Azərbaycan muğamının fenomeni

Azərbaycan muğamının fenomeni VI Televiziya Muğam Müsabiqəsi yekunlaşmaq üzrədir. 2005-ci ildən Heydər Əliyev Fondunun layihəsi əsasında təşkil olunan bu müsabiqə yeni istedadları aşkar etmiş, istedadlı gənclərin professional sənətə gəlişində, uğurlar qazanmasında mühüm rol oynamışdır. Ötən illərin müsabiqə qalibləri indi fəxri adlar daşıyır, daha da püxtələşərək ifaçılıq və müəllimlik fəaliyyətilə məşğul olurlar. Vaxtilə bu müsabiqələrin sayəsində sənətin gənc nəsli kimi tanınan ifaçılar indi muğam sənətini layiqincə təmsil edir, öz ustadları ilə çiyin-çiyinə dərs verir, müsabiqəyə iştirakçı hazırlayırlar. Bir sözlə, bu müsabiqələr müasir dövrdə muğam irsinin öyrənilməsində, təbliğində, ötürülməsində və yaşamasında ən uğurlu layihə kimi bütün musiqisevərlərin, sənət ictimaiyyətinin rəğbətini və dəstəyini qazanmışdır.

Növbəti, VI müsabiqədə də istedadlı iştirakçılar yox deyil. Məcid Əsri, Almaxanım Əhmədli, Rəvanə Əmiraslanlı, Pərviz Qasımov, Məftun Məmmədov, Valid Abdullayev... Məftun, Valid, Pərviz bundan sonra öz üzərlərində daha çox işləməli, hər gün mükəmməl ifaları dinləməli, öyrənməli və çoxlu məşq etməlidirlər. Pərviz Qasımov repertuarına daha ciddi fikir verməlidir, çünki səsi birinci oktavanın sol-lya pillələrindən sonra cırlaşmağa başlayır. Məcid, Məftun və Valid ifaçılıqda epizodik, yaxud təsadüfi uğurların təsirindən azad olmalı, şöbələri ardıcıl oxumaqla kifayətlənməməli, peşəkarlıq meyarlarına, səsi inkişaf etdirməyə, daim öyrənməyə can atmalıdırlar. Rəvanəyə gəlincə, Milli Konservatoriyada Arif Babayevin ixtisas sinfini bitirib. Oxuyanda hiss olunur ki, yaxşı ustaddan yaxşı dərslər alıb. İştirakçılardan yalnız birini - Almaxanım Əhmədlini xüsusi qeyd etmək, adını xüsusi vurğulamaq istəyirəm.
Almaxanım budəfəki müsabiqədə ən gənc iştirakçıdır, cəmi on beş yaşı var. Buna baxmayaraq, müsabiqə başlayandan bəri ən çox alqışlanan da odur. Sözümü yaş göstəricisindən başlamağımın ciddi səbəbi var. Birincisi, onu qarşıda ciddi sınaq – səsin dəyişmə, mutasiya dövrü gözləyir. Səsi olanların hamısı 17-18-19 yaşlarda bu ağır mərhələni keçməli olurlar. Bu mərhələ səsin fizioloji keçid məthələsidir. Ondan sonra səs işləməkdə davam edir və ya müğənnilik, xanəndəlik üçün yaramır. Deyərdim ki, bu, həm də tale məsələsidir. Təkcə Almaxanım üçün yox, muğam irsimizin də gələcək taleyi üçün bir sınaq mərhələsidir. Musiqini az-çox bilən, duyan, sevən, milli dəyərlərə və xalqın istedadlı övladlarına hörmət və sevgi ilə yanaşan soydaşlarımız gərək bu yeniyetmənin gələcək sənət taleyi üçün Tanrıya dua etsinlər. Söz yerinə düşər, - deyiblər. İndi müqəddəs Ramazan ayıdır. Hamılıqla bu nadir istedadın gələcəkdə səsinin qalması, sənətini davam etdirməsi üçün Tanrıya dua etməliyik. İstedad bir millətin deyil, bütün dünyanın sərvətidir. Muğam sənətinin gələcək uğurları, muğamın gələcəkdə yenə də öz ali səviyyəsində yaşaması, sevilməsi və layiqincə ifa, təbliğ olunması naminə dualar etməliyik və çalışmalıyıq ki, Almaxanım kimi nadir istadadlı gəncləri qoruya bilək.

Allah üç insanı seçir: Peyğəmbərləri, dahiləri və istedadları. Allahın hər insana qismət etmədiyi, lütf etmədiyi bu üç keyfiyyətdən biri də istedad adlı qeyri-adi hadisədir. Amma qızıl kimi istedadın da əyarı olur: az istedad, qənaətbəxş bacarıq, ortabab qabiliyyət, çox istedad, tükənməz ali istedad. Bu baxımdan, istedad həm keyfiyyətin özünə deyilir, həm də onu daşıyan insana deyilir. İstedad aksiomadır, sübuta ehtiyacı olmayan keyfiyyətdir. O, ya var, ya da yoxdur; lakin özünü gizlətmir, gec və ya tez büruzə verir. Mən qəti əminliklə deyə bilərəm ki, Almaxanım Əhmədli yüksək istedad sahibidir. Hələ 15 yaşı olan bu yeniyetmənin fenomen istedad olmasına böyük bir elmi sübut lazım deyil. Onun ifasının özü inkarolunmaz sübutdur. Muğamın nə demək olduğunu bilənlər, muğam ifaçılığının təkcə bilimə deyil, əsasən ruhi, təhtəlşüuri və yaddaş qanunlarına tabe olduğunu bilənlər məni yaxşı başa düşərlər. Muğam ifaçılığında səsi olanla, səsi və istedadı olanı, istedadı olanla yüksək istedadı olanı, duyanla dərin duyanı fərqləndirə bilənlər, şübhə etmirəm ki, Almaxanımın necə qeyri-adi istedad sahibi olmasının fərqindədirlər.


Bayatı-Şiraz, Xaric Segah, Orta Mahur... Almaxanımın müsabiqədə təqdim etdiyi bu çətin, ağır dəstgahları çox böyük (vurğulamaq istəyirəm: çox böyük!) professionallıqla, ustalıqla, heç bir səhv olmadan ifa etməsi heyrət doğurmaya bilmir. Birinci növbədə, muğamın melodiyasında, muğamın melodiya və intonasiya ardıcıllığında, intonasiya xırdalanmasında, sekvensiyalarda, melodiyanın pilləvari eniş və yoxuşlarında, səsarası sıçryışlarda bu ifaçının zərrə qədər də səhv buraxmaması, belə çətin, mürəkkəb quruluşları dəqiqliklə icra etməsi onun qeyri-adi bacarığına heyrət, alqış (əl çalmaq yox, məhz alqış) yaradır. İkincisi, o, səsini, ifasını yaşına və təcrübəsinə uyğun olmayan böyük bir bacarıqla, mən deyərdim ki, hətta ustalıqla idarə edə bilir. Muğam elə bir əsərdir ki, onun ifası əvvəlcədən dəqiq hazırlanmış məşqlərə heç də həmişə tabe olmur. Bu, elə bir musiqi növüdür ki, ifaçı əvvəlcədən hazırladığı qəliblərdən konsert zamanı gözlənilmədən çıxa bilir, əlavələr edir, tamamilə fərqli hissləri və ruhi vəziyyəti yaşayır, gözlənildiyində fərqli şərhləri verir. Elə buna görə də muğamda professionallıq təkcə ifa təcrübəsilə, muğam qaydalarını, rədifləri və şöbə ardıcıllığını bilməklə və düz ayaq verməklə bitmir. Muğam professionallığı həm də çoxsaylı şöbələrdə və guşələrdə, aşağı və orta registlərdə, bəmdə və zildə, şöbəarası təsniflərdə, keçidlərdə, intonasiyalarda səsin eyni dərəcədə düzgün idarə olunması ilə ölçülür. Sirr deyil ki, səsində güc, dinamika olmayan, səsi tez yorulan xanəndələr dəstgah ifasında qeyri-ixtiyari olaraq, səslərini zil şöbələr üçün qoruyurlar. Buna görə də, bəm, orta və zil şöbələrin hərəsini iki-üc melodik cümlə ilə oxumaqdan başqa çarələri qalmır. Amma elə səs və istedad sahibləri olan xanəndələr də var ki, şöbələri çox cümlələrlə və tam şəkildə oxuyurlar, üstəlik şöbələrarası təsnifləri də oxuyurlar, zil şöbələri də qısaltmırlar, bacardıqca cümlələrin sayını azaltmırlar, necə deyərlər “xaltura” eləmirlər. Almaxanın da belədir. O, müsabiqədə oxuduğu dəstgahlarda zərrə qədər də ibarə və cümlə ixtisarları, qısaltmalar etmədi, bəmi də, miyanəni də, zili də tam şəkildə oxudu, səsində xaricliyə yol vermədi. Muğamın dərin qatlarında yerləşən elə intonasiyaları eşitdirə bildi ki, bunu hamı bacarmır. Dinləyici dəstgahın əvvəlindən sonuna qədər onun səsində yorulma, özündə cəsarətsizlik, “səsə qənaət”, geriçəkilmə, xariclik görmədi, eşitmədi. Qəzəllərin bəhrini, hecalarını və mənasını da düz çatrdıra bildi. Bunları ona görə deyirəm ki, Almaxanımın necə böyük, qeyri-adi istedada malik olduğunu başa düşək.

