ƏHMƏD OĞLU
AŞIROV
(1919-2013)
Ənvər Aşırov - 1919-cu ilin mart ayında qədim Borçalı mahalının (indiki Gürcüstanın Bolnisi rayonundakı) Darvaz kəndində
dünyaya göz açıb.
Hələ Finlandiya ilə müharibə zamanı döyüşən orduya çağrılıb.
Sonra Böyük Vətən müharibəsində iştirak edib.
Cəsurluğu, igidliyi ilə fərqlənib.
Bir neçə orden və medalla təltif olunub.
Və qanlı döyüşlərin birində ağır yaralanıb, bir ayağını itirib.
Vətənə dönüb, doğma kəndlərindəki orta məktəbdə coğrafiya müəllimi işləyib.
O, həm də gənclərin hərbi vətənpərvərlik ruhunda böyümələri üçün böyük zəhmət çəkib.
Müharibədən qayıtmayan qardaşı Cəlalın övladlarını himayəyə götürüb.
Sonralar özünün də 5 oğlu və 1 qızı dünyaya gəlib.
Qayğıkeş ata, nümunəvi ailə başçısı kimi övladlarının layiqli vətəndaş olmaları üçün böyük səy göstərib.
Ənvər müəllim zəhmətsevərliyi ilə çoxlarına örnək olan bir insan kimi şərəfli ömür yaşayıb.
Torpaqla məşğul olmaq, əkib-becərmək onun ən sevimli işi olub. Elə həmin zəhmətin nəticəsidir ki, onun həyətyanı sahəsi əsl nəbatat bağını xatırladır. Burada hər cür meyvə ağaclarına, bəzək kollarına, bostan bitkilərinə rast gəlmək olar. Onu nəinki Darvazda, bütün Borçalıda təbabət bilicisi kimi tanınıb.
Ənvər müəllimi həm də öz dövrünün canlı tarixi adlandıranlar heç də yanılmırdılar. Əlli ildən çox, hər il divar təqviminin hər vərəqində dünyada, Qafqazda, Borçalıda və nəhayət doğma kəndi Darvazda baş verən ən mühüm hadisələri qeydə alıb. Bu mənada onu Darvazın salnaməçisi adlandırmaq olar.
İllər ötəcək, bu gün çoxlarının adi maraq, əyləncə hesab etdikləri həmin təqvimlər qiymətli tarixi mənbə kimi vərəqlənəcək, minnətdarlıqla xatırlanacaq.
Müdrik el ağsaqqalı kimi tanınan Ənvər müəllim ömrünün müdriklik çağlarında
2013-cü ilin yazında 94 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!..
Müşfiq BORÇALI,
turan.info.az
Bax: Müşfiq BORÇALI. Borçalı Ulduzları. (Borçalı ensiklopediyası, III cild),
Bakı, "Azərbaycan" nəşriyyatı, 2001.
.