MSXETA-MTİANETİ DİYARI:

MSXETA-MTİANETİ DİYARI: Gürcüstanın mərkəzi hissəsində yerləşən bu diyar Axal-qori, Duşeti, Tianeti, Msxeta və Kazbeqi rayonlarını əhatə edir. Diyarda azərbaycanlılar Msxeta rayonunun bir neçə kəndində məskunlaşmışlar və diyar əhalisinin təxminən 1,8 %-ni təşkil edirlər (təxminən 3 min nəfər).

MSXETA RAYONU:


MSXETA - Gürcüstanın orta hissəsində, Tbilisidən 24 km günbatar səmtdə yerləşən ərazi-inzibati rayonunun adıdır. Hazırda 65 min nəfər əhalisi olan və onun da təxminən 3000 nəfərini azərbaycanlılar təşkil edən Msxeta rayonu¬nun ərazisi də türk köklü toponimlərlə zəngindir. Bu rayonun ərazi¬sində Azərbaycan-türk köklü onlarla oykonimlər, oronimlər, hidronimlər vardır. Bu da təsadüfi deyil. Çünki, hələ erkən orta əsrlərdən XI-XII əsrlərə qə¬dər türkköklü tay¬faların Gürcüstan ərazilərinə güclü axını olub. Bu da ölkənin «Didi Turk¬oba» («Böyük türk obası») və «Kartveloba» («Gürcü obası») olmaqla iki qeyri-inzibati bölgəsinə bölünməsinə səbəb olmuşdur. Elə buna görə də «Sidi Karili»də də tarixən Azərbaycan-türk köklü toponimlər yayılmış və yaşamışdır. Doğ¬ru-dur, tarixin sonrakı mərhələlərində bölgədəki türkdilli tayfalar kimi, türkköklü toponimlərin də böyük əksə-riyyəti «gürcüləşmişlər». Buna baxmayaraq, Msxeta rayonunda türk kök¬lü topo¬nimlər indi də yaşamaqdadır. Onlardan Çömbərli («Sixisdziri»), Əkərək, Qarahəsənli, Qısan, Muxran, Yayla və başqalarının adlarını qeyd etmək olar.

AĞAYANİ - Gürcüstanın Msxeta rayonunda kənd adıdır. Adıgözəloğullar və ya Hasanalılar da deyirlər. Qarabağlı Mirzə Adıgözəl bəyin «Qarabağnamə» salnaməsində bu kəndin adı çəkilir. Bu kənddə gürcülərlə yanaşı, 200 nəfərdən çox azərbaycanlı da yaşayır.

AQARAKİ - Gürcüstanın Msxeta rayonunda kənd adıdır. Trialet sıra dağlarının şərq yamaclarında, Tbilisidən 8 km günbatarda yerləşir. Əhalisi 150 nəfərdir, onun da 80 nəfəri azərbaycanlılardır. Sazçalan Ağəli və b. bu kəndin yetirmələridir.

CODARET - Gürcüstanın Msxeta rayonunda kənd adıdır. Trialet sıra dağlarının gündoğar ətəyində, rayon mərkəzindən 30 km şərq-şimal səmtdə yerləşir. Əhalisi 352 nəfərdir, onun da 280 nəfəri azərbaycanlı, 72 nəfəri isə gürcüdür. Məktəb gürcü dilindədir.


CÖMBƏRLİ («Çömbərəli») - Gürcüstanın Msxeta rayonunda, Muxran çökəyində, Ksan çayının sol sahilində, rayon mərkəzindən 13 km gündoğarda, Tbilisi-Qori avtomobil yolunun kənarında yerləşən kəndin adıdır. Kəndin ikinci adı «Qara-hasanlı»dır (Qarasanlı).
Bu kənddə 230 ailədə 1000 nəfərdən çox Azərbaycan türkü yaşayır.
Kənndə məktəb gürcü dilindədir. Onu da qeyd etməliyik ki, 2008-ci ildə uzun mücadilədən sonra həmin kənddə yaşayan dəyərli soydaşımız Cambul Məmmədli kənd məktəbinin nəzdində Azərbaycan dili və ədəbiyyatı kursları açmış və iki il müddətində orada dərs demişdir.
Lakin təəssüflər olsun ki, Gürcüstan tərəfinin təzyiqləri və Azərbaycan dövlətinin biganəliyi sayəsində həmin kurslar 2011-ci ildə dayandırılmışdır.

«Cömbərli» - bu oykonimin əsası, çox güman ki, türkköklü «çəmbərə» sözü ilə bağlıdır. Tarixi adət-ənənələrimizdən məlum olduğu kimi, XX əsrin 50-60-cı illərinə qədər qadınlarımızın başına qoyduğu bəzək əşyalarından biri «çəmbərə» adlanırdı. İndi də, qadınlarımızın arasında tək-tək «çəmbərə» gəzdirənlərə təsadüf etmək olur. Odur ki, bu kəndin sakinlərinin - qadınlarının geyimi və bəzək əşyaları ilə əlaqədar olaraq, «Cəmbərli» və ya «Cömbərəli» adlandırılmışdır. Şifahi danışıq dilində isə «ə» səsini «ö» səsinə çevrilməsi təbii haldır.
Deməli, kəndin adı «çəmbərə» sözündən yaranıb.

İndi kənd gürcü dilində «Sixisdziri» (Qala-altı, Qala-dibi) adlanır.

Cambul Məmmədli qeyd etmişdir ki, “Cömbərli” adı ulu babamız Cömbər Məmmədin adıyla bağlıdır. Cömbər Məmməd XIX əsrin əvvəllərində Muxranın knyazı ilə dostlaşmış və vəziri pilləsinə qədər yüksəlmişdir. O, Qara Hasanın dörd oğulundan ən böyüyüdür ki, kəndimizin salınması da onun adıyla bağlıdır.

El ağsaqqalı Qara Hasan, Cömbər Məmməd, şair Əli Cömbərli, ictimaiyyətçilər Novruz Babayev, Əli Babayev, Adilpaşa Rüstəmoğlu, Dünyamalı Abdıyev, İbrahim Qasımov, Novruz, İlyas, Rüstəm və Cambul Məmmədovlar, Camal və Teymur Əliyevlər, Şıxı Kazımoğlu, polkovniklər Tacir Məmmədov, Yaqub Məmmədov və b. bu kəndin yetirmələridir.

CÖMBƏRLİ - Cömbərli kəndinin yaxınlığında yenicə salınan qəsəbənin adıdır. Qəsəbədə 40 ailə yaşayır.


ƏKƏRƏK - Gürcüstanın Msxeta rayonunda kənd adıdır. Kəndin əhalisi Azərbaycan türklərindən ibarətdir. 1989-cu il¬də bu kənddə 50 ailə yaşayırdı. Bu oykonimin mənşəyi barədə iki mülahizə vardır. Birinci mülahizəyə görə, «Əkərək» oykonimi türkköklü «ək» (-mək) feli ilə bağlı olub, «əkin», «əkin yeri» mənalarında işlənən «əkərək» feli bağlaması əsasında düzəldilməsi ehtimal olunur. İkinci mülahizəyə görə, «Əkərək» oykonimi - kənd adı «Kitabi-Dədə Qor¬qud» dün¬yası ilə səsləşir. X əsrə aid olan gürcü mənbələrində «Əkərək» sözü «Ağaraki», sonrakı mənbələrdə isə, «Aqarak» kimi yazılmışdır. «Əkərək» sözünün gürcü dilində «Aqarak» kimi yazılması gürcü dilində Azərbaycan türk dilinə məxsus olan «ə» və «k» səslərinin olmaması ilə bağlıdır. Yuxarıda qeyd olu¬nanları nəzərə aldıqda belə qənaətə gəlmək olur ki, «Əkərək» oykonimi «Kitabi-Dədə Qorqud» obrazlarından biri olan Əkərəyin (iki sait arasına düşdüyünə görə, «k» səsi «y» səsinə çevrilib) adı əsasında yaranıb. Bunu «Kitabi-Dədə Qorqud» eposundakı hadisələrin Gürcüstan ərazisində cərəyan etməsi də təsdiqləyir. Bundan başqa, Tiflis quberniyasının Borçalı qəzasının Loru bölgəsində, Qərbi Azərbaycanda (indiki Ermənistanda) sabiq İrəvan quberniyasının Eçmiədzin qəzasında da «Əkərək» adlı kəndlər olub.

QARA-HASANLI - Msxeta rayonundakı Gömbərli kəndinin ikinci adıdır.
Bu oykonim «Qara-hasanlı» - «Qara-həsənli» nəsil adı əsasında yaranıb.
Gürcülər «Sixisdziri» deyirlər. Bax: «Cömbərli».

