Turizm Nazirliyinin
təşkilatçılığı ilə
Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında
filologiya elmləri doktoru,
professor
Nizaməddin Şəmsizadənin
60 illik yubileyinə
gecə keçirilib.
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev,
Gecəyə toplaşanlar teatrın foyesində alimin ədəbi-bədii yaradıcılığını əhatə edən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov mərasimdə açılış nitqi ilə çıxış edərək N.Şəmsizadənin Azərbaycan ədəbiyyatında, ədəbi tənqidində öz obrazını yaradan alimlərdən olduğunu deyib: “Hələ tələbəlik illərindən ədəbiyyatşünaslığımızın mühüm problemləri ilə məşğul olmağa başlayan Nizaməddin Şəmsizadə ilk məqalələrindən diqqəti cəlb etmiş və ədəbiyyat adamı kimi tanınmağa başlamışdı. Nizaməddin müəllim həm müasir ədəbiyyat problemləri, həm də tənqidimizin tarixi və nəzəriyyəsi ilə intensiv sürətdə məşğul olan tənqidçilərdəndir. O, həm də bədii yaradıcılıqla məşğul olmağı bacaran ədəbiyyatşünasdır”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Zəlimxan Yaqub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva və digər çıxış edənlər görkəmli alimin zəngin yaradıcılığından söz açıblar. Alimin yetişən nəsillər üçün dəyərli mənbə olan kitablarından, pedaqoji fəaliyyətinin nəticəsi olan dərsliklərindən bəhs edilib, onun ədəbiyyatşünaslıq elmimizin sadiq keşikçisi kimi öz missiyasını ləyaqətlə davam etdirdiyi vurğulanıb. Bildirilib ki, N.Şəmsizadə böyük ənənələri olan Azərbaycan tənqidinə müasirlik problemi ilə gəlib. O, 30-a yaxın elmi, nəzəri, ədəbi-tənqidi, fəlsəfi-publisistik kitabın müəllifidir. Milli ideologiyamızı əks etdirən “Azərbaycançılıq” kitabı, üç cildlik “Seçilmiş əsərləri”, ali məktəblərdə tədris vəsaiti kimi istifadə olunan “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi ədəbi-nəzəri fikrimizin nailiyyətlərindən sayılır. Alim “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə 2010-cu ildə Dövlət mükafatı laureatı adına layiq görülüb.
Gecədə N.Şəmsizadə haqqında vaxtı ilə dəyərli söz adamlarının dediyi fikirlər səsləndirilib, şeirlərindən nümunələr ifa olunub.
Maraqlı konsert proqramı, rəngarəng muğam ifaları ilə davam edən gecənin sonunda yubilyar çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib, bundan sonra da ədəbi tənqidimizin keşiyində müsəlləh əsgər timsalında duracağını vurğulayıb.
Əziz və hörmətli alimimiz,
Dəyərli Ziyalımız,
Səmimi və Mehriban Dostumuz,
Vətənpərvər və Yurdsevər Soydaşımız,
sözün əsl mənasında
Xeyirxah və Gözəl İNSAN,
Azərbaycan Dövlət
mükafatı laureatı,
filologiya elmləri doktoru,
professor
Nizaməddin Şəmsizadəni
anadan olmasının
60 illik Yubileyi
münasibətilə
ürəkdən təbrik edirik!
Yubileyiniz Mübarək,
Nizaməddin müəllim!
Sizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda, pedaqoji fəaliyyətinizdə,
elmi və bədii yaradıcılığınızda yeni-yeni uğurlar arzulayırıq!..
Gün o gün olsun ki, Sizi 100 illik Yubileyiniz münasibətilə təbrik edək!...
Dərin hörmətlə,
Müşfiq BORÇALI.