Nizami Məmmədzadənin şeirləri

Nizami Məmmədzadənin şeirləri Görmədiyim Şuşaya...

Şuşanı görməmişəm. Adı dillər əzbəri olan İsa bulağının suyundan da içməmişəm. Sadəcə olaraq indiyədək xəyallarımla yaşayaraq, sanki hər düzü, hər qayanı görmüşəm. Cıdır düzündə xəyal atımı minib çapmışam. Şuşa qalasının divarlarını əllərimlə sığallamışam. Şuşa xanı Pənahəli xanın narazı baxışlarının üzərimə tuşlandığını hiss etmişəm. Nəhayət, xəyalım gerçəkləşir… O günü gözləyirəm ki, köhlən ata minib, yalmanına yata-yata Cıdır düzündən keçib Vaqif babama ürəyimin qanı ilə yazdığım şeirimi təqdim edim… Kaş yollar açıq ola… Çapam köhlənimi Şuşaya sarı…

Ah, arzum çin olub, sevinirəm mən,
Qələbə soraqlı xəbərlər gəlir.
Gecələr yatmasam heç ziyanı yox,
Günəşi gülümsər səhərlər gəlir!

Bayrağım ucalıb göylərə sarı,
Yaşılım, həm alım bilinir daha!
Ürəkdə dualar Haqqı səsləyir,
Kədərim, qəmim də silinir daha!

Ürəyim təmizdir – kağız kimi ağ,
Oraya yenidən sevinc yazacam.
Yollarım Şuşaya uzanır, baxın!
Yamyaşıl ormanda yenə azacam!

İsa bulağını görməmişəm mən,
Suyundan bir ovuc içib gələcəm!
Şuşa qalasının daşı sökülüb –
Daşı-daş üstünə qoya biləcəm!
2016-cı il, 9 aprel


Ağlama, ay ana!...

Televiziyaların birində bir süjetə baxdım.
Ana cəbhədən qayıdan əsgər oğlunu birdən görəndə
ona tərəf qaçaraq göz yaşlarını töküb,
onu qucaqlayaraq yarı sevinc,
yarı kədər içində hönkürtüylə ağladı…


Ağlama, ay ana! Gəlib çıxmışam!
Sənin əllərini öpəcəyəm mən.
Üstünə gül-çiçək, sevgi yağışı –
Torpağın ətrini səpəcəyəm mən!

Gəlmişəm güllələr oynaşan yerdən,
Azadlıq xəbəri mənim ilk sözüm!
Yadıma düşürdün səngərdə hərdən,
Məktub əvəzinə, bax gəldim özüm!

Vüqarlı dağlarım gözüm işığı,
Mən o ucalıqdan gəlmişəm, ana!
Sevdiyim bu torpaq daha mənimdir –
Onu düşmənlərdən almışam, ana!

Daha düşmənlərdən bezmişəm, inan!
Əlimdə sıyrılmış qılınc hazıram!
Bu mənim tarixim- bir yazar kimi,
Ay ana, mən onu qanla yazıram!
12 aprel, 2016


Sənə gərəyəm

Düz beş gündür yata bilməmişəm.
Gecəni gündüz etmişəm.
Xəbərləri, dostların mənə göndərdiyi mesajları oxuyanda göz yaşlarım dizlərimi yandırıb.
Yaman kövrəlmişəm, Ana Torpaq! Bu günlər sənin hüsnünə nəsə yazmaq istəyirdim.
Ürəyim gözlərim kimi dolmuşdu. Himə bənd idi ki, göz yaşlarım sanki çaya dönsün
və bu gün Vətən naminə qurban gedən əsgər məktubunu oxuyanda daha gözlərim sözümə baxmadı…


Göz yaşım, bağışla, saxlayammıram,
Dizlərim damcıdan ah, yaralanıb!
Mənə düşən əzabdan içim göynəyir,
Ürək bütöv deyil, bax, paralanıb.

Şəhidim bayrağa bürünüb, yatıb –
Arzusu qəbirdən çıxıb boylanır.
Bir ana söykənib qəbir daşına,
Ağı deyib, oğul deyib hoylanır!

Zamanmı kövrəkdir, mənmi kövrəyəm,
Ay ana, son günlər qocalmışam mən!
Amma düşünürəm sənə gərəyəm,
Torpaqdan yapışıb ucalmışam mən!
9 aprel, 2016-cı il.


Anama söyləyin...

Anama söyləyin dağlara getdim,
Dağlar mənim yurdum, əbədi yerim!
Getdim bayrağımı dağa sancmağa!
Getdim düşmənləri torpağa sərim!

Getdim ürəyimdə nifrət oyandı,
Getdim ki, düşməni, yadı öldürüm,
Getdim ki, vətənin adı ucalsın,
Torpağımda yanan odu söndrüm!

Kövrəlmişəm, ömür gedir, gün keçir,
Torpağım, daşım da kövrəldir məni!
Kirpiklərim göz yaşımdan su içir,
Unuda bilmirəm anam, dünəni!

Getdim, qisasımı qala qoymaram,
Mənim ruhumun səsi burdadır!
Yanır içim-içim ölləm doymaram -
Mənim qəbir yerim bax, bu yurddadır!

Dağlarım çiçəkli-güllüdür, baxın,
Sinəsi yamyaşıl, tər bənövşəli!
Yal-yamacından gül əskik olmayır,
Fəqət, çatmır gülə qız-gəlin əli!

Həsrətdir bu dağlar gözəl gülüşə,
Ceyranlar mələşir, dağlar ağlayır.
Sinəsində qarın rəngi saralıb,
Qoşa palıd sinəsini dağlayır.

Anama söyləyin dağlara getdim,
Getdim igidlərin olduğu yerə!
Getdim üzüm sürtəm, torpağa, daşa -
Getdim şəhid düşüb qaldığı yerə!

Amandı, deməyin dövran dəyişib,
Deyin ki, igidlər hələ vuruşur.
Deyin ki, onun da bir şair oğlu,
Igid şəhid üçün min nəğmə qoşur.

Anam layla, atam layla, şəhidim!
Hər sözümdə sabahıma inam var.
Ana, layla çal, hər yatan şəhidim,
Fəxr edir ki, layla çalan anam var.

P.S.:
Bu şeirləri mən 2016-cü ildə APREL döyüşləri zaman yazmışam. Düz beş gün gecəli-gündüzlü yatmadım və sanki igid əsgərlərimizlə birlikdə mən də düşmənlə vuruşdum. İndi qədim mədəniyyət beşiyimiz olan gözəl Şuşamız işğaldan azad edilib. İgid əsgərlərimiz bu gün noyabrın 8-də tarix yazıblar. Düşünürəm ki, bu şeirlər bu gün də qüvvədədir. Ürəyimdən gələn bu şeirləri sizlərə ərmağan edirəm, əziz oxucularım!


Nizami Məmmədzadə,
Azərbaycanın Əməkdar jurnalisti

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: