TƏBRİK EDİRİK, RAFİQ HÜMMƏT!..

TƏBRİK EDİRİK, RAFİQ HÜMMƏT!..
Bu gün - fevralın 13-ü
Azərbaycan Yazıçılar Birliyi
Gürcüstan bölməsinin sədri,
Tiflisdəki “Varlıq” Mədəniyyət
Mərkəzinin rəhbəri,
“Varlıq” qəzetinin baş redaktoru,
istedadlı şair-tərcüməçi
və tanınmış publisist
Rafiq Hümmətin Ad Günüdür.
Qələm dostumuzu
Ad Günü münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında,
bədii yaradıcılığında və
ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..
Aşağıda isə ötən il Rafiq Hümmətin
50 illik Yubileyi münasibətilə
çap olunmuş ürək sözlərimizi
və şairin bir neçə şeirini
bir daha oxucularımıza
ərmağan edirik.

Müşfiq BORÇALI.

RAFİQ HÜMMƏT (1965)


Rafiq Hümmət oğlu Hümmətov 1965-ci il fevralın 13-də qə­dim Borçalı ma­halının Bolnisi rayonundakı Dar­vaz kəndində el ağsaqqalı Aşıq Unusun ailəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarından ailə­lərində saz-söz məclislərinin şahi­di olan Rafiq də doğma kənd­lərin­dəki orta məktəbdə oxu­duğu vaxtlardan saz çal­mağı öyrən­miş, aşıq sə­nə­ti­nin incə sir­lə­rinə yiyələnmiş və xalq yara­dıcılığı ruhunda şeir­lər yazaraq yerli mət­buatda çıxış etmişdir. 1982-ci ildə orta məktəbi bitir­dik­dən və əsgəri xidmət borcunu layiqincə yerinə yetir­dik­dən sonra 1986-cı ildə A.S.Puşkin adına TDPİ-nin (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedoqoji Universiteti) filologiya fakültəsinə daxil olmuş və buranı 1991-ci ildə başa vur­muşdur.
Elə hə­min ildən “Sovet Gürcüstanı” (indiki «Gür­­cüs­tan») qəzetində fəaliyyətə başlayıb.
Bir müd­dət Rustavi şəhə­rində çap olunan “Region” qəzetində redaktor işləyib.
1998-ci ildən bir neçə il Bakı­da yaşayıb, burada bir çox mətbu orqanlarla, o cümlədən “Şərq”, “Faktor” “Yeni Azərbaycan” qəzetləri ilə əməkdaşlıq edib, “Milliyət” qəzetinin baş redaktoru olub.
2000-ci ildə Azərbaycanda gənc yazarlar üçün təsis olunmuş Prezident təqaüdünə layiq görülüb.
2004-cü ildə Gürcüstana qayıdıb və Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri seçilib, dilimizdə “Ədəbi Gürcüstan” adlı qəzet nəşr etdirib.
2009-cu ilin yazından Tiflisdəki “Varlıq” Mədəniyyət Mərkəzinin sədri, “Varlıq” həftəlik qəzetinin baş redaktorudur.
Son illərdə çap olunmuş bir neçə kitabın tərtibçisi və redaktoru olmuşdur. O cüm­lədən, «Ədəbi Gürcüstan» məcmuəsi məhz onun gərgin əməyinin nəticəsi olaraq işıqüzü görmüşdür.
“Koroğlu” eposu, “Min bir Azərbaycan bayatısı”“Hekayələr və nağıllar” toplusu iki dildə - gürcü və Azərbaycan dillərində hər biri ayrıca kitab halında məhz R.Hümmətin rəhbərliyi ilə nəşr olunub.
Uşaq yaşlarından dövri mətbuatda çıxış edən Rafiq Hümmətin şeirləri son­ralar «Dan ulduzu» (Tiflis, 1987, 1989, 1990), «Ağır elli Bor­çalı» (Bakı,1990; Ərzrum, 1996) ədəbi məcmu­ələr­in­də, «Gənc­lik», «Ulduz», «Azər­baycan» jurnallarında və s. mətbuat or­qanlarında işıq üzü gör­müş Ra­fiq Hümmətin yaradıcılığının əsas mövzusunu - vətən, torpaq, yurd, el-oba məhəb­bəti, kökə bağ­lı­lıq, saz sənətinə vur­ğunluq, gənclərimizin ülvi mə­həb­bəti və s. təşkil edir.
2001-ci ildə Bakıda «Təhsil» EİM-də «Salam, dün­yanın yiyəsi» kitabı işıq üzü görüb…

Salam, dünyanın yiyəsi,
Salam, ay Allah deyilən.
Gündə min yol yalvarılan,
Gündə min yol da söyülən.

Biləmmirəm hara gedir, -
Milyon-milyon dua gedir.
Durub sənə dua edir
Durduğu yerdə döyülən.

Sənin ruzini yeyənlər,
Sənin bəndəni döyənlər,
Göz yumub sənə söyəndə
Az qalır ağzım əyilə.

Dilimizi qopartdılar,
Bizi qol-qola çatdılar,
Sözü də alıb-satdılar,
Söz də qalmadı deyilə...

- deyən şairin yaradıcılığının əsas mövzusunu - vətən, torpaq, yurd, el-oba məhəbbəti, kökə bağlılıq, saz sənətinə vurğunluq, gənclərimizin ülvi məhəbbəti və s. təşkil edir. Şairin “BORÇALI” sərlövhəli şeiridə isə Vətən-Yurd obrazının tərənnümü daha maraqlıdır. Müəllif doğma Borçalını Xəzər dənizinə, özünü isə susuz yaşamayan Nərə balığına bənzədir:

Bəxtimə atılmış təküzlü zərsən,
Didərgin ruhumla qoşa gəzərsən.
Mən - nərə balığı, sən də Xəzərsən,
Mən ayrı dənizdə yaşaya bilməm.

Təşnəyəm, bir badə sərin “sağlıq” ver,
Dərdindən bir udum dərin ahlıq ver.
Uzaqlarda istər mənə şahlıq ver,
Hələ qırx kəniz də... yaşaya bilməm.

Şuşaya, Sulduza qurban gedərəm,
Göyçəyə, Təbrizə qurban gedərəm,
Bu çölə, bu düzə qurban gedərəm,
Bu çöldə, bu düzdə yaşaya bilməm.

Səndə layla deyir mənə ulduzlar,
Bir duyğu yazmağa min cür sözüm var.
Mənim nə yüz üzüm, nə yüz gözüm var,
Yüz üzdə, yüz gözdə yaşaya bilməm.

«Yaddaşımda ömr eyləyən günlərim» şeirində isə şair doğma yurdunun dünənindən və bu günündən söhbət açır, igid, qəh­rə­man həmyerlilərini xatırlayır, sanki bir rəssam kimi təbiətin bir-birindən incə gözəlliklərinin şəklini çəkir, yaddaşını çözələyir…

Yadımdadır Qararxacın qucağı,
Üç hisli daş - buxarının ocağı.
Alaçığın çubuğuna taxılmış,
Mərd babamın iti kəsən nacağı…

Yadımdadır çoban Aslan, nər Nəsi,
Şamdüyəni titrədərdi nərəsi.
Qarmaq ilə bircə zərbə vuranda,
Kəsilmişdi canavarın nəfəsi…

Orta bulaq, Qız bulağı, Süd bulağ…
Gedək içək…Təzələnək, doğulaq.
Çəmənlərdə dağ çiçəyi, şehli ot,
Uzunqarda bəyazlaşıb ağ olaq…

Rafiq Hümmət “TİFLİSİM” şeirində isə beş il ali təhsil aldığı və neçə illərdi ki, yaşayıb fəaliyyət göstərdiyi şəhəri sahilə, özünü isə daima sahilə san atan dalğaya bənzətmişdir:

Sən mənim sahilim, mən sənin dalğan,
Səhərlər yuyunur, siqar yandırır,
Yemək də yemədən sənə gəlirəm.
Hər axşam sinəmdən itələyirsən,
Yeni səhər olur... yenə gəlirəm.

Hər səhər dalğa tək yönüm sahilə,
Çırpıla-çırpıla gəlirəm sənə.
Gecənin yuxusuz yorğunluğundan
Qurtula-qurtula gəlirəm sənə.

Bir ayrı şəhərdən gəlirəm sənə,
Hər səhər sən özün çəkirsən məni.
Neyniyim, axşamlar bir dolça su tək
Yenidən yoluna tökürsən məni.

Səni bu dünyada ölümcül sevən
Ağıllı da mənəm, vallah, dəli də.
Dünyanın ən gözəl qızlarını mən
Sevmişəm prospekt Rustavelidə.

Hər axşam sakitcə çəkilir səndən,
Hər səhər dalğa tək qabarıram mən.
Bütün məni sevən dosta, tanışa
Səni sevsin deyə, yalvarıram mən.

Sahilim, ümidim, ləpədöyənim,
Tiflisim - alınmaz qalamsan mənim.
Səni sevdiyimi necə deyim ki -
Atamsan, anamsan, balamsan mənim.

Şairin yaradıcılığında Cənub mövzusu da böyük yer tutur.
Şairin “ARAZ ÇAYI” şeirində oxuyuruq:

Çimdik yad çaylarda, yad dənizlərdə,
Üzdük yad sularda, boyat sularda.
Gördük dümağ qızlar... hər şey üzərdə,
Gördük göz oxşayır həyat sularda.

Süzdük gözümüzdə nur ətək-ətək,
Süzdük köksümüzdə vəhşi bir istək
Açıq sinələri, çılpaq belləri.
Üzdük akvarium balıqları tək,
Unutduq bu xalqı döyən əlləri.

Üzdük yad çayların yad sularında,
Unutduq: bizim də öz çayımız var.
Sahildən-sahilə üzə bilməyən,
Bu çayda boğulan harayımız var.

...Biz yaxşı üzürük axına qarşı,
Biz yaxşı üzürük axın boyunca.
Bu çayı o taya üzmək nə lazım,
Bu taydan o taya baxın doyunca!

O taydan bu taya baxın doyunca,
Bu taydan o taya baxaq doyunca.
Gedək yad çaylarda yad gözəlləri
Sıxaq köksümüzə, sıxaq doyunca!

...Sən yaxşı çimirsən yad suda, Rafiq,
Sən yaxşı üzürsən yad dənizlərdə.
Arazı o taya üzə bilmirsən,
Boğul dənizlərdə, bat dənizlərdə!..

Rafiq Hümmət “Şair” sərlövhəli şeirində isə şairlərin yaşadığı ömrün əzab-əziyyətini təsvir etmişdir:

Ahdı, çəkə-çəkə ölür,
Şairin ahı bilinməz.
Gecə-gündüzü qarışıq,
Axşam-sabahı bilinməz.

Yaşayar - dəli sayılar,
Ölər - heykəli qoyular.
Öz içinə sürgün olar,
Günahı-suçu bilinməz.

Vaxtın önündə düz durar,
Tanrıynan üzbəüz durar.
Özü öz boynunu vurar,
Cəlladı-şahı bilinməz.

Quşdu - budaq üstə ölər,
Dumandı dağ üstə ölər.
Şair ayaq üstə ölər,
Ölümü, yahu, bilinməz.

Rafiq Hümmət başqa bir şeirində isə yazmışdır:

Ömür - sonu görünməyən, sonlu bir karvan,
Mən bu ömrü ömür kimi yaşayammıram.
Buz nəfəsli dərdlərimi çiynim üstə
Tabut kimi məzarlığa daşıyammıram,

- deyən şair «Gözlərimin qabağında» sərlövhəli şeirinin son­rakı bəndlərində yazır:

Ömrümüzü xərcləyirik su qiymətinə,
Günlərimiz sular kimi axır elə bil.
Çeşmə ömrünün zirvəsi - çıxdığı nöqtə,
İnsan ömrünün zirvəsi doğulduğu il.

Bu dünyanı isitməkçün doğuluruq biz,
Zaman bizi odlandıran bir buxarıdı.
Boş əllərim yerdə, göydə ömür axtarır,
Ömrüm məndən ya aşağı, ya yuxarıdır.

R.Hümmətin «Yalan haqqında ballada» şeiri də olduqca maraqlı və «yalanın ayaq tutub yeridiyi» bu günümüzlə səsləşən bir həqiqətə həsr olunmuş sənət əsəridir:

Yalan - qızıl balıq, kürü, təzə ət,
Düzlük - dilənçidən qalan yeməkdir.
Yalan - yalançıya düzlük, həqiqət,
Düzlük - yalançıya yalan deməkdir.

Qeyd etdiyimiz kimi, R.Hümmət həm də saz sə­nəti­mizin vurğunudur. Onun bu mövzuda şeirləri çox­dur. Am­ma biz onun «Ağlayır»rədifli şeirini diq­qəti­nizə çıtdırmaq istəyirik:

Kimi öz dərdinə kimi
Düşüb səs-küyə ağlayır.
Qocalar - son mənzilinə,
Körpə beşiyə ağlayır.

Birisi ağlar acından,
Birisi ağlar suçundan,
Ağıllı ağlı ucundan,
Dəlilər nəyə ağlayır?!

… Qara donda gülən Saza,
Qorqudumdan qalan Saza,
Barmaqlarım çalan Saza,
Ürəyim niyə ağlayır?..

- deyən şair «Bir daha ürəyim dolana kimi» sərlövhəli şeirində isə yazır:

İşıq sürətindən qanad götürüb,
Uçacam nə bilim, nə bilim hara…
Bircə bilirəm ki, ötüb keçərək,
Güləcəm o ölü, mis ulduzlara,
Çevrilib al Günəş olana kimi.

Nəhayət, fürsətdən istifadə edərək istedadlı qələm dostumuz Rafiq Hümməti anadan olmasının 50 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Müşfiq BORÇALI,
"Şərqin səsi" və
"Elm və Təhsil" qəzetləri,
15 fevral, 2015.



* * *


Rafiq Hümmət


Hərdən-hərdən...

Nəyim varsa - mən payladım dostlara,
O dosta ki, onun yoxdu, mənim çox.
Hərdən – hərdən mən də umdum dostlardan,
O dostdanki onun çoxdu, mənim yox.

Dara düşdüm darda görsəm dostumu,
İçimdəcə həzin – həzin ağladım.
Öz yaramın sarığını açıb mən,
Dostlarımın yarasını bağladım.

Qaça - qaça , uça - uça yaşadım.
Kim bilir , mən niye belə incəldim,
Kimse dostun sərvətini bölüşdü,
Mən dərdini bölüşəndə dincəldim.

İçim - çölüm çox oxunan kitabdır,
Düşünməyin: "yerin - göyün sirri o".
Tanış olun dost sandığım dostlarla:
Biri odu, biri odu, Biri - o...


Sevinir

Kimi məzar boyda otaq
Tapsa kirayə, sevinir.
Kimi də təzə aldığı
Beş otaq öyə sevinir.

Hərənin öz tamah yeri,
Bilinməz dünyanın sirri.
Biri Kürdən doymaz,
biri
Bir fincan suya sevinir.

Kimiyə Vətən - külfəti,
Yurdunu sevməyi çətin.
Kimi sevinir xəlvəti,
Buludsuz göyə sevinir.

Eh... yağıya qalan torpaq,
Yağıya su verən bulaq...
...Mahnıdan tutulur qulaq,-
Bu millət nəyə sevinir?


Etiraf

Səni canım qədər sevdim,
Bircə şer yazmadım.
Səni ürəyimə yazdım,
Amma ordan pozmadım.

Bəxtəvər günlər gördük,
Sızladıq neçə kərə,
Bizi bu pak eşqimiz
Ucaltdı zirvələrə.

Şeytandan neçə dəfə
Qəfil zərbələr yedik,
Yenə Tanrını öyüb,
Ona nəğmələr dedik.

Səni canım qədər sevdim,
Salmadım dil-ağıza.
Səni ürəyimə yazdım,
Qısqandım ağ kağıza.


Bu yüz sifətli dünyaya...

