Şəklini öpürəm hər zaman hər an,
Ürəyim doymayır yenə Xalidəm.
Dünyanın malını verərdim, inan,
Görmək üçün səni bir an Xalidəm.
*
Unuda bilmirəm, dözə bilmirəm,
Bu dərdi heş kəslə çözə bilmirəm,
Sənsiz bu dünyanı sevə bilmirəm,
Qopub ürəyimdən gedən Xalidəm.
*
Qadınlar bayramı gəlir qarşıdan,
Yaman kövrəlirəm, gəlir ah nalan,
Oduma yanıban suyuma axan,
Bayram təbrikini edim Xalidəm.
*
Ölümdən qaçmağı bəndə bacarmaz,
Malın mülkün buna gücü də çatmaz,
Dünya-aləm bil ki, heç kəsə qalmaz,
Borcunu ödədin sən də, Xalidəm.
*
Oğul nəvən oldu agahın olsun,
Özün görmədinsə ruhun şad olsun,
Allahın rəhməti səninlə olsun,
Qəbrin nurla dolsun bacım, Xalidəm.
*
Aləm deyər dünya boşdur, fanidir,
Göz-qaş arasında ölüm anidir,
Əcəl qarşısında insan acizdir,
Apardı bizlərdən səni, Xalidəm.
Kifayət ABBASƏLİ,
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.