Muğamın şöbələrinə, ayağına və onların mexaniki ardıcıllığına riayət etməklə muğam musiqisi əmələ gəlmir. Müqayisə üçün deyim ki, dirijorlar da, pianoçular da, skripkaçılar da, vokalçılar da, trubaçılar da təkcə notu əzbərləyib ifa etsələr, o zaman ifa etdikləri notlar musiqi olmaz, sadəcə notların ardıcıllaşmasından əmələ gələn səslənmə olar. İfaçı çaldığı və ya oxuduğu əsəri mütləq duymalıdır, özü də bütün hisslərilə, ruhu ilə, şüuraltrı yaddaşı ilə, bütün həssaslığı ilə duymalıdır. Musiqidə istedadın ən mühüm göstəricilərindən biri də məhz nə qədər, hansı miqyasda, hansı dərinliyə və ucalığa qədər duya bilməsidir. Bu vacib keyfiyyəti muğam da tələb edir. Elə Almaxanımın da öz yaşıdlarından, bütün müsabiqə iştirakçılarından, hətta deyərdim, çoxlarından üstünlüyü muğam musiqisini məhz dərindən, bütün ruhu ilə duymasındadır. Açığı, hər səsi olana Allah bu qədər istedad, bu qədər duymaq qabiliyyəti vermir.

A.Əhmədli Bayatı-Şiraz, Xaric segah, Orta mahur kimi mürəkkəb, ağır dəstgahları elə peşəkarlıqla, elə duyumla, elə həssaslıqla, düzgün və yerli-yerində ifa etdi ki, doğrusu, onun yüksək istedadına heyrət etməyə, qürurlanmaya, fəxarət və sevinc yaşamaya bilmirsən. Bayatı-Şirazın ifasını çox dinləmişik. Ona tez-tez müraciət edirlər. Amma bu muğamın dərin hissi yaşantılarını aça bilmək hər xanəndəyə nəsib olmur. Sadəcə, şöbələri ardıcıllaşdırır və ayaqlara riayət edirlər. Bu da olur, sıradan bir təfsir, yaxud muğamın necə deyərlər, “şagird təqdimi”. Almaxanım isə Bayatı-Şiraz da daxil olmaqla, muğamları yaşına uyğun olmayan həssaslıqla, dərindən duyaraq oxudu.

