"Ziya" qəzetinin və
"turan.info.az" saytının
Baş redaktoru
Müşfiq Borçalı
Qədim Qarayazı elində yaşayıb-yaradan,
Gürcüstan və Azərbaycanın
milli azadlıq hərəkatının fəallarından,
90-cı illərdə yaradılan "Ozan" Cəmiyyətinin
qurucularından olan
tanınmış qələm sahibi,
şair ZƏRGƏR MUSAnın
vəfatından kədərləndiyini bildirir,
mərhumun ailəsinə və
yaxınlarına dərin hüznlə
başsağlığı verir.
Allah rəhmət eləsin.
Ruhu şad,
məkanı cənnət olsun...
ŞAİR ZƏRGƏR MUSA ƏBƏDİYYƏTƏ UĞURLANDI
Avqustun 5-də əbədiyyətə uğurlanan şair Zərgər Musa (Musa Əsgər) ilə onun Qardabanidəki evində vida mərasimi keçirilib. Mərasimi şairin yaxın dostu, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət açaraq, Zərgər Musanın həyat və yaradıcılığı barədə danışmış və onun vaxtsız vəfatının həm Gürcüstan, həm də Azərbaycan yazarları üçün böyük itki olduğunu dilə gətirmişdir: "Zərgər Musa o şairlərdən idi ki, yazdıqları ilə yaşadıqları arasında təzad yox idi. O, hər zaman öz səmimi vətəndaş mövqeyi ilə seçilirdi: Gürcüstanın da, Azərbaycanın da çətin günlərində bir an belə düşünmədən yardıma qaçan, heç nəyini əsirgəməyən əsl millət oğlu idi. Zərgər Musa bizlərə miras olaraq, üç kitabı ilə birgə, üç gözəl, əxlaqlı və xeyirxah övlad qoyub getdi. Hamımızın başımızın sağ olsun..”, - deyə Rafiq Hümmət bildirib. ”
Sonra şairin yaxın dostlarından Rustavi şəhər meriyasının məsul işçisi Bəhram İsayev, "Yeni yol” qəzetinin redaktoru Afiq Muxtaroğlu, dövlət qulluqçusu Firdovsi İsgəndərov çıxış etmiş, öz ürək sözlərini dilə gətirmişlər.
Gücüstan müsəlmanlarının baş müftisi Yasin Əliyev mərhumun ruhuna dualar oxumuş və ona uca Rəbbimizdən rəhmət diləmişdir.
Gürcüstanın dörd bir yanından şairlə vidalaşmaq üçün gələn çoxsaylı insanlar arasında sənət dostları – Tapdıq Yolçu, Kamandar Mamocoğlu, Əsəd Əliyev, Cambul Məmmədli, Akif Xansultanlı, Əbdüləli İbrahimsoy, Abay Paşayev, Azər Musaoğlu, Fazil Bayramov, Binəli İslamoğlu, Anar Rafiqoğlu və başqaları da olmuşlar.
Xatırladaq ki, xeyli vaxt ağır xəstəlikdən əziyyət çəkən və avqustun 3-də vəfat edən Zərgər Musa 1955-ci ildə Dmanisinin (Başkeçidin) Dağ-Arıxlı kəndində doğulub. Orta məktəbi Qardabani şəhərində bitirib. Dövri mətbuatda, toplu-almanaxlarda davamlı olaraq öz şeir və poemaları ilə çıxış edib.
Müxtəlif illərdə iki şeir və bir pyeslər kitabı "Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin nəşri” seriyasından Tbilisidə nəşr olunmuşdur.
Məkanı nurla dolsun!
R. Anar
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.