1962-ci ildə isə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili, ədəbiyyatı və tarix fakültəsini bitirib, əvvəlcə müəllim, təşkilatçı, məktəb direktoru, Kənd sovetinin sədri, 1991-ci ildən 2006-cı ilədək Ərcivan-Sarvan kənd məclisinin sədri vəzifəsində çalışıb. Gürcüstan Prezidentini E.Şevardnadzenin 5 aprel 2000-ci il tarixli sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunub.
Əlddin Rövşənoğlunun ictimai-siyasi tutumlu publisist yazıları və şerləri, satirik süjetli gülməcələri Gürcüstan və Azərbaycan mətbuatında çap olunmaqdadır.
Onun ilk şeirlər və poemalar kitabı “El sevəni aləm sevər” adlanır (Bakı, 2002, 201 səh.)
Redaktor Knyaz Aslan kitaba Ön söz yazıb.
Şeirlərin əsas mövzuları el-oba, Vətən, torpaq, haqq-ədalət, yaxşı-yaman, dost-düşmən ovqatlıdır.
Kitabda həyatımıza yad olan ünsürlər də tənqid olunur.
Şairin ikinci kitabı “Səda gəlir Dağ-Sarvandan” adlanır.
Kitabda yurdun dağ vüqarlı insanları, bənzərsiz Vətən gözəllikləri, unudulmaz acılı-şirinli tələbəlik illəri, həyatda qarşılaşdığı hadisələr tərənnüm olunur, dostlarına, həmkarlarına ünvanlandığı qoşma və gəraylıları maraq doğurur, şerləri öz axıcılığı ilə diqqəti cəlb edir.
Hörmətli oxucular!
Ələddin Rövşənoğluna uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurlar arzulayır və onun bir neçə şeirini aşağıda sizlərə təqdim edirik.
BORÇALI
Bəllidir ellərin ziyarət yeri,
Ziyarətin ocağıdır Borçalı.
Halay bəyi, Cöyrü oğlu Qarası,
Mehralı bəy oylağıdır Borçalı.
Borçalının bağçası var, bağı var,
Dağlarında qaymağı var, yağı var,
Dincəlməyə Ərcivantək dağı var,
Dincələnin yaylağıdır Borçalı.
Ali kürsülərdə söyləyir dili,
Öyünür fəxr edir Şaiqin eli,
Hoya çatır Abbas, Zəlimxan əli,
Hatəmlərin sorağıdır Borçalı.
Şahəliydi bu yerlərin dayağı,
Hər kəndə, kəsəyə olub marağı,
Qoç Koroğlu, Qaçaq Nəbi sayağı,
Ellərimizin yarağıdır Borçalı.
Tarix boyu bəlli olub qeyrəti,
Aləmə yayılıb şanı şöhrəti,
Nərimantək sevməliyik milləti,
Nur kişilər dayağıdır Borçalı.
Yurdum, yuvam hər an sizi gözləyir,
Ulu babaların izi gözləyir,
Bir də Dağ-Sarvanın özü gözləyir,
Ələddinin çırağıdır Borçalı.
Borçalı
Tarixlərin sınağından mərd çıxıb,
Yağılara qılınc çalan Borçalı.
Parçalanıb düçar olub bəlaya,
Fitnəkarı gözdən salan Borçalı.
“Dəli dağ”a köç edəndə elləri,
“Tikmə daşlı”, “Gur” bulaqlı çölləri.
Səhər yeli daradıqca telləri,
Hərdən xəyallara dalan Borçalı.
“Çatax”, “Quşlu qaya”, “Ağçalı” dərə,
Ətrafda binələr qurardı hərə.
Koroğlu dağlarda çəkəndə nərə,
Fərəhlənib, ilham alan Borçalı.
“Yersiz gəldi, yerliyə qaç” deyənə,
Dost adıyla dost malını yeyənə,
Addımbaşı namərd işlər görənə,
Ox olub gözündə qalan Borçalı.
Zəlyə Borçalının səfalı dağı,
Bol olur yaylaqda qaymağı, yağı,
Ələddin, ömrünün hər ötən çağı,
Bil sənə heyrandı balan, Borçalı.