QISAN («Ksani») - Msxeta rayonunda kənd adıdır. Bu kəndin əhalisi Azərbaycan türklərindən ibarətdir. Hazırda bu kənddə 35 ailə yaşayır. Bu oykonim türkköklü «qısan»(-maq) feli sifəti əsasında yaranıb. «Qisan» kəndi eyni adlı çayın vadisində yerləşir. Həmin kəndin sakinlərinin - soydaşlarımızın yaddaşlarına görə, bu kəndin yaxınlığında bir qədim qala olub. Bu qala da «Qısan» adlanırmış. Qısan qalası haqqında gürcü mənbələrində belə bir əhvalat vardır. Həmin əhvalata görə, Türk sultanlığının sərkərdələrindən biri Gür-cüstanı işğal edərkən, məğlubiyyətə düçar olmuş gürcülər öz canla¬rını qurtarmaq üçün Qısan qalasına doluşub, onun dar¬vaza¬larını bağlayırlar. Türk sərkərdəsi isə, ehtiyatlı hərəkət edib, gürcülərin ərzaq və hərbi sursatlarının tükənməsini və onların təslim olmasını gözləyir. Gürcülər isə təslim olmamaq üçün qa¬ladan Qısan çayına yeraltı yol açırlar və beləliklə də, qaladakılara azuqə, su və s. daşınır. Hətta, gür¬cülər qalada diri balıq yediklərini də Türk sərkərdəsinə göstərirlər. Bundan qəzəblənmiş Türk sərkərdəsi məcbur olub, qalanın darvazalarını daşatan cihazlarla qırıb, qalaya daxil olur və gürcüləri qılınc qüvvəsinə məğlub edir. Qalanın xarabalığı indi də qalmaqdadır. Bu əhvalat, çox güman ki, XI əsrdə Türk sul¬tanlığının Şərqi Gürcüstanı işğal etdiyi və türklərin bu bölgələrdə məskunlaşması və «Didi Turkoba» yaratması dövrünə təsadüf edir. «Qısan» sözü müəyyən təhriflərlə gürcü dilində «Ksani» formasında işlədilməkdədir.

MSXALDİDİ - Gürcüstanın Msxeta rayonunda, Trialet sıra dağlarının şərq yamaclarında, dəniz səviyyəsindən 1140 m yüksəklikdə, Tbilisidən 21 km günbatarda, yerləşən kəndin adıdır. Əhalisi bütünlüklə azərbaycanlılardan ibarətdir (90 ailədə 500 nəfərdir). Məktəb gürcü dilindədir.
Gürcüstan Parlamentinin üzvü və Gürcüstanın Energetika nazirinin müavini olmuş İsak Novruzov, el ağsaqqalları Qəhrəman kişi, Hacı Məmmədəli, Aslan müəllim və b. bu kəndin yetirmələridir.

MUXRAN - Gürcüstanın Msxeta rayonunda, Muxan çökəyində, Ksan çayının sol sahilində, rayon mərkəzindən 23 km quzeydə yerləşən kəndin adıdır. Kəndin ikinci adı «Mollalar»dır. Bu kənd gürcü dilində «Muxrani» adlanır. Bu oykonim türkköklü «muğ» tayfasının adı ilə «aran» sözünün birləşməsindən yaranıb. Ümumi mənası «Aran yerində yaşayan muğlar» deməkdir.
Bu kənddə 20 ailədə 100 nəfərə yaxın azərbaycanlı yaşayır.
Kənddəki Muxran qalası və Knyaz Muxranın 1733-cü ildən qalma imarəti tarixi memarlıq abidəsi kimi qorunur.

TELEVAN - Gürcüstanın Msxeta rayonunda kənd adıdır. Bu kənddə gürcülərlə yanaşı 100 nəfərə yaxın soydaşımız da məskunlaşıb.

YAYLA - Gürcüstanın Msxeta rayonunda kənd adıdır. Bu oykonim türk köklü «yay» sözü ilə «-la» şəkilçisinin birləşməsindən yaranıb. «Yayla» sözünün ümumi mənası yay fəslində «yaşanılan yer» deməkdir. 1989-cu ildə bu kəndində 120 ailə yaşayırdı. Əhalisi türkmənşəlidir.




MSXETA-MTİANETİ DİYARI: P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

[email protected]

və ya:

[email protected]




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: