bakı Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bu ölkədə stabilliyin tərəfdarıdır.
Görüşdə soydaşlarımızın yaşadıqları rayonlarda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərdə kadr çatışmazlığı, Azərbaycan dili və ədəbiyyatı fənninin tədris olunmaması haqqında fikir mübadiləsi aparılıb.
Paata Xizanaşvili Əflatun Amaşovun bölgəyə səfərini yüksək qiymətləndirib. O, Gürcüstanın da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu siyasətin bundan sonra da davam edəcəyini bildirib. Qubernator Azərbaycanın Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu vurğulayıb: “Azərbaycan ilə Gürcüstan arasında iqtisadi baxımdan çox böyük əməkdaşlıq var. Biz həm siyasi, həm iqtisadi sahələrdə birgə fəaliyyət göstərən ölkələrik. Gürcüstan həmişə beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyini dəstəkləyib. Biz Azərbaycan ilə əlaqələrimizi daha da möhkəmləndirmək istəyirik. Biz yalnız iqtisadi sahədə deyil, həm də mədəniyyət və idman sahələrində də Azərbaycan və yaxın rayonlar ilə əməkdaşlığımızı genişləndirmək və müştərək tədbirlər keçirmək istəyirik”.
Qubernator Azərbaycan dilli məktəblərdə çatışmazlıqları və problemləri araşdıracaqlarını və onların həll olunmasına çalışacaqlarını bildirib.
Görüşdə qubernatorun müavinləri Ramin İsmayılov və Kaxaber Quqeşaşvili, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov da iştirak ediblər.
Səfər çərçivəsində Ə.Amaşov Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və bu ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşlər keçirib.
Mətbuat Şurasının sədri Kaxetiya bölgəsində Medianın Özünütənzimləmə Qurumları Şəbəkəsinin illik toplantısında, paytaxt Tbilisidə isə mediada nifrət məsələlərinə həsr olunan regional konfransda iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
.