Müşfiq BORÇALI
[email protected]
BAŞKEÇİD (DMANİSİ) RAYONU:
BAŞKEÇİD (indi Dmanisi) - Qədim Borçalının Dağ bölgəsində, dəniz səviyyəsindən 1250 m yüksəklikdə, Gürcüstanın güney-gündoğarında, Tiflisdən 102 km. cənub-qərbdədir. Bu oykonim «baş» və «keçid» sözlərinin birləşməsindən yaranıb. Onun adı yerləşdiyi coğrafi mövqeyinə görə verilib. Tiflis - Gümrü ticarət yolunun təxminən otralarında Borçalının Dağ bölgəsinə tərəf qalxan aşırım Dəlikli daş və oradan keçən yol Başkeçid - əsas keçid adlandırılıb.
Başkeçid əvvəllər Ormeşən, Rus-malakan, Rus Qarakilsəsi məntəqələrini əhatə edən kənd icmasının və buradakı qədim qalanın adı olub. Həmçinin, mənbələrdə Tumanis dərəsində Türk Ordusunun Komandanı Fərhad Paşanın da qala tikdirdiyi qeyd olunur (S.M.Onullahi. Azərbaycan tarixinə dair yeni mənbə.) Sonralar Başkeçid böyük bir inzibati-ərazinin və kəndin, ən nəhayət, rayon mərkəzinin adı olub. 1917-ci ilədək Borçalı qəzasına, 1929-cu ilədək Lüksemburq (indiki Bolnisi) rayonuna daxil olan və 1929-cu ildə ayrıca inzibati vahidə çevrilən Başkeçid rayonu 18 mart 1947-ci ildən Dmanisi rayonu, rayon mərkəzi isə Dmanisi qəsəbəsi və 1967-ci ildən Dmanisi şəhəri adlandırılıb.
1933-cü ildən Azərbaycan və gürcü dillərində «Sosializm maldarlığı», sonralar isə «Trialeti» qəzeti nəşr olunmuşdur. Qəzetinin inkişafında tanınmış şair-jurnalist Mədəd Coşqunun (İsmayılovun) böyük əməyi olmuşdur.
Hazırda təxminən 30 min nəfər əhalisi olan Başkeçid rayonunda soydaşlarımız daim çoxluq təşkil etmişlər: 1979-cu ildə 32174 nəfər (72,2 %), 1989-cu ildə 33107 nəfər (63,9 %), 2002-ci ildə 18716 nəfər (66,8 %), 2006-cı ildə 20032 (66,7 %), 2010-cu ildə 20179 nəfər (66.6%). Göründüyü kimi, 1990-cı ildə Z.Qamsaxurdiyanın və onun şovinist tərəfdaşlarının «Gürcüstan - gürcülər üçündür!» şüarı altında törətdiyi məlum olaylardan, təqib və təzyiqlərdən sonra Başkeçidin əhalisi təxminən 15 min nəfər azalmışdır. Belə ki, məlum olaylardan sonra soydaşlarımız məcburiyyət qarşısında qalaraq Azərbaycana pənah gətirmişlər.
Rayonda hazırda 1 şəhər, 15 kənd məclisi, 59 kənd vardır ki, bunun da 37 kəndində bütünlüklə soydaşlarımız məskunlaşmışlar. Dmanisi şəhərində isə azərbaycanlıların sayı 1000 nəfərdən çoxdur. Dmanisidə Azərbaycan dilində orta məktəb məlum 1990-cı il olaylarına qədər fəaliyyət göstərsə də, təəssüflər olsun ki, hazırda bunu demək mümkün deyil.
Hazırda rayondakı 30 Azərbaycan məktəbində 2284 nəfər şagirdin təlim-tərbiyəi ilə 273 nəfər müəllim məşğul olur.
SOS!!! Göründüyü kimi, Başkeçiddə yaşayan təxminən 20 min nəfər soydaşımızdan cəmi-cümlətanı 2284 nəfəri məktəblilərdir.
Yəni, burada yaşayanların böyük əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Bu barədə düşünməyə dəyər. Dəyər yox, VACİBDİR!!!
DMANİSİ - bu oykonim barədə toponimikada müxtəlif fikir və mülahizələr söylənilir:
Birinci qrup toponimistlər Dmanisinin təbii-coğafi mühitini nəzərə alaraq, onun türkköklu «duman» və «çən, çiskin, sis» sözlərinin birləşməsindən düzəlməsi fikrini söyləyirlər. Bu toponimin «Dumanis» variantında olmasını qeyd etməklə, "Duman içi" kimi zah edirlər. İkinci qrup toponimistlərin ehtimalına görə, Dumanisi «Tuman» türk tayfasının adı əsasında yaranıb. Üçüncü mülahizəyə görə, Dumanisi «Tuman» şəxs adı əsasında yaranıb. Ancaq, bu mülahizələrdən Dmanisi toponiminin türk köklü «Tuman» tayfa adı əsasında düzəlməsi fikri daha elmi və ağılabatan görünür. Cünki «Tuman» tayfaları Özbəkistanda da, Quzey Qafqazda Terek çayının aşağı vadisində də, Sibirdə də yaşamışlar.
İndi də «Dmanisi» toponiminin tarixi mənbələrdə işlənməsinə nəzər salaq. Dmanisinin adı ilk dəfə VII əsrə aid olan hadisələrlə əlaqədar olaraq, ərəb mənbələrində qeyd olunmuşdur. IX əsrdə yaşamış ərəb müəllifi Əl-Kuti ərəb qoşunlarının sərkərdəsi Mərvan ibn Məhəmmədin Tumanın qalasını fəth etdiyini qeyd etmişdir. Həmçinin, 1590-cı ilə aid olan Türk mənbələrində Tuman, 1728-ci ilə aid mənbələrdə Tumanisi kimi qeyd olunmuş və Tumanisinin Tiflis əyalətinin bir nahiyəsi olduğu göstərilmişdir.
TUMANIN QALASI - Qədim Borçalının qərb - Dağ bölgəsində oykonim. V-VII əsrlərin ən möhtəşəm mədəniyyət xəzinəsi sayılan «Kitabi-Dədə Qorqud» dastanlarının XI boyunda da «Tumanın qalası»nın və «Tumanis dərəsi»nin adı çəkilir, Tumanın qələsi ayrıca feodal dövləti kimi təqdim olunur. Bu da təsadüfi deyil. Çünki dastandakı hadisələr geniş bir ərazidə, həmçinin də, Tumanın dağlarında cərəyan edir.
«Salur Qazan dustaq olub, oğlu Uruz çıxardığı boyu bəyan edər» boyunda belə bir epizod var. «Xan Qazan bir gün «ov yerinə» (bəlkə, Tumanın ətrafındakı Ov dərəsinə. - M.Ç.) gedir. Tumanın qələsinə hücum edir, ala bilmir, onu yatdığı yerdə kafirlər tutub qələyə salırlar... Oğlu Uruz gəlib Qazan xanı azad edir...»