Bu yüz sifətli dünyaya
Hərə bir cür gəlib gedir.
Biri zarıya-zarıya,
Bir başqası gülüb gedir.

Biri Allaha vurulur,
Biri şeytana yar olur,
Biri dərd, aha sarılır,
Günü-gündən solub gedir.

Kim dağ çəkir dosta, yada,
Öz ömrünü verir bada.
Sağkən bu qoca dünyada
Bəlasını bulub gedir.

Can əritmə kündə-kündə,
Geri dönmür can gedəndə.
Sevilməyə layiq bəndə
Sevilməsə ölüb gedir.


"AZƏRBAYCAN" JURNALI
2015,N11


GÖZLƏMƏ BAZAR GÜNÜNÜ...


Gözləmə bazar gününü,
Şənbə günü gəl, gülüm.
Gəl, eşqinlə bəslədiyim
Pənbə gülü dər, gülüm.

Uzaqlarda ah çəkirsən,
Hər ahda bir günah var.
Gözləmə bazar gününü,
Hələ bazara çox var.

Gözləmə bazar gününü,
Ruhum solar, saralar.
Sevgi də sular kimidir,
Axa-axa durular.

Gözləmə bazar gününü,
Şənbə günü gəl, gülüm.
Sonra yenə gözləyərəm,
İstərsən yüz il, gülüm...

ŞÜKRANLIQ

Şükür sənə, şükür, Tanrım,
Yenə səhər gül qoxudu,
Yenə yolların dirildi,
Yenə quşların oxudu.

Yenə bir yazıq gecəni
Umudlu səhər elədin.
Şükür, Tanrım, ölü yurdu
Ayıldıb şəhər elədin.

Dan üzündə Günəş doğdu,
Ləçəklər yarpağa döndü.
Arılar gül-çiçəyinə,
Kəndlilər torpağa döndü.

Şükür sənə, şükür, Tanrım,
Ölünü diri elədin.
Məni şairdən çevirib,
Hər kəsdən biri elədin...

MƏN DÜZƏM, SƏHRAYAM, GÜLÜM...

Məni də qəmə buladın
Qəm daman görkəmin ilə.
Susmadın, gülüm, uladın
Sakin, səssiz qəmin ilə.

Sənə nədən ümid verim? –
Özüm möhtacam ümidə.
Nə üzə bilirəm, gülüm,
Nə də mənə yer verən yox
Yer deyilən bu gəmidə.

Hər kəsə qulaq verirəm,
Hamının sözü bal dadır.
Axşam məni öyən dostum
Sübh tezdən məni aldadır,
Məndən aralı dur, gülüm.

Sevgi qırx-əlli günlükdür,
Sənə ev gərək, bağ gərək.
Mən düzəm, səhrayam, gülüm,
Sənin arxanda dağ gərək.

...Bu məhəbbət ötəridi,
Ağlama, gülüm, ağlama.
Mənim sonuncu qapımı
Göz yaşlarınla bağlama...

GÜLLƏ ÖLÜMÜ

Boşuna atılan güllə
Elə boşunaca ölür
Uçur huşunu itirir
Yazıq huşunacan ölür

Elə boşunaca ölür
Göydən ölü yerə düşür
İgid kimi gülləyə də
Ölüm bircə kərə düşür

Uçur..huşunacan ölür
Damar donur,qan soyuyur
Huş-bədənin günəşidi
İtən kimi can soyuyur

Yazıq..huşunacan ölür
Yazıq..boşuna atılır
Düşmənə dəyməyən güllə
Mənim başıma atılır.

BAXIN

Elə bilirdim ölmüşəm,
Ölməmişəm, mənə baxın.
Göydən enmiş adam kimi,
Baxın, dönə-dönə baxın.

Cəzası yox belə suçun –
Şairlərə ölüm saçın!
Bacarsanız siz də uçun,
Göydən enə-enə baxın!

Kef çəkin, bəh-bəh, nə qəşəng...
Doldurun şar, atın fişəng.
Məni əlinizdə tüfəng,
Pusun, sinə-sinə baxın.

Pulunuzu yandırmayın,
Boş durmayın, xam durmayın,
O çılpaqdan yan durmayın,
Açılıbdı sinə... baxın!..

TƏNHALIQ

Evimdə telefon yoxdu,
Cib telefonu da susur.
Qazandığım beş-on dostun
Beşi də, onu da susur.

Ayrı heç nə eşitmirəm,
Sükutun səsi ağırmş.
İşə bax, xəbərim ha yox,
Göydən yerə daş yağırmış.

Kim oxuyar mənim kimi –
Tavanda nələr yazılıb,
Aynaya kimlər çəkilib,
Divardan nələr pozulub...

Könüldəki dost adları
Nədən bir-bir qaralanar?
Mənim də yarım Bakıymış,
Yarsız qalan yaralanar.

Qazandığım beş-on dostun
Beşi də, onu da susur,
Yarıya çatdığım yolun
Önü də, sonu da susur...

BULUDLARIN SEVGİSİ

Göy üzündə iki bulud ağlayır,
Binəvalar bir-birinə yürüyür,
Hər kisi damcı-damcı əriyir.

İki bulud bircə ruhda sarmaşır,
Bu nə cürə sevişməkdi, ilahi, -
Mələklərin gözü bir an qamaşır.

Bu vüsaldan su buludlar alışır,
Ömür verir ildırım tək gözələ.
Varmı görən yerdə, göydə başqa bir
İldırım tək tez doğulub, tez ölən...

BU ADAM NƏ ÜÇÜN YIXILDI GÖRƏN

Ayağı yerində,əli yerində
Dodağı yerində,dili yerində
Obası yerində,eli yerində
Bu adam nə üçün yıxıldı görən

Sevinci,kədəri bölə bilirdi
Ağlaya bilirdi,gülə bilirdi
Qırx il bundan sonra ölə bilərdi
Bu adam nə üçün yıxıldı görən

Qarşıda oğlunun toyu var idi
Qızına atalıq payı var idi
İçində dərd oyan quyu var idi
Bu adam nə üçün yıxıldı görən

KOR QADININ SEHRİ

A kor qadın,işıq olum gözünə
Çianurun simlərini ağlatma
Mən onsuz da cezvəli tək susqunam
Olan-qalan nitqimi də bağlatma

Baxışına bulaşmayıb çirkinlik
A kor qadın,sən bir gürcü gözəli
Sənin qədər gözəlini görmədim
Mən əlimi gözəllərdən üzəli

Tanrı özü bilə-bilə,gözəlim
Doğulan tək işığını keçirib
O işığı sənin yanıq səsində
Tiflis boyda bir şəhərə köçürüb

Səsin axır qərib dağ çeşməsi tək
Mən fağır da qərib dolça bürcüyəm
Göz yaşımı tutammıram,gözəlim
Göz yaşlarım elə bilir gürcüyəm

BAL ARISI
(şair-dostum Zezva Medulaşviliyə)


Sən bir arısan, Zezva, arı,
Çəmənlərin dostu,
Çiçəklərin yarı,
Ləçəklərin simsarı.

Çəmənlər seyrin,
Çiçəklər meylin,
Ləçəklər leylindir sənin.

Füzuli tək dalğınsan,
Vaqif tək yorğun,
Səməd tək vurğun...

Sən bir arısan, Zezva, bir arı
Pətəklərə sən yığırsan,
Nəsiminin,
Füzulinin,
Vaqifin,
Vidadinin,
Ələsgərin,
Vurğunun söz şirəsini,
Könül şirəsini, göz şirəsini...

Sən
Azərbaycan eşqinin əsirisən, Zezva,
Mənim millətimin Tiflisdə
Söz yatırının
Parasız-pulsuz
Yarımsərxoş səfirisən, Zezva...

Sən bir arısan, Zezva, bal arısı...
Eşşək arıları balını oğurlayır,
Boşunu qırır, dolunu oğurlayır,
Adını, sanını, namını oğurlayır,
Qanadını isladır, ruhunu sancır...

Amma bil ki, səni sancmaq olmaz,
Sancan bal arısı uzun yaşamaz,
Sən bir bal arısısan, Zezva...


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: