Noyabrın 3-də R.Behbudov adına
Dövlət Mahnı Teatrında
Azərbaycan Aşıqlar Birliyinin (AAB)
gənclərlə bağlı növbəti layihəsi əsasında
“Sarıtel – gənc aşıqların səs incisi”
adlı audio diskin təqdimatı və
gənc aşıqların konserti keçirilib.
Tədbiri giriş sözü ilə açan
AAB-nin katibi Musa Nəbioğlu
Mədəniyyət və Turizm Nazirliyinin
maliyyə dəstəyi ilə hazırlanan diskdə
30 gənc aşığın ifa etdiyi
15 saz havasının yer aldığını bildirib.
Mədəniyyət və Turizm Nazirliyinin
sektor müdiri Rəşad Əliyev deyib ki,
tədbirin keçirilməsində məqsəd
saz sənətinə diqqət və marağın artırılması,
bölgələrdə bu qədim sənətin
gənclərə təbliğ olunmasıdır.
Diskdə gənc aşıqlardan Elməddin Məmmədli və Şəhriyar Kərimovun ifasında "Baş müxəmməs", Şəhriyar Şahverdiyevin ifasında "Orta sarı tel", Əli Zeynalabdinovun ifasında "Mixəyi",
Məsim Rəcəbov və Ayaz Buludovun ifasında "Dübeyti", Samir Allahverdiyevin ifasında "İncəgülü", Familə İsgəndərovanın ifasında "Qəhrəmanı", Pərviz Mübarizoğlunun ifasında "Naxçıvanı", Asif Hasanoğlunun ifasında "Peşrov", Şirin Şirinzadənin ifasında "Dilqəmi", Qabil Abdıyevin ifasında "Qaraçı",
Qərib Quliyevin ifasında "Divani" və eləcə də,
Əməkdar mədəniyyət işçisi Rəhman Rasimoğlunun rəhbərlik etdiyi “Rasim” folklor qrupunun ifasında "Azərbaycan oğluyam",
Sahib İsmiyevin rəhbərlik etdiyi “Buta” (Nərmin Məmmədli, Nuridə Şirinova, Leyla Sarıyeva) qrupunun ifasında "Qaragöz" və
Əməkdar Mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupunun ifasında "Ceyranım", Roman Azaflı, Elvin Axundlu və Sahib İsmiyevdən ibarət olan “Misri” qrupunun ifasında "Misri" klassik saz havaları yer alıb.
Tədbirdə Qazax, Tovuz, Borçalı, Gədəbəy, Göyçə, Şirvan, Naxçıvan və digər bölgələri təmsil edən 30-dan çox gənc aşıq müxtəlif el havaları ifa edib.
Konsert tamaşaçıların alqışları ilə başa çatıb.
Müşfiq BORÇALI.