“Filosof gözləri” tablosu

“Filosof gözləri” tablosu (Borçalı elinin görkəmli alimi
professor Camal Mustafayevə həsr edirəm.)


Rəssam, heyrətə sal bütün aləmi,
O dalğın gözləri əbədiləşdir!
O gözlər müdriklik məbədi kimi
Sokratın bizimlə görüş yeridir.

“Filosof gözləri” tablosu yarat,
Orda fikirlərin görüm rəngini.
Açılsın gözlərim önündə qat-qat
Düşünən bir beyin xəritə kimi.

Qoy görüm baxanda mən o gözlərə
Qayğılar, gileylər silsiləsini,
Eşidim yalana, xainə, şərə
Filosof qəlbinin üsyan səsini.

Rəssam, heyrətə sal bütün aləmi!..
Çəkdiyin o gözlər dost olsun mənə,
Laməkan ruhumu pərvanə kimi
Çağırsın işıqlar səltənətinə.

O gözlər – el üçün yanan bir çıraq,
Yetimə-yesirə sığınacaqdı.
Gündüzlər fikirli, gecələr oyaq,
O gözlər mənimçün pirdi, ocaqdı!

O gözlər – Allaha yaxındı, yaxın,
Göy üzü Allahla görüş yerləri.
Baxın, o gözlərdən dünyaya baxın,
Sülhə dost olacaq döyüş yerləri!

Rəssam, qoy zamandan intiqam alsın
Heç vaxt qocalmayan alim gözləri.
Çəkdiyin gözlərdə əbədi qalsın
İnsan zəkasının parlaq səhəri!...

Cavidan
(Orxan Sadəddin oğlu Əfəndiyev)



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: