İlk anım tədbiri Borçalıda - Marneulidə Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və təşkilatçılığı keçirilib.
Tədbiri giriş sözü ilə AMM-in sədri Fazil Həsənov açıb, 20 Yanvar və 9 Aprel faciələrinin Azərbaycan və Gürcüstanın müstəqillik günlərinə aparan tarixi bir gün olduğunu bildirib.
Tədbirdə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev, Marneuli rayon icra hakimiyyəti başçısının müavini Kamandar İsmayılov, rayon bələdiyyəsinin rəhbəri Nəbi Abdullayev, "Qeyrət" Xalq Hərakatının rəhbəri Əlibala Əsgərov, Bolnisinin Faxralı kəndindən olan şəhid İlqar Əhmədovun qohumu Avtandil Əhmədov, 20 Yanvar faciəsinin şahidi, elm işçisi İsmixan Abdullayev və digər ictimaiyyət nümayəndələri çıxış edərək Qanlı Yanvar hadisəsinin dəhşətlərindən söhbət açaraq, bu faciənin yaddaşlardan silinməyəcəyini bildiriblər.
Tədbirdə 20 Yanvar hadisəsindən bəhs olunan film nümayiş olunub.
Tədbirdən sonra Azərbaycan səfirliyinin əməkdaşı İmran Abdullayev və parlament üzvləri Kirəc-Muğanlı kəndindən olan Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olmuş, şəhid Vəfadar Eminovun ata yurduna baş çəkiblər.
Tiflisdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyində 20 Yanvar faciəsi anılıb.
Yanvarın 20-də həmçinin Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycanın azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsinə həsr olunan foto əsərlərin sərgisinin açılışı olub.
Bolnisi rayonunun Faxralı kəndində isə 1990-cı ildə 20 Yanvar Bakı faciəsində şəhid olan İlqar Əhmədovun qəbri ziyarət olunub və sonra Arif Əliyev adına orta məktəbdə tədbir davam edib. zərbaycan səfirliyinin rəsmiləri İlyas Məmmədov və Vüsal Məmmədov, həmçinin SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, məktəb direktorları, müəllimlər iştirak etdikləri tədbirdə şagirdlər qəhrəmanlıq, torpaq və vətən haqqında şeirlər söyləyiblər.
Həmin gün Rustavidə - "Salam" Mədəni Xeyriyyə Cəmiyyətində də 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğullarının və qızlarının əziz xatirəsinə həsr olunan toplantıda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Cəmiyyətin sədri Maya xanım Rəcəbova 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qırğınlardan danışıb və vurğulayıb ki, həmin faciə Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilməklə yanaşı, həm də eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi.
Daha sonra Rustavi sakini, Şəhid Fariz Babanlının ruhuna dualar oxunub.
Şəhidin anasına "Quran-i Kərim" kitabı hədiyyə olunub.
Allah şəhidlərimizə rəhmət eyləsin...
Sədət QULİYEVA,
turan.info.az-ın Qarayazı üzrə
bölgə müxbiri.
.