Nəriman Nərimanovun Gürcüstanda yaşadığı ev-muzeyi (2007-ci il).
2017-ci il iyunun 27-də Gürcüstanda səfərdə olan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Tiflisdə SOCAR-ın dəstəyi ilə bərpa olunan görkəmli ictimai xadim, tanınmış həkim və yazıçı Nəriman Nərimanovun ev muzeyinin açılışını həyata keçirib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində qırmızı lenti Rövnəq Abdullayev və Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze kəsib. Daha sonra muzeyə baxış keçirilib.
Muzeyə baxış zamanı R.Abdullayev və M.Georqadzeyə N.Nərimanovun həyat və yaradıcılığı, fəaliyyəti barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Nəriman Nəcəf oğlu Nərimanov 1870- ci il aprelin 14-də Tiflis şəhərində anadan olub. 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirib. Görkəmli yazıçının bədii yaradıcılığı və müəllimlik fəaliyyəti Gürcüstanla da bağlı olub. N.Nərimanov 1890-cı ildə seminariyanı bitirdikdən sonra Tiflis quberniyasının azərbaycanlıların yaşadığı Borçalı qəzasının Qızılhacılı kəndində pedaqoji fəaliyyətə başlayıb və bədii yaradıcılığını bu kənddə davam etdirib. O, “Nadanlıq” əsərini burada sona çatdırıb. Marneuli rayonunda N.Nərimanov adına orta məktəb və rayon mərkəzində Mədəniyyət Evi var.
Rəsmi şəxslər və qonaqlar N.Nərimanovun ev muzeyində görkəmli yazıçı və ictimai xadimin həyat və fəaliyyətinə aid maraqlı eksponatlar, onun əlyazmaları və ona ünvanlanan məktublar və yazıçının kitabları, əsərlərinin foto şəkilləri ilə tanış olublar
ARDNŞ prezidenti R. Abdullayev jurnalistlərə açıqlamasında Tiflisdə açılan muzeyin böyük əhəmiyyət kəsb etdiyini və gələcəkdə bu muzeyin xarici turistlərin, ziyalıların, Gürcüstanda yaşayan azərbaycanlıların ziyarət və görüş yerinə çevriləcəyini bildirib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Azərbaycanın Batumidəki konsulu Rəşad İsmayılov, Gürcüstanın barışıq və vətəndaş məsələləri üzrə dövlət nazirinin müşaviri Ayaz Məmmədov, Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, muzey işçiləri və Tiflis şəhər sakinləri iştirak ediblər.
turan.info.az
My Webpage
.