Orta mahur dəstgahını götürək. Açıq etiraf edək ki, muğamdan dərs verənlər, bu və ya digər münasifləri təmsil edənlər, hətta fəxri ad daşıyanlar və təriflənənlər arasında bu muğamı lazımınca oxuya biləni tapmaq çətindir. Amma on beş yaşlı A.Əhmədli bu dəstgahı müsabiqədə çox yüksək səviyyədə oxudu. Onun Əşiran, Şikəsteyi-fars şöbələrini böyük bir duyumla oxuması, bu şöbələrin həssas və təsirli intonasiyalarını göstərə bilməsi fenomenal istedad sahibi olduğuna daha bir əyani sübutdur. Kim bilir bəlkə də bu gəncə yüksək qiymət verməyə sənət adamlarının lovğalığı və təkkəbürü yol vermir. Amma mən A.Əhmədliyə bu qədər yüksək qiymət verirəm, şübhəsi olanlara bu istedadın fenomenallığını sübut edə bilərəm

Azərbaycan muğamının fenomeni Onun ifalarını diqqətlə dinləmək lazımdır ki, muğamın zəngin melodik ifadəliyinin dərinliklərinə hissi olaraq varmasını, fasiləsiz intonasiya axınını necə dəqiqliklə və nə qədər qeyri-adi duyumla oxumasını eşidə biləsən. Aman Allah, cəmi on beş yaş... Allahın möcüzələrini görmək istəyirsinizsə, Almaxanın Əhmədli adlı, on beşi yaşlı fenomenal istedada qulaq asın. Onun ifası duymağı, düşünməyi bacaran, həssas qəlbi olan, qarın adamı yox, ruh adamı olan insanları mütləq və mütləq böyük heyrətə, yüksək məqamlara, gözəl ruhi yaşantılara aparacaq.

Qəribə millətik. Başqa xalqlarda elm, musiqi, rəssamlıq, vokal sahəsində 14-15 yaşlı istedadları görəndə mətbuat, internet saytları, telekanallar məlumat verir, süjet hazırlayırlar, eşidən kimi ağıs dolusu heyrətlə danışırıq. 14-15 yaşlı uşaq skripkada Paqaninin çətin kaprislərini çalanda, yaxud P.Çaykovskinin fortepiano konsertini ifa edəndə, ona qeyri-adi istedad kimi yanaşırıq, fenomen adlandırırıq. Amma gözümüzün qarşısında 15 yaşlı Almaxanım bu əsərlərdən də çətin, formaca daha iri, daha mürəkkəb muğam dəstgahlarını böyük ustalıqla, böyük professionallıqla, dərin həssaslıq və duyumla oxuyanda ona fenomen, böyük istedad deməyə dilimiz gəlmir... Belə fenomenal istedadlar başqa xalqlarda olsaydı, indi dünyanın İnternet saytlarında gecə-gündüz səslənərdilər. Amma biz... Nə isə... Yaxşı olardı ki, onun müsabiqədəki ifalarının lent yazıları yaxşı-yaxşı qorunsun və təbliğ olunsun. Çünki hamısı professional və istedadlı ifalardır.

Muğamın musiqisi, ritmi, daxili plasikası və dinamikası, onun bilim və duyum, rasional və irrasinal vəhdəti səma harmoniyasına, kosmik ahəngin universal qaydalarına əsaslanır. Bu harmoniyanı, ahəngi emosinal-hissi qavrayışla duymaq, yaşadığımız zaman-məkan hüdudlarından yüksək məqamlarda açıqlaya bilmək və onları varlığınla yaşamaq musiqi sənətində yalnız Almaxanım Əhmədli kimi çöx yüksək istedad sahiblərinə nəsib olur.

Məni VI müsabiqənin nəticələri o qədər narahat etmir. Bilirəm ki, Almaxanım indi və bundan sonra nə qədər böyük mükafatlar, təriflər alsa belə, hamısı onun bir Bayatı-Şiraz, Orta-Mahur, Segah ifasına dəyməz. Almaxanım Əhmədli öz ifası ilə birlikdə Azərbaycan muğam sənətinin, muğam ifaçılığının yüz ildən bir yaranan çox nadir istedadlarındandır, muğam fenomenidir. Onu qorumaq, dəstək olmaq, meydan vermək borcumuzdur. Gələcəkdə onun xanəndə səsini bəstəkar mahnlarının vokal ifasından hifz etmək lazımdır.

Almaxanım Əhmədliyə çətin sənət yollarında uğurlar arzulayırıq.

Ariz ABDULƏLİYEV,
Bakı Musiqi Akademiyasının müəllimi

turan.info.az


REDAKSİYADAN:
Biz də Almaxanım Əhmədlini ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Almaxanım Əhmədli AzTv-nin solisti olacaq

Almaxanım Əhmədli AzTv-nin solisti olacaq

Mədəniyyət, Təbriklər
Əsil pedaqoq: Ənənə və novatorluğun birləşməsi

Əsil pedaqoq: Ənənə və novatorluğun birləşməsi

Məktəblər
Siyavuş Uyqun: GETDİ (Böyük kaman ustası Habil Əliyevin ölümü münasibətiylə ...

Siyavuş Uyqun: GETDİ (Böyük kaman ustası Habil Əliyevin ölümü münasibətiylə ...

Poeziya, Borçalı, Nekroloqlar

"AİLƏMİZDƏ YEGANƏ MÜĞƏNNİYƏM"

Mədəniyyət, "Elm və Təhsil"
OT KÖKÜ ÜSTƏ BİTƏR, yaxud KÖKDƏN GƏLƏN İSTEDAD...

OT KÖKÜ ÜSTƏ BİTƏR, yaxud KÖKDƏN GƏLƏN İSTEDAD...

Mədəniyyət, "Elm və Təhsil"
SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Tiflis
5 yaşlı ixtiraçı hər kəsi mat qoydu

5 yaşlı ixtiraçı hər kəsi mat qoydu

"Şərqin səsi"
Emil RASİMOĞLU:

Emil RASİMOĞLU:"Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır. ...

Ədəbiyyat
Ölümün şöhrətin zirvəsində yaxaladığı SƏNƏTKAR

Ölümün şöhrətin zirvəsində yaxaladığı SƏNƏTKAR

Mədəniyyət
Tanınmış müğənni, sevimli muğam ifaçısı Nuriyyə  Hüseynova

Tanınmış müğənni, sevimli muğam ifaçısı Nuriyyə Hüseynova

Mədəniyyət

"Küskün Mələyim" adlı klipin təqdimati

Şou
Gülyaz - Gülyanaq bacıları

Gülyaz - Gülyanaq bacıları

Mədəniyyət
Var ol, Marat Darvazlı!...

Var ol, Marat Darvazlı!...

Tv, Darvaz, Təbriklər
Tanış olun: Gənc istedad YAŞA BAYRAMOV

Tanış olun: Gənc istedad YAŞA BAYRAMOV

Poeziya, Bolus
İstedad əhlidi, məşhur-cahandı...

İstedad əhlidi, məşhur-cahandı...

Mədəniyyət
İftixar:

İftixar: "Tənqidçi" - Şeyx Nəsrullah

Dramaturgiya, Köşə yazılar

"Mən peşəmlə fəxr edərək özümü xoşbəxt sanıram..."

"SALDO", Digər ali məktəblər, MEDİA
Şəhid Turan Vidadi oğlu Şərifov Şindilər  (20.06.2001-05.11.2020)

Şəhid Turan Vidadi oğlu Şərifov Şindilər (20.06.2001-05.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Tahir Əkbər doğum gününü 26 ildir qeyd etmir

Tahir Əkbər doğum gününü 26 ildir qeyd etmir

Şou
İlham Əliyev görkəmli dirijor, maestro Niyazinin Bakıda abidəsinin açılış m ...

İlham Əliyev görkəmli dirijor, maestro Niyazinin Bakıda abidəsinin açılış m ...

Əsas xəbər, Azərbaycan
Rəy yazın: