"Biz düşünürük ki, Azərbaycan ölkəsi və xalqı çox gözəl idman oyunlarına layiqdir"
Tiflis. İyunun 6-da Xorvatiya velosipedçiləri Tiflisdən Azərbaycana yola düşüblər. Qonaqları yola salma mərasiminə Gürcüstan Velosiped Federasiyasının prezidenti Omar Pxakadze, Azərbaycan səfirliyinin rəsmiləri, jurnalistlər və Tiflis şəhərinin sakinləri qatılıblar. Xorvatiya velosipedçiləri Gürcüstanda onları səmimi və isti şəraitində qarşılayan bütün insanlara, Milli Olimpiya Komitəsinin bütün işçilərinə, Azərbaycanın Gürcüstandakı səfirliyinə və jurnalistlərə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Xorvatiya idmançıları Heydər Əliyevin Tiflisdəki büstünü gül-çiçk dəstələri ilə ziyarət etdikdən sonra Azərbaycana yola düşüblər. Məlumata görə, qonaqlarla birgə yerli idmançılar da Qırmızı Körpüyədək yürüş edəcək. Bu gün Xorvatiyalı idmançıların qrupuna gürcülərlə birlikdə Qardabaninin Nəzərli kənd orta məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı Almaz Məmmədov da qoşularaq idmanşıları Qırmızı Körpüyədək müşayiət edəcək.
“Pedalinac” velosiped klubunun yaradıcılarından biri, Xorvatiyadan Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar yürüş qrupunun rəhbəri Mladen Qaqeşa açıqlamasında Azərbaycana xoş təssüratlarla yola düşdüklərini və tezliklə istəklərinə çatacaqlarını bildirib: "Azərbaycan ərazisinə, I Avropa Oyunlarının açılış mərasiminə çatmağa tələsirik. Bu, bizim Xorvatiyada qərar qəbul etdiyimiz arzudur. Azərbaycanlıların qonaqpərvərliyinə vurğunam. Azərbaycan haqqında Zaqrebdəki Azərbaycan səfirliyində çox məlumat almışam. Bizim qrupun üzvləri də Azərbaycanı çox sevirlər. Azərbaycanlılar sülhsevər xalqdır. Mən Azərbaycan səfirliyinə və Gürcüstan Milli Olimpiya Komitəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Düşünürəm ki, velosipedlərimizin təkərləri tez-tez hərəkət edəcək və biz tezliklə Bakıda olacağıq. 3 min 200 kilometr yol gəldikdən sonra artıq bu yol bizə çətin olmayacaq və Azərbaycan sərhədinə 100 kilometr yol qalıb. Biz düşünürük ki, Azərbaycan ölkəsi və xalqı çox gözəl idman oyunlarına layiqdir. Mən fəxr edirəm, şərəf duyur və sevinirəm ki, mən də bu möhtəşəm oyunun bir hissəsiyəm, öz töhfəmi mən də verirəm. Bu, bizim əsl sevincimizdir. Hiss edirəm ki, Tiflis kimi, Bakı da bizi çox isti və gülərüzlə qarşılayacaq," Xorvatiya idmançısı bildirib.
Gürcüstan Velosiped Federasiyasının prezidenti Omar Pxakadze açıqlamasında idmançıların təxminən 4-5 günə Bakıda olacaqlarını bildirib. O, velosipedçilərin 3 min 800 kilometr yol qət edəcəklərini bildirib.
Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Elquca Berişvili Xorvatiya idmançılarının Gürcüstana gəlişi onlara sevinc bəxş etdiyini bildirib: "Bu, ikinci bir qrupdur ki, qəbul edirik. Komitəmiz üç gün bundan əvvəl artıq Azərbaycan ərazisində olan Portuqaliyadan gələn velosipedçiləri qəbul edib. Qonaqların gəlişi bizə sevinc gətirib. Tezliklə bizim idmançılarımız da "Bakı-2015" birinci Avropa Oyunlarına qatılacaq. İdmançılarımızı iyunun 8-də Azərbaycana yola salacağıq," E. Berişvili vurğulayıb.
Nizami Məmmədzadə