UCALAR
Tanınmış dilçi alim,
Nyu-York Elmlər
Akademiyasının həqiqi üzvü,
filologiya elmləri doktoru,
professor Mədəd Çobanova
ithaf edirəm.
Alimin şəninə söz deyə bilsəm,
Oxucu şad olar, dilim ucalar.
O təhlil etdiyi dilə vurğunam,
Ellər alqış çalar, əlim ucalar.
Deyirlər dağlara çoxdu marağı,
Gələ o dağların gül-çiçək çağı,
Əskik eyləmərəm balı, qaymağı,
Yolunu gözlərəm, yolum ucalar.
Dilçi alim öz elmində ümmandı,
Gövhərinə qiymət verən cahandı.
Millət fəxri, saxla Allah, amandı,
Sevincdən başımda telim ucalar.
Zəhməti çox olub Vətən yolunda,
Xətrinə dəyməyib bircə qulun da,
Nəvələr toplanıb sağı-solunda,
Onların toyunda qolum ucalar.
Adlı-sanlı cəlalına heyranam,
Dünya gəzən amalına heyranam,
Peyğəmbər tək camalına heyranam,
Ələddin fəxr edər, elim ucalar.
Bakı, “Şərqin səsi”,
fevral, 2002.
TÜRK DÜNYASININ ÖNCÜL OĞLU
Tanınmış elim adamı Müşfiq Mədəd oğlu Borçalı
hələ tələbəlik illərindən başlayaraq
Azərbaycanımız üçün 30-dan çox böyük və
dəyərli kitablar yazıb, ərsəyə çatdırmış,
bir para qaranlıq sahələri araşdırıb,
üzə çıxarmışdır. Bu günlərdə
Müşfiq Borçalının qələmə aldığı
“Sazlı sözlü Başkeçid” adlı üç cilddən ibarət
daha bir sanbalı kitabı nəfis şəkildə çap olunaraq
oxucuların ixtiyarına verilmiş və qısa müddətdə
hamı tərəfindən böyük rəğbət qazanmışdır.
Gərgin zəhmət hesabına başa gələn bu dəyərli kitabı
münasibəti ilə Müşfiq Borçalını ürəkdən təbrik edir və
bu kiçik şerimi ona ünvanlayıram.
Haqqdan qələm bağışlanıb,
Yazdıqları nağıllaşıb,
Dədə Qorquddan bu yana
Ölkəmizdə alqışlanıb.
Ata-oğul yazıbsınız,
Borçalını anaıbsiniz,
Tanrım sizə bəxş eyləyib,
Fəxri adlar alıbsınız.
Müşfiq Allah bəndəsidir,
Borçalının öz səsidir.
Türk xalqının öncül oğlu -
Sevildikcə seviləsidir.
Kim oxuyub salsa nəzər,
Hafizəsi təzələnər.
Adlı - sanlı qəzetləri,
Ələ keçsə əl-əl gəzər.
Qoruyub, saxlayıb düzü,
Professor yazıb “Ön söz”-ü,
Sazlı sözlü Başkeçidin
Görüşünə gedir özü.
Fikir versəz hər anına,
Gələnlər çoxdur yanına.
Saya gəlməz yazdıqları,
Köməkdi yeni yazana.
Uzaqlardan gəlir səsi,
Dəyərlidi hər kəlməsi.
Qədir bilən alimlərimiz,
Sayır elmin sayt seçməsi.
Harda olsa uça görüm,
Yüz yaşında qoca görüm.
Yolu zirvəyə doğru-
O zirvəyə çata görüm.
Hörmətlə,
Ələddin Rövşənoğlu,
Gürcüstan Respublikası
Ərcivan-Sarvan kəndi,
“Şərəf” ordenli müəllim.
“Gürcüstan” qəzetinin 80 illiyinə
Qəzetin xərcin qoymasaq,
Milli ruhu biz duymasaq.
Gözlərimiz aclıq çəkər,
Sətir-sətir oxumasaq.
Verir hər cür məlumatı,
Dəqiq göstərir həyatı.
Dünya xəbər mənbəyidir,
Əks etdirir kainatı.
Aydan arı, sudan duru,
Ellərimizə çatır nuru.
Öz yeri, öz nüfuzu var,
Yerisin həmişə suru.
Püxtələşdim yaza-yaza,
Sözüm uydu telli saza.
Ay Ələddin, arzu elə,
“Gürcüstan”ı çatsın yüzə.
“Gürcüstan”,
13.IV.2001-ci il.
Ay DOST
“Gürcüstan” qəzetinin redaktoru
S.Süleymanova ithaf edirəm.
Rəhmət alar Hatəm kimi ad qoyan,
İnsanlıq dillərdə car olar, ay dost.
Zəhmətinlə şölə saçdın ellərə,
Onu bilməyənə ar olar, ay dost.
Nələr oldu keçdi ötüşən zaman,
Çətinlik gördünüz təsirli, yaman.
Bir qara yel kimi əsdi o dövran,
O vaxtı qanmayan sar olar, ay dost.
Bütün varlıqların əşrəfi insan,
Yaxşı, pis qoynuna alandı cahan,
Bir naşı qartala daş atsan inan,
Yerişməz daş ona, xar olar, ay dost.
Öz el, obasına vəfalı qalan,
Zəka yollarında murazın salan.
Otuz ildə şaxələnmiş bağ salan,
Zəhmətli bağlarda bar olar, ay dost.
Ələddin söyləyər sözün düzünü,
Təbrik edər Süleymanın özünü,
Kim eşitməz onun müdrik sözünü,
Sanasan qulağı kar olar, ay dost.
Sarvanım
Tanış edim hər bir kəsi,
Gör necə eldi Sarvanım.
Var Çölyanı, həm Tecisi,
Dağ döşündə Gödəklisi,
Min kəndə həyan Sarvanım.
Bir tərəfdən “Haça qaya”,
Digəridir “Quşlu qaya”.
“Ocaqqulu” yurdunadək,
Uzanıb gedir Sarvanım.
Borçalıya qardaş olub,
Dillərdə gəzir Sarvanım.
Hər kəs gəlsə bizim elə,
Qonaq sevərdi Sarvanım.
Yaylaqları Müşkü-Ənbər,
Zənbur balı ordan çəkər.
Ata-oğul zəhmətilə,
Əkin əkər, qan-tər tökər.
At oynadıb bu dağlarda,
Deyirlər ki, Koroğlu da,
İbrət alıb ərənlərdən,
Bizim elin mərd oğlu da.
Həcər kimi at belində,
Qoçaq olub öz elində.
Əldə matraq Züleyxadan,
Məsəl qalıb el dilində.
Aşıq Qarcel meydan açıb,
“Ləzgi oğlu” bulağında.
Gümüş kəmər işıq saçıb,
Güləşənlər oylağında.
Qasım mərclə kəsib quzu,
Kəm olmayıb ətin duzu.
Təkcə yeyib, həm də içib,
Şərab dolu kəl buynuzu.
Neçə-neçə bizim elli,
Nağı oğlu Piri bəlli.
Kəhər ata qalxanda o,
Sıçrayarmış bircə əlli.
O Pan Vəli, Pələ Qasım,
Daha kimdən söhbət açım.
Kəndxuda İsmayıl ağa,
Ellər ona deyib qağa.
Öz yerini kim bilməsə,
Onu çəkərmiş şallağa.
Eyyubların Yabluşkası,
Sevib rus matuşkası.
Toxaburda evləndirib,
Ər qeyrətli babuşkası.
Niyazalı o mərd kişi,
Ovçuluqla keçib işi.
Çox davamlı olub cəngi,
Əllə boğub boz pələngi.
Qarış-qarış gəzməsən,
Öz gözünlə görməsən.
İçib “Sancı bulaq”dan.
Ləzzətini bilməsən.
Nəki desəm sayılmaz,
Nübarından doyulmaz,
Əldən yerə qoyulmaz.
Ələddinin doğma yurdu,
Ərçivanda təməl qurdu.
Cavanlığı yola vurdu,
Gözəl məkandı Sarvanım.
***
Eləmi Borçalının,
Kökü var Borçalının.
Tarixin hər fəslində,
İzi var Borçalının.
***
Eləmi mərd yeridi,
Borçalı mərd yeridi.
Ağır elli deyiblər,
İyidin mərd yeridi.
***
Əzizinəm Borçalı,
Duz-çörəkli Borçalı.
Ellər sənə sığınıb,
Bərk qucaqla, Borçalı.
Bu günümüz
o yollardan keçibdi...
Kotana getmişik, aclıq görmüşük,
Yağışda, yağmurda çöpə dönmüşük.
Bir kilo un alıb çox iş bilmişik,
Bu günümüz o yollardan keçibdir.
Xarazan sürənə çətin olardı,
Hörük, qaraqayış mətin olardı,
Düz-dünya qaralıb əkin olardı,
Bu günümüz o yollardan keçibdi.
Gecələri hərdən çöldə yatardıq,
Dincimizi göy ot üstə alardıq,
Ac qaldıqca göyərtidən vurardıq,
Bu günümüz o yollardan keçibdi.
Alatoran yataqmızdan durardıq,
Öküzləri axar çayda sulardıq,
Gün çərtməmiş camışları qoşardıq,
Bu günümüz o yollardan keçibdi.
O qara günləri görəni gördüm,
Ac qalıb, acından öləni gördüm,
Bir fətri dörd yerə böləni gördüm,
Bu günümüz o yollardan keçibdi.
Xam cöngələr ayağımı əzərdi,
Ağrıdıqca anam əl-əl gəzərdi,
Yamaq bulsa şalvarımı “bəzərdi”,
Bu günümüz o yollardan keçibdi.
ELLƏR DESİN
Nüyvər də təqdim edim,
Öz sözünü ellər desin.
Nöqsanımı görən kəslər,
İncimərəm dillər desin.
Səsimə bənzər avazım,
Azdı-çoxdu budur yazım.
Dostlarıma keçər nazım,
Ərk etdiyim güllər desin.
Bəd əməllə barışmaram,
Şər işlərə qarışmaram.
Yad ətəkdən yapışmaram,
Nə yazmışam əllər desin.
Düzlük olub hər vam yolum,
Dost boynuna sallam qolum.
Ürək dosta qurban olum,
Varsa, əgər, kimlər desin.
Sözümü eldən almışam,
Hər yerdə birgə olmuşam.
Ələddinəm qocalmışam,
Qoy yaşımı tellər desin.
QƏLƏM YAZDI OLDU ŞER
Kəlbəcərin xatirəsi,
«İsti suyun» zümzüməsi.
Qulağıma gəldi səsi,
Vərəqlərə doldu şe’r.
Ümid yerim doğru sözüm,
Yurda baxır qəmli gözüm.
Tapdaq altda «Cıdır düzüm»,
O yerlərdə boldu şe’r.
Yurdum odlara qalandı,
Xalqım hayfını alandı.
Tomris təki qəhrəmandı,
Düşmən vuran qoldu şe’r.
Çıxam Murovun qaşına,
Nəzir qoyam Pir daşına,
Dolanam Vətən başına,
Daş-kəsəkli yoldu şer.
Fitnə işlədi dərindən,
Milllət qovuldu yerindən.
Ümman olan dər-sərindən,
Qələm yazdı oldu şer.
Babəkləri qaldırmasaq,
Dığalara andırmasaq.
Yurdu geri qaytarmasaq.
Zaman deyər soldu şer.
CAN DEMƏYƏ HAZIRAM MƏN
Gücüm çatsa şah əsəri,
Borçalıya yazaram mən.
Göstərdiyi doğru yolu,
Düz getməsəm azaram mən.
Sinə gərər coşan selə,
Dayaq durar əsən yelə.
Tanrı verər belə elə,
Şükür edib bəzərəm mən.
Qonaq gəlsə bir yadelli,
Hörmət qoyar Qorqud elli.
Birgə olsa hər Türk dilli,
Can deməyə hazıram mən.
Halay bəy tək ərənləri,
Mehralını görənləri,
Nəriman tək bilənləri,
Harda olsa gəzərəm mən.
Dur deyəndə durmayanı,
Qur deyəndə qurmayanı,
Vətən üçün vurmayanı,
Öz sətrimdən pozaram mən.
BİRÇƏKLİ DAĞLAR
Əgər ki, meyl etsən, qayğılı dağa,
Gəzdikcə həvəsin artar yaylağa.
Əldə dolça enib gəlsən bulağa,
Verər murazını diləkli dağlar.
«Quşlu qaya» silsiləsi dumandı,
«Doqquz bulaq» bir-birinə həyandı
Üç ay yayı sanki cənnət məkandı,
Sanasan xalıdı çiçəkli dağlar.
Deyən yox neçədi dağların yaşı.
Üstünə nur tökür göylərin yaşı,
Qartal məkanıdır zirvələr qaşı,
Ülvidi, təmizdi, mələkli dağlar.
Çovğunda, boranda gəzdikcə yarı,
Kərəmi saxladı dağların qarı.
Üz tutub yalvarıb Allaha sarı,
Ona rəhm eyləyib birçəkli dağlar.
Həkimdi, loğmandı gülü-çiçəyi,
O güllər sağaldar xəstə ürəyi.
Ələddin, qazansaq halal çörəyi,
Süfrəni bol edər gərəkli dağlar.
GƏLMİŞİK
(1936-cı il işgəncələrinə həsr olunub)
Baqi dünya bircə anı andırır,
Biz də onu yora-yora gəlmişik.
Gah ağ yelə bənzər, gah da ki, qara,
Göz yumaraq dura-dura gəlmişik.
İşgəncə verilib əl-qolu bağlı,
Əfi ilanlardan sinəsi dağlı
Boğazlara keçib kəndirlər yağlı,
O dövranı qura-qura gəlmişik.
Neçəsinin külü göyə sovrulub,
Günahlı, günahsız yanıb, qovrulub
Zindanlarda varbədəni ovulub,
Milyonları vura-vura gəlmişik.
Bu dünya öncədən dərdli-vərəmli,
İnsanı bürüyüb qəmli-ələmli.
Sürgün olub Cavid kimi qələmli,
Müşviqləri görə-görə gəlmişik.
«Üçlük» deylən yüz fitnə-fel qurubdu,
Çarxı fələk arxasında durubdu.
Yalançı şahidlər üzə qoyubdu,
Qanunları bura-bura gəlmişik.
KEÇƏSƏN GƏRƏK
Bu ağlı, qaralı qoca dünyada,
Ac gözün halını biləsən gərək.
Az qalır ömründən o, pay istəsin,
Ona rişxənd edib güləsən gərək.
O qara torpaqdan doymayır gözü,
Hektarlar verirsən kəsilmir sözü.
O «Qanlı çayırı» alana düzü,
Xoş arzu, xoş dilək diləsən gərək.
Namərdlik eyləyib basır fağırı,
Qovur torpağından yazıq sağırı.
Qatır öz yerinə keçid cığırı
O əməl üstündə öləsən gərək.
Bəd niyətdir yetimləri meyləyən,
Yaxşı əvəzinə pislik eyləyən.
Ac göz olub öz qələtin söyləyən,
Boynuna pisliyi biçəsən gərək.
Köç günün yada sal, bir gün olacaq,
Əzrayıl üstünü qəfil alacaq.
Ələddin, insanlıq yadda qalacaq,
Düzəlsə, səhvindən keçəsən gərək.
YOXSULA
Elə bil Allahın qarğışı keçib,
Yığvalı daşlara dönən yoxsula.
Mövlam kasıblığı boynuna biçib,
Çırağı axşamdan sönən yoxsula.
Səpdiyi bitməsə, əkdiyi bitər,
Dərd onu çuğlayıb ölümdən betər.
Başqa çarəsi yox, o dil-dil ötər
Kömək dur dərdini bölən yoxsula.
Əl çatmır şirinə,dadıb acını,
Amma ki, qoruyub qeyrət tacını.
Varlı da çox görür quru canını,
Zülm edir dərdini bilən yoxsula.
Rüzgar onu incik salıb doymayıb,
Minnətdi çörəyi üstə qoymayıb.
Ha çalışıb gümrah günü olmayıb,
Ömründə yaxşı gün dilən yoxsula.
Ona ay da qara, gün də qaradı,
Amma özü çoxlarına yaradı.
Dolandı aləmi ağ gün aradı,
Qismət də olmadı ölən yoxsula.
YERİNDƏMİ?
Borçalı soruşur nə var dağlarda,
Aranın yaylağı dağ yerindəmi?
«Babakər»də «Ərçivan» tək vüqarlı,
Başında örpəyi ağ yerindəmi?
Üz çevir dağlara gör kef-damağı,
«Sancə bulağı» tək şəfa qaynağı.
Mərfətlə saxlarıq gələn qonağı,
Bal, qaymaq yeyilib, yağ yerindəmi?
Budur cöyrü Qara gəzən oylaqlar,
Ovucla içdiyi soyuq bulaqlar
Bir kötük üstündə saysız budaqlar
Dədələr saldığı bağ yerindəmi?
KƏNDİMİZ
Qara bulud üstümüzü alanda
Mərdanə dayanıb qaldı kəndimiz
Yurd yerindən qaçan oldu tələsik
Bizi öz qoynuna aldı kəndimiz.
Səhərdən axşama çalışan baba,
Ona arxa durdu bütün el-oba.
Əlindən düşmədi, dımrıqla-yaba,
İşləyib xəyala daldı kəndimiz.
Şükr Allaha artır dövlət-varımız.
Hər yanda qorunur namus, arımız.
Əl qaldırıb asta süzür yarımız,
Toy ilə zurnanı çaldı kəndimiz.
Hər nəslin öz yurd yeri bəllidi,
Çoxdu «Bədəllidi», Dəlivəllidi»
Əgər saysan bəlkə hamsı əllidi,
Keçmişi yadıma saldı kəndimiz.
Sarvanın bəllidir hayı-harayı,
Getdikcə çoxalır torpaqdan payı
İldən-ilə artır icarə sayı,
Kartofla, taxılla doldu kəndimiz.
Ələddin çox görüb yaxşı, yamanı
Dağ sarvandı əsil cənnət-məkanı
Bu dağlardır hər bir dərdin dərmanı
Sanıram beçəli baldı kəndimiz.
DİLLƏRDƏN SORUŞ
Xocalı dayandı nə qədər mətin,
Göydən od yağırdı olduqca çətin
Körpəni cidaya keçirən itin,
Qudurğan sayını yollardan soruş.
Çağası belində ala toranda,
Qaça da bilməyir ayaq donanda
Hər yandan qırdılar tüpü-boranda,
Ölənin sayını çöllərdən soruş.
Səksəkə içində geriyə baxıb,
Donanda şaxtada asbabın yaxıb
Əsir düşməm deyib çaylarda axıb
Sulara qərq olub sellərdən soruş.
Düşmən arxalıdır,vardır ağası,
Ona baş endirir firəng dığası.
Nələr etdi əfi ilan balası,
Bunu gözlə görən ellərdən soruş.
Gün gələr,haqq işə dövlətlər dinər.
İnsafı olanlar doğruya dönər.
Düşmənin alovu o gündən sönər,
Sözüm yalan çıxmaz dillərdən soruş.
VƏTƏN QALIB DARDA, NEYNİM
Sözüm yenə eldən düşüb,
Yaşa doldum orda, neynim,
Yaxşıdan kim qeybət etsə,
Onda yoxdur ar da, neynim.
«Doqquz bulaq» əl-əlvandı,
Ona həmdəm dağ Sarvandı.
Həvəsimi qanan qandı,
Dil-dil ötər saz da, neynim.
Azərbaycan yurdu ulu,
Çatıb ora yağı qolu.
İllər keçir bağlı yolu
Vətən qalıb darda, neynim.
