Bu sözləri AZƏRTAC-ın Gürcüstandakı xüsusi müxbiri Xətayi Əzizova Marneuli rayonunun yeni seçilmiş meri Teymur Abasov söyləyib.
Mer deyib ki, Gürcüstanda yaşayan milli azlıqlar, o cümlədən azərbaycanlılar bu ölkənin Konstitusiyası ilə bütün hüquqlara malikdirlər. Azərbaycanlılar say etibarı ilə Gürcüstanda gürcülərdən sonra ikinci yerdədirlər. Bu gün Gürcüstan parlamentində dörd deputat təmsil olunur. Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini azərbaycanlıdır. Bu il ilk dəfə olaraq azərbaycanlı Marneuli rayonunun rəhbəri seçilib. Bu, bir daha göstərir ki, Gürcüstan hökuməti milli azlıqların inteqrasiyasına xüsusi diqqət yetirir.
Teymur Abasov qeyd edib ki, azərbaycanlıların inteqrasiyası və onların yaşadıqları bölgələrin sosial-iqtisadi inkişafı da diqqət mərkəzində olacaq. Azərbaycanlılar ölkə iqtisadiyyatının, xüsusən də kənd təsərrüfatının inkişafında böyük rol oynayırlar. Onlar maldarlıq və əkinçilikdə təcrübəyə malikdirlər. Bu gün Gürcüstan hökuməti ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün xüsusi proqram və layihələr həyata keçirir. Çalışacağıq ki, azərbaycanlılar da bu layihələrdən maksimum faydalansınlar. “Düşünürəm ki, bu yolla biz onların sosial problemlərinin də həllinə kömək edəcəyik”, - deyə mer vurğulayıb.
Azərbaycanlı gənclərin təhsil və işlə təminatı problemlərinə toxunan T.Abasov deyib ki, Gürcüstanda yeni təhsil proqramı tətbiq olunur. Azərbaycanlılar da bu proqramdan yararlanırlar.
Mer regional əməkdaşlıq məsələlərinə də diqqət yetiriləcəyini vurğulayıb. Bildirib ki, qonşu Azərbaycanın Gürcüstanla sərhəd rayonları ilə sıx əməkdaşlıq var və bu əlaqələr daha da inkişaf etdiriləcək.
Xatırladaq ki, T.Abasov oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən bələdiyyə və mer seçkilərində iştirak edib. O, seçicilərin səsinin 70 faizindən çoxunu toplayıb ilk azərbaycanlı olaraq Marneuli rayonunun meri seçilib.
turan.info.az
.