Sergey Xıdırnəbi oğlu Əhmədov - 1941-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində anadan olmuşdur.
Orta təhsilini Bolnisi şəhərindəki rus orta məktəbində almışdır.
1957-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun
rus filologiyası fakültəsinə daxil olmuş və 1961-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.
Ali məktəbin sonuncu kursunda təhsil aldığı dövrdən başlayaraq 1965-ci ilədək Bolnisi rayonunun Kəpənəkçi kəndində və rayon mərkəzində - Bolnisi şəhər rus orta məktəbində rus dili və ədəbiyyatı fənnindən dərs demişdir.
1965-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
fəlsəfə fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin fakültəni Fərqlənmə diplomu ilə bitirmişdir.
1974-cu ildə fəlsəfə elmləri namizədi, 1980-ci ildə fəlsəfə elmləri doktoru elmi dərəcələrinə layiq görülmüşdür.
Sergey Əhmədov 1974-1978-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Univesitetində fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmış, rus, türk, ingilis, polyak dillərində fəlsəfə elmindən dərs demişdir.
1978-cı ildə Polşa Respublikasına elmi ezamiyyətə göndərilmişdir. O, burada da elmi-pedaqoji işlə məşğul olmuş, elmi məqalələr çap etdirmiş və bir müddət Varşava Dövlət Universitetində rus, türk, gürcü, ingilis və polyak dillərində mühazirələr oxumuşdur.
Sergey Əhmədov Moskva Dövlət Univesitetin fəlsəfə fakültəsinin partiya təşkilatının katibi olmuş,
eyni zamanda Moskva Dövlət Universitetinin və Varşava Dövlət Universitetinin professoru seçilmişdir.
Çox saylı elmi əsərlərin müəllifidir. Məqalələrin əksəriyyəti MDU-nun çox tirajlı jurnallarında və ittifaqın digər məcmuələrində dərc olunmuşdur.
Professor Sergey Əhmədov 1981-ci ildə qəflətən Moskva şəhərində vəfat etmiş
və doğma Darvaz kəndində dəfn olunmuşdur.
Allah rəhmət eləsin!..
Müşfiq BORÇALI,
turan.info.az
.