Bu həyatı bilə-bilə.
Əmək qoydum doğma elə
Gedər-gəlməz yolu ilə
Köçüb getdi, yar da, neynim.
Cavab verib dinməsədə,
Ələddin qəm eyləyə də
Hər kəs qədir bilməsə də
Allah özü bilər, neynim.
KÖÇÜBLƏR
Macı tutub əkin əkən görünmür,
Əmməyilə taxıl səpən görünmür,
Həkim təhər dişi çəkən görünmür,
Sağ ikən rəhməti alıb köçüblər.
Yapıncı çiynində atın belində,
Adı, sanı, şan-şöhrəti yerində.
Gəraylısı, müxəmməsi dilində,
Sağ ikən rəhməti alıb köçüblər.
Kişilər sayılıb evin dirəyi,
Analar olublar övlad ürəyi,
Neçəsinin gözdə qalıb diləyi,
Sağ ikən rəhməti alıb köçüblər.
El üçün yananlar köçüb qeyb olub,
Əcəl şərbətini içib qeyb olub,
Yaxşını, yamandan seçib qeyb olub,
Sağ ikən rəhməti alıb köçüblər.
Necə də incidib babamı zaman,
Güləşdə heç kimə verməyib aman,
Xatirəyə dönüb yaddaşda inan,
Sağ ikən rəhməti alıb köçüblər.
Ə.Danaçıyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında
Gürcüstan prezidentinin Sərəncamı
rayonun sosial-iqtisadi inkişafında şəxsi xidmətlərinə və səmərəli ictimai fəaliyyətinə görə
Zalqa rayonundakı Ərcivan-Sarvan kənd məclisinin sədri Ələddin Danaçıyev
"Şərəf" odeni ilə təltif edilsin.
5 aprel 2000-ci il.
Tbilisi şəhəri.
Ə.Danaçıyevyevin “El sevəni aləm sevər” (şeirlər və poema) adlə kitabna (Bakı, 2002, 201 səh.)
Knyaz Aslanın Ön sözü:
Hər insan bir duyğu ovqatına köklənibən bu allı-yaşıllı, ağlı-qaralı, gəlimli-gedimli, ölümlü-itimli dünyaya öz ürəyinin gözü ilə baxır. Hər insan oğlu həyatı, varlığı, yaşayışı öz dünyagörüşündən, öz iç aləminin süzgəcindən keçirərək mənalandırır, qanadlandırır, pərvazlandırır. Hər bir sənət sahibi çevrəsindəki mühiti özünəxas şəkildə təsəvvür, təsvir və tərənnüm edir. Rəssam hiss və duyğularını şəkil, bəstəçi musiqi, heykəltəraş abidə dili ilə çatdırır. Bu baxımdan sözün işığında daha geniş aydınlığa doğru üz tutan, insanla, təbiətlə şeir dilində danışan şairlər gecə-gündüz öz-özünü yandıra-yandıra qaranlıqların bağrını yaran və əbədiyyət amalı ilə alovlanan şama, çırağa, məşələ bənzəyirlər. Alışmamış sönənlər də olur, yarı yolda külə dönənlər də, mənzil başına çatanlar da, özündən sonra günəş boyda nur qoyub gedənlər də...
...Ələddin Rövşənoğlu öz ömrünü-gününü şama, çırağa döndərən, sazın-sözün havasına köklənən, eşitdiklərini, gördüklərini, duyduqlarını misralara çevirən, iç dünyasını yanğısına gəraylı, qoşma, bayatı, sərinliyi çiləyən soydaşlarımızdandır. Əslən ulu Borçalıdan-axarlı-baxarlı dağ kəndi Ərcivan-Sarvan obasından olan Ələddin Rövşən oğlu Danaçıyev əzəldən saz-söz adamıdır. Müxtəlif səpkili, cürbəcür mövzulu yazıları Gürcüstan və Azərbaycan mətbuatında uzun illərdir dərc olunur. İctimai-siyasi tutumlu məqalələr yazmaqla yanaşı ara-sıra şeir də qoşur. Bəzilərini dərc etdirir, bəzilərini dosta-tanışa ad eləyir, bəzilərini də səliqə ilə köçürüb evdəki arxivində saxlayır.
Ələddin Rövşənoğlunu şeir dili ilə dindirən, ona bir-birindən dadlı, təravətli, duzlu-məzəli qoşmalar qoşduran nədir? Bu suala bənzərsiz cavablar vermək mümkün olsa da, onun misralarından doğulan belə bir həqiqət daha doğru, daha düzgün görünür: qədimdən qədim, uludan ulu Borçalının əvəzsiz, bənzərsiz, qənirsiz təbiəti, ağır oturub batman gələn el-obaları, qartallara qanad saldıran dağları, kəklikli, turaclı, bülbüllü bağları, meşələri, çölləri... Bir də ki, bu gözəllikləri duya bilən, duyub da duyğulandıra bilən, duyğulandırıb da şeirə çevirən yaradıcı ürəyi, yaradıcı qələmi.
Tanınmış qələm dostumuz, “Gürcüstan” qəzetinin redaktoru Süleyman Əfəndi yazır:
“...Zalqa rayonu Ərcivan-Sarvan kənd məclisinin sədri vəzifəsində çalışan dağlar oğlu Ələddinin hərdən ilhama gəlib şeir yazması, yeri gələndə hadisələrə poetik mövqedən yanaşması yalnız alqışalayiq haldır. Və həmin maraqla bir dəfə ondan soruşdum:
-Nədi səni ilhama gətirən Ələddin?
Qımışdı:
-Gəl bircə dəfə Gödəkli kəndinin hündürlüyündən dünyanı seyr elə, onda görüm necə ilhama gəlməyə bilərsən! Yazımız cənnətdir, vallah!-dedi”.
Bu da bayaqkı sualımızın daha bir cavabı!
El şairi Ələddin Rövşənoğlunun mövzuları göydəndüşmə deyil, el-oba, Vətən, torpaq, haqq-ədalət, yaxşı-yaman, dost-düşmən ovqatlıdır. Ən üstün cəhət budur ki, müəllif ilhama gələndə qələmə sarılmağa, ürəyini titrədən hisslərin təsiri ilə söz qoşmağa çalışır. Bəlkə elə buna görə də oxucu bəzən mühüm poetik qayda-qanunların yerli-yerində olub-olmadığının fərqinə belə varmadan şeirləri birnəfəsə oxuyur, müəllifin fikir-düşüncə işığının sehrinə düşür.
Bir neçə il bundan öncə Ələddin Danaçıyevin barlı-bəhərli ömür yolu haqqında söz söyləmiş başqa bir dəyərli dostumuz, tədqiqatçı-jurnalist, elmlər namizədi Şurəddin Məmmədli haqlı olaraq qeyd edir ki, Ələddin müəllim Ərcivan-Sarvan bucağımızın ləyaqətli, yurdcul övladlarından biridir. O, nəinki təkcə məclis sədri kimi, eləcə də el məsləhətçisi kimi hörmət qazanıb. Özünün dediyi kimi, neçə-neçə küsülünü barışdırıb, neçə-neçə öcəşməni alovlanmağa qoymayıb...
Bu da Ələddin Rövşənoğlunun insani keyfiyyətlərinin başqa bir tərəfi!..
Vətəncanlı yurddaşımız Ələddin Rövşənoğlu ulu Borçalıya, onu tanıyan və tanımayan çoxsaylı oxucuların görüşünə bir əlçim şeir toplusu ilə gəlib. Bu kitabdakı gəraylılar, qoşmalar, bayatılar, rübailər... kimin ürəyinə yol tapacaq, kimin könlüncə olacaq, kimin dilinin əzbərinə çevriləcək?
Bu sualların cavabını zaman verəcək...
Biz isə sazın, sözün, elin, obanın, torpağın qədrini bilən, dağlardan ilham alan qeyrətli eloğlumuz, xalq sənətkarı Ələddin Rövşənoğluya yeni-yeni uğurlar diləyirik.
Knyaz Aslan
.