ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!.. Bu gün 30 may 2015-ci ildə Azərbaycan elmi
ictimaiyyətinə ağır itki üz verib.
Təhsil Problemləri İnstitutunun sabiq direktoru,
Azərbaycan Dövlət Pedaqoji Universitetində
Pedaqoji Təhsilin Problemləri Laboratoriyasının müdiri,
Rusiya Təhsil Akademiyasının akademiki,
Respublikanın Əməkdar müəllimi,
professor Abdulla Mehrabov bu gecə
uzun sürən xəstəlikdən sonra 77 yaşında
dünyasını dəyişib.


Abdulla Mehrabov 1938-ci il mayın 1-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Saraçlı kəndində anadan olub. Natamam orta təhsilini doğma kəndində, tam orta təhsilini Arxılı kənd məktəbində alıb.

1957-ci ildə orta məktəbini qızıl medalla bitirdikdən sonra, Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsinə daxil olub, 1962-ci ildə "Fizika və istehsalatın əsasları" ixtisasını fərqlənmə diplomu ilə bitirib.

1962-ci ildən əmək fəaliyyətinə başlayıb, əvvəlcə Dövlət Pedoqoji İnstitutunda tədris ustası, 1963-cü ildən isə Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında müəllim işləyib. 1963-cü ildə o, elmi staj keçmək məqsədilə, Leninqrad Dəqiq Mexanika və Optika İnstitunun "İstilik fizikası" kafedrasına göndərilib, bərk cisimlərin istilik xassələrinin tədqiqi üçün yeni üsullarla tanış olub və elmi-tədqiqat işləri aparıb.

1964-1967-ci illərdə Leninqrad şəhərində həmin institutun əyani aspiranturasında "Bərk cisimlər fizikası" ixtisası üzrə təhsilini davam etdirib, 1967-ci ildə vaxtından əvvəl "Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
1967-ci ildən 1975-ci ilədək, Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında assisent, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb.

1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında yeni Azərbaycan İnşaat-Mühəndisləri İnstitutu yarandıqdan sonra həmin institutun "Fizika" kafedrasına rəhbərlik edib. 1983-cü ildə "Mürəkkəb həndəsi formalı sistemlərdə istilik ötürülməsinin bəzi problemləri" mövzusunda doktoluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru — alimlik dərəcəsi alıb.

Professor A.Mehrabov "Bərk cisimlər fizikası", "İstilik fizikası və və molekulyar fizika" ixtisasları üzrə tanınmış alimdir. O, ilk dəfə bərk cisimlərin, mayelərin istilik xassələrini yüksək temperatur və təzyiqlərdə tədqiq etmək üçün yeni dinamik üsulların elmi əsaslarını yaratmış və geniş spektrli tədqiqatlar aparmışdır.

"Bərk cisimlər fizikası" sahəsində, yüksək enerjili hissəciklərin və radiasiyanın dəmir və nikel əsaslı ərintilərin kristallik quruluşuna, faza keçidlərinə, fiziki, mexaniki və istilik xassələrinə təsirini öyrənərək əldə etdiyi nəticələr professor A. Mehrabova bir alim kimi böyük şöhrət gətirmiş, əməyi elmi ictimayyət tərəfindən yüksək qiymətləndirilmişdir. Onun rəhbərliyi altında 12 elmlər doktoru, 29 elmlər namizədi hazırlanmışdır.

Professor A.Mehrabov dünyanın aparıcı elmi jurnallarında, respublika məcmuələrində çap olunmuş 400-dən çox elmi məqalənin, 41 elmi-metodik vəsaitin, 9 dərslik və dərs vəsaitinin, 8 monoqrafiyanın və 14 ixtiranın müəllifidir. Rus dilində çap olunmuş "Mürəkkəb həndəsi formalı sistemlərdə istiliyin ötürülməsi" monoqrafiyası elmi ictimayyət tərəfindən yüksək qiymətləndirilmişdir.

A.Mehrabov 1990-cı ildən 1992-ci ilin sonunadək Azərbaycan Respublikası xalq təhsili nazirinin müavini vəzifəsində işləmişdir. 2001-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutuna rəhbərlik etmişdir. O, uzun müddət "Təhsil", "Elm və Təhsil", "Şərqin səsi" qəzetlərinin Redaksiya Heyətinin üzvü olmuşdur.

Professor A. Mehrabov 2004-cü ildə Rusiya Təhsil Akademiyasının akademiki seçilmiş, 2006-cı ildə respublikanın Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

Uzun sürən xəstəlikdən sonra 30 may 2015-ci ildə vəfat etmişdir...

Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..

Abdulla müəllimin əziz xatirəsi
onu tanıyanların qəlbində
əbədi olaraq yaşayacaqdır!..

Müşfiq BORÇALI.



=============

BAŞSAĞLIĞI

ALLAH RƏHMƏT ELƏSİN!

ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!.. Professor Mədəd Çobanov, Əjdər Ağayev,
Nuğay Əliyev, Bədirxan Əhmədov,
Hafis Şabanov, Hidayət Nuriyev,
Müşfiq Borçalı, Fərman Borçalı,
Məhəmmədəli Mustafa, Vidadi Ömərov,
Nizami Saraclı, Şəmistan Əlizamanlı,
Şahbaz Şamıoğlu, Nizami Məmmədzadə,
Etimad Başkeçid, Murtuz Fərhadoğlu,
tanınmış alim, el ağsaqqalı,
Təhsil Problemləri İnstitutunun
sabiq direktoru,
Azərbaycan Dövlət Pedaqoji Universitetində
Pedaqoji Təhsilin Problemləri
Laboratoriyasının müdiri,
Rusiya Təhsil Akademiyasının akademiki,
Respublikanın Əməkdar müəllimi,
professor ABDULLA MEHRABOVun
vəfatından kədərləndiklərini bildirir və
mərhumun bütün yaxınlarına,
xüsusilə də oğlanları
Vüqar və İlqar Mehrabovlara
dərin hüznlə başsağlığı verirlər.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: