Sizlərə təqdim etdiyimiz bu kitab
qədim Borçalı elində - indiki Gürcüstanın
Zalqa rayonundakı Culuxlu kəndində
dünyaya göz açmış və demək olar ki,
ömrünün ən gözəl dövrünü məhz burada
yaşayıb yaratmış uca boylu, pəhləvan cüssəli, lakin olduqca incə qəlbli, saz-söz-poeziya vurğunu Müsəllim Haqverdiyevin oxuculara təqdim etdiyi ilk kitabıdır. Tanınmış alim-tədqiqatçı Məmməd Sarvanın redaktorluğu ilə işıqüzü görmüş kitabda müəllifin Vətən və Yurd məhəbbətini, sevgi duyğularını əks etdirən, eləcə də həsrətdən, dərddən-qəmdən doğan şeirləri toplanıb. Eyni zamanda doğmalarına, əzizlərinə, yaxınlarına, dostlarına ünvanladığı şeirlər, nəsihətlər və təbriklər də yer alıb.
Hazırda müəllifin ikinci kitabını çapa hazırlayırıq. Aşağıda həmin kitabdan bir neçə səhifəni və eləcə də müəllifin bir neçə təzə şeirini oxucularımıza təqdim edirik. Müəllifə - Culuxlu Müsəllimə isə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Müşfiq BORÇALI.
MÜƏLLİFDƏN:
Mən - Müsəllim Dünyamalı oğlu Haqverdiyev 1938-ci il martın 27-də Gürcüstanın Zalqa (keçmiş Barmaqsız) rayonunun Teciz (Culuxlu) kəndində anadan olmuşam.
(Sənədlərdə adım Həsənpaşa yazılsa da, Məni el içində hamı Müsəllim kimi tanıyır.)
1953-cü ildə kəndimizdəki səkkizillik məktəbi bitirib, Marneuli Azərbaycan orta məktəbinə daxil olmuş, 1956-cı ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurmuşam.
Müəyyən səbəblərdən ali təhsil ala bilməmiş, özümə peşə seçərək həyat yolumu müəyyənləşdirib ailə, övladlar və mülk sahibi olmuşam.
Mən müəllimlərimi hər zaman böyük iftixarla xatırlayıram.
Onlardan kəndimizdə Azərbaycan dili və ədəbiyyatından dərs deyən Sədrəddin Xəlilovu, riyaziyyat müəlliməsi Xədicə Novruzovanı, Marneulidəki riyaziyyat müəllimim Şəmistan Məmmədovu, Tarix müəllimim Cümşüd Hacıyevi və başqalarını bu gün də minnətdarlıq hissi ilə anıram.
Nümunəvi şagird kimi məni lövhə qarşısına çıxarıb, əvvəlcədən "5" yazan, dərs soruşub sual verdikdən sonra isə üzünü şagirdlərə tutub - indi siz sual verin, - deyən, mənimlə qürur duyan müəllimlərimdən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, həyatda olanlara isə can sağlığı və xoşbəxtlik arzulayıram.
Təhsilimi davam etmədiyimə görə qoy onların ruhu məni bağışlasın.
Orta məktəb həcmində verdikləri bilikləri itirməyərək 57 il sonra az da olsa onun bəhrəsindən yazacam:
Əməyim, zəhmətim gözümə nur saçmış,
Onların bəhrəsi məni aldatmış.
Hörmətlə,
Müsəllim (Həsənpaşa)
Dünyamalı oğlu.
Müsəllim Dünyamalı oğlu.
Şöhrət-şanım Borçalım
Gəncliyimdə millətpərvər görmüşəm,
Ürəyimə dəyib, ancaq dözmüşəm.
Səbri-kəsam aşan vaxtı çox olub,
Özündən deyənin qəddin əymişəm.
Ataların məsləhətni anmışam,
Dərk eləyib ona sadiq qalmışam.
Döyülmə döy, altında yox, üstə ol,
Əməl edib boya-başa çatmışam/.
Alta çöküb döyülməkdən nə fayda,
Silinməz ləkədir qalacaq yadda.
Xəsislik eyləmə varını xərclə,
Bil darda qalmazsan vardı qanunda.
Ululartək dinimizi ananın,
Atam atasının, mən də atanın.
İziylə getmişəm, dini sevmişəm,
Dinə sataşanı peşman etmişəm.
Borçalı elliyəm, Eyvaz soraqlı,
Millətimə, dinə səbri qərarlı.
Xaçpərəst önündə heç vaxt sınmadım,
Müsəllim Culuxlu, bəlli soraqlı,
Doğma diyar, şöhrət şanım, Borçalım.
15.02.2015
Yaymağa gəldim
Dünyaya gözümü səndə açmışam,
Doğma yurdum şöhrətim-şanım Culuxlum.
Gəncliyimdən səndən uzaq olmuşam,
Doğma yurdum səni, görməyə gəldim.
Uzun illər səndən aralı düşdüm,
Çox xətalar gördüm oğluntək dözdüm.
Səfasını sürdüm, cəfasını gördüm,
Başım çəkənləri deməyə gəldim.
Gəncliyimdən əlli yaşına kimi,
Kəndi unutmadım daim eldəydim.
Xeyirdə şərdə xalqımla bir yerdəydim,
Son zamanlar yurda gələ bilmədim,
İndi səbəbini deməyə gəldim.
Mən uzaq düşsəm də eldən aralı,
Dost-doğma uğrunda səbri-qərarlı.
Yolumu gözləyən el oğulları,
Neyləmisən səndən, sormağa gəldim.
Bulaqlar önündə kef çəkənləri,
Baş-başa quzunu, erkək kəsəni.
Bəhsə durub hətta, cöngə kəsəni,
Olma unutmusan, bilməyə gəldim.
Səni şənləndirən adın ucaldan,
Biləydim xəbərin varmı onlardan?
Mənası yox harda yaşamasından,
Adın ucaldanı saymağa gəldim.
Söylə balam, indi kef keçirəndə,
Bulaqlar döşündə, şamlıq meşədə.
"Pavilyon" qurduran, şamlıq səpəni,
Yada salan varmı görməyə gəldim.
Doğma yurdum şöhrət-şanım varlığım,
Sən olmusan Ulu Baba ocağım.
Adım-sanım, ülfiyyətim, vüqarım,
Çörəyin tamını dadmağa gəldim.
Müsəllim ürəkdən səninlə bağlı,
Elinə yurduna səbri-qərarlı.
Culuxlu haqqında var yazıları,
Kəndi unutmasın el oğulları,
Ürək sözlərimi yaymağa gəldim.
22.02.2015
Müşfiq Mədədoğlunun
şərəfinə
“Borçalı elləri”
əsərinizi mən,
Oxumuşdum,
Sizi ordan bilirdim.
Həmin vaxtdan sənə
uğur diləyib,
Gənc Alim olduğna,
fərəhlənirdim.
Borçalı ellisən
Darvazlı Müşfiq,
Ulu ərənlərin
yadigarısan.
Muradovlar,
Hacı Səyyad yurdusan,
Alim Mədəd oğlu,
Alim olmusan.
Mehralı bəy yurdlu - Çobanlı Müşfiq,
Unutma elini, ol daim sadiq.
İgidlər, alimlər yurdudu Darvaz,
Şərəfinlə, özünsən elə layiq.
Maraqlı olsam da gənc Alim Sizə,
Səbəbi çox; öyrənə bilməmişəm.
Sağ olsun səbəbkar qoy aşkar edim,
Nəvəmə verdiyin qəzetdən bildim.
Hələ məqsədimə keçməzdən öncə,
Səmimi salammı atana yetir.
Sizlə fəxr eləyən həmyerlinizdir,
Ucal zirvələrə, eli sevindir.
Gənc yaşından özün hörmət qazandın,
Taleyin özündən, özün bac aldın.
Çox kitab oxuyub dərinə vardın,
Elmi tam mükəmməl öyrənmək üçün.
Vətən, el sevənin biri özünsən,
Borçalı oğlusan, millət sevənsən.
Ulu ərənlərdən dərs götürmüşsən,
Millətini axtaran, Alim oğulsan.
Din içində dinimizi bəsləmişsən,
Çətinliyə dözüb mətinləşmisən.
Onçün Allahımdan mən dönə-dönə,
Zirvələrə, ucalmanı dilərəm.
Sultan Süleymantək ol ömrü uzun,
Bütün türk dünyası dayağın olsun.
Sənə kəm baxanı, kor,şikəst olsun,
Sürünə-sürünə, qarşında çöksün.
Zər qədrini zərgər bilməmiş Alim,
Yetmişyeddi yaşa çatır Müsəllim.
Gəncliyimdə maraqlıydım təhsilə,
İndi sənlə, qürur duyum sevinim.
Çox şükür Allaha ünvannı bildim,
Arzu diləyimə sənlə yetişdim.
Səni görmək üçün maraqlı idim,
Şikəstliyim, imkan vermədi, Müşfiq.
Cavan alim olduğunu bilirəm,
Bir əmitək sənə uğur dilərəm.
Şirin arzularım səninlə olsun,
Qürur duyam, xoş sədana sevinəm.
Sən üçün səmimi diləyim çoxdur,
Müşfiqi görməkçün ürəyim coşur.
İnan ki, gəlməyə imkanım yoxdur,
Bir ayaqlı qalmış, indi Müsəllim.
Şirin könüllərdə yaşasın şerim,
Ucal zirvələrə görsün Müsəllim.
Mətləbin çin olsun, ay xoşbəxt Alim,
Mədəd qardaş ilə, sənlə fəxr edək.
Sən tək oğulları Tanrı qorusun,
Ucal zirvələrə Allah yar olsun,
Eşidib bilənin könlü şad olsun,
Müsəllimdən dilək sən üçün budur,
Şirin arzularla, qəlbi doludur.
10.02.2015.
Yubileyin mübarək, MÜŞFİQ BORÇALI!
Borçalısan gəncliyindən bəllisən,
Gənc nəslin simvolusan Müşfiq sən.
Yubiley ilindir qırxbeş yaşını,
Təbrik edib, sənə uğur dilərəm.
Zəhmətinlə gəncliyindən ad aldın,
Taleyin özündən, özün bac aldın.
Çox kitab oxuyub dərinə vardın,
Arzu mətləbin, çin olsun Müşfiq.
Vətən el səvənin biri özünsən,
Cavan gənclərimizin simvolu sənsən.
Əli qələm tutub ürək sözünü,
Yazanları, özün dərc etdirirsən.
Özüm dərk edirəm gəncliyində sən,
Millətpərəst görüb mətinləşmisən.
Aydındır onunçün öz millətimizə,
Səmimi qəlbinlə yardım edirsən.
Zər qeydinə zərgər qalar, ay Müşfiq,
Onu görməsəydim indi deməzdim.
Vətəni, milləti sevməyənlərin,
Vədinə aldanma uzaq ol Müşfiq.
Sən Mədəd oğlusan millət sevənsən,
Xalqının qədrini dərin bilənsən.
Onçün Yaradanın mən sənin üçün,
Dayaq olmasını, dilərəm Müşfiq.
Arzumdu mətləbinə çatasan,
Dünya miqyasında ad qazanasan.
Heç kimin önündə alçalmayasan,
Türk dünyası sənə dayaq, ay Müşfiq.
Mənim arzularımın simvolu sənsən,
Elminlə olubsan sən ona layiq.
Arzumdu məqsədinə yetəsən,
Zirvələrə ucalasan, sən Müşfiq.
Culuxludu, Başkeçiddə, Darbazda,
Qazaxda səslənə, keçə Bakıya.
Xoş sədan ucala Təbriz, Dərbənddə,
Çata Ankaraya, həm İstanbula,
Qardaş Mədəd ilə birgə fəxr edəm.
Müsəllimin sənçün arzusu çoxdur,
Şirin diləklərlə qəlbi doludur.
Yubileyin mübarək Çobanlı Müşfiq,
Ucal zirvələrə, olmusan layiq.
09.04.2015.
Elçin, ad günün mübarək!
İyirmi dörd yaşın keçir bilirəm,
Üç aprel gününü təbrik edirəm.
Sənə can sağlığı xoş günlər dilərəm,
Uzun ömürlü ol, var ol Elçinim.
Yadımdan çıxmayır heç körpəliyin,
Sənin dəcəlliyin, sənin keçmişin.
Artıq o illərin arxada qalır,
Arzu diləyinə çatasan Elçin.
Səmimi qəlblisən onu bilirəm,
Doğmalara mehribansan görürəm.
Ürəyini gözlərindən seçirəm,
O şirin qəlbinlə ucal Elçinim.
Atanın-ananın bir nəfərisən,
Onların gözlərinin nuru sənisən.
Artıq onu özün dərk etməlisən,
Sevindir, Allahın yar olsun Elçin.
Səni sevənlərdən Səbiş bacın var,
Dayı, əmi, bibi qızları da var.
Əmi, bibi oğulları qardaşdır,
Dərk et, sənin dayaqların var Elçin.
Çalışırsan ali təhsil alasan,
Gələcəyni özün düz anlamışsan
Görürəm onunçün çox darıxırsan,
Şəfərlə, uğurlu, yol sənə Elçin.
Əqidəli, mehriban qəlblisən sən,
Açıq ürəklisən doğma sevənsən.
Allaha çox şükür mətinləşmisən,
Coşğun ürəklisən, sezirəm Elçin.
Arzu edirəm təmiz nəsildən,
Sevəcəyin qızla tez evlənəsən,
Baban Müsəllimin məsləhətini,
Onu çoxdan edəydin Elçin.
Həm yaşın, həm toyun, mübarək Elçin.
04.03.2015
On bir yaşın mübarək, Ramil!
İyirmibeş martdır ad günündür bil,
Onbir yaşın mübarək olsun Ramil.
Şirin baxışınla qürur duyulur,
Allah özü sənə, yar olsun Ramil.
Bu gün tamam oldu onbir yaşında,
Xəyallar canlanır mənim başımda.
Gənclik uşaqlığın tən ortasında,
Olanı özünsən, əziz Ramilim.
Tanrı əxş etdiyi şansına qurban,
Bütün varlığımsan canına qurban,
Sən halal qanlısan, qanına qurban,
Oxu elmi, dərk et şirin Ramilim.
Sənin sağlamlığın mənim canımdır,
Damarında axan mənim qanımdır.
Ürəyin-ürəyim tam varlığımdır,
Baba arzularına çatasan Ramil.
Sev dərslərini oxu elmə sadiq qal,
Çalış savadlı ol, dərin bilik al,
Çox kitablar oxu elmə nəzər sal,
Oxşa sən Müşfiqə, alim ol Ramil.
Tanrıdır hamıya bəxtini yazan,
Dərin oxu savadlı ol, ad qazan.
Nəslimizdə yoxdur bir şeir yazan,
Babandır şeiri, yazan Ramilim.
25.03.2015.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.