MÜRACİƏT ÜNVANLAYIB
2018-ci il oktyabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində "Təhsil Xidmətləri" Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov qeyd edib ki, Gürcüstandakı azərbaycanlıların təhsil aldığı məktəblərin sayının azalması narahatlıq doğurur: "SOCAR və Heydər Əliyev Fondu orada təhsil almaq istəyən şəxslərə yardım göstərir. Amma bunu kampaniya halında davam etdirmək üçün nizamlamalar aparılmalıdır".
Ekspert Kamran Əsədov isə bildirib ki, 1989-cu ildəki azərbaycandilli məktəblərin, milli kadrların və şagird və tələbələrin sayını 2018-ci ildəki vəziyyətlə müqayisə edəndə dəhşətli nəticə ortaya çıxır: "Sovet dövründə Gürcüstanda 183 azərbaycandilli məktəb olub. 1999-cu il statistikasına görə, azərbaycandilli məktəblərin sayı 167-dək azalıb. 2010-cu ildə Gürcüstanda 124 azərbaycandilli məktəb olub, hazırda isə azərbaycandilli məktəblərin sayı 80-dir".
Ekspert qeyd edib ki, Gürcüstanda Azərbaycan dilində təhsil verən müəllimlərin olmaması yaxın gələcəkdə azərbaycandilli məktəblərin yox olmasına gətirib çıxara bilər.
Tədbirdə çıxış edən digər iştirakçılar da sözügedən problemlərlə bağlı fikirlər səsləndirib, təkliflər irəli sürüblər.
Sonda Gürcüstandan olan bir qrup azərbaycanlı ziyalı orada yaşayan soydaşlarımızın təhsil problemləri ilə bağlı prezident İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir: "Azərbaycan Respublikasının dövlət və cəmiyyət həyatının, demək olar ki, bütün sferalarında ardıcıl olaraq qazanılan uğurlar bizdə, haqlı olaraq, vətəndaş qüruru oyadır və hər birimizi ürəkdən sevindirir. Biz bu uğurların arxasında Sizin şəxsinizdə dövlət rəhbərinin siyasi iradəsinin və siyasi bəsirətinin dayandığının, tam mənada, fərqindəyik. Ölkəmizin regional və qlobal miqyasda ilbəil artan nüfuzu bunun əyani sübutlarından biridir".
Təəssüflə qeyd olunub ki, son iki əsrdə dünyamızda gedən tarixi proseslərin dinamikası Azərbaycan xalqına və onun milli dövlətçilik taleyinə ağır sınaqlar bəxş edib: "Bu sınaqların nəticəsi olaraq bu gün xalqımızın etnik coğrafiyası onun siyasi coğrafiyasını bir neçə dəfə aşıb keçir. Çağımızda belə coğrafiyalardan biri də Gürcüstan dövlətinin tərkibində olan və onun hazırkı rəsmi toponimik reyestrində "Kvemo-Kartli" adlanan tarixi Borçalı ərazisidir. Soydaşlarımızın kompakt yaşadığı bu bölgəylə bərabər, bu gün Gürcüstanın daha bir neçə inzibati-ərazi vahidində on minlərlə etnik azərbaycanlı yaşamaqdadır".
Bildirilib ki, 1991-ci ildə öz dövlət müstəqilliyini elan edən Gürcüstanda yeni reallıqlar bir çox həyat sahələrində ciddi problemlər doğurub: "Bu problemlərdən soydaşlarımızın da qismətinə yetərincə pay düşüb. Bu səpkili problemlərin sayı qismən çox olsa da, biz belə düşünürük ki, orada yaşayan soydaşlarımızın milli identikliyinin qorunması və saxlanması sualı ilk gündən daha aktual və prioritet məsələlərdən biri olaraq qalır. Çünki ontoloji müstəvidə hər bir etnosun milli varlığının əsasında onun milli identikliyi dayanırsa, bu identikliyə açılan qapı onun milli dilindən keçir. Çağdaş dünya reallıqları fonunda isə milli dilin varlığı üçün ən etibarlı dayaq milli təhsilin mövcudluğudur. Bu sahədə problemin və böhranın tarixi dinamikasını rəsmi statistika da aydın şəkildə göstərir. Məsələn, 1989-cu ildə bütövlükdə Gürcüstan üzrə milli məktəblərimizin sayı 183 idisə, 2018-ci ildə bu rəqəm müvafiq olaraq 117, Borçalı bölgəsi üzrə isə 82-yə bərabərdir. Milli pedaqoji kadrlarımızın sayı isə müvafiq dövr üçün 6922 nəfərdən 3628 nəfərə düşüb. Bu kontekstdə xüsusi olaraq vurğulamaq istəyirik ki, son onillikdə milli təhsil problemini dərinləşdirən əsas faktorlardan biri yaşanan pedaqoji kadr böhranıdır".
Həmçinin, müraciətdə qeyd olunub ki, keçən əsrin 90-cı illərindən Gürcüstanda yaşanan reallıqlar soydaşlarımızın milli təhsil sistemində ciddi islahatların aparılması zərurətini, onların milli identikliyinin saxlanması ilə bərabər, həm də cəmiyyətə daha çevik və uğurlu inteqrasiyalarını təmin edəcək yeni təhsil modelinin qurulmasını diktə etsə də, bu sual indiyədək öz həllini tapmayıb: "Gürcüstanda bu qəbildən olan problemlərin həlli üçün kafi qanunverici baza mövcuddur. Bu bazanın mövcudluğu problemin həlli üçün potensial imkan yaratsa da, onun əməli həlli üçün siyasi iradənin olmasına xüsusi ehtiyac var. Biz hesab edirik ki, bu, Azərbaycan və Gürcüstan dövlətlərinin müvafiq rəhbər strukturlarına aid məsələdir. Problemlərimizin bu çərçivədə həll olunacağına daim ümid bəsləmişik və bəsləməkdəyik".
Daha sonra əlavə edilib ki, problemin aktuallığı və həssaslığı nəzərə alınaraq, onun həlli istiqamətində təkliflər hazırlanıb: "Gürcüstanlı soydaşlarımızın milli təhsil sistemində pedaqoji kadr çatışmazlığı böhranının həlli üçün fərqli dil və mədəniyyətlərin daha uğurlu inteqrasiya məkanı olan Tiflis şəhərində Dövlət Pedaqoji Universitetinin nəzdində tarixən fəaliyyət göstərmiş Azərbaycan bölməsi ilkin olaraq bərpa edilməli, sonrakı mərhələdə həmin bölmənin pedaqoji və tədris bazası əsasında milli pedaqoji təhsil ocağının yaradılması imkanları nəzərdən keçirilməlidir. Gürcüstanlı soydaşlarımızın milli identikliyinin saxlanması və cəmiyyətə inteqrasiya problemlərinin daha uğurlu həllini təmin edən təhsil modelinin qurulması üçün hər iki ölkənin elm və təhsil mütəxəssislərindən ibarət ortaq işçi qrup yaradılmalıdır. Eyni zamanda, bu problemin həllinə töhfə vermək üçün hər iki ölkənin vətəndaş cəmiyyəti qurumları səviyyəsində səmərəli əməkdaşlığın optimal mexanizmləri müəyyən edilməlidir".
Müraciəti akademik Ramiz Məmmədov, professor Hidayət Nuriyev, şair Eyvaz Borçalı, dosent Niyazi Mirsakulov, filosof alim Asif Bayramov, Qafqaz ürzə araşdırmaçı Kamran Ramazanlı və başqaları imzalayıblar.
C.ABASOV,
turan.info.az
.