əziz dostum-qardaşım, tanınmış müəllim və istedadlı şair-jurnalist Əbdüləli İbrahimsoyun
Facebook səhifəsində oxudum ki,
oktyabrın 5-də atası - el ağsaqqalı
Pirməmməd Hüseynoğlunun
90 yaşı tamam olur.
Bu şad xəbərdən mən də sevindim və sevincimi dərhal turan.info.az-ın dəyərli izləyiciləri ilə bölüşmək qərarına gəldim.
Pirməmməd Hüseyn oğlu İbrahimov -
1928-ci il oktyabrın 5-də qədim Qarayazıda,
indiki Gürcüstanın Qardabani rayonunda
dünyaya göz açıb. Olduqca mənalı, zəhmətkeş və eyni zamanda enişli-yoxuşlu bir ömür yolu keçib. C.Xəndan, A.Makovelski, S.Vurğun kimi ustadlardan dərs alıb. O zamankı ADU-nun (indiki Bakı Dövlət Universitetinin) fəlsəfə fakultəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra doğma elinə - Gürcüstanın Qarayazı bölgəsinə qayıdaraq maarif fədaisinə çevrilib. Bölgənin Kosalı, Qaratəpə, Kalinin kəndləridəki Azərbaycan orta məktəblərdə müxtəlif vəzifələrdə çalışıb, "Maarif əlaçısı", "Baş müəllim", "Metodist müəllim" fəxri adlarına layiq görülüb, bir sıra medallarla təltif olunub.
Pirməmməd müəllimin altmış illik peaqoji fəaliyyətinin on ili A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsi ilə bağlıdır. O, burada institutun tələbə-müəllim kollektivinin böyük hörmətini qazanıb.
Biz də turan.info.az-ın bütün yaradıcı heyəti adından hazırda ömrünün müdriklik zirvəsini yaşayan çox hörmətli el ağsaqqalı və maarif fədaisi Pirməmməd Hüseynoğlunu anadan olmasının 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür və möhkəm cansağlığı arzulayırıq!..
Müşfiq BORÇALI,
turan.info.az
.