Tumanın toponimi həmin yerin coğrafi şəraiti ilə əlaqədar olaraq, müasir dilimizdəki «duman, çən, çiskin» mənasını bildirən «duman» sözü ilə bağlıdır. Çünki həmin yer dağlıq rayonu olduğu üçün ilin çox vaxtı dumanlı, çənli, çiskinli olur. Buradan da, Tumanın toponimi törəmişdir. Qədim türk dillərinin qərbi hun budağında isə kar samit səslərin tarixən cingiltiləşməsi hadisəsi qanunauyğun bir haldır. Odur ki, dilimizin qədim dövrlərində işlənən «tuman» sözündəki «t» samiti müasir dilmizə gəlib çatana qədər cingiltiləşmiş və «d» səsinə çevrilmişdir. Azərbaycan dili də türk dillərinin Qərbi Hun budağının Oğuz qrupunun Oğuz-Səlcuq yarımqrupuna daxildir. Deməli, Tumanın toponiminin «duman» sözündən təşəkkül etməsinə daha şübhə yeri qalmır. Bu toponimin türkköklü olmasını tarixi faktlar da təsdiq edir. Tarixdən məlumdur ki, 853-cü ildə Böyük Buqun (türkdür) rəhbərliyi ilə ərəb qoşunu Kartliyə hücum edir. O dövrdə Böyük Buğun fəaliyyəti haqqında gürcü salnaməsində maraqlı məlumat verilir. «Buq Dərbənd darvazasını açır və 300 Xəzər ailəsini çıxardaraq onları Dmanisidə yerləşdirir». Deməli, IX əsrdə Tumanında türklərin yaşamasına şübhə yeri qalmır. Güman ki, həmin dövrdən də əvvəl orada türklərin yaşamasını bilərəkdən Buq belə hərəkət etmişdir.
«Xəzər» etnoniminin etimologiyasının izahı da mülahizələrimizi sübut edir. Prof. Ə.Dəmirçizadənin qeyd etdiyi kimi, «Xəzər və onunla paralel sürətdə işlənən Qaspi əslində bir sözün iki müxtəlif dilə məxsus cəm şəkilçisi ilə formalaşmış variantıdır. Sözün əsli Qas|Xas-dır; - pi cəm şəkilçisi olduğu kimi, - ər də cəm şəkilçisidir»...
Dastanda isə, qas - qaz etnoniminə bir işarə vardır. «Erkən mindilər, av yerinə vardılar. Gördülər bir sürü qaz oturub» (səh 140). Bu ifadələr bir neçə cəhətdən fikirimizin sübutuna örnək ola bilər. Birincisi, ova insan gedər; ikincisi, oturmaq anlayışı insana aiddir; üçüncüsü, ov yerində və yaxud bələndə ovçu - insan oturar və ovunun pusqusunda durar. Buradan göründüyü kimi, dastandakı «qaz oturur» ifadəsi də bilavasitə insana - ovçuya aid edilməlidir. Dastanın mətninə bu nöqteyi-nəzərdən yanaşdıqda aydın olur ki, xan Qazandan əvvəl ov yerində oturan «qazlar / xaslar/ kaslar» imiş. Əgər kaslar - qazlar - xaslar lap qədim zamanlardan Tumanında məskənləşməmiş olsaydı, güman ki, dastanda da özünə yer tapa bilməzdi.
Tumanın sözü isə gürcü yazılı mənbələrində «Tumanisi - Dumanisi - Dmanisi» şəklində sabitləşmişdir. Dumanisi toponimi də türk dilinə məxsus «çən, çiskin» mənalarında işlənən «duman» sözü və gürcü dilinə məxsus «is - isi» şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Gürcü dilinə məxsus olan «is- isi» şəkilçisi türk dilindəki - lı (-li, -lu, -lü) şəkilçisinin ifadə etdiyi mənanı bildirir. Deməli, Dumanisi (Dmanisi) toponiminin ümumi mənası «dumanlı» və yaxud «dumanlı yer» deməkdir.
* * *
AMBARLI - Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsində - Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Sonralar «Ambarovka» adlanan həmin kənd indi gürcü dilində «Qanaxleba» adlanır.
ARMIDLI (ARMUDLI) - Qədim Borçalının Dağ bölgəsinin Başkeçid yaylasında (indiki Dmanisi rayonunda) kənd adıdır. Bu oykonim «armud» sözü ilə «-lı» şəkilçisinin birləşməsindən yaranıb. «Armudlu» sözünün ümu-mi mənası «armudu bol olan yer» deməkdir. Rayon mərkəzindən 7 km cənub-qərbdə Armudlu gölü kəna-rında, dəniz səviyyəsindən 1414 m yüksəklikdə yerləşən, 12 iyul 1949-cu ildən gürcü dilində «Pantiani» adla-nan və hazırda 600 nəfərə yaxın azərbaycanlı yaşayan bu kənddəki Azərbaycan məktəbi 1926-cı ildən fəaliyyət göstərir.
Şair Əlixan Binnətoğlu, Şahvələd Armudlu və b. bu kəndin yetirmələridir.
Tiflis əyalətinin Pəmbək nahiyəsində - Qərbi Azərbaycanda (indiki Ermənistanın Quqar rayonunda) da «Armıdlı» adlı kənd olub. 1920-ci ildə bu kəndin əhalisinin bir hissəsi soyqırıma məruz qalıb, bir hissəsi isə qovulub. Güney Azərbaycanda da ona yaxın Armudlu adlı kəndlər vardır.
AŞAĞI DMANİSİ - Tiflis quberniyasının Tiflis qəzasında - qədim Borçalının Dağ bölgəsinin Başkeçid yayla-sında (indiki Dmanisi rayonunda) kənd adıdır. Bu oykonim «aşağı» sözü ilə «duman» və «sis» sözlərinin birləşməsindən yaranıb. Bax: DMANİSİ …
AŞAĞI QARABULAQ - Bax: QARABULAQ…
AŞAĞI ORZUMAN - Bax: Orzuman…
AZGƏYLİYƏN - Qədim Borçalının Başkeçid bölgəsində (indiki Gürcüstanın Dmanisi rayonunda) kənd adıdır. Rayon mərkəzindən 14 km qərbə, dəniz səviyyəsindən 1344 m yüksəklikdə yerləşir, əhalisi 700 nəfərə yaxındır.
Tanınmış alimlər Bədirxan Əhmədov, Məhəmmədəli Mustafayev, Xaləddin İbrahimli, Şamxəlil Məmmədov, Kərəm Məmmədov, tanınmış jurnalistlər Mədəd Coşqun, Emin Mahmudov və başqaları bu kəndin yetirmələridir.
Azgəyliyən - «Azqanlı» etnonimik oykoniminin gürcü dilində təhrif olunmuş variantından törəmişdir. «Azqanlı» oykonimi isə iki qədim türkdilli tayfa adının birləşməsindən əmələ gəlmişdir. Bu oykonimin birinci komponenti türk dillərinin qədim yazılı abidələrində, o cümlədən VI-VIII əsrlərdə yazılmış Orxon abidələrindən Kiçik Gül-təkin və Böyük Gültəkin kitabələrində tayfa və xalq adı məqamında işlənmiş «az budunığ» (az xalqı); ikinci komponenti isə orta əsrlərdə qeydə alınan türkdilli «qanlı» etnonimindən ibarətdir. Başqa sözlə desək, «Az-qanlı» oykonimi «az» və «qanlı» tayfalarının adlarının birləşməsindən əmələ gəlmişdir. Güman ki, həmin kəndin sakinlərinin etnogenezisində həm «az», həm də «qanlı» tayfasının iştirakı olmuşdur.
«Azqanlı» kəndinin adı uzun müddət gürcü dili sənədlərində qeydə alınarkən, «Azqaniani» || «Azkakliani» şək-lində təhriflə yazılmışdır. Gürcüstanda demokratik hakimiyyət qurulduqdan sonra türkdilli mətbuatda həmin kəndin adı ilkin tarixi əsasda yox, bir növ, gürcü dili qanunları əsasında formalaşmış «Azqaqliani» sözündən yenidən Azərbaycan-türk dilinə transliterasiya edilmiş və eləcə də, danışıq dilində, bir növ, təhrif olunmuş Azgəyliyən şəklində sabitləşmişdir.
«Qanlı» tayfasının adı Azərbaycan-türk bayatılarında da öz əksini tapmışdır:
Əzizim dözə qanlı,
Sürmə çək gözə qanlı,
Qorxuram qərib öləm,
Yerimdə gəzə qanlı.
-bayatının dördüncü misrasındakı «qanlı» sözü də tayfa adı məqamında işlənmişdir.
«Az» etnonimi əsasında düzələn oykonimlərə Azərbaycanın Ordubad rayonundakı «Aza» qəsəbəsinin, Astara rayonundakı «Azazu» kəndinin, Dağlıq Qarabağdakı «Azik» kəndinin və «Azıx» mağarasının adlarının tərkib hissəsində də təsadüf etmək olur. Həmçinin, «az» etnonimi əsasında düzələn toponimik adlara, demək olar ki, bütün türk dünyasının ərazilərində, o cümlədən, Altaydan tutmuş Orta Asiyaya, Krıma və Balkan yarımadasına qədər hər yerdə rast gəlinir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, «Azərbaycan» sözünün əsasında da «az» etnonimi dayanır və onun məntiqi bünövrəsində «Az-ər-bay-can» makro toponimi yaranmışdır. Deməli, «azlar» bu ərazilərdə lap qədim dövrlərdən yaşamış və tarixi möhürünü irs qoymuşlar.
Onu da əlavə edək ki, xalqımızın etnogenezisində fəal iştirak etmiş olan «qanlı» tayfasının adını özündə saxlayan etnotoponimlərə Azərbaycanın bir sıra rayonlarında da təsadüf etmək olar. O cümlədən, Kəlbəcər rayonunda Qanlı, Tovuz rayonunda Bozalqanlı adlanan kəndlər; Qərbi Azərbaycanın (indiki Ermənistanın) Basarkeçər rayonunda Qanlı, Axuryan rayonunda Qanlıca adlı kəndlər olmuşdur. Həmin kəndlərin tarixi adları da «qanlı» etnonimi əsasında təşəkkül tapmışdır.
BAĞÇALAR - Qədim Borçalının Dag bölgəsinin Başkeçid (indiki Dmanisi) nahiyəsində kənd adıdır. Bu oykonim türk köklü «bağ», «bağça» sözləri ilə «-lar» cəm şəkilçisinin birləşməsindən yaranıb. Ümumi mənası «bağı, bağçası olan yer» deməkdir. Gədi çayının mənsəbində, rayon mərkəzindən 17 km günbatar səmtdə, dəniz səviyyəsindən 1188 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 156 nəfərdir.
BƏZƏKLİ - Qədim Dağ Borçalısının Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Bu oykonim türk tayfa-larının birinin «Boz Ox» tayfa adının təhrif olunması nəticəsində yaranıb. Qarasu çayının sol sahilində, rayon mərkəzindən 8 km cənub-qərbdə, dəniz səviyyəsindən 1280 m yüksəklikdə yerləşən bu kənd XIX əsrdə Hamamlı kənd icmasına mənsub olub. Əhalisi 778 nəfərdir.
Qərbi Azərbaycan ərazisində mövcud olmuş İrəvan quberniyasının Üçkilsə (Eçimiədzin) qəzasında da Bəzəkli adlı kənd olub.
BOĞAZKƏSƏN (Meşəağzı) - Qədim Dağ Borçalısının Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Bu oykonim Azərbaycan-türk dilində «dar yer, keçilməz yer, dar keçid», «aşırım», «dərələrarası keçid» məna-sında işlənən «boğaz» və «kəsən» sözlərinin birləşməsindən yaranıb. 9 noyabr 1959-cu ildə kəndin əzəl adı dəyişdirilib, indi gürcü dilində «Meşəağzı» - «Tkispiri» adlanır. Hamamlı çayının sağ sahilində, rayon mərkəzindən 14 km cənub-qərbdə, dəniz səviyyəsindən 1320 m yüksəklikdə yerləşirən bu kəndin əhalisi 72 nəfərdir.
CARANOR - Qədim Borçalının Dağ bölgəsinin sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. İndi bu kənd rəsmi sənədlərdə «Qora» adlanır. Bu oykonim türk dillərində «sıldırımlı sahil» mənasını bildirən «car» sözü ilə monqol dilində işlənən «nohur» sözünün birləşməsindən yaranıb. Bu mülahizəni kəndin coğrafi mövqeyi də təsdiq edir.
ÇOPURALILAR - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Bu oykonim «Çopur Alı» (lar) nəsil adı əsasında yaranıb. Yəni, bu kənd, onun özülünü qoyan Çopur Alının nəslinin şərəfinə qoyulub. Kəndin ilk sakinləri XX əsrin əvvəllərində Bağ Borçalısının Arıxlı kəndindən köçüb məskunlaşmışlar. Rayon mərkəzindən 25 km qərbdə yerləşən bu kəndin əhalisi 125 nəfərdir.
DAĞ ARIXLI - Qədim Dağ Borçalısının Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Bu oykonim türkköklü «dağ» sözü ilə «arıqlı» tayfa adının birləşməsindən yaranıb. Qıpçaqların Arıq tayfasının, Orta Asiyada qıpçaq qaraqalpaqlarda indi də mövcud olan Arıq qövmünün də adını əks etdirə bilər. Lükün - Şindi dağının qərb ətəklərində, rayon mərkəzindən 12 km şimal-qərbdə, dəniz səviyyəsindən 1465 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 768 nəfərdir.
DAĞ DƏLLƏRİ - Bax: DƏLLƏR…
DAĞ-QIZILHACILI - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Qomaret yaylasında, rayon mərkəzindən 20 km şimal-qərbdə, dəniz səviyyəsindən 1240 m yüksəklikdə yerləşir, əhalisi 400 nəfərə yaxındır. XIX əsrin tarixi mənbələrində kəndin adına Təhməzqulu-Qızılhacılı şəklində də rast gəlinir. Bax: QIZILHACILI.
DAĞ MUĞANLI - Bax: Borçalı (indiki Marneuli) rayonunun Böyük Muğanlı kəndi... Bolnisi rayonunun Bala Mu-ğanlı kəndi… Qaraçöp (Saqareco) rayonunda Yor-Muğanlı kəndi…
DAĞ ŞIXLI - Bax: ŞIXLI…
DƏLLƏR - Qədim Dağ Borçalısının Başkeçid (indiki Dmanisi) rayonunda, Başkeçid yamacında, Maşavera (Meşəvari) çayının sağ sahilində, rayon mərkəzindən 4 km cənub-şərqdə, dəniz səviyyəsindən 1160 m yük-səklikdə yerləşən kəndin adıdır. Əhalisi 330 nəfər vardır.
Polkovnik Vaqif Sadıxov və b. bu kəndin yetirmələridir.
Eyniadlı kənd həm də Bağ Borçalısının Bolulus (indiki Bolnisi) rayonunda (əhalisi 365 nəfər) var. Bolulusdakı bu kənd xalq arasında Aran Dəlləri, Başkeçiddəki isə Dağ Dəlləri adlanır. Aran Dəlləri Borçalının Bağ bölgəsində cənub tərəfdən meşələrlə örtülü dağa söykənib, sanki həmin dağdan güc alır. Dağ Dəlləri isə Borçalının Dağ bölgəsində yerləşir. Bu kənd əksər vaxtlar çən-çiskin altında olsa da, havası olduqca saf və təmizdir. Hər iki kəndin ab-havası, sanki Koroğlunun Çənlibelini xatırladır… Hər iki toponim türk tayfalarından olan Tele-Tələ tayfasının adını əks etdirir. Ətraflı bax: Bolnisi rayonu Dəllər kəndi.
DUNUS - Qədim Borçalı mahalının Dağ bölgəsində, Başkeçid yaylasında, alçaqda, Bolulus (Bolnisi) - Baş-keçid (Dmanisi) yolunun kənarında, Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 8 km şərqdə yerləşir. Bu oykonim ərəb mənşəlli «dan» və «üss» sözlərinin birləşməsindən yaranıb. Bu oykonim Azərbaycan dilində «alçaq, aşağı» mənasında işlənən «dun» və «özül, bünövrə, təməl, əsil» mənalarında işlənən «üss» sözlərinin birləşməsindən yaranıb. Ümumi mənası «alçaq, yerdə qoyulan özül» deməkdir. Kəndin coğrafi mövqeyi də bu mülahizəni təsdiq edir. Bu kəndin adı 1536-cı ilin mənbələrində qeyd olunub. Hazırda əhalisi 700 nəfərə yaxındır. Tanınmış hüquq-mühafizə işçisi Səlimxan İsmayılov və b. bu kəndin yetirmələridir.
ƏNGİRƏVAN - Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Bu kənd daim Hamamlı kənd icmasına aid olub. Bu oykonim türkköklü «əngi» (birinci) sözü ilə «İrəvan» sözünün birləşməsindən yaranıb. Xalqın dilində «Əngirəvan» kimi tələffüz olunur. Ümumi mənası «Birinci İrəvan» deməkdir.
Maşavera çayının sağ sahilində, rayon mərkəzindən 13 km cənub-şərqdə, dəniz səviyyəsindən 1160 m yüksəklikdə yerləşən Əngirəvanın əhalisi hazırda 175 nəfərdir.
Əslən Başkeçiddən olan olan istedadlı şairə bacımız
Rahilə xanım Qaralova "ƏNGİRƏVAN" şeirində yazır:
Neçə dərdə sinə gərib,
"Sarı qaya" kölgə sərib,
Olmayıbdı heç vaxt qərib,
Dağ başında bir növ cavan,
Gözəl kəndim Əngirəvan.
Gül-çiçəkli oylaqlıdı,
Elatlıdı, yaylaqlıdı,
Diş göynədən bulaqlıdı
Qoy var olsun elin, oban,
Gözəl kəndim Əngirəvan.
Teymur yurdu bir mənzərə,
Çulu təpə bənzər zərə,
Gəlməyəsən pis nəzərə,
Qoy könüllər olsun rəvan,
Gözəl kəndim Əngirəvan.
Çiçəyindən şeh üzülüb,
Pətəyindən bal süzülüb,
Dağ döşünə gül düzülüb,
Hər çiçəyin dərdə dəvan,
Gözəl kəndim Əngirəvan
Ömrüm, günüm keçib orda,
Qoymayıbdı bizi darda,
Yaşasaqda uzaq, harda,
Dərdə dərman suyun, havan,
Gözəl kəndim Əngirəvan.
GƏYLİYƏN - Bax: AZ-GƏYLİYƏNİ.
GÖDƏKDAĞ - Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Bu oykonim ya qədim türk tayfalarından biri olan «Katak» tayfa adı ilə türkköklü «dağ» sözünün, ya da «kakak» tayfa adı ilə eyni köklü Qazax tayfasının bir qolu olan «gödəkli» tayfa adı ilə «dağ» sözünün birləşməsindən yaranıb. (Rayon mərkəzindən 9 km günbatar səmtdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir, əhalisi 426 nəfərdir).
Bundan başqa, Azərbaycanın Bərdə qəzasının Şir nahiyəsində də Kataq eli (kəndi), Qərbi Azərbaycanın Gəncə quberniyasının Zəngəzur qəzasında (indiki Ermənistanda) Qafan rayonunda Aşağı Gödəkli, Yuxarı Gö-dəkli adlı kəndlər olub.
GÖYDAĞ. GÖYBULAQ - Qədim Borçalının Dağ bölgəsində - sabiq Başkeçid (indiki Dmanisi) rayonundakı bu mikrotoponimlərin tərkibindəki «göy» sözü «şərq» mənasında işlənmişdir. Yəni, Şərq dağı, Şərq bulağı. Güman ki, bu toponimlər, hər şeydən əvvəl, həmin dağdan və bulaqdan Qərbdə - yaylaqlarda yaşayanlar tərəfindən belə adlandırılmışdır.
HAMAMLI - Qədim Borçalının Dağ bölgəsinin Başkeçid (indiki Dmanisi rayonu) ərazisində, Qarabulaq çayının sol sahilində, rayon mərkəzindən 8 km güneydə, dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşən kəndin adıdır. Əhalisi 1677 nəfərdir. Bu kənddə dünyəvi məktəb 1922-ci ildən fəaliyyət göstərir. Güləş üzrə Dünya və Avropa çempionu Kamandar Məcidov, Aşıq Sona, Aşıq Vəkil, din xadimi Hacı Salman Musayev, polkovnik Şahbaz Aslanov, şair Knyaz Aslan və başqaları bu kəndin yetirmələridir.
Xalq etimologiyasına görə, «Hamamlı» kəndinin adı «hamam» və «-lı» şəkilçisinin birləşməsindən yaranıb. Ümumi mənası «hamamı olan yer» deməkdir. 1590-cı ilin mənbələrində Hamamlı kəndinin adı qeyd olunub və göstərilib ki, bu kənd Tiflis quberniyasının Pəmbək nahiyəsindədir.
Hamamlı XIX əsrin ikinci yarısında Qərbi Azərbaycan ərazisindəki Canbaxca, (Molla Eyfli (Əyyublu), Cərəyer, Qədirqulu, Qoşaqala (indi Ermənistanda), Əngrəvan, Bəzəkli, Məmişli, Mahmudlu, Yuxarı Orzuman və Səfərli kəndlərini birləşdirən icmanın adı olub.
HÜSEYNKƏND - Qədim Borçalının Dağ bölgəsində - sabiq Başkeçid (indiki Dmanisi) rayonunda, Qomaret yaylasında, rayon mərkəzindən 25 km günbatar səmtdə, dəniz səviyyəsindən 1380 m yüksəklikdə yerləşən kəndin adıdır. Bu oykonim kəndin özülünü qoyan şəxsin - Hüseynin şərəfinə belə adlandırılıb. Xalq arasında bu kənd buradakı çayın adı ilə Hüseynçay da adlandırılır. Hələ 1701-ci il sənədlərində adı çəkilən bu kəndin əhalisi 1990-cı il olaylarından sonra xeyli azalmışdır. Hazırda bu kənddə 185 nəfər soydaşımız yaşayır.
KİROVİS - Qədim Borçalının Dağ bölgəsində - sabiq Başkeçid (indiki Dmanisi) rayonunda, Qomaret yaylasında, rayon mərkəzindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 1260 m yüksəklikdə yerləşən kəndin adıdır. 1815-1817-ci illərdə Çar Rusiyası bu əraziyə alman əhalisini köçürmüş və beləliklə də, kəndin özülü qoyulmuşdur. 1940-cı ilədək «Valdheym» adlanan bu kənddə almanlar yaşamışlar. Xalq isə, həmin kəndi Valgem adlandırırdı. Böyük Vətən müharibəsi başlayandan sonra sabiq SSRİ imperiyası almanları bu kənddən Sibirə sürgün etmiş və əvəzində Başkeçid rayonunun qonşu Şorşelet və Xutor (xalq arasında Qutur adlandırılırdı) kəndlərində yaşayan soydaşlarımızı Valxayim kəndinə köçürmüşlər. Elə həmin vaxtlardan da burada azərbaycanlılar yaşayırlar. 5 avqust 1943-cü ildən S.M.Kirovun şərəfinə Kirovis adlandırılıb. Əhalisi 550 nəfərdir.
QAMIŞLI - Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsində, Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Rayon mərkəzindən 40 km cənub-şərqdə, dəniz səviyyəsindən 1460 m yüksəklikdə yerləşir, əhalisi 421 nəfərdir. Bu kənddə dünyəvi məktəb 1921-ci ildən fəaliyyət göstərir.
1536-cı il sənədlərində adı qeyd olunan Qamışlı oykonimi, türk köklü «qamış» sözü ilə «-lı» leksik şəkilçisinin birləşməsindən yaranıb. Çox güman ki, bu ad kəndin təbii-coğrafi mövqeyinə görə qoyulub. Onu da qeyd edək ki, Qamışlı - Qızılbaşların Komuşlu tirəsi ilə də ilgili ola bilər.
QARABULAQ (AŞAĞI QARABULAQ, YUXARI QARABULAQ) - Qədim Borçalının qərbində Şindi dağının şimal ətəyində Aşağı Qarabulaq və Yuxarı Qarabulaq adlı kəndlər vardır. Rayon mərkəzindən 22 km günbatarda, dəniz səviyyəsindən 1340 m yüksəklikdə yerləşir, əhalisi müvafiq olaraq 400 və 1300 nəfərdir. 1701-ci il sənədlərində adı çəkilən həmin kəndlərin adı qədim türk dilində şimal mənasını bildirən «qara» (qədim türk dilində qara sözünün böyük, iri, geniş mənaları da olmuşdur) sözü ilə bulaq hidroniminin birləşməsindən əmələ gəlmişdir. Mənası «Şimal bulağı» deməkdir. Güman ki, vaxtilə həmin kəndlərə nisbətən cənubda yaşa-yanlar onları Aşağı, Yuxarı Qarabulaq adlandırmışlar. Həmin bölgədəki Qarasu toponimi - hidronimi də bu qəbildəndir.
Bu kənddə dünyəvi məktəb 1921-ci ildən fəaliyyət göstərir.
AMEA-nın üzvü, akademik Şahvələd Xəlilov, professorlar Əzizxan Tanrıverdi, Fariz Mikayılov və başqaları bu məktəbin məzunlarıdır.
QARAKİLSƏ - Qədim Borçalının Dağ bölgəsində - Başkeçid (indiki Dmanisi rayonunda) kənd adıdır. Orzuman vadisində, dəniz səviyyəsindən 1250 m yüksəklikdə yerləşir, əhalisi 353 nəfərdir. Bu oykonim «qara» və «kilsə» sözlərinin birləşməsindən yaranıb. Kənd indi «Vake» adlanır.
QƏMƏRLİ - Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı olub. Hazırda Borçalının Dağ bölgəsinin Başkeçid yaylasında, rayon mərkəzindən 7 km günbatar səmtdə, dəniz səviyyəsindən 1390 m yüksəklikdə yerləşən kənd də Qəmərli adlanır. Bu oykonim eramızdan əvvəl VIII əsrdə Şimali Qafqaz istiqamətindən Güney Qafqaza gələn qədim türk köklü Qəmər tayfasının adı əsasında təşəkkül tapıb. Bu kənddə dünyəvi məktəb 1921-ci ildən fəaliyyət göstərir. Hazırda Qəmərlinin əhalisi 868 nəfərdir.
Qori Seminariyasının məzunu Qulam Vahabov, polkovnik Əlləz Ovçuyev, xeyriyyəçi iş adamı Hüseyn Artıqoğlu, şair Aftandil Qəmərli, Şamı Balacaoğlu və başqaları bu kəndin yetirmələridir.
QIZILKİLSƏ - Qədim Borçalının Dağ bölgəsində - Başkeçid (indiki Dmanisi) rayonunda, Şindi dağının gündo-ğarında, rayon mərkəzindən 8 km şimal-şərqdə, dəniz səviyyəsindən 1220 m yüksəklikdə yerləşən kəndin adıdır. Əhalisi 785 nəfərdir. Bu kənddə dünyəvi məktəb 1920-ci ildən fəaliyyət göstərir.
Professor Əlişir Musayev, Əməkdar müəllim Aslan Mansurov, şairə Səadət Buta, polkovnik Mehman Səlimov, alimlər Vidadi Orucov, Şahbaz Şamıoğlu, Alı Musayev, Adilxan Nəbiyev, Tinatin İsabalaqızı, dövlət qulluqçuları Şahin Mansurov, Vidadi Səlimov, şair-jurnalist Murtuz Fərhadoğlu, ictimayyətçilər Müsafir Məmmədov və başqaları bu kəndin yetirmələridir.
QIZIL-HACILI - Qədim Borçalının həm Aran Borçalısında, sabiq Borçalı (indi Marneuli) rayonunda, həm də Dağ Borçalısında - sabiq Başkeçid (indiki Dmanisi) rayonlarında Qızılhacılı adlı kəndlər vardır. Başkeçid (indiki Dmanisi) rayonundakı Qızılhacılı kəndi el arasında Dağ-Qızılhacılı adlanır. Hazırda əhalisi 400 nəfərə yaxındır. Bax: Dağ-Qızılhacılı.
QORA - Qədim Borçalının Dağ bölgəsində - Başkeçid (indiki Dmanisi) rayonunda azərbaycanlıların və yunanların birgə yaşadıqları kiçik bir kəndin adıdır. Bax: CARANOR…
QORUNCUQ - Qədim Borçalının Dağ bölgəsində - indiki Dmanisi rayonunda kənd adıdır. Bu oykonim türkköklü «qorun» (-maq) feli əsasında yaranıb. 1943-cü ildə kəndin adı «gürcüləşdirilmiş» və «Masavere» adlandırılmışdır.
LÖK-CANDAR - Qədim Borçalının Dağ bölgəsinin Başkeçid (indiki Dmanisi) rayonunda kənd və dağ adıdır. Bu oykonim mənşəcə «lök» («lək») və «candar» sözlərinin - tayfa adlarının birləşməsindən düzəlmişdir. «Lök» sözü qədim türk tayfalarından birinin adı olan «lək» etnonimindən ibarətdir. Danışıq dilində «ə» səsi «ö» səsinə çevrilmişdir.
Lək tayfası XIII əsrdə İrandan Azərbaycana köçürülmüşdür. Bu tayfanın adı ilə bağlı Azərbaycanın Ağdaş ra-yonunda Aşağı Ləki, Ucar, Bərdə və Xanlar rayonlarında Lək kənd adları vardır. Bu toponimin ikinci komponenti Candar dilimizdə tayfa, nəsil anlamında işlədilir. Gürcüstanın Qarayazı (indiki Qardabani) və sabiq Sarvan - Borçalı (indiki Marneuli) rayonlarında da Candar adlı kəndlər vardır. Güman ki, Azərbaycanın Quba və Zəngilan rayonlarındakı Candar kəndlərinin adı da eyni kökdən ibarətdir.
Professor Ə.Dəmirçizadəyə əsaslanan professor Mahmud Keşəli isə, «lök» sözünün vaxtı ilə «dəvə» mənasında işlənən bir söz olduğunu göstərərək qeyd edirdi ki, Bakı ətrafında bataqlıqlardan biri «Ceyranbatan», digəri «Lökbatan» (dəvə batan yer) adlanır və çox ehtimal ki, əhali Lök dağının formasını dəvəyə bənzətdiyi üçün belə adlandırmış və onun yaxınlığında məskunlaşmışdır. Candar tayfası da öz yeni yaşayış məntəqələrinə həmin dağın adını vermişdir.
Başkeçid (indiki Dmanisi) rayonundakı Lök-Candar kəndi rayon mərkəzindən 32 km cənub-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Hazırda bu kəndin əhalisi təxminən 300 nəfərdir. Kənddəki Azərbaycan məktəbi 1917-ci ildən fəaliyyət göstərir.
Şair Əlixan Düşgün, polis polkovniki Rəşid Musayev və b. bu kəndin yetirmələridir.
MEHDİAĞALAR - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indi Dmanisi) rayonunun Qarabulaq düzünün qəbrində, Qırdağının şərq ətəyinə birləşdiyi hüdudlarda kənd adıdır. Bu oykonim ağa nəslinə mənsub olan «Mehdiağalar» nəslinin adı əsasında yaranıb. Həmin kəndin əhalisi (təxminən 320 nəfər) XX əsrin 60-cı illərində köçüb getmişlər. İndi kəndin xarabalığı eyni adla adlanır.
MEŞƏAĞZI - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Əhalisi 60 nəfər. İndi gürcü dilində «TĞİSPİRİ» adlandırırlar. Bax: BOĞAZKƏSƏN.
MƏMİŞLİ - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Bu kənd XIX əsrdə Hamamlı icmasına daxil olub. Bu oykonim, çox güman ki, «Məmişli» nəslinin adı əsasında yaranıb. Rayon mərkəzindən 10 km güneydə, dəniz səviyyəsindən 1110 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 1000 nəfərdir. Kənddəki Azərbaycan məktəbi 1923-cü ildən fəaliyyət göstərir.
MƏMİŞLƏR - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda Qomaret yaylasında - başı göylərə ucalan Şənbiyən (Şamdüyə) dağının dibində, rayon mərkəzindən 22 km qərbdə, dəniz səviyyəsindən 1560 m yüksəklikdə, eyniadlı çayın yuxarı vadisində yerləşən kəndin adıdır. Bu oykonim də, «Məmişli» nəsil adı əsasında yaranıb. (Əhalisi 100 nəfərdir).
MƏHƏMMƏDAĞALAR (MƏMMƏDAĞALAR) - Qədim Dağ Borçalısının Başkeçid (indi Dmanisi) rayonunda - adı dillərdə əzbər olan «Qırdağı»nın ətəyində sabiq Karvansaray yaxınlığında kənd adıdır. Bu oykonim «Məhəmmədağalar» nəslinin adı əsasında yaranıb. Əhalisi 1000 nəfərdən çoxdur.
MUĞANLI - Qədim Dağ Borçalısının Başkeçid nahiyəsində 1992-ci ilədək mövcud olmuş kəndlərdən biri də Muğanlı kəndi idi. Bu kənd xalq arasında Dağ Muğanlı adlanırdı. Lakin bir neçə yüzillik tarixə malik olan bu kəndin bəxti gətirmədi. Sabiq SSRİ imperiyasının «ədavət toxumu» bu kənddə də «cücərirdi». Bu kənd Qərbi Azərbaycanla (indiki Ermənistanla) həmsərhəddə idi. Gürcüstan hökuməti Muğanlı və Saatlı kəndlərinin təhlü-kəsizliyinə təminat vermədiyi üçün əhali 1990-1992-ci illlərdə Azərbaycana köçdü... (Əhalisi 482 nəfər) Bax: Borçalı (indiki Marneuli) rayonunun Böyük-Muğanlı kəndi... Bolnisi rayonunun Bala-Muğanlı kəndi… Qaraçöp (Saqareco) rayonunda Yor-Muğanlı kəndi…
ORMEŞƏN - Qədim Dağ Borçalısının Başkeçid (indiki Dmanisi) rayonunda, Şindi dağının quzey yamacında, rayon mərkəzindən 22 km şimal-qərbdə, dəniz səviyyəsindən 1320 m yüksəklikdə, meşələr qoynunda yerləşən bu kənd öz adını, bir növ, təbiətin gözəlliklərindən almışdır.
«Ormeşən» oykonimi türk dillərində meşə anlamında geniş yayılmış «orman» və «meşə» sözlərinin birləş-məsindən əmələ gəlmişdir. Türk dillərində «orman» sözü «meşəlik», «kolluq», «ağaclıq», «qamışlıq» mənalarını ifadə edir. «Orman» sözü etimoloji cəhətdən «or» (ağac, odun) sözü və «-man» cəm şəkilçisindən ibarətdir. Göründüyü kimi, «or» və «meşə» sözləri birləşib, Ormeşən sözünü əmələ gətirmişdir (sözün sonuna «-n» samiti artırılmışdır). Bu kəndin adının «orman» və «meşə» sözlərindən ibarət olmasını onun coğrafi mövqeyi və təbiəti də təsdiq edir.
Əhalisi 240 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1929-cu ildən fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Baş prokuroru, Ədliyyə generalı Zakir Qaralov, Millət vəkili, professor Zahid Qaralov, tanınmış ictimaiyyətçilər və iş adamları Teymur, Tahir, Hamlet və Akif Qaralovlar, Eldar Nəbiyev, Həmid Ormanlı və b. bu kəndin yetirmələridir.
ORZUMAN (ORUZMAN) - Qədim Borçalı mahalının Dağ bölgəsində, Başkeçid (indiki Dmanisi) rayonunda Ma-şaver çayının sağ sahilində, rayon mərkəzindən 4 km güneydə, dəniz səviyyəsindən 1220 m yüksəklikdə yerləşən «AŞAĞI ORZUMAN» (əhalisi 770 nəfər) və «YUXARI ORZUMAN» (əhalisi 1000 nəfər) olmaqla iki Azərbaycan-türk kəndi var.
1536-cı il sənədlərində (Baratların bölgü kitabında rast gəlinən bu oykonim - türk tayfalarının ən böyük qolla-rından biri olan Qıpçaqların «Orus» tayfa adı ilə türk dillərində «qoyun saxlamaq üçün çəpərlənmiş yer» məna-sında işlənən «man» sözünün birləşməsindən yaranıb, Oğuzoğlu Uruzu xatırladır.
Bu kəndlər XIX əsrdə Hamamlı kənd icmasına (kənd birliyinə) mənsub olub.
AMEA-nın üzvü, akademik Səlim Musayev, alim Sirəc Məmmədov, Əməkdar müəllimlər Cəlal Musayev, İslam Məmmədov, Mikayıl Mikayılov, şairlər Namaz Hümmətoğlu, Oruc Oğuzmən və b. bu kəndin yetirmələridir.
PANTİADİ - Bax: Armudlu.
SAATLI - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda 1992-ci ilədək mövcud olmuş kəndlərdən birinin adı idi. Bu oykonimin əsasında duran etnonim haqqında müxtəlif fikir vardır. A.Axundova görə, bu oykonim «sayət» adlı türk etnonimindən düzəlmişdir. M.H.Vəliyevə görə, Saatlı keçmişdə ayrumların bir qolu olmuş, sonralar isə bir elin adını bildirən toponim olmuşdur. XIX əsrin əvvəllərində Saatlı tayfası 15 ailədən ibarət köçəri bir qrup kimi Qarabağda yaşamışdır. Güman ki, bu tayfa sonralar müx-təlif ərazilərdə məskunlaşmışdır. Deməli, Saatlı oykonimi Sayatlı tayfasının adı ilə bağlı olaraq yaranmışdır.
Azərbaycanda Saatlı adlı rayon, şəhər, Bərdə rayonunun Həsənqara, Ağdaş rayonunun Şəmsabad ərazi böl-gülərində Qaraqan Saatlı adlı kənd vardır. Həmçinin, Şuşa şəhərində Saatlı adlı məhəllə olmuşdur. M.P.Vaqif bu məhəllədə məktəb açmış və müəllimlik etmişdir. Qərbi Azərbaycanda - indiki Ermənistan «ərazisində» də Saatlı adlı kənd olmuşdur.
Dağ-Muğanlı ilə yaxın qonşuluqda yaşayan Saatlı kəndinin də bəxti gətirmədi. Həmin kənd də sabiq SSRİ imperiyasının «milli ədavət toxumunun qurbanı» oldu. Gürcüstan hökuməti guya Ermənistanla yaxınlıqda yerləşdiyindən Saatlı (1600 nəfər) və Dağ-Muğanlı (482 nəfər) kəndlərinin təhlükəsizliyinə təminat vermədiyi üçün 1990-1992-ci illərdə hər iki kəndin əhalisi Azərbaycana köçməli oldu...
SACA - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda, Qomaret yaylasında, rayon mərkəzindən 21 km günbatarda, dəniz səviyyəsindən 1230 m yüksəklikdə yerləşən kəndin adıdır. Bu oykonim «sacilər» tayfa adından dızəlib. Kəndin yaxınlığında XI əsrə aid daşdan yonulmuş memarlıq abidəsi aşkarlanıb. Sacanın əhalisi XX əsrin əvvəllərində 500 nəfərdən çox olsa da, təəssüflər olsun ki, 100 il sonra 5 dəfə azalıb, hazırda təxminən 100 nəfərdir.
SAKİRE - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kiçik bir kənddir, əhalisi yunan-lardan və azərbaycanlılardan ibarətdir.
SALAMMƏLİK - Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda, Cavaxet dağ silsiləsinin gündo-ğarında, rayon mərkəzindən 28 km günbatarda, dəniz səviyyəsindən 1420 m yüksəklikdə yerləşən qədim bir türk kəndinin adıdır. XII-XIII əsrlərə aid karvansara uçuqları bu kənddə hələ də qalmaqdadır.
Salamməlik kəndinin əhalisi 1926-cı ildə 158 nəfər olduğu halda, 80 il sonra 2006-cı ildə Gürcüstan Statistika Komitəsinin əhalinin siyahıya alınmasına görə təxminən 100 nəfərdir.
SƏFƏRLİ - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda Lök dağ silsiləsinin quzey yamacında, indiki Ermənistana gedən avtomobil yolunun kənarında, rayon mərkəzindən 6 km cənub-şərqdə, dəniz səviyyəsindən 1070 m yüksəklikdə yerləşən qədim kənd adıdır. Bu oykonim «Səfərli» nəslinin adı əsasında yaranıb. XIX əsrdə Hamamlı icmasına aid olub. Hazırda əhalisi 800 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1927-ci ildə yaradılıb.
Professor İsa Ömərov, yazıçı Seyfəddin Əliyev, şairə Nazilə Səfərli, Sədaqət Dilqəm Abbasova, hüquq-mühafizə işçiləri Elman Hüseynov, Fərman Qurbanov və b. bu kəndin yetirmələridir.
SÖYÜDLÜ (SOYOTLU - SOĞUTLU) - Qədim Borçalının Dağ bölgəsində - sabiq Başkeçid (indiki Dmanisi) rayonunda Cavaxet dağ silsiləsinin gündoğar yamacında, rayon mərkəzindən 18 km günbatar səmtdə, dəniz səviyyəsindən 1590 m yüksəklikdə yerləşən qədim türk kəndinin adıdır. Əhalisi 46 nəfərdir. Bu oykonim qədim türk köklü «Soyot» tayfasının adı əsasında yaranıb. Həmçinin, Başkeçid rayonunda «Söyüdlü-cala» adlı kənd də olub.
SU QALASI - Qədim Dağ Borçalısının Başkeçid bölgəsində, Maşaver vadisində, rayon mərkəzindən 4 km qərbdə yerləşən qədim türk kəndinin adıdır. Bu oykonim qədim türk dillərində «qoşun, ordu» mənasında işlənən «sü» və «qala» sözlərinin birləşməsindən yaranıb. Tarixi sənədlərdə Dağətəyi (Mtisdziri) kimi də qeyd olunub. İndi gürcü dilində «Kariani» adlanır. Əhalisi 300 nəfərdir.
ŞAHMARLI - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda Maşaver vadisində, rayon mərkəzindən 8 km qərbdə, dəniz səviyyəsindən 1388 m yüksəklikdə, Qəmərli kəndi ilə qonşuluqda yerləşən türk kəndinin adıdır. Bu oykonim, çox güman ki, «Şahmarlı» nəslinin adı əsasında yaranıb. Əhalisi 600 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1929-cu ildə yaradılıb.
Polis general-mayoru Cavanşir Məmmədov, polis polkovniki İlqar Məmmədov, hərbi tibb polkovniki Musa Musayev və b. bu kəndin yetirmələridir.
Şair Rahilə Qaralova "ŞAHMARLI" şeirində yazmışdır:
Uca dağlarında sal qayası var,
Dərdə məlhəm olan saf havası var,
Göllərində üzən gül sonası var -
Elimin adıdı gözəl Şahmarlı,
Ağzımın dadıdı gözəl Şahmarlı.
Şırşır bulağıdı, suyu bal dadır,
Qatar qayaları ruhu oyadır.
Dağların qoynunda sankı röyadır,
Elimin adıdı gözəl Şahmarlı,
Ağzımın dadıdı gözəl Şahmarlı.
Bitən gül-çiçəyi dərdə dəvadı,
Tarıxlər yaşadan məğrur qaladı.
Mənim yurdum qəriblərə anadı
Elimin adıdı gözəl Şahmarlı,
Ağzımın dadıdı gözəl Şahmarlı.
Sızır dağlarından buz bulaqları,
Göylərə büləndir uca dağları.
Güllü çiçəklidi barlı bağları
Elimin adıdı gözəl Şahmarlı,
Ağzımın dadıdı gözəl Şahmarlı.
Təbiət veribdir bu əzəlliyi,
Əzəldən Rahilə, var özəlliyi.
Kaş hami gorəydi bu gözəlliyi -
Elimin adıdı gözəl Şahmarlı,
Ağzımın dadıdı gözəl Şahmarlı!
ŞIXLI - Qədim Borçalının Dağ bölgəsinə aid olan həm Ağbulaq (indiki Tetri-sxaro), həm də Başkeçid (indiki Dmanisi) rayonlarında «Şıxlı» adlı kəndlər vardır. Bu kəndlərin hər ikisi xalqın yaddaşında «Dağ Şıxlı» adı ilə tanınır.
Bu oykonimin adı türk dillərində etnonim kimi qeyd olunur. Bu mənada, «Şıxlı» kəndinin adı «Şıxlı» etnonimi əsasında yaranıb.
ŞİNDİLƏR - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda Şindi dağının ətəyində, rayon mərkəzindən 6 km şimal-qərbdə, dəniz səviyyəsindən 1250 m yüksəklikdə yerləşən kəndin adıdır.
Bu oykonim «Şindi» oronimi - dağ adı ilə «-lər» şəkilçisinin birləşməsindən yaranıb.
Təəssüflər olsun ki, bəzən Şindilər kəndinin adının gürcü dilində «zoğal» mənasında işlənən «şvindi» sözü ilə əlaqələnirirlər.
Halbu ki, "Şindilər" sözünün "zoğal" sözü ilə heç bir əlaqəsi yoxdur.
Çünki həmin kənd dağ bölgəsində yerləşir.
Soyuq dağ bölgəsində isə «zoğal» bitməsi və «zoğal» adının kəndə verilməsi ağlabatan deyildir.
Şair Seyraqif Coculu isə bizə ünvanladığı məktubunda yazmışdır ki, "Şindi sözünün mənası Ay kimi, Aytəkin deməkdir. Məsələn, Ləlvərdən baxanda Şindi Ay kimi yarım dairə formasında görünür."
S.Coculu onu da qeyd etmişdir ki, Türkiyədə yaşayan Erdoğan Şindi onunla ilə məktublaşma yazamanı bildirmişdir ki, "Şindi bizim tayfanın adıdır. Şindi soy adı ilə eyni zamanda bir qadın yazıçı da var."
Tarixi mənbələrə görə, Şindilər kəndinin əhalisi XIX əsrin əvvəllərində Tiflis və Rustavi şəhərləri arasında yerləşən Dəmirçi Həsənli kəndindən köçürülüb və ilk adı İkinci Dəmirçi Həsənli olub.
Sonralar kəndin adı dəyişdirilib, Şindi dağının aşağı yamacında olduğu üçün Şindilər adlandırılıb.
Əhalisi 500 nəfərdir.
Kənddə Azərbaycan məktəbi 1928-ci ildə yaradılıb. Şindilərin ilk kolxoz sədri Mustafa Qurban oğlu olub.
Professor Fəxrəddin Həmidov, dosent Vahid Qara oğlu Fərhadov, gənc alim Sahil Zahid oğlu Həmidov, hüquq-mühafizəçisi Vəkil Bayramov, el şairi Novruz Məhəmmədəlioğlu, şairə Səadət Novruzqızı, şair Seyraqif Coculu və b. bu kəndin yetirmələridir.
ŞORŞALET - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kənd adı olub. Həmin kəndin əhalisi XX əsrin qırxıncı illərində - almanlar sürgün edildikdən sonra keçmişdə almanlar yaşayan Valdhayim (Valgem) kəndinə köçürülüblər. Əhalisi təxminən 300 nəfər olub.
Yazıçı Zahid Əhmədov və b. bu kəndin yetirmələridir.
VAKE - Bax: QARAKİLSƏ.
YAQUBLU (YAVUQLU) - Qədim Borçalının Dağ bölgəsinin Başkeçid rayonunda - indiki Dmanisi rayonunda, rayon mərkəzindən 3 km qərbdə, dəniz səviyyəsindən 1360 m yüksəklikdə yerləşən kəndin adıdır. Bu kəndin adı Kitabi-Dədə Qorqud dastanları ilə səsləşən Yavuqlu (yaxın, yaxınlıq) sözü ilə əlaqədardır. Yəni, Yaqublu - «Yavuq» sözü ilə «-lı» şəkilçisinin birləşməsindən yaranıb. «Yavuq» sözü həm «Kitabi-Dədə Qorqud» dasta-nında, həm də Xətayinin əsərlərində yaxın, yaxınlıq mənasında işlənmişdir. Xətayidə:
«Gəlməz yavuğa həzir qılar o,
Dərgahə sarı nəzər qılar o.»
Hazırda həmin kəndin adı Gürcüstanın türk-azərbaycanlı əhalisi arasında da Yavıqlı (Yavıxlı) şəklində işlənməkdədir. Lakin Gürcüstan mətbuatında təhrif olunaraq, Yaqublu şəklində sabitləşmişdir. İkinci mülahizəyə görə, «Yaqublu» oykonimi türk dillərində «şahzadə» mənasında işlənən «yabu» sözü əsasında yaranıb.
Yaqublu kəndinin əhalisi hazırda 600 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1921-ci ildə yaradılıb.
Alim Cəmilə Abdullayeva, Əməkdar müəllimlər Sadıq Süleymanov, Ənvər Süleymanov, Mahmud Abdullayev, hüquq-mühafizəçisi Adil Mümmətov, Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş pilot, mayor Təbriz Musazadə və b. bu kəndin yetirmələridir.
YENİ GÖDƏKDAĞ - Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda kənd adıdır. Bu oykonim 1978-ci ildə Gürcüstanın Dağ bölgəsində baş verən zəlzələdən sonra yaranıb. Çünki Şindi dağının şimal yamacında yerləşən Gödəkdağ kəndində bir çox evlər zəlzələ nəticəsində dağılmışdır. Evləri dağılan ailələr doğma kəndlərinin aşağısındakı düzənlikdə yenidən yurd-yuva salmışlar. Həmin kənd «Yeni Gödək-dağ» adlanır.
Əhalisi 368 nəfərdir. Bax: GÖDƏKDAĞ.
YIRĞANÇAY- Qədim Dağ Borçalısının sabiq Başkeçid (indiki Dmanisi) rayonunda, Loru yaylasında, rayon mərkəzindən 45 km cənub-qərbdə, dəniz səviyyəsindən 1660 m yüksəklikdə, indiki Ermənistanla sərhəddə yerləşən ən ucqar kəndin adıdır. Bu oykonim «yırğan» (-maq), «dalğalan» (-maq) feli ilə «çay» sözünün birləş-məsindən yaranıb. Əhalisinin bir hissəsi 1921-ci ildə Türkiyəyə köçüb getmişdir. Hazırda əhalisi 3000 nəfərə yaxındır. Kənddə Azərbaycan məktəbi 1923-cü ildə yaradılıb.
El ağsaqqalı Yunus bəy Çırpanoğlu, el şairləri Misginoğlu Allahverdi, Yolçu Novruz, Vəzir Əliyev, Əməkdar müəllimlər İdris, Aslan və Şakir Çırpanlılar, Cəlal Yadigarov, həkim Bilal Yadigarov, Aşıq Qara və b. bu kəndin yetirmələridir.
YUXARI ORZUMAN - Bax: Orzuman.
P.S.:
ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı, eləcə də
Gürcüstandakı bu və ya digər
QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə
TOPONİMLƏRİMİZLƏ, həmçinin
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ
SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..
Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.
Ünvanlarımız:
[email protected]
və ya:
[email protected]
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.