Baxsana, yurdunda bostan əkirlər,
Torpağın torbada daşınır sənin;
Millətdə bu boyda səbir olarmı,
Millət, səbir kasan daşmırmı sənin?!
Yenə daşlı başın yad əllərdədi,
Səni öz əlinnən daşa tuturlar.
Bir bax, öz əlinnən öz torpağını
Torbada özünə daşıtdırırlar.
Sən öz torpağında qulsan-köləsən,
Sən öz torpağında nökərsən belə;
Millət, gör nə günə qoyublar səni,
Millət, bu nə gündü – çəkirsən belə?!
Sən öz torpağında özgələr üçün
Torpaq daşıyansan, daş qaldıransan…
…Başını yastığa qoyublar sənin,
Millət, çaşıb birdən baş qaldırarsan!
03.06.2009
DƏDƏ YALINCIQ
Göydən başımıza daş heykəl yağır,
Qalmışıq altında bu yağan daşın.
Bütün yalanlara heykəl qoymuşuq,
Bizdə heykəllər də yalan danışır.
Heykəllər qoymuşuq yalançılara,
Indi bu ölkənin budu görkəmi;
Yalan bu ölkədə meydan sulayır,
Yalançı heykəllər tutub ölkəni.
Biz heykəl qoymadıq Dədə Qorquda,
Bir – Dədə Qorqud var, bir də – Yalıncıq;
Amma heykəl qoyduq Yalıncığa biz,
Adını qoyduq ki: "Dədə Yalıncıq".
01.12.2011
NUŞIRƏVAN VƏ BAYQUŞLARIN SÖHBƏTI
Bayquş, nə öyünürsən bu xarab işlərinnən,
Yenə bu xarabada nə döşünə döyürsən?
Bu ölkəni xaraba qoyduğun bəs deyilmi,
Sən hələ durub ona "abadlıq" da deyirsən!
Talayanlar talayır, ulayanlar ulayır,
Hər yer xaraba qalıb, heç nəyə tövbə yoxdu…
Bayquş, sən bu ölkədə niyə öyünməyəsən,
Dünyanın heç yerində belə xaraba yoxdu.
…Qaranlıq bayquşların gözünün işığıdı,
Abadlıqdı xaraba bayquşların gözündə;
Əgər bayquş gözüynən baxsaq bu dünyaya biz,
Yaşayırıq dünyanın "ən abad" ölkəsində.
05.01.2012
NEFT QUYULARI
Eh, bu torpağa yıxılmaq
Mənim alnıma yazılıb;
Hər gün ayağım altında
Neft quyuları qazılıb.
Quyular qazılıb mənə,
Dərindi quyum quyudan;
Görün, nə boyda neft çıxır
Mənim düşdüyüm quyudan!..
Bütün kökümü qazırlar,
Bütün soyumu qazırlar…
Hər gün bu doğma torpaqda
Mənim quyumu qazırlar.
08.06.2008
KIŞI KIMI
Dünyaya hər sifətdə adamlar gəlir,
Özlərini hər sifətə salıb gedirlər…
Görəndə ki, kişi kimi yaşamaq olmur,
Kişilər kişi kimi ölüb gedirlər.
Kişilər qarışırlar daşa-torpağa,
Kişilik sifəti var daşda-qayada.
Görəndə ki, kişi kimi yaşamaq olmur,
Kişilər qala bilmir daha dünyada.
Amma dünya nə olsa da, yenə dünyadı,
Nə olsa da, bu dünyada yenə dəyər var;
Kişi kimi yaşamağa yer olmasa da,
Hər addımda kişi kimi ölməyə yer var.
13.10.2009
DƏB
Hərə bir ağılnan baş dolandırır,
Başlar ağıllıdı, başlar dolanır;
Hamı boyun əyib ŞƏRin önündə,
Kəfəni boynuna heç kim dolamır.
Hərəyə bir şirin can düşüb daha,
Hərəyə bir şıltaq bədən düşübdü;
Kəfəni boynuna heç kim dolamır,
Kəfən bu ölkədə dəbdən düşübdü.
Hamı boyun əyib ŞƏRin önündə,
Deyəsən, bizimki qalıb Allaha...
Kəfəni boynuna heç kim dolamır,
Hamının boynunda xələt var daha.
26.04.2001
SƏS-SƏSƏ
Bizə ilham pərisi
Elə bil nəsə verib;
Hamı mahnı oxuyur,
Hamı səs-səsə verib.
Bizdə səs-səsə verib
Vətənin oğlu-qızı.
Düşmən əl-ələ verib
Aldı torpağımızı.
Yaxşı ki, hələ torpaq
Qalıbdı əlimizdə;
Mahnı oxuyuruq biz
Qalan torpağın üstdə.
08.05.2009
BIĞ
Sən axı “kişilik” deyə
Bu bığı eşdikcə-eşdin;
Kişi, sən bu boyda bığnan
Saqqal altdan necə keçdin?!
Bığın qılınca bənzəyir,
Bığın bir kişiyə bəsdi;
Kişilər bu boyda bığnan
Qılınc altdan da keçməzdi.
Bığ kişiyə bəzək deyil,
Gəl bığı bəzək eləmə;
Bəsdi, Koroğlu bığıynan
Keçəl Həmzəlik eləmə!
21.10.2004
YAL
Elə ür, eşitsinlər,
elə ür ki, görsünlər;
Bu ölkədə yemək yoxdu,
bu ölkədə yal var,
Ür, sənə yal versinlər.
Yaxşı yal var,
sən hamıdan yaxşı ür,
Kimin üstə qısqırsalar –
işini tut yerində.
Bu ölkədə it olmaqdan utanma,
Bu ölkədə
itlər adam yerindədi,
adamlar – it yerində.
Bu ölkədə yemək yoxdu,
bu ölkədə yal var;
Bu yal üçün
gecə-gündüz ürməlisən,
başqa yol yoxdu;
Bu ölkədə
ürməyənə yal yoxdu.
03.09.2000
ALLAH
Mənim ac qalmağım Allahdan deyil,
Mən özüm-özümü yenə bilmirəm;
Hərə yeyib gedir öz Allahını,
Mən öz Allahımı yeyə bilmirəm.
Hamı bir Allahı yeyib dolanır,
Allahın özü də baş açmır acdan;
Hamı bir Allaha and içə-içə
Yeyir bir Allahı hərə bir ucdan.
Allah dedikləri – yağlı tikədi,
Əliynən-dişiynən uzanır hamı...
Neylim, mən Allahı yeyə bilmirəm,
Mən yeyə bilmirəm öz Allahımı.
Mənim Allahım var başımın üstdə,
Dünyadan ürəyim bulanır yaman;
Neylim, ürəyimi tutub baxıram
Allahı qarnında olanlara mən!
09.12.1996
UYUQ
Ölübdü, itibdi – nədi, bilmirəm,
Onu bilirəm ki, O, yoxdu daha;
Allah dedikləri göydəki Кişi
Bostana qoyulmuş uyuqdu daha.
Eh, onu nə vaxtdı göydən endirib
Dikəldib qoyublar bu yer üzündə;
O da adamlara yaxın düşəmmir,
Qoruyur düzlüyü çölün düzündə.
Eh, onun gözləri önündə hər gün
Dünya boğazacan batır günaha...
Ondan adamların qorxusu yoxdu,
Uyuq olduğunu biliblər daha.
Daha endiriblər Allahı göydən,
Endirib qoyublar uyuq yerinə...
...Mən də “Allah!” deyə bir Tək Uyuğun
Üzümü sürtürəm ayaqlarına...
26.07.1998
TÜPÜRƏN
Kişi tüpürdüyünü yalamaz.
A t a l a r s ö z ü
Tanrı məni yaratdı ki, get tüpür,
Yaratdı da – saldı məni oyuna;
Tüpürməyə – nə desən var,
tüpürən yoxdu,
Yaratdı ki, tüpürmək – sənin boynuna.
Tanrı məni yaratdı ki, get tüpür,
Hər addımda tüpürməsəm, günüm gün olmaz.
Yaranandan, tüpürməyin ustasıyam mən,
Bu torpaqda məndən yaxşı, tüpürən olmaz.
Tüpürməkdə Tanrı məni tək yaradıbdı,
Təkbaşına – bu təpərnən gedirəm;
Hamı tüpürdüyünü yaladıqca
Mən tüpürə-tüpürə gedirəm.
04.01.2002
KÖÇƏRI QUŞLAR KIMI
Nə yurdun var, nə yuvan,
Eh, dərdin – bir tikə dən…
Eh, bu ölkənin sənə
Istisi-soyuğu yox;
Köçəri quşlar kimi,
Gedəsən bu ölkədən.
Bu yolnan ürəyini
Bir azca soyudasan.
Köçəri quşlar kimi,
Gedəsən bu ölkədən;
Doğulanda gedəsən,
Öləndə qayıdasan.
Öləsən qürbətdəcə,
Qapayalar gözünü;
Geri dönəndə artıq
Gözün qapanmış ola,
Bu ölkədə heç kəsin
Görməyəsən üzünü!
24.11.2008
BU TORPAQ DEYILƏN ŞEY
Çox da boyuna baxma
Bu dağların-daşların;
Nəsə, ikiüzlüdü
Bu torpaq deyilən şey;
Yeyəndə toxlarındı,
Qoruyanda – acların.
Torpağın dar günündə
Toxlar qarnına qıymaz;
Aclar öz sinəsini
Yenə verər qabağa;
Yenə acları çağır
Torpağı qorumağa.
Torpağın dar günündə
Toxlar gözə görünməz;
Bu torpaq deyilən şey
Tox qarına qorunmaz.
28.01.2009
ANAM YATAN TORPAĞA YAZDIĞIM YAZI
And içib andığım sənsən,
And yeri sandığım sənsən;
Torpaq, inandığım sənsən,
Anamı sənə tapşırdım, torpaq!
Üz tutduğum yönsən daha,
Gözlədiyim günsən daha;
Torpaq, anam sənsən daha,
Anamı sənə tapşırdım, torpaq!
Dolanam – Gününnən yaxam,
Bulanam – suyunnan axam...
Mənim – əlimdi, sənin – yaxan,
Anamı sənə tapşırdım, torpaq!
...Suyunnan gözlərimi suvardım,
Odunnan ürəyimi bişirdim, torpaq!
Anam mənə tapşırdı səni,
Anamı sənə tapşırdım, torpaq!
12.05.1988
SÜD IYI
Hamı – dünyaya gələndə
Ağzından süd iyi gəlir;
Sonra ortaya hər kəsin
Hər gün öz yediyi gəlir.
Amma bu dünya süd deyil,
Ağızlar daraşıb leşə.
Leş iyi verən dünyada
Di gəl, süd iyiynən yaşa!
Deyirəm, oğul odu ki,
O südü qoruya bilsin;
Bu dünyadan gedəndə də
Ağzından süd iyi gəlsin.
25.03.2011
İT ÜRƏN
Göy üzündən işıq gəldi,
Yer üzündən it ürdü;
Eh, mən – işıq dəlisi –
getmədim ulduza-Aya;
İşıq gələnə getmədim,
it ürənə gəldim;
Lap nağıldakı kimi gəldim dünyaya.
Gözlərimdə – işıq,
qulaqlarımda – it səsi,
Lap nağıldakı kimi
qaranlıq bir dünyada doğuldum;
Ulduzlara ürən itlər arasında
İndi mənim yaşamağım nağıldı...
Gəldim it ürənə – üzümdə işıq,
İt üzü göstərdi üzümə hər yer...
...Mənə ömrüm boyu it günü verdi
Yer üzü deyilən bu it ürən yer.
17.07.1996
GÖNDƏRİŞ
Məni yaşamağa göndərib Allah,
Amma mən ölümün yolunca getdim;
Allah öz işinə göndərib məni,
Mənsə öz işimin dalınca getdim.
Bu ömrü çiynimdən atdım yük kimi,
Allahın yükünü daşımadım mən;
Məni yaşamağa göndərib Allah,
Amma bircə gün də yaşamadım mən.
Beləcə Allahın gözündən uzaq,
Gündü – boş-boşuna düşüb sayıram;
Məni yaşamağa göndərib Allah,
Yazıq elə bilir, mən yaşayıram.
13.01.1999
YARAŞIQ
Gecəm-gündüzüm budu,
Günüm-ayım belədi;
Mənə bu dünyada
qəbirdən savayı heç nə yaraşmır,
Neyləyim, boyum belədi.
Boyumdan torpağa baxdım,
Torpaqdan boyuma baxdım,
Görən, kim yaradıb
bu torpağı-bu daşı mənə?
Başımda – daş, ayağımda – torpaq,
Nə qədər yaraşır mənə!
...Mənə bu dünyada qəbir yaraşır,
Yaraşır yerimə-göyümə torpaq;
Dünyaya gələndən başı daşlıyam,
Nə qədər yaraşır boyuma torpaq!
10.05.1994
ALNIMA YAZILAN
Anlaya bilmirəm alın yazımı,
Alnıma yazılan dərin yazılıb;
Anlaya bilmirəm bu dərinliyi,
Elə bil alnımda qəbrim qazılıb.
Bir qəbir dərinlik ölçümdü mənim,
Diricə bir qəbir – nə çox, nə də az...
Mənim alın yazım qəbirdi, Allah,
Allah, bu qəbirdə adam yaşamaz!
Tutmuşam başımı baş daşı kimi,
Mənə bu dünyanın hər üzü birdi...
Ay Allah, alnıma yazdıqlarını
Elə baş daşıma yaza bilərdin!
...Anlaya bilmirəm alın yazımı,
Neylim, daş dilini bilmirəm axı...
Mən ki qəbirdəyəm yaranışımdan,
Ay Allah, bəs niyə ölmürəm axı?!
25.06.1999
DAĞ
Dağı-dağ üstə qoydum…
Və düzdə qaldım axır;
Daşı-daş üstə qoymaq
Əlimdən gəlmir axı.
Can qoydum bu dağlara,
Hamısı – boş-havayı;
Eh, dağın nəyi var ki,
Ucalıqdan savayı.
Dağı-dağ üstə qoydum,
Nə var ki, bundan asan;
Mən də adam olardım,
Daşı-daş üstə qoysam.
13.10.2008
UCALIQ (3)
Dərdin yeri ucalıqdı,
dərd ucadı, unutma;
Əgər dərd istəmirsənsə,
başını uca tutma.
Ucalığı dərdnən ölçüb –
dərdi ölçü ğötürən.
Başıyın ucalığıdı
başına dərd gətirən.
Indi özün seç – ya dərdnən,
ya dərdsiz yaşamağı;
Əgər dərd istəmirsənsə,
başını sal aşağı…
27.08.2008
BAŞ
Başı qorumaqdı ayağa düşmək,
Ayaqlar altında başlar sürünür.
Deyəsən, başımı çox uca tutdum,
Ha yandan baxırsan, başım görünür.
Elə gecə-gündüz başımdakılar
Ayaqda saxlamaq istəyir məni;
Deyəsən, başımı çox uca tutdum,
Hamı ayaqlamaq istəyir məni.
Bu dünya qarşımda baş-ayaq durur,
Neyləyim, bu dünya bu cürmüş axı...
Allah, mən başımnan ölçdüklərimi
Hamı ayağıynan ölçürmüş axı.
19.10.2004
QURD VƏ QUZU (2)
Qolumda qurd gücü var,
Qurd dişidi dişlərim;
Amma quzu işidi
Mənim bütün işlərim.
Qaynayan qurd qanıynan
Damarlarım çatlayır;
Amma yenə içimdə
Qurd quzuynan otlayır.
Ha yana gedirəmsə,
Məni tuturlar daşa…
Di gəl, qurd ola-ola
Bir quzu kimi yaşa!
02.12.2010
BÜLBÜL
Bu quşun gözünün yaşına bax bir,
Bu daşı-torpağı göynədə bilir!
Allahın əl boyda quşuna bax bir,
Dünyanı yerindən oynada bilir!
Bu boyda dünyanın işinə bax bir,
Dünyanı yerindən oynadan quşu
Sərçə də döyə bilir!
Qarğa da yeyə bilir!
...Allahın əl boyda quşuna bax bir!
Bu boyda dünyanın işinə bax bir!
11.12.1986
LƏLƏK
Şairlər yer üzünün
Yolunu öyrəndilər;
Lələkdən qələm düzəldib
Göydən yerə endilər.
Qanadlar yavaş-yavaş
Unutdu öz yerini;
Şairlər unutdular
Göydən gəldiklərini…
…Məni bu yer üzündə
Vurdular yerdən-yerə;
Qələmdən lələk düzəldib
Qayıdıram göylərə.
06.06.2011
SAMAN ÇÖPÜ (2)
Suda boğulan saman çöpünə sarılar.
A t a l a r s ö z ü
Dərd axnayır üstümə
Axın-axın dünyada;
Qələm saman çöpüdü
Boğulduğum dünyada.
Əl atıram qələmə,
Eh, başqa nə yolum var?!
Nə yaxşı ki, dünyada
Heç olmasa, qələm var.
Son nəfəsdə adama
Bir çöp də kömək olur;
Bir saman çöpü boyda
Umudnan ölmək olur.
30.08.2010
İKİ UŞAQ
Elə sən alın yaz, mən şeyir yazım,
Gəl oyun oynayaq alnımda mənim;
Göydə sən Uşaqsan, yerdə – mən, Allah,
Dərd – sənin əlində, qələm də – mənim.
Allah, mənim üçün göydəndüşməsən,
Durmuşam dünyada üz-üzə sənnən.
Gəl mənim alnımda oyun oynayaq,
Allah, alın – məndən, yazısı – səndən.
Elə sən alın yaz, mən şeyir yazım,
Oynadaq ikimiz bir oyuncağı...
...Sən mənim əl boyda alnımda, Allah,
Daha nə oyundan çıxmadın axı?!
Ağlına nə gəldi – alnıma yazdın,
Adını qoydun ki, “ÖMÜR-GÜN olsun...”
...Alnım sənin üçün oyun yeridi,
Yaxşı oynayırsan, oyunun olsun!
15.01.2002
ÖZ-ÖZÜMƏ
Öz-özümə danışıram evdə-eşikdə,
Öz-özümə danışıram küçədə... işdə...
Bilmirəm, bu nəydi – başıma gəldi,
Bilmirəm, nə oldu mənə bu yaşda?!
Eh, özümü unudub mən dərddən – danışıram,
Eh, mağıl adamıydım mən dərddən susandaca.
Bilmirəm, bu yaşımda mənə nə oldu axı,
Öz-özümə danışıram yolun ortasındaca.
...Birdən ürək sinəmdə alışmağa başlayır,
Birdən dünya gözümdə qarışmağa başlayır...
...Neyləyəsən,
Adamınkı özgələrə danışmaqdan keçəndə
Adam öz-özünə danışmağa başlayır.
02.01.1993
QAN DÜŞMƏNİ
Üç yaşlı oğluma
Bilmirəm, nə tez tapdı sevər yerimi oğlum,
Bilmirəm, nədən bildi yazıq yerimi?!
Gündə kağızlarımı cırıb-dağıdır,
Gündə cırıb-tökür yazdıqlarımı.
Yalvarıram, eşitmir ki-eşitmir,
Gəlir toxunur elə ağrı düşən yerimə...
Nəsə, oğlum elə bil
yazdığım kağızların
qanına susayıbdı,
Nəsə, düşmən kəsilib
oğlum şeyirlərimə.
Oğlumu
şeyirlərimin üstünə qaldıran
bilmirəm, kimdi,
Bilmirəm, kim onun qulağını doldurub?!
Elə bil qan düşməninin üstünə yeriyir oğlum,
Elə bil bu şeyirlər atasını öldürüb!
06.09.1995
DAŞ (1)
Sözün şəkərinə şirnikdim yaman,
Dərdi ürəyimdən süzdüm daşıdım;
Sordum axıracan söz şirəsini,
Yerində qalanı sözün daşıdı.
Sordum axıracan söz şirəsini,
Bu daşlı yolların başına çatdım.
Yerində qalanı sözün daşıdı,
Axır ki, sözün də daşına çatdım.
Söz imiş dünyanın axırı, qardaş,
Daşlara söz kimi yazdım özümü.
Sözün şirəsini sordum daşacan –
Gəzdim axıracan... – gəzdim özümü.
Mən sözü axtarıb axıra çıxdım,
Bəs mənim gəzdiyim hanı dünyada?!
...Sözün şirəsini sordum daşacan,
Daşqalaq eləyin məni dünyada!
08.03.1989
BİR DAMCI
Mənə bircə damcı güc verib Allah,
Gücüm bu ölçüynən düz gəlir elə;
Sıxıram qələmə bütün canımı,
Cəmi bircə damcı söz gəlir elə.
Cəmi bircə damcı gücüm var mənim,
Bu boyda bir daşdı önümdə yer-göy;
Allahın verdiyi bir damcı gücnən
Döyürəm bir daşı damcı-damcı hey.
Mən bu dünya boyda bir daşa qarşı
Tükənmək bilməyən bir damcı gücəm;
Bilirəm gücünü bircə damcının,
Dünyanı daş kimi yarıb keçəcəm.
11.03.2004
GÜC (2)
Bu dünyada şair varsa, şah da var,
Bu dünyada öz yeri var hər kəsin;
Şair gərək yaxşı bilsin yerini,
Şair gərək şah önündə baş əysin.
Yenə şahın cəlladları hazırdı,
Yeri-göyü silkələyir qoşunu;
Amma şair əyilmir ki-əyilmir,
Qələm kimi dik tutubdu başını.
Yenə zulum qoşun-qoşun yeriyir,
Hər tərəfdən axıb gəlir qan-qada...
Şair yenə bir qələmə söykənib,
Bir qələmin gücünə bax dünyada!
20.10.2004
NAMIS YERİ
Vurur şairləri yenə bu dünya,
Deyəsən, iş yenə qılınca düşüb.
…Bir ölkə – şahından-darğasınacan –
Yenə bir şairin dalınca düşüb.
Yenə yol tapdılar şair vurmağa,
Yenə yapışdılar şərin şərindən;
Namıs şairlərin sevər yeridi,
Vurdular Puşkini sevər yerindən...
Yenə namıssızlıq baş alıb gedir,
Yenə şər yeriyir, yalan yeriyir.
Şairlər zamanın namıs yeridi,
Şairlər zamanı qanıynan yuyur.
Namıs çiçəkləyir şair qanından,
Qan axır dünyanın şərindən axı...
Şairlər zamanda güllə yeridi,
Bilir öz yerini şairlər axı.
...Zamana baxırsan, güllələr – dərin,
Dünyaya baxırsan, adamlar – dayaz...
Şairlər zamanın namıs yeridi,
Namıs ölən yerdə şair yaşamaz.
18.08.1988
SON NÖQTƏ
Bir güllə sıxam alnıma,
Bir şeyir üstdə uyuyam;
Nöqtə boyda bir gülləynən
Hər şeyə nöqtə qoyam.
Axır, qutaram özümnən,
Qalmaya daş üstdə-daşım.
Düşə bir nöqtə kimi,
Bir kağızın üstə başım.
...Bir kağız – üzü-üzümə,
Bir qələm – gözü-gözümə...
Bir şeyrin son nöqtəsitək
Bir nöqtə qoyam özümə.
16.07.1996
BİRCƏ DAR AĞACI...
Qaranlıqdı bu yolların hər yönü,
Qaranlıqdı bu dünyanın hər yanı.
Gözümü açandan – bir işığa doğru
Yüyürdüm bu qaranlıq dünyanı.
Yüyürdüm... dünyanın önündən keçdim,
Yüyürdüm... dünyanın sonundan keçdim...
Bir ömrün hər üzlü dar günündən keçdim,
Şair olmağıma
bircə dar ağacı qalırdı...
İndi ya olmağa olum qalırdı,
Ya da ki ölməyə ölüm qalırdı...
Bircə dar ağacı yolum qalırdı,
Nəfəsim çatmadı şair olmağa.
26.11.1991
SÜD ARXI
Ürəyim doludu xoş ağrılarnan,
Şeyir, sən ağrısan, mən – ağrı çəkən;
Min ildi, qələmnən külüng çalıram,
Min ildən bir gəlir süd arxı çəkən.
Ürəyim dağ yarıb süd arxı çəkir,
Fərhadın günüdü günüm, ay şeyir.
O qız heç nə görmür, tacdan savayı,
Nəyimə lazımsan mənim, ay şeyir.
Neyləyim, başımda tac yoxdu mənim,
Neyləyim, o qızın gözündə yoxam;
Ay şeyir, nəyimə lazımsan axı,
Kimdi bu dünyada külüngə baxan.
Ay şeyir, yalandan yanırsan elə,
Bir soyuq tac boyda görkəmin olmur.
Dünyaya min ildə bir Şirin gəlir,
O da süd arxını çəkənin olmur!
...Sən mənim nəyimə lazımsan, şeyir?!
26.06.1982
BURАХ GЕDİМ
Yandığımı yandım daha,
Öldüyümü öldüm daha.
Aramızdan illər keçib,
Qoy qocalım gedim daha.
Səni gördüyüm o gündən
Cavanlıq çıxmır canımdan...
Çəkil gözlərim önündən,
Qoy qocalım gedim daha.
Burax gedim üzü vaxta,
Mənim vaxtım gedib çoxdan...
Öldüm cavan yaşamaqdan,
Qoy qocalım gedim daha.
24.10.1991
.