RUHUN ŞAD OLSUN, ƏZİZ QARDAŞIM NİYAZ!..

RUHUN ŞAD OLSUN, ƏZİZ QARDAŞIM NİYAZ!.. Bu gün Milli kitabxanada
Mədəniyyət və Turizm naziri
Əbülfəz Qarayevin rəhbərliyi ilə nəşriyyat və poliqrafiya müəssisələrinin,
qəzet və jurnal redaktorlarının
Respublika Müşavirəsində
iştirak etdiyimdən, telefonlarım bağlı idi, özüm də bütün gün ərzində internetə daxil olmağa
heç vaxt-macal da
tapa bilməmişdim...


Elə indicə kompüteri açıb, internetə daxil olanda ilk gözümə sataşan elimizin-obamızın, Ulu Borçalımızın dəyərli, ləyaqətli, ziyalı oğlu,
olduqca vətənpərvər vətəndaş,
olduqca yursevər yurddaş,
mənim əziz dostum-qardaşım,
tanınmış iş adamı, xeyirxah insan,
məndən təxminən iki yaş,
daha doğrusu, 22 ay kiçik olsa da, uşaqlıq illərimdən özümə səmimi dost, mehriban yoldaş bildiyim,
dədə-baba qonşum-qohumum
Niyaz Təhməz oğlu Məmmədov
un gülərüz şəklinin altında "Allah rəhmət eləsin!"- sözlərini oxuyanda bir anlığa tutuldum.

Öz-özümə: "Belə də zarafatmı olar?!" - deyə həmin sözləri yazanı məzəmmət elədim...

RUHUN ŞAD OLSUN, ƏZİZ QARDAŞIM NİYAZ!.. RUHUN ŞAD OLSUN, ƏZİZ QARDAŞIM NİYAZ!.. Axı dünən axşam Niyazın doğma kəndimiz Darvazdan, kəndimizin ən gözəl istirahət guşələrindən olan Soyuq-bulaqdan foto-şəkillər çəkib paylaşmışdı...

"İlahi, yoxsa o doğma kəndimizlə vidalaşmağamı getmişdi???"


Sonra daha bir neçə şəklinə baxdım.
Gördüm ki, eloğlularımız onun şəkillərinin altına təəsüf hissləri ilə yazıblar ki,
"Niyaz Məmmədov aramızdan getdi!!!
Allah rəhmət etsin, torpağı nurla dolsun!.."

Yenə inanmadım...

Bir neçə dosta-qohuma zəng vursam da,
həm Niyazın aramızdan belə vaxtsız-vədəsiz
gedəcəyinə inanmadığım üçün, həm də
Od çərşənbəsi günü olduğundan,
bayram axşamında bir başa bu mövzuya
keçə bilmədim...
Nəhayət ki, məlumatı dəqiqləşdirdikdə,
bir daha sarsıldım...

Gənc eloğlumuz Yaşar Qafqazlının "BİR OĞUL İTİRDİK NİYAZ ADINDA..." şeiri isə məni tamamən özümdən aldı, içimdə olan ümidləri öldürdü:

Başımız sağ olsun elim DARVAZım!
Bir oğul itirdik Niyaz adında...
Hönkürdü qələmim, sızladı sazım,
Bir oğul itirdik Niyaz adında.

Çəmən həmdəmiydi, bulaq sirdaşı,
Dağlar ziyarəti, daşlar "Pir" daşı.
Atdı tənhalığa o, bir qardaşı...
Bir oğul itirdik Niyaz adında.

Sadə nəzakətlə bizə dost idi,
Yurda vurğun idi, elə məst idi.
Ağrı ürəyində, cana qəsd idi,
Bir oğul itirdik Niyaz adında.

Şirin xatirəsi, məzəsi qaldı,
Alışıb-yananlar dözəsi qaldı...
Həyat qönçəsinin təzəsi qaldı,
Bir oğul itirdik Niyaz adında.

İlahi, Həyat bu qədərmi etibarsızdır?!!

Təəssüflər, təəssüflər!..


Bəli, təəssüflər olsun ki, bundan sonra
əziz qardaşımız Niyaz haqqında danışanda
keçmiş zamanda danışmağa məcburuq...

O, 5 noyabr 1971-ci ildə qədim Borçalı mahalının Bolnisi rayonundakı ağır ellərdən olan
Darvaz kəndində anadan olmuşdu.
1988-ci ildə Darvaz kənd orta məktəbini müvəffəqiyyətlə bitirmiş və elə həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasına (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə) daxil olmuş və 1994-cü ildə ali təhsilini uğurla başa vurmuşdur...

RUHUN ŞAD OLSUN, ƏZİZ QARDAŞIM NİYAZ!.. Elə həmin vaxtdan da
Bakıda yaşasa da, daima doğma kəndi ilə əlaqəni kəsməmiş, müntəzəm olaraq nəinki yaxın qohumlarının, dostlarının, hətta bütün elinin-obasının xeyir və şər işlərində iştirak etməyi özünə mənəvi borc bilmişdir...
Saz-söz vurğunu idi...
Saza-sözə dəyər verməyi bacarırdı...
Şeir məclislərinə canla-başla gedərdi...
Mərhum xalq şairimiz Zəlimxan Yaquba xüsusi sevgisi var idi...
Neçə-neçə məclislərdə birlikdə iştirak etmişdik...
Özünün də yaxşı şeir demək, məclisi əla almaq və idarə etmək qabiliyyəti var idi...
Elə buna görə də bütün məclis iştirakçıları tərəfindən sevilirdi...
Son vaxtlar Borçalının və Borçalılıların problemlərini həll etmək baxımından söz düşündə çəkinmədən haqqın-ədalətin tərəfində olduğunu bildirərdi...
Bütün bunlarla yanaşı, heç kimin xətrinə dəyməzdi...
Böyük-kiçik yeri bilən idi...

Bütün dostları, yoldaşları adından elimizə-obamıza, eləcə də bütün Niyazsevərlərə
Niyaz qardaşımızın vaxtsız və qəflətən vəfatından kədərləndiyimizi bildirir,
onun ailəsinə, ömür-gün yoldaşına, övladlarına, valideynlərinə - atasına-anasına,
qardaş-bacılarına, bir sözlə, bütün doğmalarına, qohumlarına, yaxınlarına
dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin, Niyaz!..
Ruhun şad olsun, qardaşım!..


Böyük hörmət və
dərin ehtiramla,

Müşfiq BORÇALI,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: